Bir yol yüksələn bayraq... .

 

«Çağımızın Siyavuşu» siyasət, tarix, fəlsəfə toplusudur. Süjet Firdovsinin «Şahnamə»sidir

 

Başlanğıcı 29 yanvar sayımızda

 

“Şahnamə”. Siyavuş süjeti

 

Süjetin qısaca anlatması belədir: Iran şahının türk qızından doğulan oğlu Siyavuşu analığı Südabənin şərləməsi üzündən ata-oğul arasında uçurum yaranır. Ata-oğul arasındakı uçurum Iran-Turan savaşları ilə daha da dərinləşir. Iran ordusunun başında duran Siyavuş barışıq yaratmaqla Iran-Turan savaşlarına son qoymağa çalışır. Bu isə ata-oğul arasında dərin düşmənçiliyə gətirir. Siyavuş atasının ölkəsində qala bilmədiyindən Turana üz tutur. Turan xaqanı Əfrasiyab (Alp Ər Tunqa) onu böyük sayğıyla qarşılayır. Əfrasiyab gözəl qızı Firəngisi Siyavuşa verir. Üstəlik: “Əfrasiyab yeznəsinin yaşamını, dolanacağını qurmaq üçün ona Turanın ən gözəl bir bölgəsini ayırdı. Siyavuş barışsevər olduğu üçün burada gözəl, örnək bir saray tikdirdi. Bu saray iki böyük aləmin gözəlliklərini, şahlığauyğun bütün uyqarlığı göstərən biçimdə idi. Ona belə ad verilmişdi: ”Siyavuş gərd" (Siyavuş sarayı). “Şahnamə”nin bu yeri ilə bağlı M.Ə.Rəsulzadə belə deyir: “Azərbaycan doğrudan da çağımızdakı Turan torpağının gözəl bir parçasıdır”. Beləliklə, Turanın bu gözəl parçasında Siyavuşun dinclik, barış içində bir-birindən gözəl günləri başlayır. Əfrasiyabın buyuruğu ilə DÜNYADAN VERGI ALMAĞA çıxmış ordubaşı Piran qayıdanbaş Əfrasiyaba gözəl Siyavuş sarayından danışır, sarayın gözəlliklərini öyür. Əfrasiyabın qardaşı Gərsivəz Siyavuşun qazandığı ad-sana dözmür, Əfrasiyabla onun arasını vurmağa girişir. M.Ə.Rəsulzadə bu görsənişi HöteninFaustu ilə tutuşdurur: “Siyavuş bağışlayıcı düşüncələrilə dünyanı cənnətə döndərmək istəyən xaqanüzlü bir Faust ikən, Gərsivəz özümlü şeytan acığı ilə Mefistofel rolunu oynayır”. Gərsivəzin ardıcıl araqarışdırıcılığı Siyavuşu çox sevən Əfrasiyabın Siyavuş yağısına çevrilməsi ilə sonuclanır. Acıqlı Əfrasiyab şeytan çalışmalarına uyaraq Siyavuşun üzərinə qoşun çəkir. Firəngis ortaya atılaraq atasını tutduğu yanlış yoldan döndərməyə çalışır. Əfrasiyab qızını tutdurub dustaq etdirir, Siyavuşu öldürtdürür. Bununla da sonu görünməyən, Iran-Turan düşmənçiliyi başlayır.

 

Söyləncədən gerçəyə

 

Biz burada baş verənlərin gerçəkdə baş verib-vermədiyini, gerçəklik olub-olmadığını bilmirik. Biz buna mifik bir söyləmə kimibaxa bilərik, çox-çox əski çağların sonradan yazıya alınmış tarix gerçəyi kimi də. Başlıcası bu deyil, başlıcası bu söyləmə-söyləncə sonucunun min illərdən bəri Iran-Turan ilişkilərində aktuallığını itirməməsi, bu ilişkilərdə min illər boyunca hərdən gizli, hərdən açıq olaraq özünü göstərməsi, min illərdən bəri sürüb gəlməsidir. Azərbaycan türkləri üçün bu söyləmə-söyləncənin başlıca önəmi min illərdən gələn Iran-Turan düşmənçiliyi içində Azərbaycanın başlıca dartışma, başlıca düşmənçilik obyektinə (“çəkişmə almasına”) çevrilməsidir. Darlıq içində, az qala ölüm ayağında olduğu o çətin çağlarda M.Ə.Rəsulzadə “Şahnamə”nin Siyavuş süjetindən buna görə dördəlli yapışmış, buna görə bu süjeti özünün ayrıca, siyasi aktuallığı, ulusal gərəkliyi, Iran-Turan ilişkiləri baxımından bugünün, yarınkı çağların ən dəyərli, ən gərəkli, ən önəmli əsərlərindən birinə çevirmişdir. Siyavuş Iranla Turan arasında düşmənçiliyə son qoymaqla Böyük Birlik yaratmağa çalışır. Başlıcası, bu birliyi o, düşmənçilik, güc yoluyla deyil, barışıqla, barışla yaratmağa çalışır. Rəsulzadə üçün süjetdən ideyaya çevrilən Siyavuşun başlıca önəmi, üstünlüyü bundadır. Firdovsi Siyavuşu Iran-Turan birliyi yaratmağa çalışan bir güc, Turan xaqanı Əfrasiyabla Iran şahı Keykavusu Turanla Iranı bir-birindən ayırıb düşmənçiliyə sürükləyən güclər olaraq göstərir. Rəsulzadə Siyavuşun daşıdığı ideyanı belə bəlirlədir: “Siyavuş isə Iranınkını Irana, Turanınkını Turana verməklə orta yol tutmuş, federasyonçu, federelist bir birlikçidir. Siyavuş bu özəlliyi ilə mifoloji, uydurma tip olsa da, Iran-Turan federasyonunun klassik bir göstəricisidir”. Rəsulzadə Iranla Turan arasındakı Siyavuş barış-birlik ideyasının uğursuzuğa varmasının gerçək nədənini belə göstərir: Firdovsinin Iran qaynaqlarından aldığı mifologiyaya görə, ”Turan suçsuz bir şah oğlunun qanı üçün dağıldı" göstərilirsə də, kitabı anlayan bilgin bu uğursuzluğun Turanın deyil, Siyavuşluğu acığa yamayan Əfrasiyablıqla Keykavusluğun olduğunu tez anlayar". Çox önəmli yanaşmadır: Irandan da, Turandan da barışa, birliyə qarşı çıxan ulus deyil, hər iki yandan ulusun, ölkənin başında duranlardır. Yeri gəlmişkən, bu elə bu gün də, indinin özündə də belədir. Azərbaycanın Iranla Turan arasında düşmənçilik obyektinə, çəkişmə almasına çevrilməsi sonucda onu ruslarla ingilislərin yarıya ayırmasına, sonra da ələ keçirdiyi Quzey Azərbaycanı Rusiyanın dönə-dönə parçalamasına (Batı Azərbaycan - “Ermənistan”, Borçalı, Dərbənd, Qarabağ) gətirib çıxardı. Rəsulzadə üçün Siyavuş süjetinin önəmi 20-ci yüzildə də aktuallığını itirməməsində, bəlkə, çağın qoşullarına uyğyn qabaqkından daha böyük aktuallıq qazanmasındadır. Bizim üçün bu süjetin önəmi, çağımızda - 21-ci yüzildə də aktuallığını saxlamasındadır. Sözsüz, sorun çözülmədikcə aktuallıq da qalacaq. Rəsulzadə yüz il qabaq bu aktuallığa dayanaraq, bu aktuallıqdan çıxış edərək “Çağımızın siyavuşunu” bizə düzgün yolu göstərən örnək olaraq qoyub getdi. Bizə - min illərin Iran-Turan soy-kök, düşüncə daşıyıcılarına!

 

Azərbaycan Turanda

 

Rəsulzadə yavaş-yavaş mifdən gerçəyə: “çağımızın Siyavuş gərdi” - Azərbaycan Demokratik Respublikası üzərinə gəlir. “Azərbaycanlılar bir çağ türklüklərini, türk soyundan gəldiklərini bilməyərək özlərini köklü irnalı kimi duydular, iranlı kimi düşünüb, iranlı kimi yaşadılar. Bu, bütün Türk aləminin az-çox Iran etkisində olduğu çağlar, Sultan Səlimin farsca şeirlər yazıb oxuduğu, bunu dövlət dili etməyə azca qaldığı çağ idi”. Məhəmməd Əmin bəy nə üçünsə, burada ilginc bir fakta toxunmadan keçir. Sultan Səlimin farscanı Türkiyədə az qala dövlət dilinə çevirdiyi dönəmdə Şah Ismayıl Azərbaycanı Iranın başı, Təbrizi başkənd etməklə türkcəni Iranda dövlət dilinə çevirmiş, bununla da ortada çox ilginc bir dəyiş-düyüş, belə desək, transformasiya baş vermişdi. Bu, tarixin bəlli bir dönəmində özünün üstün Türk xarakteri, üstün Türk varlığı ilə parıl-parıl parlayan Azərbaycandır. Çox çəkmədi Avropanın gizli-gizli qızışdırdığı, gərsivəzcəsinə düşmənə çevirdiyi Sultan Səlim Azərbaycan günəşini qaraltmaq yolunu tutdu... Məhəmməd Əmin bəy Azərbaycan Demokratik Respublikası ilə bağlı gerçəklər üzərinə gəlir. Elə bu gerçəklər də onu yenidən uzaq keçmişlərə qaytarır - hələlik keçilməz keçmişlərə: “Iran-Turan savaşlarında gərəksiz yerə axan qanların ən sonuncu görüntüsü, şiəlik sorunu üzündən edilmiş Osmanlı-Iran savaşları idi. Bu savaşların bəyənilməmiş sonucu olan məzhəb barışmazlığını ortadan qaldırmaq üçün ilk girişim iki Azərbaycanda oldu. Bu yöndə məclislər, toplantılar keçirildi, çox yaxşı sonuclar da alındı”. Alındı, ancaq... ortaya yenidən barış-birlik düşmənləri çıxdı: Bu durum südabəliyin qızğın ehtirası bulunan Iran mollasında çox bəyənilməz görüldü. Iranın kiçicik irəliləməni də yox edən etkili ortamı bir çox çağdaş görüşlü kişilər çıxılmaqla, Azərbaycanda ortaya çıxan yenilikçi, çağdaş axınları izləməyə qoymurdu. Oradan Arazın bəri yanına yaxşı gəlişmiş, axını alqışlayan aydınlar deyil, mərsiyəçi, mövludxan, dərviş, falçı, biçimində bir sürü nifrət başları gəlirdi. (Elə bil bu gün yazılıb. - X.B.). Çağımızın Siyavuşu üçün Irandan umudu kəsərək Türkiyəyə üz tutmaqdan başqa bir yol qalmamışdı”.      Böyük ideoloq burada bizim günlərdə də çox önəmli olan gərəklərə yüklənir. Üzünü bütünlüklə Batıya tütan Türkiyəyə “Əfrasiyab bilgili sosioloqun dililə” tutacağı düzgün yolu göstərir". “Sənin gələcəyin nə Rumeli, nə Hicaz, nə də Iraqda-Türküstandadır. Ancaq sənin yolunun üzərində əski Turanın göbəyində Azərbaycan adlı bir gənc igid (ADR. - X.B.), dəliqanlı var. Yeni Turanın açarı ondadır. Onunla öncə anlaşılmazlıq çıxarsan, könlünü qırıb ona bir itki versən, bütün olanaqların boşa gedər, işlərin pisləşər, taxtın dağılar”. Nə yazıqlar, bunların tərsi oldu. Yeni Türkiyə ilə Azərbaycan arasında anlaşılmazlıq yarandı. Içdən-dışdan, sağdan-soldan saldırılar birliyə aparan yolları qapamaq bir yana, bütün birlik bağlarını qırıb atdı. Ancaq üzdəki birlik bağlarının qırılıb atılması ilə gerçəkdən bütün bağlar qırılmaz - kökü dərinlərdə olduğundan! Buna görə də o, yeni bir konsepsiya ilə çıxış edir: “Bütün türklər öz aralarında böyük dünya konfederasyonuna ilk addım olmaq üzrə bir federasyon yapmalıdır. Yeni Turan kültürəl birlik üzərində qurulub, ancaq gələcək birər türk ağalıqlarının (ağalıq -hakimiyət) konfederasyonu kimi düşünülə bilər”. Turan yağısı ermənilər” (M.Ə.Rəsulzadə) düşmən güclərdən yardım alaraq Bakı başda olmaqla Azərbaycanın hər yerində qırğınlar törədirlər. Onlar Azərbaycanı arxasız görərək bütünlüklə qırıb çatmaqla dənizdən dənizə “Böyük Ermənistan” yaradıcılığına girişirlər. M.Ə.Rəsulzadə: “Türkiyə qorumasına aldığı Azərbaycanı çağındaca qurtarmağa yürüdü, Bakını Azərbaycanı dağıdanlardan alıb özünə qaytardı. Çağımızın Siyavuşu dönəmin Turan baş komandanının ona verdiyi bu gözəl, varlı yeri tikib qurmağa başladı. ”Çağımızın Siyavuş gərdi"nin özülü atıldı, Azərbaycan Cümhuriyəti yaradıldı". Türkiyə ordusunun Azərbaycana işğalçılıq üçün gəldiyini deyən, yazan bir paraları bilərəkdən tarixi gerçəyi dananlardır. M.Ə.Rəsulzadənin də bildirdiyi kimi, “Turan yağısı ermənilər” Türkiyə ordusu olmasaydı, Batı Azərbaycan torpaqlarında yaratdıqları “Ermənistanın” sınırlarını Xəzər dənizinədək genişləndirəcəkdilər. 

 

Azərbaycan Cümhuriyəti

 

Demokratik Respublika quruluşu yaranışından varlı - torpağı verimli, doğal resurslarla dopdolu Azərbaycan üçün görünməmiş oyanış, dirçəliş, yüksəliş qaynağı oldu. Demokratik özül üzərində yeni Ölkə, yeni Ulus, yeni Dövlət yetişirdi. Dövlətin yaxından yardımı ilə əkinçilik, heyvandarlıq, bağçılıq, pambıqçılıq, ipəkçilik gəlişdirilirdi. Mülkiyət hüquqlarına qarantiya yaratmaqla Ölkənin nefti, dəmiri, misi, qızıl-gümüşü parlamentin kontrolu altında ellik bolluq, ellik gəlişmə qaynağına çevrilmişdi. Rəsulzadə bununla bağlı deyir: “Sağlam ruh sağlam bədəndə olduğu kimi, gəlişən yaşam da bolluq olan yerdə ola bilər. Azərbaycanlıların yaranışdan gəlişməçi olmalarının bir nədəni də bu bol ekonomik yaşamları deyilmi? Gəlişimçi olduqlarını göstərmək üçün bu yetməzmi: ilk Türk dramaturqu azərbaycanlı, ilk Türk bəstəçisi azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmazlığını ortadan qaldıran yenə azərbaycanlı, əlifba dəyişimini ilk düşünən Azərbaycanlı, islam aləmində ilk cümhuriyət quran da Azərbaycanlıdır. Siyavuş öz yerinin doğal gözəlliklərinə yapma gözəlliklər qataraq, ”Siyavuş gərdi" binalar, qalalar, köşklərlə bəzəmişdi. Azərbaycan Cümhuriyəti də ölkəsinin doğal çatışmazlıqlarını sənaye girişimləri ilə düzəltməyə başlamış, az sürədə çox başarılar qazanmışdı". Elə bu başarılar da tezliklə düşmənlərin gözünə girərək Azərbaycanın başının bəlasına çevrildi.

 

Cümhuriyətin uğursuzluğu

 

Yenə Rəsulzadəyə üz tutmaq gərəyi yaranır: “Çağımızın Siyavuşundan ayrıca bir sıxıntı üçün darılıb ondan öc almaq istəyən gərsivəzlər də az deyildi. Bu gərsivəzlər özlərinə Türk komunist dəstəsinin bəzəyini vurmuşdular. Gərsivəzlər dəstəsi Siyavuşu devirməyi kəsinləşdirmiş, intriqalarına başlamışdılar. Bu intriqa öncə Azərbaycanı türklüyə dönüklükdə suçlamağa yönəlmişdi. Gərsivəzlər Türkiyədəki turançıları inandırdılar: Azərbaycanın düşüncəsi ayrıdır, Ingiltərə, Fransa, Amerika ilə ilişkiləri var, yanına gizli elçilər gəlir, Turan yağısı ermənilərlə barışır, Iranla anlaşıb birləşir, əcəm (fars) siyasəti qullanır, şiəliyi irəlilədir, bu amacla irana elçilik göndərmiş, Irandan da bir elçilik almışdır”. Beləcə, Türkiyə arxadaşlığı itirilir, Rusiyanın Azərbaycana basqıları gündən günə güclənir, Azərbaycan ordusunun Qarabağdakı uğurlu yürüşləri durdurulur (1993-də olduğu kimi!), Demokratik Respublikanın devrilməsi ilə ölkədə soyğun, dağıntı başlayır - ölkəni yenidən erməni-bolşevik-komunist qırğınları bürüyür. Belə bir uğursuz dönəm içində Məhəmməd Əmin ölkəsinə səslənir: “Hə, ey yurddaşlar, dolayısı ilə siz ey gələcək soy, ey gənclik, ey çağımızın Siyavuşunun böyümüş oğlu! Sənin boynunda böyük bir görəv var. Səndən qabaqkı soy yoxdan bir bayraq, qutlu bir ideal göstəricisi yaratdı, onu min bir çətinliklə ucaldaraq dedi: - Bir yol yüksələn bayraq bir daha enməz!”.

 

Xaliq Bahadır

 

Azadlıq.- 2014.- 31 yanvar.- S.11.