SSRİ-nin 29 yaşlı
azərbaycanlı naziri
- O
bir gündə 12 erməni direktoru işdən qovub –
1947-ci il. Müharibədən
çıxmış qara şəhər
- Bakı hələ ki, ağ
günə həsrətdir. Müharibənin özündən
sonra qoyub getdiyi aclıq, səfalət bu
şəhəri cənginə alıb. Bu
qara aclıq günlərinin birində tramvayda iki yeniyetmə
qız qəfil bir elanla
rastlaşır.
Həmin elanda
yazılırdı ki, 7-ci sinfi
bitirən oğlan və qızlardan kim yeni açılan Neft Texnikumuna sənəd
versə, imtahansız qəbul olunacaq və
ayda 264 rubl təqaüd
də alacaq.
Həmin xanımlar yalnız bir səbəbə görə - təqaüd xatirinə o dəqiqə bu elanın arxasınca gedirlər. Bir müddət sonra isə ilk aldıqları təqaüdlə sevinə-sevinə Bakı küçələrini gəzərək, evlərinə nə isə almaq istəyirdilər. O zaman həmin qızların yalnız 15 yaşı var idi....
Vaxt gələcək, həmin 15 yaşlı qızlardan biri nəinki Azərbaycanın, hətta o vaxt dünyanın lider dövləti olan SSRİ-nin tarixinə düşəcəkdi. Vur-tut 29 yaşı olanda Azərbaycan SSR-in məişət xidməti və yerli təsərrüfat naziri seçiləcəkdi.
Modern.az saytının təqdim etdiyi bu yazıda 29 yaşlı xanım nazir – Nəbibə Həsənovadan bəhs olunur. O, 28 yaşında nazir müavini, bir il sonra isə nazir seçilməklə SSRİ tarixinin ən gənc naziri adını qazanıb.
1950-ci illərin əvvəli...
Hələ ki adı tarixə yazılası bu xanım tələbədir. Özü də Moskva Sənaye İnstitutunu çətinliklə oxuyan bir tələbə. Rus dilin yaxşı bilmədiyindən marksizm-leninizm kimi ağır fəndən kəsilir. Geriyə isə qayıtmaq olmazdı. Bu, sadəcə mümkün deyildi. Evdən böyük çətinliklə etirazlara sinə gərərək, icazə ala bilmişdi. Getsəydi, daha geriyə dönüş ola bilməzdi. Çünki qayıtsaydı, ailəsi onu bir daha buraxan deyildi. Odur ki, gənc qız akademik məzuniyyətə çıxır. Moskva kimi böyük şəhərdə çətinliklərə baxmayaraq həm yaşayır, həm çalışır, həm də rus dilini öyrənirdi. Tolstoyun “Anna Karenina” romanı ona bu dili mənimsəməkdə kömək oldu.
Min bir çətinliyin
hesabına 1957-ci ildə
institutu bitirdi.
Bakıdakı Əli
Bayramov adına
Tikiş fabrikinə mühəndis kimi təyinat aldı. O zamn onun cəmi
25 yaşı var idi. Üstündən cəmi bir neçə
il keçəcək
və o, bu sahənin birinci şəxsinə çevriləcəkdi
-yəni nazir olacaqdı...
1963-cü il...
Haqqında danışdığımız xanım Nəbibə Həsənova artıq işə başladığı
sahədə ildırım
sürətiylə irəliləyirdi. İşlədiyi müəssisənin başına
keçəndən sonra
sənaye sektoruna bir sıra yeniliklər
gətirdi. Çox
keçmədi ki, onu respublika yerli sənaye nazirinin müavini
təyin etdilər. O zaman artıq iki azyaşlı uşağı olan N.Həsənovanın ailəsində
problemləri başladı.
Ailəyə çox vaxt
sərf edə bilmədiyindən həyat
yoldaşı ilə münasibətlərində anlaşılmazlıqlar
yarandı.
Amma o bilmirdi ki, hələ
qarşıda daha bir post var. Günlərin bir günü o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri və yerli sənaye naziri kabinetinə dəvət edib və çox danışmadan kiçik
konverti ona verdi. Yeganə olaraq onu bildirdi ki, “sən
bu konverti SSRİ Ticarət Palatasına təqdim etməlisən”.
Nazir müavini
olmasına baxmayaraq Nəbibə Həsənova
başa düşməmişdi
ki, əslində konvertdə onun nazir kimi yuxarılara
təqdimatı yazılıb.
Nəbibə xanım Moskvadan qayıdanda artıq respublikanın məişət xidməti və yerli təsərrüfat naziri idi.
O vaxt Moskvada
nəşr olunan «Oqonyok»
jurnalında dərc edilmiş şəklin
altında yazılmışdı: «SSRİ-nin
ən cavan (29 yaşlı) qadın naziri Nəbibə Həsənova».
Fəhlə
qızı, novxanılı
balası və
erməni qənimi...
Nəbibə Həsənova Bakının Novxanı kəndində anadan olub. Atası fəhlə-ocaqçı, anası isə evdar qadın idi. Nəbibə xanım gənc yaşında nazir olanda üçüncü uşağına hamilə idi. Buna baxmayaraq, uşaq doğulana qədər o vəziyyətdə çalışıb. Karyerası müddətində ona mane olmaq istəyənlər çox olub. Xüsusən də ermənilər bu işdə aktivlik göstəriblər. Amma Nəbibə xanım da sakit durmayıb. Bir gündə düz 12 erməni direktorunu işdən azad edib. Onun erməni əsilli 12 direktoru respublika rəhbərliyi ilə məsləhətləşmədən vəzifədən azad etməsi yuxarılarda birmənalı qarşılanmayıb. Hətta sensasiya doğurub.
Nəbibə Həsənova 1989-cu ildən fərdi dövlət təqaüdündədir..
Azadlıq.- 2015.- 5-6 dekabr.- S.14.