“Yol əhvalatı”nda
maraqlı əhvalatlar
Xalq artisti və rejissor film barədə
bilmədiyimiz faktları açıqladı
Modern.az saytının
“Kadrarxası” layihəsində növbəti yazı “Yol əhvalatı”
filmindən bəhs edir. Filmin
maraqlı məqamlarından xalq artisti Hacı İsmayılov
və rejissor, aktyor Yusif Əlizadə danışır.
“Yol əhvalatı” filmi 1980-ci ildə çəkilib.
Ekran əsərinin quruluşçu rejissoru Teymur Bəkirzadə,
quruluşçu operatorları Şərif Şərifov,
Ələsgər Ələkbərov, quruluşçu rəssamı
Fikrət Əhədov, bəstəkarı Polad
Bülbüloğlu, rejissoru Rafiq Dadaşov, bədii rəhbəri
Eldar Şengelayadır. Filmin direktoru Rimma
Abdullayevadır.
Rollarda
Siyavuş Aslan, Hacı İsmayılov, Yaşar Nuri, Həmidə
Ömərova, Kamil Məhərrəmov, Sofa Bəsirzadə,
Ceyhun Mirzəyev, Yusif Əlizadə, Vaxtanq Pançulidze, Eldəniz
Zeynalov, Məmmədağa Dadaşov, Muxtar Manıyev və
başqaları çəkilib.
Filmdəki təyyarəni
Xaçmazdan
Bakıya gətirmək
üçün söküblər...
Yusif
Əlizadə: “Mən bu filmdə çəkilməklə
yanaşı, həm də rejissor assistenti idim. Fərid
roluna dəvət etdiyim Elxan Əhədzadə səhər
tezdən bizdən xəbərsiz qastrol səfərinə
uçmuşdu. Ona görə də ikinci rejissor Rafiq
Dadaşov Teymur Bəkirzadəyə dedi ki, ”qoy
bu rola elə Yusif özü çəkilsin". Rejissor da
gülə-gülə dedi ki, dəvət etdiyi aktyor, dostu gəlmədiyinə
görə sən Yusifi cərimələyirsən.
Razılaşdıq, beləcə mən bu rola çəkildim. Heç bir
çətinliyim olmadı, çünki ssenarini əzbər
bilirdim.
Çəkilişlər əsasən Xaçmazda,
Bakıda, Binə hava limanın yükün qəbul olunma
yerində, Bakı küçələrində, “Gənclik”
metrostansiyasının üstündəki küçədə
aparılıb. Paşanın Mustafanın qoyunla dolu
maşınını qaçırdığı yer məhz
metronun üstü idi. Hansı ki, Mustafa
maşının üstü ilə qaçaraq kabinaya daxil olur. Həmin səhnədə biz təklif etdik ki, təhlükəli
olar deyə, Vaxtanq özü oynamasın. Lakin
o dublyor istəmədi və özü çəkildi. Gənc idi, əslində bunu istənilən gənc
edə bilərdi. Dublyorsuz oynamaqla Vaxtanq
bizə bir növ xarakterini nümayiş etdirdi.
Qoyunların təyyarəyə yüklənməsi
Xaçmaz aeroportunda lentə alındı. Təyyarənin
enməsi isə Əhmədli qəsəbəsində Neapol
dairəsində ekranlaşdırılıb. Işin sənətkarları təyyarəni
Xaçmazda sökdülər demontac vəziyyətdə onu
Bakıya gətirdilər, yenidən quraşdırdılar.
Beləcə çəkilişi həyata
keçirdik".
“Siyavuş necə qapaz vurdusa
qatıq Yaşarın üzünə dağıldı”
Hacı İsmayılov:
“Əsas çəkiliş yerimiz yəhudilərin qəbristanlığında
aparılırdı. Təyyarə Ukrayna dairəsində
lentə alınıb. Təyyarə
doğrudan da şosseyə düşdü. Bilirsiz o vaxt bu qədər avtomobil yox idi deyə
çəkiliş etmək də çətin deyildi. Bakı küçələrində film
ekranlaşdırmaq çox asan idi. Heç
çox vaxt icazə də alınmırdı, birbaşa
çəkiliş edilirdi. Amma indi
onları təkrar etmək belə, mümkün deyil, həm
də uzun və sıxıcı bir prosesdir.
Filmdə təyyarəni çəkmək
üçün Zabrat aeroportunun rəhbərliyilə
danışdılar, onlar da böyük məmnuniyyətlə
təyyarələrdən birini çəkiliş
üçün bizə verdilər. Heç bir məhdudiyyət
yox idi, bildirmişdilər ki, nə vaxt lazım olsa, təyyarədən
istifadə edə bilərik".
Xalq
artisti çəkiliş prosesddində baş vermiş
maraqlı məqamlardan birini xatirəsinin dili ilə belə
canlandırır:
“Maraqlı səhnələrdən biri sürücü
Musatafanın malları gətirməyib bizi
aldatdığı və maşınla qonşunun evinə
girdiyi yerdir. Ev dağılandan sonra şikayətçi
qonşunun (Eldəniz Zeynalov) evini təmir etdiyimiz səhnə
çəkilirdi. Onu da deyim ki, həmin yer
kinostudiyanın həyətində olan tikili idi. O kadrda
hasarın bir tərəfini biz ”hörürdük".
Həmin səhnədə guya tənəffüs
vaxtı idi. “Pririv, pririv” ki, deyirlər.
Deməli nahar etdiyimiz yerdə Siyavuş
şikayət edir ki, əşşi mən heç belə
bir işə düşməmişdim, bu nəydi
başımıza gəldi..., hərəmiz də bir replika
atırıq. Yaşar (Makintoş) da qəzetdən
bir papaq düzəldib qoymuşdu başına, özü də
qatıq içirdi. “Çesni, ne
çesni” deyib Qurban bir qapaz vurdu başına, qatıq
dağıldı Yaşarın üzünə,
bığına. Əslində ssenaridə
olan bir şey deyildi. Həmin an
hamımız fikirləşdik ki, rejissor əsəbiləşib
“stop, dayanın, bu qədər də əlavə olmaz” deyəcək.
Amma gördük ki, kameranın səsi gəlir,
özümüzü itirmədik. Başa
düşdük ki, davam etmək lazımdır. Yaşar da işinin ası olan bir aktyor oluğundan o
da özünü itirmədi, heç nə olmamış
kimi çörəyi götürüb dodaqlarını silib
ağzına atdı".
“Erməni operator çəkiliş
üçün
”brak" plyonka gətirmişdi"
Yusif
Əlizadə: “Qəbristanlıq çəkilişləri
2-ci Fəxri Xiyaban tərəfdəki qəbiristanlıqda
baş tutdu. O çəkilişlərdə 40 dərəcə
isti vardı. Çox çətin idi. Indi hamının baxıb güldüyü film əslində
böyük zəhmət hesabına başa gəlib. Qəbiristanlıq işçilərinin
emalatxanası vardı. O cür istidə biz işlədik,
sən demə bizim 2-ci operator əslən erməni olan Robert
Silanyan bizə ”brak" plyonka gətiribmiş.
Ona bildiriblər ki, budəfəki plyonkalar
“brak”dır. Operator isə deyib ki, eybi yox,
biz düzəldərik. Onun səhlənkarlığı
ucbatından film demək olar ki, iki dəfəyə çəkildi.
Həmin vaxt laboratoriyanın aşkarlama sexi təmirə
dayandığı üçün aşkarlanmanı Tiflisdə
edirdik. Yol uzaq olduğundan hər dəfə gedə
bilmirdik. Müəyyən müddət
plyonkaları yığıb sonra aşkarlanmağa göndərirdik.
Növbəti dəfə assistenti plyonkanın
aşkarlanması üçün göndərəndə
ordan bizə zəng vurdu ki, saxlayın çəkilişi
plyonka “brak” gedir. Sonradan məcbur olub yeni
lentlər gətizdirdik, obyektlərin çoxunu təzədən
çəkdik. Elədiklərinə
görə isə erməni operatoru cəzalandırmadılar,
şifahi şəkildə irad tutdular, bununla da bitdi".
Yusif
Əlizadə: “Filmin maraqlı alınmasında Yaşar Nuri,
Siyavuş Aslan və Hacı İsmayılov
üçlüyünün böyük əməyi oldu. Paşa rolunun ifaçısı Kamil Məhərrəmov
da həmçinin. O, rolunun öhdəsindən çox
böyük məharətlə gəlib. Teymur Bəkirzadənin
yarım kəlməsi, bircə mimikası onlara bəs edirdi.
O saat rejissorun nə demək istədiyini tuturdular. Rəhmətlik Teymur Bəkirzadə talantlı insan
idi, onu başa düşmək çətin deyildi.
Zümrüdün çalışdığı
xalçaçılıq fabrikini Hacıqabulda çəkdik. Həmin
çəkilişi cəmi bir günə həyata
keçirdik. Məkan sahibləri
hamısı bizə böyük qonaqpəvərlik göstərirdilər.
Ona görə idi ki, bircə günə çəkib
geri qayıtdıq.
Xaçmazdakı çəkilişlər
üçün isə 3 gün orada qaldıq. Bizi çox
yaxşı da qarşıladılar. Hər
şey çox gözəl idi. Təsəvvür edin
ki, 1980-ci il həm də olimpiada ili idi. Sovet ölkələri hələ
dağılmamışdı. Həmin
dövrlərdə kinoya, sənətə çox
böyük maraq vardı".
“Kamilin şalvarının
altından rezin
bağlamışdıq ki, tikanlar ona batmasın”
Hacı
Ismayılov: “Qurbanın ”sizdən adam
olmayacaq" dediyi, çoxlu toyuqların olduğu səhnə
kinostudiyanın həyətindəki balaca koma kimi tikilidə
ekranlaşdırılıb. Çox balaca,
çəkiliş üçün əlverişsiz bir yer
idi. Toyuqlar da ssenaridə var idi, amma bu dərəcədə
deyildi. Çünki, ani olaraq improvizələr
baş verirdi. Məsələn, Siyavuş
“camaat şir, pələng saxlayır, bunun
saxladığına bax” deyib toyuğu kənara atır.
Bu ani yaranan improvizələrdən idi. Toyuqlar ssenaridə var idi. Amma
improvizələr sayəsində toyuq yavaş-yavaş
böyüyüb əməlli-başlı bir rol olmuşdu.
Xalçaçılıq fabrikinin fasad hissəsi indiki
Heydər Əliyev sarayının yanındakı bina idi, Milli
Konservatoriya ilə üzbəüz.
Paşanın tikanların üstünə
yıxılaraq “mən proizvodstvenni travma almışam” deməsi
ssenaridə olsa da, yıxılma təsadüfən
alındı.
Çəkildiyimiz yer o qədər narahat idi
ki, biz də çox, üstəlik kamera, işıqlar da
quraşdırılmışdı. Tərpənməyə
yer belə yox idi, onu deyim ki, həmin səhnə çox təbii
alındı. Paşa (Kamil) birdən birə
sürüşüb məftilin üstünə
düşdü. Əvvəldən
planlaşdırılmış səhnə olduğundan
Kamilin şalvarının altından rezin
bağlamışdıq ki, tikanlar ona btmasın. Ancaq gözlədiyimizdən də bərk
yıxıldığından, məftildən biri hətta
şalvarından içəri keçib ətinə
batmışdı".
“Vaxtanqın obrazı filmə
yamaqdır”
Hacı İsmayılov:
“Filmdə istifadə edilən rus sözləri, xüsusilə
də Siyavuşun istifadə etdiklərinin əksəriyyəti
onun öz artırmaları idi. O improvizə edirdi, rejissor da
onunla razılaşıb filmdə saxlayırdı”.
Ekran əsərindəki səhnələrdən birində Mürşüd (Hacı İsmayılov) ölü yiyələrinin qapıya gəlib vəziyyəti öyrənmək istəməsilə qan-tər içinə batır. Çünki gətirələcək qoyunların çoxu ehsanlıq idi. Aktyor deyir ki, həmin səhnədə qoyunlar gəlib çıxmır deyə, məcbur olub onu qabağa verirlər: “Həmin səhnədə məni qabağa verirlər. Onu da deyim ki, qəbristanlıqdakı həmin yer guya, mənim otağımdır, orda yatıb-duruam. Mənə tapşırırırlar ki, get denən Qurban yoxdur, iclasdadır. Mən, həmçinin də digər aktyorlar rola o qədər hakim olurduq ki, orda həqiqətən də o qorxunu yaşayıb tər tökürdüm”.
Xalq artisti nədənsə Mustafanı oynayan Vaxtanqın aktyorluq qabiliyyətini bəyənmir: “Düşünürəm ki, filmdə yamaq kimi görünən, adama yapışmayan bir rol varsa, o da Mustafa obrazıdır. Səbəbi isə onu canlandıran gürcü aktyorudur. Onlarla bizim xarakterimizdə, milli xüsusiyyətlərimizdə fərqlər var idi. Baxmayaraq ki, hamımız qafqazlıyıq, fərq çox idi. Film Teymur Bəkirzadəyə veriləndə Eldar Şengelaya ona bədii rəhbər təyin olunmuşdu. Gürcü aktyorun burda çəkilməsi həm onun, həm də rejissorun istəklərinin üst-üstə düşməsilə baş vermişdi. Ən uğursuz rol mənim aləmimdə Musatafanı oynayan aktyor idi. Çəkiliş prosesində hər hansı narazılıq olmurdu. Həm də onunla bizim birgə çəkilişlərimiz demək olar ki, yox idi. Onun səhnələri əsasən Həmidə Ömərova ilə idi”.
“Bakıda aktyor yox
idimi,
Gürcüstandan
aktyor dəvət edirsiz?”
Yusif Əlizadə: “Mustafa rolunun ifaçısı Gürcüstündan dəvət olunmuşdu. Teymur Bəkirzadənin istəyilə ”Ilk baxışdan məhəbbət" filmində baş rolu oynayan Vaxtanq Pançiludzeni şəxsən Gürcüstana gedərək yuxudan oyadıb filmə dəvət etmişəm. Vaxtanqın aktyorluq qabiliyyətinə gəlincə, düşünürəm ki, onun boy-buxununu çıxmaq şərtilə hər şey qaydasında idi. Çünki, boyu Həmidədən çox qısa idi. Çəkiliş zamanı bəzi yerlərdə onun ayağının altına daş qoyurduq ki, boy fərqi bilinməsin. Məzə burasında idi ki, onun ayağının altına daş qoyanda Həmidəni gülmək tutmuşdu. Heç cür özünü saxlaya bilmirdi. Yadımdadır Teymur müəllim dedi ki, kameraları söndürün, qoy Həmidə gülüb qurtarsın, sonra davam edərik. Həmidə də güldüyünə görə hər dəfə üzr istəyirdi.
Fikrimcə, çox gözəl də oynayıb və rolunun öhdəsindən məharətlə gəlib.
Çəklişdə narazı qaldığımız məqam erməninin “brak” plyonka gətirməsi olmuşdu. Plyonka məsələsi hər şeyi burnumuzdan gətirdi".
“Vaxtanqın
Bakıdan getməməsi
üçün ona qız düzəldirdik”
Yusif Əlizadə: “Vaxtanqın burdan getməməsi və filmdə qalıb axıra qədər çəkilməsi üçün bir nəfər vardı - adını çəkməyəcəm- onu müxtəlif qızlarla tanış edirdi. Bir də görürdün aktyor mızıldanır, çəkilmək istəmir, harasa getməyə hazırlaşırdı. Ona görə də bu priyomdan istifadə edirdik.
Günlərin bir günü Mustafanın maşınının xarab olduğu və onu təmir etməyə çalışdığı səhnənin çəkilişinə hazırlaşırdıq. Hansı ki, həmin səhnədə Paşa ilə sözləri çəp gəlir. Bir də gördük iki qız çəkiliş meydanına gəldi. Vaxtanq cib dəsmalını çıxarıb üzünə tutdu. Dedi ki, dişi ağrıyır, getməlidir, bu gün çəkilə bilməyəcək.
Təsəvvür edin ki, o çəkiliş üçün günorta 2-dən sonranı gözləyirdik. Çünki, çəkiliş aparılacaq yerə günortadan sonra gün düşürdü. Vaxtanaq “dişim ağrıyır, gedirəm” deyəndə dəli oldum , dedim nə danışırsan, hara gedirsən? Qətiyyətlə bildirdim ki, yalan deyirsən, qızlar gəlib ona görə gedirsən. Qrupun işçisi olmağıma baxmayaraq, üstümə düşdü ki, sən kimsən, mənim dişim ağrıyır, mənə inanmırsan, mən çəkilə bilmərəm, gedirəm, vəssalam. Onu vurmamaq üçün özümü güclə saxladım, fikirləşdim ki, əzilib eliyər, işə düşərik. Aramızada inciklik oldu. Sonra filmin direktoru da işə qarışdı. Beləcə Vaxtanqın “diş ağrısı” keçdi və gedəsi olmadı".
Sən demə göydə uçur sandığımız təyyarə yerdə dayanıbmış
Yusif Əlizadə: “Təyyarənin içindəki çəkiliş zamanı təyyarə göydə uçmurdu. Havada çəkiliş etmək çətin olardı deyə, elə yerdə çəkdik. Xaçmazda qoyunları təyyarəyə saldıq və səhnəni lentə aldıq. Təyyarənin enməsini isə Əhmədli qəsəbəsindəki Ukrayna dairəsində çəkdik.
Düşünürəm ki, film çox uğurlu alınıb. Elə buna görə də hər həftə telekanallarda təkarar-təkrar göstərilir".
“Filmin uğur
qazanacağına inanmırdıq”
Hacı İsmayılov: “Film hardasa 3 ay müddətinə çəkildi. Çəkilişlər yayda başladı, dəhşət istilər vardı.
Əslində bizdə filmin taleyilə bağlı şübhələr, ümidsizlik var idi. Biz filmə çəkiləndə inanmırdıq ki, uğurlu film olacaq, tamaşaçı dönə-dönə bu filmi izləyəcək. Film ekranlara çıxanda yaxşı deyən də oldu, tənqid edən də.
Amma görünür ki, bu filmin, həm də “Bəyin oğurlanması”nın zamana ehtiyacı varmış. Müəyyən bir dövrdən sonra film çox böyük maraq doğurmağa başladı. Tamaşaçılar böyük maraqla izlməyə başladılar. Təbii olaraq bu, bizi həmin filmdə əməyi olan insalar kimi çox sevindirdi. “Bəyin oğurlanması” və “Yol əhvalatı” müəyyən dövr keçdikdən sonra sanki tamaşaçı rəğbəti qazanmaq adına “Azərbaycanfilm”in ən uğurlu işlərindən oldu. Hesab edirəm ki, filmdəki replikalar, kəlamlar tamaşaçıya doğma gəldiyindən bu sevgi yarandı. Elə bir dövr idi ki, insanlara komik, sakit hadisələrin fonunda gülmək lazım gəldi.
Hesab edirəm ki, hər halda uğurlu alınıb ki, “Yol əhvalatı” 20 ildən çoxdur televiziya ekranlarından düşmür".
Azadlıq.- 2015.- 2 mart.- S.14.