Dağlar duman olmadan yaxud...

 

Dar ağacının «Əleyküm salam» dediyi tək şair

 

“Şairlik peşə deyil, şair ayrıca insan növüdür”. Bu dünyada şair haqqında deyilmiş ən gözəl fikirlərdən biri, məncə, budur. Və mənim əziz dostum Rüstəm Behrudi məhz bu insan növünə aiddir. Bu insan növünə aid olmaya-olmaya şairlik iddiasına düşüb gecə-gündüz şeir yazan, cild-cild kitablar çap elətdirən qələm sahibləri də var. Amma Rüstəm ömrü boyu təkcə bir şeir yazmasaydı belə yenə şair olacaqdı. Çünki şairlik onun hiss və duyğularında, ağlında, şüurunda yox, həm də ruhunda, canında, qanındadır. Amma xoşbəxtlikdən, Rüstəm şairdi. Mən onun şeirlərini sevən, əzbər bilən yüzlərlə, minlərlə adam tanıyıram. Özü də, təkcə bizim Azərbaycanda yox. Türkiyədə də sevirlər onu. Arazın o tayında da Rüstəmin şeirlərinə vurğundurlar.  Hər bir əsl şair başqalarından təkcə nə deməsi ilə yox, həm də necə deməsi ilə, yəni, səsi ilə, nəfəsi ilə, intonasiyası ilə də seçilir. Rüstəmin nəfəsi geniş və tutumludur. Xanəndələr demişkən, bəmi də var, zili də. Ən zərif insani duyğuları da ifadə eləyə bilir, ən böyük milli mətləbləri də. Rüstəmin bir şair kimi sevilməyinin əsas səbəbi də yəqin elə budur. Əslində, hər bir şair kitablarda yox, yaddaşlarda olduğu qədərdir. Bu baxımdan, Rüstəmin yaddaşlarda yeri çox möhkəmdir. Onun bir-birindən gözəl dillər əzbəri şeirləri var. Amma nədənsə Rüstəm Behrudi deyiləndə ilk yada düşən “Salam, Dar ağacı” şeiridir. Doğrudur, türk dünyasında kökü folklordan gələn bu mövzuda şeir yazan, dar ağacına salam verən başqa şairlər də olub. Amma dar ağacının “Əleyküm salam” dediyi tək şair Rüstəm Behrudidi.

Ramiz Rövşən

“Ömrünün bir tabutu, yaşının bir ölümü süsləyəcək qədər gözəl keçdi”yinə inanan, hərdən dünyanın və Allahın işlərinə üsyan edib “bu nə cür allahdı belə, görünmür, dində gizlənib” deyən, “Uçrumlar udacaq bizi, yox edəcək, sonda mən bilirəm, tək-tək, əfəndim” acısını yaşayan, “daha məni ovutmur din-iman və sairə, kim qapısın açar ki, bir allahsız şairəqorxusunu daşıyan R. Behrudi yeni şeirləri ilə “Azadlığ”ın oxucularının görüşünə gəlib. Oxuyun, görək bu “allahsız şairə” qapısını kim açacaq.

“Azadlıq” qəzeti

 

Qələm

 

Mən nə qədər yaltaq, ikiüzlü, riyakar Söz adamı varsa, onların hamısının adından, təkbaşına Azərbaycan xalqından üzr istəyirəm.

And olsun qələmə!

And olsun içimdəki

Hüznə, kədərə, ələmə.

(Tanrı deyir ki, qələm

Sözün ən dayanıqlı anı,

Kəlmənin ən səssiz

halıdı).

Və mən bilirəm qələm

Hamıdan daha çox

Tanrının halından

halıdı...

And olsun qələmə!

Ruhum, qəm eləmə...

Hələ yazılası çox acı,

Hələ yazılmamış

çox masal var...

Çox şeylər gördüm -

Kimi qələmini özü qırdı,

kimininkini də qırdılar...

And olsun!

qırılan qələmə,

And olsun yazılmamış sözə ki,

zəhər kimi acıdı.

Və əsil şairlər bilir,

- Qələm sözə qurulan dar ağacıdı...

Mən qələmi ürəyimin qanına

batırıb yazıram;

Və yazdığım söz bilir,

Mən yaza-yaza

ölümə hazıram.

And olsun qələmə -

And olsun sükut içindəki ana,

And olsun!

Sözün ən dayanıqlı

Kəlmənin ən səssiz halına.

 

İçimdəki bir külək

 

Yoxam, mən burda yoxam,-

Özüm deyiləm yəni.

İçimdəki bir külək,

Alıb aparıb məni.

 

Mən hardayam, görəsən

Səsim özümə çatmır.

Dualarım tanrıya,

Gücüm sözümə çatmır.

 

Göz dağıdı pəncərəm,

Qapı deyil qapım da.

Kimim var ki, itirim,

Nəyim var ki, tapım da.

 

Çox yorğunam, ilahi,

Məndən bezib bu can da.

Dadı qaçıb şirindi,

Çəkdiyim acının da.

 

Daha məni ovutmur,

Din, iman və sairə.

Kim qapısın açar ki,

Bir allahsız şairə.

 

Yoxam, mən burda yoxam,-

Özüm deyiləm yəni.

İçimdəki bir külək,

Alıb aparıb məni.

 

Cəhənnəmdən qalxan duman

 

Tanrım! Yaratdığın cəhənnəmdən qalxan duman səni görməyə qoymadı. Kimdi günahkar?

 

Allahım, kimdi günahkar;

Bəndən günahdan doymadı?!

Cəhənnəmdən qalxan duman,

Səni görməyə qoymadı.

 

Tanrım, söndür cəhənnəmi,

Aydınlat hər şeyi, Tanrım!

Yerdəsən yeri, göydəsən,

Aydınlat göyü, Tanrım.

 

Barışdır mənnən şeytanı,

Bax, gör kim kimdən böyükdü.

Barışdır, qoy görüm sevgin

Nifrətdən, kindən böyükdü.

 

Gecənin oğludu gündüz,

Qəhqəhə dərdin-ahın.

Səndən özgə kim soyar

Savabımdan günahı.

 

Tanrım, gözəldi çarmıxda

İsa tək bir an yaşamaq.

Bir axar su tək sənnən də

Heç nə ummadan yaşamaq.

 

Mələklər səni görəcək,

Bir gün içimi yaranda.

Məni araçı qıl Tanrım,

Şeytanla sənin aranda.

 

Barışdır yeri göy ilə,

Bir mənə, bir şeytana bax.

Barışdır hər şeyi, görüm -

Necədi düşmənsiz yaşamaq.

 

Heç nə sürməz sonsuzadək,

Barışdır xeyri şər ilə.

Tanrım, özün də dön barış,

Yaratdığın bəşər ilə.

 

Allahım, kimdi günahkar,

Bəndən günahdan doymadı.

Cəhənnəmdən qalxan duman

Səni görməyə qoymadı.

 

Məzarlıqda bitən yovşan

 

Çox qəribədi... Gördüyüm bütün kənd məzarlıqlarında yovşan bitir. Və bütün məzarlıqlardan yovşan qoxusu gəlir.

Yovşan ətri hər yerdə hüzn, kədər və ayrılıq əlamətidir.

 

Ətrin öldürdü məni,

Bağrım oldu yenə şan-şan.

Gördüm ki, boş bir məzara,

Yenə məndən danışırsan,

Məzarlıqda bitən yovşan.

 

Əlim qoynumda gəlmişəm,

Əfv et, hönkürüb ağlasam;

Öz qəbrim üstə qoyacam,

Sənnən bir dəstə bağlasam,

Məzarlıqda bitən yovşan.

 

Sən arxasız, mən kimsəsiz,

Sənnən axır göz yaşlarım;

Burda daşlar daş deyil ki,

Bacılarım, qardaşlarım,

Məzarlıqda bitən yovşan.

 

Bu son bahar da ölmədim,

Ölmədim, yaz, yaz günaha.

Mən öz tabutundan tutub,

Dönən bir ölüyəm daha

Məzarlıqda bitən yovşan.

 

Məni dərd deyil, adamlar,

Adamlar öldürdü; Sən, sən...

Baş daşıma qoyulacaq

Çiçəklərdən də gözəlsən,

Məzarlıqda bitən yovşan.

 

Vədə tamamdı, dönəcəm,

Gəlim qarışım tüstünə.

Gələcəm dua oxuyaq,

Ölən bir şairin üstünə,

Məzarlıqda bitən yovşan.

 

Ətrin öldürdü məni,

Bağrım oldu yenə şan-şan.

Gördüm ki, boş bir məzara,

Yenə məndən danışırsan,

Məzarlıqda bitən yovşan.

 

Azadlıq, İsanın kəfəni zəvvarlar

 

Azadlıq - bu şirin sözdə nələr var,

Azadlıq yoxdursa, viranələr var.

I

Bütün pərdəsiz pəncərələr

Qəm pəncərəsidir, qəm...

...İstanbulda Kadıköydə

Çamlıca xəstəxanasının

pərdəsiz pəncərələrindən

Həyətdə qar altında çiçəkləyən

Gilənar ağacına baxa-baxa

Sən və Azadlıq haqqında

düşünürəm...

Və elə bu an;

xatırlayıram -

Sən azad olasan deyə

Nə cür əl çəkdim azadlığımdan.

II 

Azadlıq!

Ah, mənim azadlığım!

- Qarımış bacı, yenilmiş qardaş,

Gəlməyəcəyini bilə-bilə

Oğul yolu gözləyən ana...

Tanrım! Ölüm yatağında

Ölüm də çox asan görünür

azadlığı olmayana.

 III

  Azadlıq!

Bu şirin söz dilimdə

zəhər dadır;

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənən

Ən uzun bir küçənin adıdır...

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

“Azadlıq” susan meydandı bir də

Nə zamandı köz kimi

bağrına basıb Bakı;

Bu meydan indi addı

Bir də yatan qiyamdı,

qiyamdı ruhumdakı.

 

Bu məmləkətdə şairlər lal-kar,

Əvəzində Bakının küləkləri dəlidi,

Əvəzində Bakının çiçəkləri dəlidi...

Azadlıq - Bakıda soyunan bir qadın heykəlidi...

IV 

Azadlıq Sinqapurda

arxideya çiçəyidi;

Bu məmləkətdə dibçəkdə doğulub

Dibçəkdə yaşayıb, dibçəkdə ölər.

Yazıq dibçəklərdə yatıb, külə dönən

çiçək azadlığımız,

Yazıq mənə, kül oluram tüstünə...

...Azadlıq Sayqonda

Düşmən qərargahına uzanan

250 km-lik yeraltı tuneldi

Təkbaşına döyüşçü Kuçili qızlar

Gəlin gedən kimi gedər,

gedər düşmən üstünə.

 V

Qərbdə Azadlıq!

- Amsterdamda azan səsidi,

Parisdə pəncərəsi pərdəsiz

Notrdam kilsəsidi...

Vatikanda mavi keşişlərin

duaları, andı,

Londonda şəhərə çökən dumandı,

dumandı azadlıq.

VI

Şərqdə Azadlıq -

Azadlıq anı

Lüt-üryan hacıların

Məkkədə şeytana atdığı daş;

Qərbdə Azadlıq -

Kələkbaz Leonardo Da Vinçinin

İsanın Torino kəfənidi,

Sirri açılır yavaş-yavaş.

Şərqdə Azadlıq -

Çində Çin səddidi,

Qüdsdə ağlayan divarlar.

Kəbənin hər il təzələnən örtüyüdü

Və bir də ilbəil dəyişən zəvvarlar.

VII

“Azadlıq”

Amerikanın qulağının dibində

Kuba adlı bir ada;

Xalqı Azadlıq haqqında

Çe Gevara adlı mahnı oxuyur

Acqarına səhərdən axşamacan

Havanada, Varedorada.

Azadlıq adası - Kuba...

Kuba azadlığın köksündə bir yara.

“Azadlıq” adasında

Azadlıq haqqında bir mahnı

Öldürür məni,

Mahnının adı - Çe Gevara.

VIII

Kim nə deyir desin,

Azadlıq qılıncların

oxuduğu nəğmədi;

Çünki,

Azadlıq qan tökməkdi,

Fərqi yoxdu

Başqasının olsun, ya özününkü...

IX

Hər il

“Azadlıq” meydanından

zəvvarlar gedir.

Allahın evinə

sevinə-sevinə.

Bu nə yoldu Tanrım?!

Bu nə yoldu imanlı

İmansızla bir gedir.

Şuşadan keçməyən yol

Kəbəyə nə cür gedir?!

X

Bu nə cür şəhərdi, Tanrım?!

Şairləri yox,

küləkləri dəlidi.

Sevənləri yox

çiçəkləri dəlidi.

“Azadlıq”!, Azadlıq

Bakıda soyunan bir qadın

heykəlidi.

Qorxu

Allahım, bu nə qorxudu,

Dağ dağdı, çəndə gizlənib.

Hamı çəkilib özünə,

Hərkəs içində gizlənib.

 

Hər günümüz ahdı belə,

Ahımız günahdı belə...

Bu nə cür Allahdı belə,

Görünmür, dində gizlənib.

 

Kölgə içindədi, kölgə,

Bu millət, məmləkət, ölkə...

Biz niyə bilmədik, bəlkə,

Haqq məndə, səndə gizlənib.

İçdiyim anda boğuldum,

Bir qaşıq qanda boğuldum.

Boğulub, bir də doğuldum,

Qiyam var - məndə gizlənib.

 

Susun, qorxaqlar, susun,

Can qorxusu var, var, susun,

Bu nə millətdi, qorxusu

Qorxu içində gizlənib

 

Allahım, bu nə qorxudu,

Dağ dağdı, çəndə gizlənib?

Hamı çəkilib özünə,

Hərkəs içində gizlənib.

 

Son liman da yıxıldı

 

Bu sabah Bakıya payız dumanı çöküb.

Bu sabah Bakı mənə oxşayır.

 

Kədərlidi, hüzünlüdü nə varsa,

Qəm qoxuyur mənim səsim, sədam da.

Sığındığım son liman da yıxıldı,

Çıxıb getdi, gözləyən son adam da...

 

Çıxıb getdi, gözləyən son adam da,

Kimi gözlər sahibsiz boş gəmilər?!

Burda məni kim tanıyır, kim axı,

- Qağayılar, bir də sərxoş gəmilər.

***

Ön, arxa, sağ-sol, hər tərəf uçurum,

Nə keçid var, nə körpü, nə də yol var.

Uçurumdan qaçmağa yer yox, bizi tək,

Rüzgar qurtarar, sən rüzgara yalvar.

 

Uçrumlar udacaq bizi, yox edəcək,

Sonda mən bilirəm, tək-tək, əfəndim.

Balıq, yosun qoxan sözün mübarək,

Mübarək, bir də mübarək, əfəndim.

***  

Kədərlidi, hüzünlüdü nə varsa,

Qəm qoxuyur mənim səsim, sədam da.

Sığındığım son liman da yıxıldı,

Çıxıb getdi, gözləyən son adam da...

Noyabr 2014

 

Ölüm, mən səni tanıyıram

 

Saat 5-in yarısı...

Gecə...

Xoş gəldin, ölüm!

Mən səni kölgəm kimi

tanıyıram

Sən məni, sən məni necə?

...Gecə 5-in yarısı...

Boğuluram;

Pəncərəmi açdım -

Nə hava var, nə rüzgar,

Nə gözlədiyim zəng var,

Nə bir xəbər, ana.

Kənddəki məzarlığın

Kölgəsi düşüb

Otağımın

kağızsız divarına.

Üşüyürəm...

Avqustun ortasında -

Pəncərəmi qar döyüb,

Qar döyüb bürəm - bürəm...

Və mən

heç kim bilmədən

Yavaş-yavaş ölürəm.

Şikayətim, filanım yox,

İçimdə qorxu, hüzn

nə kədər...

           

Olsa da, olsun

fərqi yox,

Onsuz da gecdi, gecdi...

Ömrüm - bir tabutu,

Yaşım - bir ölümü

Süsləyəcək qədər

gözəl keçdi.

Saat 5-in yarısı...

Gecə...

Ölüm, mən səni

Kölgəm kimi tanıyıram,

Sən necə?

 

Dağlar duman olmadan

 

Dön, hardasan, dön qayıt,

Ümid - güman olmadan.

Al məni də, dur, gedək,

Dağlar duman olmadan.

 

Al məni də dur gedək,

Bir kimsə bilməyəcək.

Dur, məni bitirəcək,

Bu bədən, can olmadan.

 

Xirqəsiz bir dərvişəm,

Külümə bürünmüşəm.

Halıma bax, ölmüşəm,

Təkkəm viran olmadan.

 

Beşin yarısı - gecə...

Sənsiz gecə - bilməcə.

Qayıt, xəlvət, gizlicə,

Ömür, bir an olmadan.

 

Bəzənib, dua ilə,

Allah belə, din belə.

Niyə gecikdin belə,

Gəl, ölmüşəm ölmədən.

 

Dön, hardasan, dön qayıt,

Ümid - güman olmadan.

Al məni də, dur, gedək,

Dağlar duman olmadan.

Dağlar duman olmadan yaxud...

 

Azadlıq.- 2015.- 4-5 aprel.- S.14.