Mətbuat azadlığı

 

Milli öncül Məhəmməd Əmin Rəsulzadənin 1911-ci ildə “İrani-nov” qəzetində dərc olunmuş bu məqaləsi mətbuatımızın 140-cı ildönümündə də aktuallığını saxlayır. Oxuyun, o böyük kişinin ötən əsrin o başında yazdıqlarının bugünlə necə səsləşdiyinə özünüz şahid olun: “...bir dəstə yazar ortaya çıxır ki, onlar öz şərəf, fikir və əqidələrini saxta rütbə qazanmaq üçün nəcis qiymətinə satmağa hazır olurlar, zülmü və sitəmi müdafiə edirlər, biçarə milləti avara və sərgərdan qoyurlar. Bu da bir sıra qələm fahişələrinin cəmiyyət içinə girməsinə səbəb olur. Keçmişdə, necə ki, demişik, əxlaqsız qadınlar kimi bəzi jurnalistlər də namuslarını satır, pak əməllərini murdarlayır, vicdan və namuslarını, abırlarını həyasızlıq bazarına çıxarıb, kələfin ucunu əldən verirlər”.

 

başlanğıcı 17 iyul sayımızda

 

Tənqidi kobud, ədəbsiz və nalayiq olan yazılar - aşağı səviyyəlilər sırasına daxildir. Bu qəbildən olan mətbuata əxlaqca geri qalmış, tərbiyə görməmiş cəmiyyət üzvləri arasında, mədəni münasibətin nə olduğunu anlamayan yenicə ayılmış millət və yenicə ayaq tutmuş ölkələrdə təsadüf edilir. Ümumi tərəqqi genişləndikcə bu cür ədəbsiz yazılar da mətbuat səhifələrində azalır. İnkişaf və tərəqqinin məntiqi də bunu tələb edir. Digər tərəfdən, mədəniyyət yüksəldikcə, əxlaq normaları da bərqərar olur, xalq aşağı səviyyəli yazılara dözmür. İrandakı vəziyyət bu baxımdan ən yaxşı nümunədir. Bugünkü mətbuatla neçə il əvvəlki İran mətbuatı arasında nə qədər böyük fərq olduğu göz qarşısındadır. Bu fərqi görmək üçün indi bizim təzə mətbuatın qələm mübahisələri ilə başqa mədəni ölkələrin mətbuatını müqayisə edin. Əlbəttə, bir afrikalı bizim qəzetləri oxusa, ləzzət alacaq, amma onu bir fransız nəzərdən keçirsə, heyrətə düşəcək. Aşağı səviyyəli yazılar, ümumiyyətlə, geridə qalmış ölkələrin mətbuatı payına düşürsə, abır-həyadan kənar və şəhvətpərəst yazılar da mədəni ölkələrdəki mətbuata məxsusdur. Bizim məqsədimiz o yazıları tənqid etməkdir ki, insanlarda şəhvətpərəstlik oyatmaq, ya pis məqsədlər üçün nəşr olunur. Rusiyada onlar “qara ədəbiyyat” adlanır, yəni onların alıcıları cahil, pis, əxlaqsız adamlar hesab edilirlər. Belə yazılara bəzən hekayələr, romanlar və bu səpgidən olan digər kitablar da daxildir. Bunların məzmunu şəhvətpərəstlik və eşqbazlığın təsvirindən ibarətdir. Onları yazmaqdan məqsəd müxtəlif macəraları oxucunun yadına salıb onda şəhvətpərəstlik hissləri oyatmaqdır. Bu cür kitablar asan və sadə dildə yazılır, ucuz olur, mədəni sayılan ölkələrin əksərində, xüsusilə Fransada çox yayılmışdır. Bizim ədəbiyyat içində Şeyx Sədinin qəzəlləri böyük ədibin əxlaqının nə səviyyədə olduğunu göstərir, Übeyd Zakaninin divanı da bu qəbildəndir. Übeyd Zakani keçmişdə İstanbulda çap olunmuşdu, amma burda hökumətin qorxusundan yayıla bilmədi. Həmin kitab vaxtilə Tehranda İstanbul nəşri adı ilə buraxıldı, bir çox nüsxəsi yuxarıda göstərilən aşağı təbəqə arasında yayıldı. Bu növ ədəbiyyatdan ibarət olan bir sıra kiçik kitabçalar dəxi milli mətbuat və ədəbiyyatımızı ləkələyir.

Bu cür yazılar aşağı səviyyəli adamların, varlı və yuxarı təbəqənin əxlaqsız məişətindən doğur. Eyni zamanda yoxsulluqdan, dəhşətli ehtiyacdan və daha yaxşı yaşamaq arzusundan irəli gəlir. Bu bir ədəbiyyatdır ki, həm yüksək səviyyəli varlılar, həm də aşağı səviyyəli cahillər arasında yayılır. Belə əsərlər əxlaqsız varlı ailələrində uşaqlara zövq verən, mövhumi inam və məmnunluq yaradan halva kimi görünür. Inkişaf etmiş ölkələrdə meydana gələn varlılar yoxsulların iş və əməyi hesabına harınlaşmışlar. Yoxsullar isə təhsildən kənarda qalır, öz zəkalarının qüdrətindən istifadə edib, elm yolu ilə öz məişətlərini təmin edə bilərdirlər. Diqqət edilərsə, onların əxlaqının aşağı səviyyədə olmasının da buradan doğduğu aydınlaşar.

Nəhayət, bu cür nəşrlərin zərərli və təhlükəli əxlaqi təsirinin də çox olduğunu söyləyə bilərik.

Pozğun qələmə alınan yazı, əsərlər həm əxlaqa, həm də tərbiyəyə böyük zərər yetirir. Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur. Belə mətbuatın səsi pul üçün çıxır, sakit olub susması da puldan asılıdır. Onu Avropada “zəkai söyüş” adlandırırlar. Həqiqətən də belədir. Əxlaqsız qadınla belə mətbuatın nə fərqi var? Hər ikisi bir cərgədəndir. Onlar həya və abırlarını yelə verirlər, vücudlarını nəcis qiymətinə satırlar. Əxlaqsız qadın öz vücudunu hərraca qoyur, kim çox pul versə, onunla gedir. Pozğun jurnalist də özünü hərraca qoyur, qələminin və vicdanının ixtiyarını “səxavəti” çox olanların ixtiyarına verir.

 

IV

 

Ziyanlı mətbuat və pozğun yazı da cəmiyyətə çox əziyyət verən zəhərdir, bəladır, beynəlxalq miqyasda kapitalizm meydana gələndən, zəhmətkeş fəhlə sinfi öz hüquqları uğrunda mübarizəyə qalxandan sonra bu cür nəşrlər geniş intişar tapdı. Elmi həqiqətləri danmaq, tənqidi yazıların qarşısını almaq, ümumin irəliləməsinə və zəhmətkeşlərin beynəlxalq əlaqələrinə mane olmaq üçün yuxarıda söhbət gedən mətbuat varlıların əlində alət olub.

Qanunvericilik məclisinə seçkilər zamanı pozğun mətbuat siyasətə qoşulur. İqtidarın cəmaətin, ümumin əlinə keçməsindən qorxuya düşərək ona maneə olmağa çalışır. Külli miqdarda pul xərcləməklə mətbuat vasitəsilə hər şəkil və formada olursa-olsun xalq arasına iğtişaş salıb hamını bir-birinə vurmağa başlayır. Xalqın fikrini döndərmək istəyir. Çalışırlar ki, camaat öz rəyini və siyasi hüquqlarını təzək qiymətinə satsın. Bədbəxtlikdən, bu ədəbi pozğunluq yavaş-yavaş bizim İranda da yayılıb adət halı alır. Mətbuat səhifələri varlı, vəzifəli şəxslərin və xaricilərin pulu ilə qaralanır. Söyüş yazmaq, zəhmətkeşlərin hüququnu tapdalamaq üçün bu cür mətbuata ali təbəqələr pul verirlər ki, onların istədiklərini eləsinlər. Həqiqətən fahişəsifətli yazıçıların, qələm sahiblərinin əxlaqsız qadınlar kimi ədəbiyyatın ismətini hərraca qoyduqlarını, millətin cahil və nadanlığından istifadə edib, bir neçə tümən pul xatirinə vətəni və siyasi azadlıqlarını satdıqlarını görəndə adamı heyrət bürüyür. O alçaqlar ədəbiyyata ləkə vururlar, amma işi elə göstərmək istəyirlər ki, guya mədəni ölkələrdə olduğu kimi bütün yazılarını millət işinə sərf edirlər, məşrutə adına mətbuat səhifələrini qaralayırlar.

Məqaləmizdə pozğun və simasız mətbuatın mədəni ölkələrə aid olduğunu qeyd etdik. Bəzi sadəlövhlər bizim sözümüzdən elə nəticə çıxara bilərlər ki, bəlkə mətbuatın pozğunluğuna və əxlaqın dəyişməsinə mədəniyyətin inkişafı səbəb olub? Bəzən belə nəticə çıxarmaq da mümkündür. Hətta mədəniyyətin inkişafı bəzilərini mətbuatı ittiham etməyə də sövq edə bilər. Göstərək ki, mədəni ölkələrdə mətbuatın bir qisminin pozğunluğu mədəniyyətin pozğunluğu nəticəsində deyil. Bu pozğunluq müvəqqətidir. Bəşəriyyət əxlaq və elmin inkişafına, ictimai yeniliyə nə qədər tez nail olarsa, pozğun mətbuatın da ömrü o qədər tez başa çatar. Irəliləyiş isə, davam edir, “mədəniyyət də daim inkişafdadır. Nə qədər ki, insan ömrü var, mədəniyyət də var və inkişaf etmədədir. Həqiqi mədəniyyət əxlaqın pozulması yox, əksinə, əxlaq pozğunluğunu aradan qaldıran əsas amildir. O, həqiqət günəşini işıqlandırır. Pozğun mətbuatın axırı yoxdur, o, karvansara qonağı kimi bu qapıdan girib o biri qapıdan çıxıb gedir, çünki onun varlığı da belə davamsızdır.

Keçən məqaləmizdə mətbuatın əxlaqi vəzifəsinin təlim-tərbiyə olduğundan bəhs etmişdik, indi də əxlaqa zidd mətbuatdan söz açaq, onun müxtəlif pis təsirlərini göstərək. Bu iki növ mətbuatın bir-birindən fərqi məlumdur.

Biz yuxarıda mətbuatın tarixi vəzifəsini göstərmişik. Söyüşçü və abır aparan mətbuatdan yaxşı şey gözləmək olmaz. Heç kəs şübhə etməz ki, qərəzli mətbuat bundan əvvəl dediyimiz mühüm vəzifələrin öhdəsindən gələ bilməz. Həmin vəzifələri ümum əxlaqı gözəlləşdirmək istəyən ciddi, elmi, mədəniyyətə xidmət edən mətbuat həyata keçirə bilər. Qələmlərindən ismətə zidd yazılar çıxan şəxslər şəhvətpərəstliyi qızışdırır. Bu, təəccüblü görünə bilər. Pozğunluq yaratmaq, hər zəlik etmək, söyüş deməklə məşğul olan jurnalistlər əxlaqı necə gözəlləşdirə bilərlər, həqiqət və mədəniyyət bayrağını necə ucalda bilərlər? Həmin mühüm vəzifələri o adamlar yerinə yetirə bilərlər ki, qələmlərini insanların zehninin inkişafı, ümumi təlim-tərbiyə və ədalətin genişlənməsi və bərqərar olmasından başqa heç nəyə işlətməsinlər. Buna görə də zehni inkişafa xidmət edən və öz tarixi vəzifəsini yerinə yetirən mətbuat nüfuz sahibi ola bilər. O, əsas müqəddəs ideyaları müdafiə edərək müxaliflərə önə çıxmağa imkan verməməli, heç bir hədədən qorxmamalıdır. Pozğun və əxlaqa zidd mətbuat müvəqqətidir, davamı yoxdur, onun nüfuzu da aşağı və süni olur. O, heç vaxt tarixi əhəmiyyət kəsb edə bilməz, ziddiyyətli, anlaşılmaz fikirləri və müəyyən məsələləri müdafiə etməkdən başqa onun heç bir işi olmaz. Buna görə də mədəni ölkələrdə düz məsləkli və əxlaqlı mətubata ehtiram və hörmətlə yanaşırlar.

 

V

 

Mətbuat o zaman öz vəzifəsini lazımınca yerinə yetirə bilər ki, öz işində tam azad olsun. Öz məqsədinə çatmaq üçün mətbuat azad olmalıdır. Mətbuat azadlığı onun öz işində - yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam azad olmasından ibarətdir. Mətbuatın işi insani fikirləri yaymaq, insanların fikirlərinin inkişafını təkmilləşdirmək, mütləqiyyətin özbaşınalığının qabağını almaqdır.

Demək olar, ümumi inkişaf və yüksəlişin qarşısını almaqda mətbuat azadlığının qarşısını almaqdan zərərli heç nə yoxdur. Bu da təbiidir. Belə olduqda mətbuat öz təlim-tərbiyə vəzifəsini yerinə yetirə bilməz. Çünki, deməli olduqlarını deyə bilməz, yazmalı olduqlarını yaza bilməz və öz məsuliyyətinin öhdəsindən gələ bilməz.

Mətbuat azadlığı tarixinə diqqətlə nəzər salsaq, görərik ki, mətbuat meydana gələndən sonra əsrlər boyu necə müxtəlif şəkillərə düşüb.

Yunanıstan da, Afina və Sparta da mətbuat geniş yayılmadan əvvəl tam azad idi, hər yazıçı öz fikirlərini və qələminin məhsulunu bütün xalqa azad surətdə çatdıra bilərdi, təkcə rəsmi dinin və ümumi əxlaqın ziddinə olan yazılar qadağan idi. Allahın şəriki olduğunu iddia edən, Allahı danan, beləliklə də küfrə səbəb olan, ciddi məzhəbi tənqidlər yazılmış kitablar xalqın əxlaqına pis təsir göstərdiyi üçün o zaman yandırılır, müəllifləri isə ya qovulur, ya da məhkum edilirdilər. Beləliklə, yazı nəşr olunmazdan qabaq onu məhkum etmək üçün bir qayda yox idi. Yayılıb xalqın nəzərinə çatandan sonra o, müxalifət və iqtidarın ümumi mühakiməsinə tabe olmalı idi. Buna baxmayaraq, kitablar hədsiz dərəcədə sərbəst yazılırdı. Hətta məzhəbi qanun-qaydanın əsaslarını lağa qoyan, əxlaqa mənfi təsir edən yazılar geniş yayılırdı, heç yerdə onların qarşısını alıb dayandırmırdılar.

 

ardı var

 

Məhəmməd Əmin Rəsulzadə

 

Azadlıq.- 2015.- 21 iyul.- S.13.