Mətbuat azadlığı
Milli öncül
Məhəmməd Əmin Rəsulzadənin 1911-ci ildə “İrani-nov” qəzetində dərc olunmuş bu
məqaləsi mətbuatımızın 140-cı
ildönümündə də aktuallığını
saxlayır. Oxuyun, o böyük kişinin ötən
əsrin o başında yazdıqlarının bugünlə necə
səsləşdiyinə özünüz şahid olun: “...bir
dəstə yazar ortaya çıxır ki, onlar öz şərəf,
fikir və əqidələrini saxta rütbə qazanmaq
üçün nəcis qiymətinə satmağa hazır
olurlar, zülmü və sitəmi müdafiə edirlər,
biçarə milləti avara və sərgərdan qoyurlar. Bu da
bir sıra qələm fahişələrinin cəmiyyət
içinə girməsinə səbəb olur. Keçmişdə,
necə ki, demişik, əxlaqsız qadınlar kimi bəzi
jurnalistlər də namuslarını satır, pak əməllərini
murdarlayır, vicdan və namuslarını,
abırlarını həyasızlıq bazarına
çıxarıb, kələfin ucunu əldən verirlər”.
başlanğıcı
ötən saylarımızda
İtaliyada, yəni qədim Romada da eyni vəziyyət müşahidə olunurdu. Qələm azadlığı Afina və Spartadan qabaq burada yayılmışdı. Bu da qədim tarixi şəhərin xüsusiyyətindən irəli gəlirdi. Bunlara baxmayaraq belə vəziyyət xristianlığın əvvəllərində çox davam etmədi. Siyasi iqtidar və əfkari-ümumi yeni din əleyhinə yazılanlarla ziddiyyətə başladı, onlara qarşı təzyiqi artırdı. Xristianlar da bütpərəstlər kimi yazılanlara təzyiq göstərdilər. Hər ikisinin də təzyiqləri bir-birinin eyni idi. Burada çox vacib bir məsələyə nəzər salaq ki, əgər bütpərəstlik yayılanda romalılar yazı və kitablara son dərəcə şiddətli müqavimət göstərirdilərsə, xristianlıq meydana gələndə bu təzyiqin əleyhinə çıxdılar. Az sonra xristianlıq dini yenidən Roma imperatorlarının təsiri altına düşüb məğlub oldu, pak din kitablara, yazılanlara nəzarət etməyə başladı, nəzarət senzora çevrildi. Orası da məlumdur ki, xristanlıq meydana gəlib yayılmağında yazılı yayım vasitələrinə möhtac idi. Bu qələm azadlığı bəşəriyyəti İsanın dininə dəvət etməkdə böyük rol oynadı. Eləki din pərdə arxasında ruhanilərin pozğun məqsədlərinə xidmət etməyə başladı, qələm tənqidə girişdi. Həmin ruhanilər öz fəsadlarını gizlətmək üçün qələm azadlığının qarşısını almağa çalışdılar. Keşişlər dində özbaşına cürbəcür dəyişikliklər və təhriflər yaratdılar. Dinin gücü ilə müxtəlif bəhanələr tapıb qələm və tənqidi yazılar əleyihinə bayraq qaldırdılar. Elə ki, xristianlıq Avropada genişləndi, bütpərəstlik yavaş-yavaş süqut etdi, ruhanilər rəsmi məqam və nüfuz sahibi oldular. İlahi səltənətin ixtiyarı Papanın əlinə keçdi. O, özünü Allah hesab etdi. Xristianlıq-katolik məzhəbi fövqəladə qüvvəyə sahib oldu, bu isə İsa dininin əqidəsinə zidd idi. Ona görə də sonda hər yerdən kilsə-katolik dini və ruhaniləri əleyhinə etirazlar ucaldı dedilər onlar qoyunsifət gorqazanlardır ki, ruhani libasında öz şəhvətpərəslik məqsədlərini, mütləqiyyət iddialarını dinin gücü ilə həyata keçirirlər, batində onlarla özbaşına Roma imperatorunun fərqi və təvavütü yoxdur. Möhkəm və ciddi tənqidə başladılar. Tarixin səhifələri şahiddir ki, xalq öz etirazında haqlı idi.
O zamanın ruhaniləri Allahpərəstlik məzhəbini əllərində şərafət, soyğunçuluq aləti etmişdilər, xalqın malını talamaqla, mülkünü qəsb etməklə dərəbəylik idarə üsulu və yeni mütləqiyyət yaratmışdılar.
Bu tənqidə, hücumçulara qarşı papa və kilsə zorakılığa, xalqı dəhşətli surətdə qorxutmağa başladılar, papa hökmranlığının əsaslarını möhkəmləndirməyə, əqidə və qələm azadlığını ləğv etməyə çalışdılar. Onlar üzərində iki nəzarət: “divan və təftiş” sistemi qoydular.
XII əsrin axırlarında (1183) ruhanilər Vuron şəhərində toplaşıb “Divani-təftiş” yaratmaq haqqında qərara gəldilər.
XV əsrdə (1471) əsas senzura qoyuldu. “Divani-təftiş”
şər və məzhəbi mühakimə rolu
oynayırdı. Məhkəmə
ixtiyarı ruhanilərin əlində idi. Onların
işi katolik əqidəsinə müxalif və azad fikirli
adamları tapıb işgəncə vermək idi.
Bu cür qanunsuz əməllər üçün hər
cür alçaqlığa əl atır, istədikləri
adamları döydürmək, öldürmək, hətta tikə-tikə
doğratmaqdan da çəkinmirdilər. “Divani-təftiş”in
əli ilə tələf olan insanların sayı-hesabı
yox idi. Onların hesabını heç kəs
söyləyə bilməz.
“Divani-təftiş” İspaniyada əvvəlcə dini təəssübə
xidmət edirdi. Sonralar səltənət
istibdadının mənafeyini qorumağa başladı.
Senzura və yoxlama nəşrlərinin elmi və ədəbi
cəhətdən inkişafına çox ziyan vurdu. Senzura katolik
dini əleyhinə çevrilmiş nəzəri fikirlərin
və elmin tərəqqisinin qabağına da alırdı.
Senzura xüsusi heyətlərdə təşkil
olunmuşdu, bunların işi məhkəmə aparmaq,
yazıları məhkum etmək, papa və kilsəni tənqid
edən kitabları aradan götürmək idi. Kilsə və dövlət
qulluqçularının
özbaşınalığını tənqid edən əsərlər
yandırılırdı. Senzura məmurlarının
xoşuna gəlməyən kitablar da oda atılırdı.
Diqqətəlayiq
məsələ budur ki, senzura yaranandan düz 30 il sonra papa IV Sikes tərəfindən çap
maşını ixtira edildi. XV əsrin
axırlarında o, papa II Aleksandr tərəfindən təkmilləşdirildi.
Birinci dəfə “Qadağan olunmuş
kitabların siyahısı” kitabını çap etdilər.
Kilsənin yaratdığı divan və senzura hər
ikisi mütləqiyyət hakimiyyətinə xidmətə
keçdi, keşişlərdən sonra yeni yaranmış
hakimiyyətin tapşırıqlarını yerinə yetirməyə
başladı, həyat və ümumi məişətin
ixtiyarını öz əlinə aldı, xalqın elmi, milli
intibah meylləri və hərəkatını müdafiə
etmək məcburiyyətində qaldığını dərk
etdi. Əlbəttə, şahlıq rejimi mütəfəkkirlərin
tənqidinə dözə bilmirdi. Onların
iradə və fikirləri ilə razılaşmaq istəmirdi.
Buna görə də ruhanilərin tədbirlərindən
istifadə etməyə, onlardan kömək istəməyə
məcbur olurdular.
İngiltərə krallığı tarixən
başqalarından daha tez senzura tətbiq etmişdi. Ondan sonra
Fransa, Almaniya, İspaniya və b. tətbiq etdi. Nəhayət, hardakı şahlıq-monarxiya
möhkəmləndi, senzura orada özünə yer elədi.
Onlar bir-birindən aralanmadılar. Milli inqilablar dövrü qurtarandan sonra 1648-ci ildə
senzura aradan yığışdırıldı. Sonra mətbuat, söz və düşüncə
azadlığı elan edildi. Amazoniyada - Amerikada
1776-cı ildə öz müstəqilliklərini əldə
edəndən sonra mətbuat və düşüncə
azadlığı burada, ondan sonra 1789-cu ildə Fransada elan
edildi. Lakin həqiqi mətbuat
azadlığı XIX əsrdə milli inqilablar dövründə
oldu və təkmilləşdi. Bu əsr
nurlu əsrdir. Mətbuat azadlığını boğan əngəllər, şeylər ortadan
götürüldü. Mətbuat əsl
hüququnu əldə etdi. Mətbuat
azadlığı yavaş-yavaş qabaqcıl ölkələrdən,
Avropadan digər ölkələrə yayılmağa
başladı. Əvvəlcə, təqribən
1866-cı ildə Yaponiyada, sonra 1906-cı ildə İranda,
daha sonra 1907-ci ildə Türkiyədə başqa yerlərdə
mətbuat azadlığı elan olundu. Müxtəsər
tarixi mütaliə mətbuat senzurasının bünövrəsinin
necə zülm, sitəm üzərində qurulduğunu kifayət
qədər olmasa da, hər halda göstərir. Əlbəttə, katolik kilsələrinin bu
senzuranı necə zülm və istibdad rejimi əsasında
qurduqlarını qədim tarix bilmir. Əslində
milli inqilablar səltənəti-mütləq (şahlıq)
rejimlərinin əsasını dağıtdı. Aydındir ki, milli əsarət də elmi, ədəbi
əsarətin tayıdır. Millətin
azadlığı, düşüncənin
azadlığıdır. Başqa mənada
zülmü güclə aradan götürmək
azadlığa bərabərdir. Azadlıqda
inkişaf ilahi bəxşişdir.
VI
Mətbuat azadlığına təzyiq göstərməyin
nəticəsi çox üzücüdür. Bu təzyiq vəhşilik
və məntiqsizlikdən başqa bir şey deyildir. Mətbuat əsirliyini o şəxslər müdafiə
edə bilərlər ki, onların həyat hadisələrindən
və bu hadisələrin necəliyindən xəbərləri
olmasın, yaxud xəbərləri olsa da, şəxsi mənfəətləri
naminə ədalət və hüququ tapdalasınlar.
Mətbuat azadlığı insan
azadlığının əsas sütunudur, çünki o, əqlin,
təfəkkürün əsas qüvəsidir. Onun
varlığı ağıla və səbrə əsaslanan
qüvvədir. Mətbuata təzyiq
göstərmək və ya onu aradan çıxarmaqla
ağlın qüvvəsini aradan çıxarmağın fərqi
yoxdur. Buradan belə nəticə
çıxır ki, mətbuat azadlığına əl
qaldırmaq insan azadlığına təcavüz etməkdir.
Adamların ağlı və fikri azad olsa
onların fərdi inkişafı da sürətlənər.
Azadlığın qarşısını almaq
insanın ağıl və təfəkkürünü əlindən
alıb onu bir maşına, ya cansız alətə
çevirmək deməkdir. Məşhur ingilis
yazıçısı Milton neçə əsr bundan qabaq
demişdi: “Bir yaxşı kitabın aradan
çıxarılması, bir yaxşı adamın edam
olunmasına bərabərdir. Amma bir mətbuat orqanının
qabağını almaq, ya onu aradan çıxarmaq nalayiq bir vəziyyətin
yaranmasına səbəb ola bilər ki, bu
da yer üzündə həyatın yox olmasından əlavə,
mənəvi nəticələr verər və
ağılın qüvvəsini də yox edər”.
Beləliklə, mətbuatda senzura və ona təzyiq
göstərmək ancaq adamları hissiyyatsız edər və
onların məhvinə səbəb olar.
Şəxslər ki, hissiz olub kütləşdilər, əqli
qüvvə və zəka da işdən düşər. Ümuma xidmət
edən mətbuat və nəşriyyatı bir dəstə
yandırsa, onu aradan çıxarsa, elm və ədəbiyyat
necə inkişaf edər? Şəxsi mənafeyə
xidmət etməyən bir ədəbiyyatın
qarşısı alınıb təbii yolundan
çıxarılsa o, həqiqəti göstərməyə
necə nail ola bilər? Onlar
həqiqəti deyə bilməzlər. Bəzən də
senzura məmurları ilə üz-üzə gəlməmək
xatirinə ola bilsin ki, yazıçılar
elmi həqiqətləri deməkdən əl çəksinlər.
Çünki əkinçiyə toxum səpmək
üçün münasib münbit və təmiz yer
lazımdır. Maarifin də
inkişafına və genişlənməsinə azad mühit
və qələm azadlığı lazımdır. Onun qabağı alınanda qələm öz adi hərəkətini
qoruyub davam etdirə bilməz. Peşmançılıq
işin irəliləməsinə mane olar. Bu zaman yazıçı və alimlər öz məlumat
dairələrini və nəşriyyatlarını genişləndirməyə
çalışmaq əvəzinə, özlərini müəyyən
edilmiş hüquqdan çıxmamağa məcbur edərlər,
qələmlərini təyin olunmuş qaydadan kənara
çıxmağa qoymazlar. Buna görə
də onlar xalqın təlim-tərbiyəsi ilə
bağlı heç nə edə bilməzlər. Maarifin və inkişafın qabağını kəsmək,
mətbuat azadlığını əldən almaq senzura
işçilərinin əsas məqsədidir. Onların fəlsəfəsinə görə əsl
həqiqət nə qədər gizli qalsa, insanlar nə qədər
savadsız olsa, dövlət o qədər də rahat hökm
sürər, dövlət başçılarının istəkləri
xoşluqla həyata keçər.
Senzura olan ölkələrdə maarifin tərəqqisinin
qarşısını almaq üçün ayrı maneələr
də vardır. Bu qaydanın siyasi nəticəsi çox
əhəmiyyətlidir. Heç kəs
inkar edə bilməz ki, mətbuat azadlığının
olmaması zülmün, sitəmin, təcavüzün və
qarətin yayılmasına səbəb olar. Keçən məqalədə senzuranın ədaləti
məhv etdiyini şərh etdik. Göstərdik
ki, istibdadçı mütləqiyyət senzuradan öz siyasi
məqsədlərinə çatmaq üçün necə
istifadə edirdi. Məlumdur ki, milli amalların
qarşısını almaqda, eyblərin üstünü
örtməkdə, dövlətin qəbahətli və
çürümüş siyasətini müdafiə etməkdə
senzura nə qədər iş gördü.
Azadlıqla siyasi əsarətin fərqi belə bir şəraitdə
özünü göstərir. Gizlilik və
açıqlığın fərqi də budur. Zülm, istibdad və mütləqiyyətin
davamı həqiqətləri gizlətməklə
bağlıdır. Mütləqiyyət
üsulunun davamı, sirlərin gizli qalması, həqiqətin
ört-basdır edilməsi bilavasitə senzuranın işidir.
Senzura şübhələr yaranmasının,
mühüm məsələlərin gizlədilməsinin,
siyasi zülmün icra olunmasının əsas amilidir. Mümkün olan bütün əyriliklər,
oğurluqlar, fırıldaqlar, zülmlər həmin pərdənin
arxasında öz işini görür.
Mətbuatın əsarəti zəhmətkeşlərin
və zülm altında əzilənlərin səsinin
boğulması, onların dərdlərinin xalqa
çatmasına mane olmaqdır, bu da əksəriyyətin istədiklərinin
qarşısını almaqdır.
Siyasi baxışdan əlavə, bir əxlaqi heysiyyət
də vardır. Mətbuatın əsarəti əxlaq
pozğunluğu törədir, əxlaq gözəlliyyi və
yaxşı xüsusiyyətləri aradan çıxarır,
yalan danışmağı, oğurluğu, əyrilik və
casusluğu yayır, ədəbi və qələm
pozğunluğu meydana çıxarır. Bunun nəticəsində bir dəstə yazar ortaya
çıxır ki, onlar öz şərəf, fikir və əqidələrini
saxta rütbə qazanmaq üçün nəcis qiymətinə
satmağa hazır olurlar, zülmü və sitəmi
müdafiə edirlər, biçarə milləti avara və sərgərdan
qoyurlar. Bu da bir sıra qələm
fahişələrinin cəmiyyət içinə girməsinə
səbəb olur. Keçmişdə, necə
ki, demişik, əxlaqsız qadınlar kimi bəzi jurnalistlər
də namuslarını satır, pak əməllərini
murdarlayır, vicdan və namuslarını,
abırlarını həyasızlıq bazarına
çıxarıb, kələfin ucunu əldən verirlər.
Məhəmməd Əmin Rəsulzadə
Azadlıq.- 2015.- 22 iyul.- S.13.