Teymurləngin
ordusunda
çətir tutan “əsgər”
Rasim Balayev və Xalidə Quliyeva «Nəsimi»
filminin kadrarxası məqamlarından danışır
“Kadrarxası” layihəsinin buhəftəki qonaqları Azərbaycanın
görkəmli aktyoru, xalq artisti Rasim Balayev və istedadlı
aktrisa Xalidə Quliyevadır. Onlar birlikdə kino
tariximizə öz möhürünü vurmuş “Nəsimi”
filmindən bəhs edir. Filmin ssenari müəllifi Isa
Hüseynov, quruluşçu recissor Həsən Seyidbəyli,
quruluşçu operator Rasim İsmayılov, quruluşçu
rəssamlar Məmməd Hüseynov, Mais Ağabəyov, bəstəkar
Tofiq Quliyev, direktorları Daniil Yevdayev, Bəşir Quliyevdir.
Rollarda Rasim Balayev, Xalidə Quliyeva, İsmayıl Osmanlı,
Yusif Vəliyev, Məmmdrza Şeyxzamanov, Kamal Xudaverdiyev, Muxtar
Manıyev, Əbdül Mahmudov, Səməndər Rzayev, Almaz
Əsgərova, Tofiq Mirzəyev və başqaları çəkilib.
“İsa Hüseynovun ssenarisini
bəyənməmək olmazdı”
Xalidə
Quliyeva: “1973-cü ilin əvvəlləri idi. Dərs
vaxtı auditoriyada oturmuşdum. Əşrəf Mamayev
(filmin ikinci recissoru, o vaxt kim olduğunu
bilmirdim) adlı bir nəfər gəldi və dedi ki, Xalidə
Qasımova lazımdır, Həsən Seyidbəyli onu görmək
istəyir. Mən icazə aldım və ilk dəfə
olaraq Həsən müəllimin görüşünə
getdim. O vaxtı Həsən müəllim Azərbaycan
Kino İttifaqının sədri idi. Kabinetə
girdim. Bəstəboy, gülərüz bir
insan məni elə qarşıladı ki, elə bil 100 ildir məni
tanıyır.
Böyük
səmimiyyətlə məni salamladı, “xoş gəlmisən,
buyur əyləş” dedi. Mən də o vaxt
çox qarabaq, qaradinməz bir qız idim. Ümumiyyətlə, sadə geyimim vardı, qətiyyən
kosmetikadan istifadə etmirdim. Mənə dedi ki, bir ssenari
var, film çəkəcəm. Bu əlbəttə
ki, mənim üçün çox maraqlı idi, o anlar
çox həyəcanlı idim.
Həsən
müəllim dedi: “Ssenarini İsa Hüseynov yazıb. Al, apar oxu, hansı obrazı bəyənsən səhər
gələndə deyərsən. Hansı
rol xoşuna gəlsə, onu da oynayarsan. Mən
də ssenarini götürdüm gəldim evə. Təsəvvür
edin Isa Hüseynovun yazısı... Bildiyiniz kimi
ssenarinin peşəkar biri tərəfindən
yazılmağı çox vacibdir. İsa
Hüseynov özü də qələm sahibi,
yazıçı idi, ssenaristlik fakültəsini
bitirmişdi. Bütün bunların
timsalında çox gözəl yazmışdı. Mən ssenarini oxudum və səhərə qədər
yata bilmədim, ağladım. Nəsiminin edam
səhnəsi mənə çox təsir etmişdi ki... Bu qədər insanın içində Nəsimi mənim
üçün bir günəş idi. Öz-özümə
sual verirdim ki, bu günəşin sönməsinə necə
razı oldular, niyə qalxıb onu müdafiə etmədilər,
cəlladların üstünə yerimədilər. Içimdə bir üsyan qalxmışdı”.
Xalidə Quliyeva deyir ki, səhər Həsən müəllimin
yanında gələndə Fatiməni oynamaq istədiyini
bildirir. Həsən müəllim də “mən də səni
elə Fatimə rolu üçün nəzərdə
tumuşdum” cavabını verir.
“Ssenarini mənə xəstəxanada
verdilər...”
Rasim
Balayev: “Təxminən 1972-ci il idi. Xəstəxanada yatırdım. Stress,
əsəb məni əldən salmışdı, depressiyada
idim. Özümü çox pis hiss edirdim. İkinci rejissor xəstəxanaya gəldi.
Oxumaq üçün ssenarini mənə verdi,
”oxu" dedi və getdi.
Mən heç oxumadım, çünki
inanmırdım ki, doğrudan da filmə çəkmək
istəyirlər. Həm də xəstəliyimdən dolayı
inanmırdım ki, yenidən düzələrəm...
Növbəti dəfə gələndə oxumasam da yalandan dedim
oxudum. Çox gəldilər-getdilər, əl
çəkmədilər. Nəhayət xəstəxandan
çıxdım, məni məşqə dəvət etdilər.
2 ay məşqdən sonra kinoya çəkilmək
üçün təsdiq olundum. Sonradan rəhmətlik
Həsən Seyidbəyli dedi ki, məni televiziyada şeir deyəndə
görüb, İsa Hüseynovla birlikdə bəyəniblər.
Üz cizgilərim onların çox xoşuna gəlsə
də, bir aktyor kimi nəyə qadir olduğumu bilməyiblər.
2 aylıq məşq də bundan ötrü idi
ki, tam qərara gəlsinlər".
Xalq
artisti qeyd edir ki, şeirləri deyəndə heç bir
çətinliyi olmayıb: “Çünki, institutda bunları
öyrənmişdim. Səsyazma
olmadığından televiziya verilişlərində şeirləri
canlı deyirdim. Ümumiyyətlə, tez-tez dəvət
alırdım, həm müəyyən tədbirlərdə aparıcılıq , şeir demək, həm də
tamaşalarda oynamaq üçün. Hamısı
da canlı olurdu”.
“Rasim Balayev Həsən Seyidbəylinin
kəşfidir”
Xalidə
Quliyeva: “Film dövlət tərəfindən Heydər
Əliyevin göstərişi əsasında Nəsiminin 600
illiyinə həsr olunurdu. Yubileylə
bağlı Nəsiminin heykəli hazırlandı, rəssamlar
onun portretini çəkdi, balet quruldu və s. Beləcə
böyük şairin yubileyinə dövlət səviyyəsində
sürətli hazırlıq gedirdi.Bu filmin çəkilişinə
böyük pul ayrılmışdı.
Demək olar ki, Həsən Seyidbəyli Rasim Balayevi Azərbaycan
kino sənəti üçün kəşf elədi. Həsən
müəllim onun ifasına çox ciddi yanaşırdı,
həm də çox tələbkar idi. Çəkiliş
prosesində rejissor bəzən əsəbiləşirdi,
qışqırırdı. Rasimin sıxıb suyunu
çıxarırdı, ta ondan istədiyini alana
qədər. Nəinki, Rasimə qarşı,
hamımıza qarşı belə idi. Istədiyini
alanadək suyumuz çıxırdı. Həsən
Seyidbəyli işinin peşəkarı idi deyə, bizdən
də peşəkarlıq tələb edirdi.
Bildiyiniz kimi, o, Azərbaycan kinosuna ən böyük həyat
gətirdi, həyata bənzər kino estetikasını
yaratdı. Pafosdan, patetikadan uzaq bir kino bəxş etdi. “Sən
niyə susursan”, “Bizim Cəbiş müəllim” kimi...
“Nəsimi” tarixi bir film idi. Bu cür filmləri
çəkmək çətin idi. O mühiti yaratmaq
üçün kostyumlar, obrazların dəqiq seçilməsi,
əlbisələr, interyer, hər şey
ayrı-ayrılıqda şərt idi. Bu ekran əsərində
kütləvi səhnələr də çoxdur. Bu baxımdan Həsən müəllim hər
şeyi birəbir həyata keçirirdi. Həmin
o estetikanı, səmimi, yaxından, içdən
danışıq tərzini bu filmə gətirmişdi. Hər kəs öz yerində idi. Məsələn, Yusif Vəliyevin Teymurləng
obrazı. Indi də gözümün
qarşısındadır. Əgər dünya
kinematoqrafçıları film çəksə və Teymurləngi
oynamaq lazım gəlsəydi əminəm ki, heç kim Yusif Vəliyevdən yaxşı
oynamazdı. Rasim Balayevin özü o qədər
möhtəşəm idi ki, sözlə ifadə etmək
olmur. Əslində bu filmin əsas
uğuru düzgün aktyor seçimi idi".
Film əsasən Qobustanda, Naxçıvanda-Əlincə
qalasında, Suraxanıdakı Atəşgah kompleksində,
Iraqda-Hələb şəhərində (dəyirmanın
fırlanması kadrı), Ramana qalasında, Özbəkistanın
Urgenç vilayətinin Xivə şəhərində
ekranlaşdırılıb.
“45 kiloqram çəkidə
cılız bir qız idim”
Xalidə
Quliyeva: “Filmdə saçım çox uzun idi. Qrim etmək üçün məni qrim
otağına gətirdilər. Qrimyor
çox peşəkar olan Volodya idi. O dedi ki, Həsən
müəllim, bunun saçın kəsmək lazımdır,
nə parik, nə də başqa bir şey, ən
yaxşısı kəsək. Mənim də
hörüklərim vardı.
Həsən müəllim üzümdə yaranan ifadənimi
gördü, axı biz azərbaycanlılar saça önəm
veririk.
Baxdı mənə dedi ki, yox, onun bir tükünə də əl
vurmazsan.
Saçımı özbək qızlarının
saçı kimi hördülər. Neçə dənə
hörük edib başıma doladılar, pariki də üstdən
taxdılar. İsti havada çox çətin idi, yun
corablar, üstündən çarıq, qalın geyimlər,
dəbilqə başımızda... Bir mənə
yox, hamıya çətin idi. Təsəvvür edin ki,
yayın qızmarında hamı papaqda, xüsusilə də
Teymurləngin, Nəsiminin geyimləri...
Qobustan yayda necə olur hamı bilir, ilanlar mələyir,
hər addımda ilan vardı. Biz hər şeyə
hazır idik. Həkimlərdən
tutmuş texniki məsələrə qədər hər
şey hazılıqlı idi, təkcə qalırdı
yaradıclıqla məşğul olmaq. Kütləvi
səhnədə hamının at çapdığı yerdə
atdan yıxıldım. Hardakı Fatimə
atası Nəimini kəcavədə tapmır, anlayırlar
ki, onu başqa bir yolla aparıblar. Atdan
yıxıldığıma görə ümumi planda atı
mən çapmadım, dublyor oynadı. Amma
iri plandakı mən idim. Əvvəlki
filmlərdə at çapmağı öyrənmişdim,
amma atlar yarış atları kimi çox sürətli idi
deyə, çətin olurdu. Həmin filmdə
də atdan yıxılmışdım, orda çoban
qızı oynayırdım. 19-20
yaşlarında 45 kiloqram çəkidə cılız bir
qız idim".
Mərkəzi Komitə Rasim Balayevin
Nəsimi roluna çəkilməsinə
qarşı çıxır
Rasim
Balayev: “Fimin yaradıcıları istəyirdi ki, yeni sima təqdim
etsinlər. Buna baxmayaraq, mənim özümdə
inam yox idi. Çünki, o vaxt bir neçə
filmdə yoxlansam da, məni çəkməmişdilər.
Buna görə də inamım
qalmamışdı. Eşitmişdim ki, Nəsiminin
yubileyini YUNESKO keçirəcək, bu səbəbdən
ümumiyyətlə inamsızlığım vardı. Hətta əmin idim ki, rolu hansısa təcrübəli
bir aktyora verəcəklər. Çünki
eşitmişdim ki, hətta Rusiyadan aktyor dəvət etmək
istəyirlər.
Həmin vaxtlar mənim xəbərim olmasa da, sonradan
eşitdim ki, mənim filmə çəkilməyimə etiraz
edənlərdən biri Fərhad Xəlilovun atası Qurban Xəlilov
olub. Məsuliyyətli
bir iş olduğundan “risk etmək olmaz” deyib. Təklif edib ki, tanınmış,
səriştəli aktyorlardan
biri dəvət olunsun.
Amma Həsən Seyidbəylinin israr və xahişindən
sonra mənim çəkilməyimə razılıq verirlər. Çünki,
Həsən müəllim məndən başqa heç kimi
bu obrazda görə bilmədiyini israrla vurğulayır.
Sonradan Həsən
Seyidbəyli “Nəsimi”nin ən vacib səhnələrini
bizə məşq elətdirdi. Rejissorda tam əminlik
yarandı və beləcə Nəsimi roluna təsdiq
olundum".
Aktyor
deyir ki, dəvələr, edam səhnəsi
Özbəkistanın Urgenç vilayətinin Xivə şəhərinə
ekranlaşdırılıb: “Nəsimini Hələbdə
öldürüblər. Bizim ora getməyimizə
imkan yox idi deyə, çəkilişləri Xivədə
reallaşdırdıq.
Edam olunmağıma qalanda, mən ümumiyyətlə
heç bir filmdə belə bir epizod görməmişdim,
eşitməmişdim. Bilirdim ki, müxtəlif filmlərdə insanlar müəyyən
mənada cəzalandırılır, öldürülür,
amma bu cür insan dərisini soymaqla edam
olunmasını bu ssenaridən oxudum.
Qanın, üzümün rəngini qrimlə, rənglə
düzəltdilər, bunlar texniki tərəf idi. Əsas olan isə
psixoloji məqam idi, mən ağrını hiss etməli idim
ki, obraz canlı alınsın. Biri var adi
bir insanın ağrısı,
qışqırıb-bağırmağı, bir də var Nəsimi
kimi dahinin ağrısı. Nəsimi həm
ağrıyır, həm dözür, həmdə təslim
olmurdu, iztirabı daxilən yaşayırdı.
Nəsə
o ağrı məsələsində bir az
çətinliyim oldu. İsa Hüseynov təklif
elədi ki, əlimdə mıx saxlayam və sıxam. Bununla da müəyyən ağrı hissi
yaransın. Elədim, əlimi də deşdim, amma bir
faydası olmadı. Beləcə ilk gün
çəkiliş alınmadı. Çünki,
rejissorun istədiyi bu deyildi. Uzun
axtarışdan sonra filmdə eşidilən “mmm” iniltisini elədim.
Və kadr çəkildi, inandırıcı
alındı. Baxan tamaşaçı da o iniltiyə,
iztiraba inandı: ağrısa da Nəsimi düşmənə
yalvarmır, dözür...
Həmişə məndən soruşurlar ki, dərini
necə soydular, qanın necə yerə töküldü. Bu çətin iş deyil.
“Kapron”un içinə rəng qoyulur və
lazım olan məqamda onu soyundururlar və qan tökülməyə
başlayırdı. Demək istəyirəm ki,
bunlar hamısı texniki tərəflər idi. Əsas onu hisslərlə canlandırmaq lazım
idi".
Xalidə
Quliyeva: “Nəsiminin edamı o qədər
inandırıcı idi ki, kütləvi səhnədəki
insanlar belə, çox həyəcan keçirirdilər.
Onları izləyəndə elə başa düşmək
olardı ki, doğurdan adam edam olunur. Onu da
deyim ki, Nəsiminin edam səhnəsinin
çəkilişi birinci gün alınmadı, Həsən
Seyidbəyli razı qalmadı. Rasimə bir
gün yemək vermədilər ki, sönük, halsız,
solğun görünsün. Amma ikinci dəfə
Həsən müəllim və Rasimin səyilə çox
möhtəşəm alındı. Düşünürəm
ki, o film başqa bir rejissora həvalə olunsaydı, belə
effektli alınmayacaqdı.
“Nəsimi”dən sonra çəkilən tarixi filmlər
də, bu qədər real, inanadırıcı olmadı. Çünki,
bu filmdə insan faktoru vardı. Tarixi film
olmağına baxmayaraq insan ruhunun azadlığı öndə
tutulmuşdu.
Film
festivalında Rasim ən yaxşı kişi
roluna görə ödül qazandı, sonra ən
yaxşı tarixi film adına layiq görüldü. O zaman Mərkəzi
Komitə filmdən çox razı qaldı".
Birdən yada düşdü ki,
Teymurləngin papağı Bakıda qalıb...
Xalidə
Quliyeva: “İnsanların kütləvi şəkildə əllərində
ənamla, hədiyyələrlə gəldiyi yer
Şirvanşahlar sarayında lentə alınıb. Teymurləngin əsgərlərlə
yürüşünü Mərəzə yolunda Cəngi
deyilən yerdə çəkdilər. Kütləvi
səhnədə oynayacaq 5 minə qədər aktyor,
könüllü adamlar, tələbələr kinostudiyada
kostyumları geyinib avtobusla Cəngiyə yollandı. Bəlkə
də 50-60 avtobus adam ”Şamaxinka"
yolunda düzülmüşdü.
Çəkiliş zamanı məlum oldu ki, Teymurləngin
papağı kinostudiyada qalıb. Təsəvvür
edin, o istidə minlərlə insan Teymurləngin
papağını gözləyib. Nəysə
papaq gətirildi, start veriləndə qəfil yağış
başladı. Həmin səhnədə
vertolyotdan çəkiliş olacaqdı, o da alınmadı.
Gözlədilər yağış dayandı,
görkəmli operatorumuz Rasim İsmayılov dağın
başında kamera qoyaraq çəkiliş etdi. Yağış yağsa da, çəkilişi
saxlamadılar. Start verildi, çəkiliş
başladı. Bir də eşitdik ki, rejissor, operator
qışqırır “a bala, heç çətir yeridi?!”. Sən
demə kütləvi səhnədəki əsgərlərdən
biri islanmasın deyə, başına çətir
tutubmuş... Hamıya maraqlı gəldi ki, bu adam
bu həngamədə çətiri hardan tapdı...
Təsəvvür
edin, 14-15-ci əsrdən bəhs edən filmdə çətir
görüntüsü...
Teymurləngi oynayan Yusif Vəliyev o qədər
istedadlı idi ki, hətta axsamaq məsələsində də
inandırıcı oynayırdı. Neçə illər
teatrda çalışmış peşəkar aktyor idi.
İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanovun
obrazı özü faciədir. Hər
şeyini, hətta bircə qızı Şəmsi də
ideyaya qurban verir. Balasını itirdikdən
sonra bayquş kimi tənha qalır".
Xalidə Quliyeva deyir ki, Fatimənin ud çalması səhnəsində
ilk dəfə əlinə bu musiqi alətini
götürüb.
“İsa Hüseynov başqa aləm
idi”
Rasim
Balayev çəkiliş meydanında olan insanların
böyük marağını dilə gətirir: “O vaxt
aktyora, rejissora, sənətə böyük hörmət
vardı. Buna görə də hamısı məsuliyyətlə,
canla-başla, məhəbbətlə işini icra edirdi.
Yadımdadır ki, əllərim bağlı
olan səhnələrin birində susadım. Dedim ki, mənə
su verin. İnanın rejissora imkan vermədilər
ki, mənə su gətirsin. İnsanlar hərəsi
bir tərfədən kömək etməyə
çalışdı. Çox
qürurverici anlar idi. Aktyoru yaşadan belə
hisslərdir. Tamaşaçı tərəfindən
bəyənilmək, sevilmək.
Filmin məsləhətçisi Əli Fəhmi
obrazın xarakterini, səhnələrdəki şeir
parçalarının deyilmə tərzini tam mənimsəməyimiz
üçün qəzəllərin hər misrasını
bizə bir-bir izah edirdi".
Rasim Balayevin OLUM ya ÖLÜM məsələsi!
Rasim
Balayev: “Nəsimi yeganə tarixi filmdir ki, orda dekorasiya yoxdur. Məsələn
”Babək", “Nizami”, “Dədə Qorqud”da var, amma “Nəsimi”
filmi bütünlüklə naturada çəkilib, pavilyon
çəkilişləri olmayıb. Onda mənim
24 yaşım vardı. Bu mənim üçün
sıradan deyildi, tale yüklü bir film idi... Müsair
filmdə çəkilmək deyildi “Nəsimi”.
Əslində
bu ekran əsəri mənim üçün risk idi: ya
tamaşaçılar tərəfindən qəbul olunmalı
idi, ya da sənətdən çıxıb getməli idim. “Nəsimi” mənim ölüm, ya olum məsələmə
çevrilmişdi".
Azadlıq.- 2015.-
2 fevral.- S.14.