“Doğma sahillər”də hərbçilər

aktyorları düşmən zənn edib

 

Əbdül Mahmudov filmin kadrarxası maraqlı məqamlarından danışır

 

Modern.az saytının "Kadrarxası"layihəsi davam edir. Bu həftə kadraxası məqamlarından bəhs edilən film "Doğma sahillər"dir. “Doğma sahillər” barədə filmin quruluşçu rejissoru Əbdül Mahmudov danışır. “Doğma sahillər” filmi sərhədçi general Mustafa Nəsirova həsr olunub. Əhmədağa Muğanlının “Tikanlı məftillər” povesti əsasında çəkilib. Ekran əsəri bötüvlükdə sərhədçilər, onların çətin və şərəfli əməyi haqqındadır.

Sistemləri, ideologiyaları müxtəlif olan iki qonşu dövlət sərhəddə birgə iri su-elektrik stansiyası inşa etməyə hazırlaşır. Lakin bu əməkdaşlıq Qərb dairələrində müsbət qarşılanmır. Müxtəlif yollarla tikintini dayandırmağa çalışırlar. Sərhədçilərin təxribat törətməyə can atan düşmənlərlə mübarizəsi filmin əsas süjetini təşkil edir.

Filmdə xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərinə də toxunulub. Bu xətt Araz və Aşıq Həsrət obrazları vasitəsilə göstərilib. Açıq şəkildə olmasa da, ikiyə bölünən Azərbaycan probleminin detalları tamaşaçıların diqqətinə çatdırılıb.

Filmin ssenari müəllifi Əhmədağa Muğanlı, quruluşçu recissoru Əbdül Mahmudov, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı  Kamil Nəcəfzadə, bəstəkarı Arif Məlikov, səs operatoru  Nataliya Nuriyeva, direktorları  Akif Musayev,  Aydın Hüseynov olub.

Rollarda Rasim Balayev, Tariyel Qasımov, Həmidə Ömərova, Həsən Məmmədov, Nüsrət Kəsəmənli, Gündüz Abbasov, Gümrah Rəhimov, Ömür Nağıyev, Lev Prıqunov, Algimantas Masyulis, Nəcibə Hüseynova və başqaları çəkilib.

 

Tikanlı məftillərlə hasarlanan doğma sahillər

 

Əbdül Mahmudov: “Sovet hökumətinin dövründə kinonun ”dəmir qanun"ları vardı ki, onu heç kim poza bilməzdi. Vətənpərvər ruhlu gənclər mümkün dairədə, detalllarla, eyhamlarla, replikalarla, epizodlarla da olsa, xalqın adət-ənənələrini, ona xas xüsusiyyətləri, birliyimizi, vahid Azərbaycan haqqında fikirləri diqqətə çatdırırdı. Biz bütün riskləri gözə alaraq, lazım olanları çətinliklə icra edirdik. Məsələ burasındadır ki, o dönəmdə də, indi də milli vətənpərvərlik məsələsinin əzbabını çəkirəm.

Artıq 1988-ci ilin hadisələrinin ərəfəsində idik. Film çəkmək növbəm yaxınlaşırdı. Rəhmətlik Əhmədağa Muğanlı çox sakit, milli ruhlu, heç bir maraq güdmədən, xəlvəti olsa da xalqa, vətənə, ədəbiyyata xidmət edən biri idi.

Günlərin bir günü mənə dedi ki, iclasda sənin də film növbənin yaxınlaşdığı müzakirə olundu. Bəyan edildi ki, film çəkmək növbəsi Əbdülündür.

Əhmədağa müəllim mənə dedi ki, kinostudiyanın direktoru Cəmil Əlibəyov səni çağıracaq. Mənim də bir povestim var “Tikanlı məftillər” əsl sənlikdir. O bilirdi ki, mənim köküm, babalarım Ərdəbildən gəlmədir, həm də torpağa çox bağlıyam". Sərhəddə birləşən Azərbaycan-o taylı bu taylı film...

Ə. Muğanlı povesti Ə.Mahmudova vermək istəsə də, əvvəlcə onu tapa bilmir. Əbdül Mahmudov: “Əhmədağa müəllimdən povesti istəsəm də, əvvəlcə tapa bilmədi. Axşam isə oğlu povesti gətirib mənə verdi, mən də əsəri birnəfəsə oxuyub bitirdim. Hansi ki, həmin povest əsasında ”Doğma sahillər"i yazdıq.

Səhər saat 11.00 idi. Mənə zəng vurdular ki, direktor səni gözıəyir, gəl. Görüşdük, salamlaşdıq, Cəmil müəllimlə dərdləşdik. Olduqca yaxşı insan idi, mənə də simpatiyası vardı. Dedim Cəmil müəllim mən mövzuyla gəlmişəm. Gülümsəyərək dedi “nə mövzu?”. Sən demə Cəmil müəllimin də mövzudan xəbəri varmış, çünki, Əhmədağa ilə yaxın olublar, institututda bir yerdə oxuyublar.

Dedim, Cəmil müəllim mən arifi Şirvanam, bu mövzunu çox istəyirəm. Dedi “fikrini dəyişməyəcəksən ki?” Dedim yox, mən artıq filmin eksplikasiyanı yazıram. Soruşdu ki, neçə müddətə təhvil verərsən?. Dedim sabah.

İndiyə qədər yadımdadır, söhbətimiz ikinci günü oldu. Cəmil müəllim bildirdi ki, onda hazırlığını gör, bazar günü Moskvaya uçacaqsan.

Sən demə Əhmədağa müəllim gəncliyində sərhədçi olub və o vaxt Azərbaycanın Sərhəd Qoşunları komandanı general Nəsirova böyük hörməti olub. Çox gözəl bir insan idi, Əhmədağa müəllim əsərdə onun obrazını canlandırıb, povesti ona həsr edib.

Əhmıdağa Muğanlı dedi ki, general Nəsirov bizi gözləyir, gedək yanına, filmin bütün problemlərini o həll edəcək. Yəni filmin qəbul olunması, çəkilişi və s.onluqdur. Bildiyiniz kimi filmdə ağır çəkilişlər vardı. Hansı ki, sərhəd rayonlarında vertolyotlarla həyata keçirlməsi nəzərdə tutulmuşdu.

Filmin bütün çəkilişləri İran “Azərbaycan sərhəddində çəkilib. Orda Bəzi kadrlar var ki, arxa planda Iranın ərazisi görünür. Xudafərin çayı, tikinti səhnələri, alma davasının hamısı məhz orda lentə alınıb. Bütövlükdə natura çəkilişlərin hamısı Naxçıvan, Ordubad, Culfa ərazisində, pavilyon çəkilişləri isə Bakıda həyata keçirilib.

Bildiyiniz kimi o vaxt əsas komandirlər ruslar idi. Mərkəzi Komitənin ideoloji katibi də rus olmalı idi. Qanun belə idi, müzakirəsiz. “KQB”də də həmçinin. Rəhmətlik Heydər Əliyev yeganə insan idi ki, azərbaycanlı olaraq onu “KQB”nin sədri seçmişdilər. Demək ki, şəxsiyyət olaraq çox yüksəlmişdi ki, onu bu vəzifəyə layiq görmüşdülər.

Nə isə Nəsirovla görüşdük. Mənə bildirdi ki, narahat olma, Moskvaya getmək üçün səni aeroportda qarşılayıb yola salacaqlar. Mən də rahatlıq olması üçün bazar günü gedəcəyimi bildirdim.

Moskvaya yola düşdüm, “zayavka” aparıb verdim. Az-çox tanıyırdılar deyə, hər hansı narahatlıq olmadı. O vaxt ruslarla işləmək çox asan idi. Işimi yoluna qoyurdular, mən də onlara qonaqlıq verirdim, onların ən çox istədikləri də yeyib-içmək idi".

 

“Obraz hansı millətdəndirsə, elə də çək!”

 

Əbdül Mahmudov: "Bütün işlər yekunlaşanda baş redaktor məni qəbul etdi. Dedi “Qaçaq Nəbi”dən tanıyıram səni. Ona görə də bir xahişim olacaq. Birmənalı şəkildə nazirin və cənab generalın tapşırıq, göstərişidir ki, hansı obraz hansı millətdəndirsə elə də çəkin. Ssenaridə  sonradan hər hansı dəyişiklik etməyin.

Bildirdim ki, buna qətiyyən şübhəniz olmasın. Bu minvalla filmə çox böyük aktyorlar dəvət etdim. Latviya kinosunun nəhəng bir ulduzu vardı - Masyulis, hansı ki, amerikan kəşfiyyatçısını oynayırdı. Lev Prıqnovu, Aleksandr Belovu dəvət etdim. Mən hər zaman bu fikirdə olmuşam ki, kənardan aktyor çağırılırsa, elə aktyor olmalıdır ki, dünya şöhrəti, oturuşmuş sənəti olsun. Bizim aktyorlar da onlarla təcrübə mübadiləsində işləsinlər, nəsə görüb götürsünlər. Axı nəyə lazımdır dünən çıxan aktyoru gətirim, onlar da ağzını açıb bizimkilərə tamaşa eləsin...

Artıq rejissor ssenarisini yazanda aktyorların rollarını nəzərimdə tutmuşdum. Həsən Məmmədov, Gündüz Abbasov, Həmidə Ömərova, Muxtar Manıyev, Gümrah Rəhimov kimi aktyorlar nəzərimdə idi.

Moskvada olduğum günün səhərisi təsdiq ərizəmi yazdırmaq üçün aktyorların da siyahısını təqdim etdim. Bu da onların çox xoşuna gəldi.

Bircə problem rus aktyorla oldu. O, bizim bəzi talesiz aktyorlarımız kimi idi. Çox içki düşkünü idi. Mənə dedilər ki, yaxşı aktyordur, amma həddən artıq içir. Siz tərəflərdə də belə şeylərə yaxşı baxmırlar? Gedər Azərbaycanda biabır olar. Bircə onu dəyişdik. İkinci dərəcəli bir rol idi. Mən də onun əvəzinə başqasını çağırmadım. Həqiqətən də sərhədçi olan rus oğlan vardı, onu çəkdim.

Şimali Qafqazda - Nalçikdə, Elbrus dağlarında çəkilişlər aparırıdıq. Orconikidze və Nalçikdə yerli aktyorlar götürmüşdük ki, onlar da özlərini oynayırdılar.

 

“Tariyel Qasımov üçün tacik

rejissor xahiş etdi, mən çox utandım”

 

Əbdül Mahmudov: “Mən Tariyel Qasımovla tələbə yoldaşı olmuşam. Onun ekrana uyğunlaşan üzü var, bu hər adamda olmur. Ekran elədir ki, hər adamın üzü uyğun gəlmir. Mən də Tariyel Qasımovun daxili imkanlarına bələd olduğumdan, həm də tacik studiyasında oynadığı rolu görmüşdüm deyə, çox bəyənmişdim.

Rejissor Tadcivayev onu filmə çəkmişdi və Tariyelə bələd idi. Mənə dedi ki, bu ki, istedadlı, məharətli aktyordur, niyə filmlərə çəkmirsiz? Məndən xahiş etdi ki, Tariyeli filmə çəkim. Düzü onun bu sözü mənə utanc verdi.

Yəni o vaxta qədər Tariyel bütün ölkələrin studiyalarında filmlərə çəkilmişdi, bir Azərbaycandan başqa.

Rasim mənim əlimdə böyüyən aktyordur. Onun bütün imkanları hamıya bəllidir, əlavə tərifə ehtiyac görmürəm. Sözüsüz ki, mən əsas rolu Rasim Balayev üçün yazmışdım. Çünki, mənim bütün filmlərimdə o çəkilib. Bu zaman ona qarşı durası tərəf müqabil tapmaq lazım idi.

Baş rollarda Rasim Balayev əjdaha kimi oturuşmuş aktyor və heç vaxt baş rol oynamayan Tarıyel Qasımov.

Mən böyük ustadım Həsən Seyidbəylidən rejissor sənəti üçün böyük bir şey öyrənmişdim. Həsən müəllim ssenarini çəkilişə kimi aktyorlarla məşq edirdi.

Kinoda lazım olacaq bütün elementlər masa arxasındaca aktyorlardan alınırdı. Film çəkilməyə başlayanda hər şey tam hazır olurdu. Daha kiməsə onu et, bunu et deyilmirdi. Hamı tam hazırlıqlı şəkildə, nə edəcəyini planlı şəkildə bilirdi.

Həsən müəllim çəkiliş meydanına gələndə ancaq texniki işlərlə məşğul olurdu. Mən də onun bizlər üçün qoyub getdiyi məktəbdən bəhrələnərək, bunu davam etdirirəm. Beləcə məşqlərimiz başladı".

 

“Nüsrət Kəsəmənli iranlı general

roluyla ağzımızı açıq qoydu”

 

Əbdül Mahmudov: "Filmdə daha bir nəhəng rol iranlı generalı idi. Çox fikirləşdim ki, bu rol üçün yeni sima olsun. Çünki, ilk dəfə idi ki, biz İran generalını ekrana gətirirdik.

Gözəl şairimiz Nüsrət Kəsəmənli o dövrlər bizimlə birlikdə kinostudiyada çalışırdı. Yaxşı münasibətlərimiz vardı, həmişə mənə deyirdi ki, məni bir kinoya çək.

Çox cəlbedici bir insan idi. Bir gün nəsə mənim də ağlıma batdı ki, Nüsrəti filmə çəkim. Daim filmə aid işləri davam etdirirdik. Bu Nüsrət gözümün qabağından getmirdi, fikrim onda qalmışdı. İkinci rejissora dedim ki, rəssam Kamil Nəcəfzadəni də, qrim ustası Firuzə xanımı da çağırsın. Operator Kənana da dedim ki, kameranı hazırlasın görək Nüsrət rolunun öhdəsindən necə gələcək. Ona ekranda baxmaq istəyirdim .

Bunlar getdi, biz də dekorasiyalarla bağlı bəzi şeyləri müzakirə edir, yerləri seçirdik, natura dekorasiyalarını qururduq. Bir çox şeyləri təbii olsun deyə, naturada çəkmək qərarına gəlmişdik. Həm də kinostudiyanın ab-havasından çıxmaq istəyirdik. Təxminən 1 saat vaxt keçmişdi. Bir də gördük qapı açıldı, icazəsiz, filan bir general içəri daxil oldu. Başladı İran ləhcəsində danışmağa. Hamımız məəttəl qalmışdıq. Elə bil birdən ayıldım, İlahi sənə şükür dedim, Nüsrət Kəsəmənli imiş. Hamımız çox bəyəndik onu. Həmin an heç vaxt yadımdan çıxmır. xoş bir xatirə olaraq beynimdə canlanır.

Tariyel Qasımovun məsələsi isə uzun məşqlərdən sonra müəyyən olundu. Onun tərəf müqabili bir tərəfdən Rasim Balayev, digər tərəfdən Həmidə Ömərova idi. Beləcə komanda tamamlandı, çəkilişlər başladı.

Mən hesab edirəm ki, bizim filmlər sırf aktyor işi üzərində qurulduğu üçün ömrü uzun olur. Bu səbəbdəndir ki, ən köhnə olan Məşədi Ibaddan tutmuş ta indiyə qədər çəkilən filmlərimiz sevilir və baxılır".

Rejissor çəkiliş vaxtı baş verən maraqlı anlardan danışıb: “İkinci planda görünən bütün dağlar İrana məxsusdur. Zaqafqaziya hərbi qoşunlarının baş komandanı Pskov soyadlı hərbçi idi. Vertolyotla çəkilişimiz olmalı idi. Təsadüfən marşrutu müəyyən etməmişdik. Nə isə çəkilişə başladıq, bir də baxdıq aləm dəydi bir-birinə. Sən demə bizim çəkiliş üçün istifadə etdiyimiz vertolyotu sərhəddi icazəsiz keçdiyi üçün vurmaq istəyiblər. Pskovun xəbərdarlığından sonra vertolyotu 5 dəqiqə gec endirməsəydik, bizi sərhəddə vuracaqdılar. Onlar görüb ki, qeydiyyatı olmayan vertolyot sərhəddə uçur, vurmağa hazırlaşırmışlar. Onun da əmri Tiflisdən verilirdi”.

 

Taleyi qara yazılan film...

 

Ə. Mahmudov hesab edir ki, “Doğma sahillər” iki talesiz filmindən biridir. Digər film isə “Gecə qatarında qətl”dir. O iddia edir ki, əgər filmin müəllifi başqa biri olsaydı, həmin filmlər ən sayılıb-seçilən ekran əsərlərindən olardı.

“Bir dəfə Nikita Mixalkov Rüstəm İbrahimbəyovdan soruşdu ki, bu filmi kim çəkib? Rüstəm müəllim məni göstərdi ki, bu oğlan. Nikita Mixalkov məni Moskvaya dəvət etdi ki, gəl film çək. O mənim işimi yüksək qiymətləndirdi.

Bəli, sizi əmin edirəm ki, həmin filmləri başqaları çəksəydi, indi onlara SSRİ xalq artisti adı vermişdilər. Təəssüf ki, mənim əməyim layiqincə qiymətləndirilməyib. Bəziləri heç milli ruh, vətənpərvərlik nədir bilmirlər.

SSRİ Kinematoqrafiya İttifaqı və sərhəd qoşunları mənə baş mükafat verdilər. Amma Azərbaycanda heç nə vermədilər. Mənim əsas xidmətin sözümə sahib olmağımdır. 60-cı ildən sovet hökuməti dağılana qədər çəkilən Azərbaycan filmlərində mənim aktyor, reissor kimi adım var. Allah Heydər Əliyevə rəhmət eləsin, o mənə “Şah İsmayıl” filmini çəkməyə kömək edəcəkdi. Amma o gedəndən sonra imkan vermədilər..."

 

Azadlıq.- 2015.- 6 aprel.- S.14.