Ustada məktub

 

(Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə)

 

 

Kamil Vəli Nərimanoğlu

 

 Salam, Bəxtiyar müəllim!

 

90 il öncə dünyaya gəldiyiniz bu əziz mübarək gündə sizi, sizi sevənləri, millətimizi, ümmətimizi salamlamaqdan, dualarımızla, fatihələrimizlə, şeirlərinizlə sizi anmaqdan gözəl ola bilər?!

 

Bir gözümüzdə yaş, bir gözümüzdə sevinc. Bir əlimizdə qızılgül, bir əlimizdə bir dəstə yarpız

 

Dünya belə gəlib belə gedəcək deyib özümə təsəlli verməyə çalışıram. Sonra düşünürəm, öz-özümə deyirəm ki, yox, dünya hər gün öz-özünü yenidən doğur. Hər sübh bir başlanğıcdır. Hər səhər Allah bizə təzə Günəş göndərir. Zülmətdən seyrəlmiş, gündüzün ümid dolu işığıyla üzümüzü, gözümüzü ümid dolu sabaha çevirir. Yox, mən bu sözləri gəlişigözəl şair sözü kimi demirəm, demək istəmirəm.

 

Bəxtiyar müəllim, sizin şeirlərinizi mən şəxsən söz möcüzəsi kimi qəbul edə bilmirəm. Bu şeirlər sözdən daha çox sözün çağırdığı təşnəlikdir.

 

Sənət çox qəribədir. Hər şeyi yerli-yerində olan, dözümlü hər şey sənət deyil. Sənət biraz da dəlilikdir, çılğınlıqdır. Sənət haqq işığına sərxoşluqdur. Sənət ilahi yaradanı hiss etmək, onu bir anlıq belə olsa görməkdir, onu yaşamaqdır. Sonra da o anın fövqəltəbiiliyini anlamaq, bunun üstəsindən gəlmək cəhdidir.

 

…Bu yaxınlarda ruhuyla, sir-sifətiylə, sözüylə, hərəkətləriylə sizə bənzəyən şairimiz Yavuz Büləndin son kitabları Azərbaycan ürəyimdə bir şah damardırkitabı 18-ci dəfə çap olunur. Nədənsə mən bir-birinə daxilən zahirən doğma qardaş kimi bənzəyən Şəhriyarı, Niyazini, Bəxtiyarı Yavuz Büləndi Azərbaycanın gələcək taleyi üçün önəmli şəxsiyyətlər hesab edirəm.

 

Üzlərinə, gözlərinə əzab, iztirab, fikir, düşüncə çökmüş bu dörd adamın millətimizin tale adamlarının olduğuna inanıram. Əlbəttə, Xudu Məmmədov kimi, Əbülfəz Elçibəy kimi haqsızlığa, ədalətsizliyə etirazın ilk dalğası sənətdən gəlir. Müqəddəs olan hər şeyi yox etməyə yönəlmiş axına ilk dirəniş sənətdən gəlir.

 

Sənət millətin müqavimət gücünün ən həssas göstəricisi ifadəsidir desək, səhv etmərik. Homerin zamanında da bu belə olub, Rable Füzulinin, Şekspir Hafizin, Volterin, Didronun, Mirzə Fətəlinin, Mirzə Cəlilin, Sabirinzamanında da. Sənət həqiqəti hiss edir, dərk edir millətə bu gerçəyi aşılayır. Bəxtiyar müəllim, siz millətin tarixi yaddaşını silməyə, ana dilində əbədiləşmiş milli kodları yox etməyə yönəlmiş amansız, dinsiz siyasəti hələ 50-ci illərdə hiss edən, 60-70-80-ci illərdə sənətin gücü ilə manqurtlaşmaya etiraz səsini yüksəldən böyük fikir adamı, sənət ustası kimi yaxın tariximizə daxil olmuş, kitabları, məqalələri, çıxışları, dərsləri ilə bu böyük ağır mücadiləyə başlamışsınız.

 

Millətin bölünmüşlük faciəsi sizin yaradıcılığınızda qırmızı xətt kimi keçir. Türk-Islam Dünyası dəyərləri, tarix, dil, mədəniyyət birliyinin bizə verdiyi güc-qüvvət, Mirzə Fətəlidən, Mirzə Cəlildən, Sabirdən, Üzeyir bəydən, Məhəmməd Əmin Rəsulzadədən, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağaoğlundan gələn dolğun milli-siyasi, mənəvi-dünyəvi sərvət sizin arxanız, dayağınız, təməliniz olmuşdur.

 

Çox yaxşı yadımdadır. Siz Vətənimizin rayon-rayon, kənd-kənd tərənnümünə qarşı idiniz. Universitetdəki ədəbi müzakirələrdə, diplom işlərinin müdafiələrində, dissertasiya müzakirələrində bu bölünmüşlüyə, kiçilməyə etiraz edir, “Vətən böyüdükcə biz böyüyürüktezisini savunurdunuz. Vətənimizin sərhəddi dilimizin sərhədləri qədərdirdeyərdiniz. Bütövlük, azadlıq idealı ana dilindən, milli tarixdən, mədəniyyətdən keçir.

 

Sizin üçün Azərbaycançılıq türklüyün ayrılmaz parçası idi. Dərslərinizdə o zamanlar çox dəbdə olan KQB-nin qəsdən körüklədiyi Səməd Vurğun, Rəsul Rza davasında sizin mövqeyiniz ədalətə söykənirdi. Çağdaş şeirimizin bu iki sütununu qarşı-qarşıya qoymanın, süni cəbhələnmənin doğura biləcəyi faciəni gözəl bilir kəskin şəkildə buna qarşı idiniz. Sənət, sənət kriteriyanız, Vətən Millət kritriyasından ayrılmaz idi.

 

60-70-ci illərdə Yeni ədəbiyyatın doğuşuna sevinən, qürur duyan, onların boyunu bəsləyənlərdən biri siz idiniz. Yazılarınızla Anarı, Y.Səmədoğlunu, C.Hüseynovu, Ə.Əylislini, Elçini, M. R.Ibrahimbəyov qardaşlarını, Aydın Məmmədovu, məni dəfələrlə müdafiə etməniz şəxsi mülahizələrdən çox uzaq idi. Milli-mənəvi prinsip sizin üçün hər şeydən uca idi.

 

Sizin Xudu Məmmədovla, Zeynal Məmmədovla, Nurəddin Rzayevlə, Şirməmməd Hüseynovla dostluğunuz sıradan dostluq, süfrə dostluğu deyildi. Bu dostluq azadlığa gedən yolun ana təməli idi, Bəxtiyar müəllim.

 

Ağır mücadilələrdə aldığınız yaralar sizin fiziki-bioloji varlığınıza böyük zərbə vururdu, fəqət hər zərbə, hər təzyiq yeni bir sözün dünyaya gəlişi üçün təkan idi.

 

Böyük sənət böyük dərdin, iztirabın övladıdır. Həqiqət sizin yaradıcılığınızda o qədər aydın görünür ki, onu isbat etməyə hacət qalmır. Milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy milli-azadlıq hərəkat tarixinin təməllərindən danışarkən böyük müəllim Bəxtiyar Vahabzadə deyərdi bundan qürur duyurdu.

 

Bəxtiyar müəllim, sizə qarşı danışmağı, açıq mübahisədən çəkinməməyi, polemika mədəniyyətini siz bizə öyrətmisiniz. Mübariz-çılğınlığı içində bu etik əndazənin pozulmadığını da iddia etmirəm bəzi haqsız tələbələrdə haqlı olmadığınızı da səmimiyyətlə ruhunuz qarşısında etiraf etməyi özümə borc bilirəm.

 

Sizin mübahisəniz ata-oğul münasibətinin mürəkkəbliyinin ifadəsidir deməyə bilmirəm. Böyük sevgi öz içində gəldi-gələli hər şeyi əridib yox edir. Önəmli olan tarixin isbat etdiyi uca idealdır, Bəxtiyar-Şəhriyar yolu bütöv Azərbaycanın bağrından keçib Turanı-Iranı əhatə edirsə, yaşamağa, mücadiləyə dəyər, Bəxtiyar müəllim. Mən günəşin işığına, çörəyin bərəkətinə, Allahın haqq olduğuna inandığım kimi sizin ruhunuzun Xədicə Ismayılın, Leyla Yunusun zindan məşəqqətini qəbul etmədiyi ruhunuzun bundan çəkdiyi əzaba inanıram. Qadınların, gənclərin vicdan savaşçılarının çəkdiyi zillət, zülm bir sürü yaltağın, simasızın, anasının əmcəyini kəsənin qanı bahası olduğu ölkədə ölməkdən, qurban olmaqdan böyük xoşbəxtlik yoxdur, Bəxtiyar müəllim. Bu dərdi Bakı qədər Təbriz yaşayır, Dərbənd yaşayır, Göyçə yaşayır, Borçalı yaşayırsa, sizin şeirləriniz, səhnə əsərləriniz həmişə canlı, diri olacaq, Bəxtiyar müəllim!

 

Bütün Türkiyədə iki simvol insan var. Bunu hər kəs bilsin unutmasın ki, Bəxtiyar Vahabzadə Elçibəy adlarını xalqın qəlbinin elə yerinə yazıb ki, bu müqəddəs adları oradan kimsə poza bilməz.

 

Illər keçəcək. Rəzalət bitəcək. Dünyaya yenidən Şəhriyarlar, Bəxtiyarlar gələcək. Amma heç kəs Bəxtiyar, Şəhriyar olmayacaq.

 

Dünyaya tək gəlib tək gedən insanların hesabını Allah aparır.

 

90 yaşın qutlu olsun, böyük şair, böyük insan, böyük dost, böyük xilaskar. Ruhunuz şad olsun! Dirildən və öldürən Allahımız o böyük ruhunuzu millətimizin, vətənimizin başı üstündən əksik etməsin.

 

Kamil Nərimanoğlu.

Azadlıq. – 2015. – 12 avqust. S. 7.