“Abbasqulu bəyin nazıyla çox

oynuyuruq aa, Kərbəlayi”

 

«Məşhur filmlərdən məşhur sitatlar»

 

Modern.az saytı "Məşhur filmlərdən məşhur sitatlar" rubrikasında növbəti yazını təqdim edir. Burada adından da göründüyü kimi, filmlərdə işlədilən və sonradan zərbi-məsələ çevrilən, insanlar arasında tez-tez işlədilən söz nümunələrindən danışılır. Bu dəfə haqqında danışacağımız film 1971-ci ildə çəkilən və baxdıqca da baxılan “Axırıncı aşırım” filmidir. Film Fərman Kərimzadənin “Qarlı aşırım” povesti əsasında lentə alınıb. Əsərdəki hadisələr Sovet hakimiyyətinin qurulduğu bir dövrdə Azərbaycanın dağ kəndlərində cərəyan edir. Filmin quruluşçu rejissoru Kamil Rüstəmbəyov, quruluşçu operator Rasim İsmayılov, quruluşçu rəssam Nadir Zeynalov, bəsətəkar Arif Məlikov, direktoru Nazim Ələkbərovdur.

Rollarda Həsən Məmmədov, Adil İsgəndərov, Həsənağa Turabov, Hamlet Xanızadə, Əbdül Mahmudov, Məlik Dadaşov, Şahmar Ələkbərov və başqaları çəkilib. Film real faktlar əsasında lentə alınıb. Abbasqulu ağa Şadlınski, Kərbəlayı İsmayıl və Qəmlo həqiqətən həyatda yaşamış insanların obrazlarıdır.

Film Tiflisdə keçirilən Ümumittifaq Kino Festivalından iki mükafata layiq görülür. Belə ki, Abbasqulu bəy Şadlinski rolunun ifaçısı Həsən Məmmədov və Kərbəlayi İsmayılı oynayan Adil Isgəndərov ən yaxşı kişi roluna görə dövlət mükafatına layiq görülüblər. Adil İsgəndərov o zaman bu mükafatın əsl sahiblərindən birinin Qəmlonu canlandıran Məlik Dadaşov olacağına şübhə etmirdi. Həqiqətən də rejissorun sırf aktyorların üzərində qurduğu filmin əsas simasını bu üç nəfər - H. Məmmədov, A. İsgəndərov və M.Dadaşov təyin edib. Əbdül Mahmudovun oynadığı Bəylər rolu əslində filmin əsas aparıcı xətti olmalı imiş. Lakin o, Moskvaya təcili surətdə oxumağa getdiyindən Bəylər rolu demək olar ki, iki yerə bölünür. Yalnız epizodlarda görünən Bəylər aparıcı xətti İmana (Şahmar Ələkbərova) “təhvil verir”. O qədər də mürəkkəb süjet xəttinə malik olmayan filmin üç böyük uğuru var: rejissor işi, aktyorların şedevrcəsinə ifası və Arif Məlikovun bəslədiyi bənzərsiz musiqi.

Filmdə sonradan dillər əzbəri olan zərbi-məsəllərin böyük əksəriyyəti də “böyük üçlüy”ün payına düşür. Amma burada adi epizodik aktyorun ifası belə, o qədər yerinə düşür ki, həmin kiçik rollardan da bu gün sitatlar gətirdiyimiz cümlələr var:

Məsələn, Abbasqulu bəyin Xəlil (Həsən Turabov) və bolşevik Talıbovla (Hamlet Xanızadə) Kərbəlayının evində çörək yediyi səhnədə kənd başbilənlər ilə edilən söhbətdəÿ"söz güləşdirirsən aa, bacoğlu", “yeyin bəy, düşmən də olsaq, çörəyimiz halaldır” ifadələri bu gün də yeri gələndə işlədilir.

Kərbəlayının adamlarından olan Rəşidin (Fazil Salayev) "qurban olum belə hökumətə ki, Kərbəlayinin heyfini Nikolay kopayoğludan aldı" ifadəsi filmdə ən məzəli hissə olmaqla bərabər bu gün də məşhurdur.

Filmdə aparıcı rollardan birini ifa edən və konfliktin ağ tərəfinin təmsilçisi olan Imanın Kərbəlayıya ayrı-ayrı səhnələrdə dediyi “Kərbəlayi, vaxt var idi, sənin qılıncının qəbzəsi də kəsirdi, keçdi o dövran ”və" bu sabatajdı, Kərbəlayi" ifadələri də məşhur sözlərdi.

Amma şübhəsiz ki, filmin əksər məşhur ifadələri Azərbaycan kino tarixinin ən bənzərsiz obrazları - Abbasqulu bəy, Kərbəlayı Ismayıl və Qəmlo tərəfindən səslənir.

Filmdə həmin obrazlar tərəfindən səslənən və bu gün də hafizəmizdən silinməyən sitatlara nəzər yetirək:

İlk olaraq isə Adil İsgəndərovun oynadığı və real həyatda müsbət insan kimi xarakterizə olunan Kərbəlayı İsmayılın dediyi məşhur ifadələrə diqqət edək. Qolçomaq Kərbəlayı İsmayıl Fərman Kərimzadənin “Qarlı aşırım” povestində və hətta filmin özündə də sonda müsbət qəhrəman kimi qeyd olunur. Belə ki, finalda Kərbəlayı İsmayıl dostu Abbasqulu bəyi qətlə yetirdiyi üçün Qəmlonu öldürür. O zaman Sovet hökumətinin başbilənləri bu sonluğa etiraz edir. Guya ki, bir bəy heç cürə qəhrəman kimi çıxış edə bilməz. Rejissor Kamil Rüstəmbəyov məcburiyyət qarşısında ehtiyat üçün çəkdiyi əlavə səhnəni filmə qatır. Həmin səhnədə bildiyimiz kimi Qəmlonu Xudayarın qəbiristanlıqda gizlənən qaçaq qardaşı (Tariyel Qasımov) öldürür.

Kərbəlayının dilindən səslənən məşhur ifadələr:

“Yaxşı, bu kolxozun böyüyü, başbiləni kim olacaq?”(İmana müraciətlə deyilir);

“Mən kolxozsuz da keçinərəm!” (eyni səhnədəki dialoqdan);

“Cinə, şeytana oxşayırsan, Qəmlo” (yaşadığı hücrəyə qəfil gələn Qəmloya rişxəndlə deyilir);

“Hələ səbr elə, görək, o kolxoz-molxoz oyununun axırı necə qurtaracaq” (həmin səhnədə Qəmloya deyilir);

“İndi tərsinə olub kötüyü qabağa veriblər” (Abbasqulu bəyin gəlişinə münasibət bildirərkən deyilir);

“Sonra da gəlib deyəcəklər papağını da, ver namusunu da” (Abbasqulu bəylə görüşdüyü məşhur səhnədə deyilir);

“Mənə dəyən təpik sənə dəysəydi, çoxdan əlinə silah almışdın”;

“Mən o İmanın heç daxmasını da tanımıram, istəyirsən ki, onun asdığı bayrağın altından keçim?”;

“Yox bəy, qaradan artıq boyaq olmaz”(hamısı həmin məşhur səhnədə Abbasqulu bəyə deyilib).

Filmin əsas siması Abbasqulu bəy Şadlinskinin dediyi və zərbi-məsələ çevrilən ifadələrə keçməzdən əvvəl qeyd edək ki, ekran əsəsri çəkilən il ssenarist Fərman Kərimzadə onun haqqında radioda anons verir. Həmin anonsda Abbasqulu bəy Şadlinski haqqında bunları deyir: “Abbasqulu bəy Şadlinski xalqımızın çox böyük qəhrəmanlarındandır. 1920-ci illərin əvvəllərində Naxçıvanda qvardiya dəstələri təşkil edib. Təsəvvür edin ki, o vaxt hələ XI ordu Bakıya gəlməmişdi. Onun yaratdığı tabor inqilab düşmənlərinə qarşı mübarizə aparıb və bu dəstə Ermənistanda Sovet hakimiyyətinin qurulmasında yaxından iştirak edib. Bu xidmətlərə görə Abbasqulu bəy Şadlinski və onun dəstəsindən olan 19 adam ”Qırmızı Əmək bayrağı" ordeninə layiq görülüb. Sənəd çoxdur. Tarixi şəxsiyyətlər də məlumdur. Tarixi şəxsiyyətlər məlum olanda onların haqqında əsər yazmaq, onları ekrana gətirmək həm asandır, həm də çətin. Bu yaxınlarda mən Abbasbəyli kəndindən bir məktub almışam. Məktubun müəllifi Ələkbər kişi sifariş göndərib ki, Abbasqulu bəy haqqında onda qəribə materiallar var. Mən belə adamlarla çox görüşmüşəm, yəqin ki, Ələkbər kişi ilə də görüşəcəyik".

İndi isə keçək ifadələrə:

“Belə çıxır ki, hamı namusunu, arını itirib qeyrətli kişi bircə sizsiz” (Kərbəlayının evindəki kütləvi yemək səhnəsində kəndlilərə deyir);

“Qonağa xoş gəlmisən deyərlər”(Kərbəlayının Qara qayadakı gözətçilərinə deyilir);

“Evin kişisini soruşarlar” (Qəmloya verdiyi sərt cavab);

“Kişilərin heyfini arvaddan çıxmazlar” (yenə Qəmloya tənə ilə deyilir);

“Biz dost qapısına gəlmişik, düşmən bilsəydik, başqa cür gələrdik” (Kərbəlayının evində Vəliyə deyilir);

“Çox namus-namus deyirsən, Kərbəlayi” (İkisinin görüşdüyü məşhur səhnədəki dialoq);

“Hökumətlə, hökumətlik etməyəcəksən ki?! Topxanan yox, cəbhəxanan yox!”.

Nəhayət, sıra gəlir Məlik Dadaşovun şah əsəri olan Qəmlo obrazına. Qəmlo - Qəmbəralı Ismayıloğlu yaşadığı mahalda əsasən mərd və namus-qeyrət müdafiəçisi kimi tanınıb. Filmdə bəzi məqamlarda onun tərəfindən qadın iffətinə hörmət səthi olsa da, hiss olunur (Bəylərin toyunda qadınlar olan otağa girib həmən çölə çıxır, yaxud İmanı öldürmək istərkən arvadının pəncərə qabağında durmasını görüb gülləni yan atması). Filmdə çox qəddar obraz kimi görülməli olanÿ Qəmlonun öhdəsindən Məlik Dadaşov ustalıqla gəlir. Öz roluna o qədər aludə olur ki, Bəylərin (Əbdül Mahmudovun) üzünə vurduğu şillə aktyorun dişini qırır və dodağını partladır.

Qəmlo tərəfindən səslənən məşhur ifadələr:

“indi nöybə sənindür a, Kərbəlayi”;

“hökümət adamı görəndə əllərim gicişir”;

“Abbasqulu bəyin nazıyla çox oynuyuruğ aa, Kərbəlayi”(hər üçündə Kərbəlayiyə müraciətlə deyilir);

“Nə oldu sənin şura hökumətin?! (İmana rişxəndlə deyilir);

“Kərbəlayi oturub Qarabağlarda külli ixtiyari da verib Qəmlonun əlinə”(bu ifadə də yuxarıda adı çəkilən Səməd tərəfindən deyilir).

 

Azadlıq.- 2015.- 21 iyul.- S.14.