Bir yol yüksələn bayraq örnəyi
Məhəmməd
Əmin Rəsulzadənin bir çox əsərləri,
başlıcası da, “Azərbaycan Cümhuriyəti”
Diplomatiya Akademiyası başda olmaqla örnək dərslik
kimi keçilməli, öyrənilməli, mənimsənilməlidir.
Məhəmmədəmin bəyin əsərlərinin bir
çoxu gerçək traktat yerindədir. Di gəl,
bugünkü korrupsiya-alver rejimində onu, onun bugün
üçün də aktuallığını itirməyən
yüksək yaradığcılığını dəyərləndirəcək
kimsə yoxdur.
III
Başqa əsərləri bir yana, “Azərbaycan Cümhuriyəti” çağdaş Azərbaycan dövlətçiliyinin özülündə dayanacaq, ona politik, ideoloci, diplomatik baxımdan yön verəcək, yol göstərəcək olduqca önəmli araçlardandır. “Azərbaycan Cümhuriyəti” (Yadigar Türkel arxivlərdə axtarışlar aparmaqla Məhəmmədəmin bəyin bitikdə yaddaş yanlışından yol verdiyi gərəkən düşəlişləri etməklə çox önəmli iş görüb) bütöv bir politika, ideologiya, diplomatiya, tarix toplusudur. Bir daha demək gərəkir: çağdaş Azərbaycan dövlətinə, dövlətçiliyinə yön verəcək, yol göstərəcək dəyərli bir toplu-traktat!
ADR tarixini, eləcə də o çağlar bölgədə, dünyada nə baş verdiyini yetərincə bilməyən, bilmək istəyindən uzaq indiki rejim başçıları, eləcə də bir sıra başqaları ADR ağalığını nələrdəsə qınamağı özləri üçün böyüklük, üstünlük araçına çeviriblər. Azərbaycanı sevməyən, sevmədiklərindən də Azərbaycana yağı güclərlə sarmaşıq Ölkənin milyardlarını oğurlayanlar, keçmişi ala-yarımçıq öyrənməklə ADR başçılarını suçlama yolu tutanlar bu ölkə üçün Məhəmmədəminin, Məhəmmədəmin yoldaşlarının 8 ayda etdiklərinin mində birini etsəydilər... Azərbaycan indiki çoxsaylı sorunlarla üzləşməz, bugünkü çıxılmaza çəkilməz, yolsuzluğa yuvarlanmazdı!
“8 ay”
dedim - bu bir faktdır. ADR-in ölkədə gerçək,
belə desək, bağımsız ağalığı
1919-cu il avqustun ortalarından
başlamışdı. Oçağadək ölkədə
qabaqca erməni-rus yaraqlı gücləri ağalıq etmişdilər,
onların ardınca da Antanta mandatlı ingilis
komandanlığı! Bu baxımdan ADR
ağalığını 23 ay saymaq yanlışdır.
ADR-in 1918-ci il mayın 28-dən 1919-cu il
avqustun ortalarınadək olan ağalığı, bir
sıra gərəkən işlər görülsə də,
obyektiv nədənlər üzündən daha çox nominal
xarakter daşımışdır. Bölgədəki,
dünyadakı bir çox sorunlar üzündən
böyük darlıq içində 8 ayda görülən
işlərlə indiki rejimin 20 ildə gördüyü
işlər ölkənin, ulusun qazancı baxımından
tutuşdurmaya belə gəlmir!
Oçağkı
gerçəkliyi göstərmək üçün bir
neçə fakt gətirmək yetər: Milli Şura mayın
28-də Tiflisdə Azərbaycan Respublikası
yaradıldığını bildirmişdi. Milli
Şura Tiflisdən Bakıya köçməli idi, ancaq
köçə bilmirdi - Bakı çoxsaylı rus-erməni
qoşun biləşmələrinin əlində idi. Ermənilər ölkənin dörd bir yanında
qanlı qırğın törədir,
qarışıqlıq yaradırdılar. I Dünya
Savaşında üstünlük qazanmış Antanta
dövlətləri bir yana, savaşı
uduzmuş Almaniya da Azərbaycanı bölüb-parçalama
planlarına baş vurmuşdu. 1918-ci ildə
qollanmış Brest-Litovsk andlaşmasına görə,
Bakı bölgəsi Kür çayınadək bolşevik
Rusiyasına verilir, ruslarsa Almaniyanı Bakı neftinə ortaq
edirdilər. Bununla da, Türkiyə ilə bir blokda
olmasına baxmayaraq, Almaniya, Əhməd bəy Ağaoğlu
demiş: “bizi bir tənəkə neftə
satmışdı”. Imperialist güclər hər
baxımdan Qafqazın başlıca ölkəsi olaraq
tanınan Azərbaycanla istədikləri kimi davranmaq yolu
tutmuşdular. Məhəmmədəmin bəy
başda olmaqla Azərbaycan elçiliyi Türkiyəyə
gedib uzun-uzadı çalışmalardan sonra Türkiyənin
Azərbaycana ordu yardımını əldə edə
bilmişdi. Nuru paşa
komandanlığında Türkiyə ordusu çox keçmədən
Azərbaycanda erməni-rus ağalığına son
qoymuş, bundan sonra Milli Şura Bakıya köçə
bilmişdi. Rəsulzadə bununla bağlı yazır:
“Qardaş qurtuluşuna can atan igid Məhmədciyin Türk
birliyi tarixində altun hərflərlə yazılacaq igidliyilə
qanlı bir savaş, dönməz bir qarşıdurmadan sonra
Azərbaycan ulusal gücləri öz başkəndinə
girir. Altı ay başdan-başa qan-ciyər yeyən
(erməni saldırıları üzündən. - X.B.) müsəlmanların
üzü gülür. Bakı Qurban bayramı
kimi gözəl bir gündə yenidən öz yiyələrinin
əlinə keçir” (Indi bizdə bir sıra yaramaz kimsələr
o çağlar “türklərin Azərbaycanı neftə
görə işğal etdiyini” yazırlar).
Antantanın Türkiyəni yenməsi üzündən,
Mudros barış bağlaşmasına uyğun olaraq,
Türkiyə ordusu tezliklə Azərbaycandan getməli
olmuş, onun yerini ingilis komandanlığı tutmuşdu. Yenə Məhəmmədəmin
bəyə üz tutaq: “Unudulmayacaq ağır bir gün,
noyabrın 17-si (1918-ci il). Ingilis göstəricisilə
çar Rusiyasının bayrağı olan donanma Bakı
limanına yanaşırdı. Bir az
qabaq Bakıdan qaçaraq Ənzəlidə yerləşən
bu gücün Bakıda oturmaqda olan Azərbaycan
ağalığına yanaşması nə olacaqdı? - Bəlli
deyil!...
Türk Ordusu çəkilmiş, Azərbaycan
bölükləri də yox. Gələn
komandanlıq Azərbaycan bölükləri deyə ordu
tanımır. Azərbaycan ordusu adlı
düzənli bir güc gerçəkdə yox kimi idi.
Komandan Nuru Paşanın o çağda Milli Şuranın
başçısı olduğumdan mənə
yazdığı bir məktubdan anlaşıldığı
kimi, toplam ancaq 1500 kişi olan Azərbaycan Ordusunun toplu olaraq
bir yerdə bulunmayıb ölkənin çeşidli yerlərində
durduğu anlaşılırdı. Azərbaycan
Ağalığını bu gün Bakıda qoruyan güc
yalnız 500 milis (polis) idi".
Düşünək:
güc olsa belə, Almaniyanın, Türkiyənin yenildiyi bir
gücə qarşı Azərbaycanın savaş
açması ağlasığmazdı. Buna
görə sorun yalnız diplomatik yollarla çözüləcəkdi".
Məhəmmədəmin
bəy o günlər Bakıda yaşananları belə bəlirləyir:
“Noyabrın 17-də iki Bakı vardı:
üzüntülü müsəlman Bakısı ilə
sevincli xristian Bakısı. Bakı üzərində
Rus Biçeraxov bölüklərinin uçaqlarından
bildirişlər atılır, bu bildirişlərdə Rus
yurddaşlar Bakının yenidən ana yurda (Rusiyaya. - X.B.) verilməsilə
qutlanırdılar”. Beləliklə, Məhəmmədəmin
bəyin dediyi kimi, iş yalnlz diplomatik danışıqlara,
diplomatik çalışmalara, diplomatik yollarla qurtuluşa
qalırdı. Burada da ortaya çox
böyük sorunlar çıxırdı. Başlıca sorunsa ulusal kimlik - Türklük sorunu
idi.
Yeni
qurulan dövlət ilkin variantda belə
adlandırılmışdı: Azərbaycan Türk
Respublikası. ADR ağalığının 1918-ci il 27 iyun qərarı ilə dövlət
dilinin Türk dili olduğu bildirilmişdi. Bundan bir neçə
gün qabaq, iyunun 21-də verilmiş qərarla ağ
ay, səkkizbucaq ulduzla qırmızı bayraq ADR-in ilk dövlət
bayrağı olmuşdu. Bakını tutmuş
general Tomson komandanlığı ingilis
ağalığının yürütdüyü antitürk
politikaya uyğun olaraq, “Türkiyə ilə birgəliyiniz
olmamalıdır!” - deyə Azərbaycanda
kəsinliklə Türk anlayışına, Türklük
görsənişlərinə qarşı
çıxırdı. Buna görə də
ingilislərin “Türkiyə bayrağına bənzəyir”
deyə, dəyişdirilməsini istədiyi al bayraqdan
daşınaraq indiki üç boyalı bayrağı
götürmək gərəyi yaranmış, bununla
yanaşı, “Türk” adı çıxarılmaqla dövlət
Azərbaycan Cümhuriyəti adlandırılmışdı.
Ingilislərlə sürdürülən diplomatik
danışıqlar, eləcə də onların istəyinə
uyğun bir sıra dəyişikliklər öz yerində,
özül ilkələrinə - prinsiplərinə uyğun
olaraq, ölkədə
ulusalçılıq-türkçülük axarında
böyük qalxınma baş verir, demokratik dövlət
quruculuğu ilə baş-başa gedən bu qalxınma
Batumdan Quzey Qafqazadək Azərbaycan dövlətini çəkici
bir dövlətə çevirirdi. Buna görə
də Batumdan Quzey Qafqazadək Azərbaycana qatılma istəkləri
doğurdu. Batumun da içində olduğu Qars Demokratik
Respublikasından, Araz - Türk Respublikasından, eləcə
də Dağlılar Respublikasından Azərbaycana qatılma
istəkləri gəlmiş, sonuncu ilə bağlı birləşmə
istəklərini gerçəkləşdirmək üçün
Dağıstana Əbdürrəhim bəy Haqverdiyev
başçılığında diplomatik elçilik
göndərilmişdi.
Bu arada alman - ingilis kəşfiyatı Türkiyənin
öncüllüyündə Quzeyli - Güneyli Azərbaycanın
birləşdirilməsi yönündə gizli uzlaşma əldə
edildiyini öyrənmişdi. Nə yolla olur olsun ermənilərə
dövlət qurmağa, bu dövlətin
sınırlarını Türkiyə ilə Azərbaycanı
balacalatmaqla genişləndirməyə çalışan
ingilislərin “Transqafqazdakı siyasi durumla bağlı”
bildirisində (1918-ci il 28 oktyabr) deyilirdi: “Türkiyə
yenilirkən iki dost, sevgili qonşu dövlətin -
Gürcüstanla Ermənistanın yaradılması gərəkir...
Sorunun alternativ çözümü
başlıca olaraq Transqafqaz Azərbaycanının rus
ağalığı altına salınmasıdır. Bu qərar Almaniyadan gəlmişdir”. Almaniyadan
“qərar” gəlir, ingilislərsə onu əlüstü gerçəkləşdirməyə
girişirlər: başında duranları bütünlüklə
tutub Malta adasına sürgün etməklə Qars Demokratik
Respublikası darmadağın edilir, Araz - Türk
Respublikasını yeni yaradılan “Ermənistana” qatmağa
girişilir, Dağıstanla Azərbaycanı bolşevik
Rusiyasına birləşdirmə qərarı verilir. Bunlar bir çox baxımlardan bu gün də
aktuallığını saxlayan olduqca ilginc, yetərincə
bilinməsi gərəkən görsənişlərdir.
O çağlar Azərbaycanın topraq ölçüsü 113, 9 min kv.km idi. Çoxdan bölünmüş Azərbaycanı yenidən bölməklə “iki dost, sevgili dövlət” - genişləndirilmiş Ermənistanla Gürcüstan dövləti yaradılırdı. Birinci Dünya Savaşını yeni başa vurmuş Ingiltərə ilə Almaniya düşmən dövlətlər idi, başqa bir yandan onların hər ikisi bolşevik Rusiyasına düşmən idi. Azərbaycan - Türk Müsəlman faktoru ilə bağlı onlar birgələşərək üç dost, sevgili dövlət durumuna gəlmişdilər: Ingiltərə, Almaniya, Rusiya! Bununla da “Azərbaycan Demokratik Respublikasına son!” qərarı verilmişdi!!!
Azərbaycan diplomatik elçiliyinin
başçısı olaraq Paris Barış Konfransına
qatılan Əlimərdan bəy Topçubaşıya
Türkiyənin dənizçilik baxanı Rauf bəyin dedikləri
(1918-ci il, 3 oktyabr): “Biz bizdən istəniləni (Türkiyə
ordusunun Azərbaycandan çıxarılmasını. - X.B.)
etməsəydik, gələcəkdə Türk dövlətinin
varlığı düşüncəsilə
üzülüşməli idik. Siz azərbaycanlılar
bizə yardım etmək istəsəydiniz (Türkiyəyə
saldırı qarşılığında. - X.B.), yox ediləcəkdiniz”. Aradan yüz il
keçib, nə dəyişib? Yüz il, iki yüz il,
üç yüz, beş yüz il qabaqkı bəlli
politikalar, demək olar, eləcə qalmaqda, eləcə
yürüdülməkdədir. Türkiyənin baş
baxanı Tələt Paşa sözəbaxmazlıq edərək
Azərbaycanı sonadək qoruyacaqlarını bildirmişdi.
Ancaq böyük dövlətlər Türkiyənin
özünü qorxu altına almaqla onu da, Ənvər
Paşanı da, Nuru Paşanı da dediyindən döndərdilər.
ADR-in bir
çox başçıları kimi onlar da sonralar erməni
terrorunun qurbanı oldular. Istər bu, istərsə də
başqa bir çox terror faktları ilə bağlı ermənilər
sorumlu tutulmalı ikən, onlara arxa duruldu, Türkiyəni,
Türklüyü basqı altında tutmaq üçün
Rusiya başda olmaqla bəlli dövlətlər
yalançı erməni “soyqırımını”
şişirtmə yolu tutdular.
ADR-in
ideoloqlarından olan Yusif Vəzir Çəmənzəminli hələ
çarizm dönəmində yazırdı: “Biz, Azərbaycan
Türkləri, bir millətdən ibarət olub, geniş
toprağımız olduğu üçün muxtariyət
binası qurmaq istəyirik. Ölkəmizin
sınırı Dərbənd şəhərindən
tutmuş Osmanlıyadək, Batumdan tutmuş Xəzər dənizinədəkdir.
Paytaxtımız Bakı şəhəri
olacaq”. Oçağlar Qars, Axalsıx da Azərbaycan
sayılırdı. O çağlar!..
ADR-in
başqa bir ideoloqu Üzeyir bəy Hacıbəyli yazırdi:
“Azərbaycançılıq idi ki, Türk irqində
sağlam bir milliyət duyğusu oyatdı, millət nə
olduğunu, milliyətini unutmuş Türklərə bildirdi.
Onlara: - Sən öncə bir Türksən dedi,
”Türkəm" dedirtdi!" Oçağlar Türk
dünyasının ən ünlü ölkəsi sayılan
Osmanlıda belə Türk, Türklük anlayışı
çox-çox arxa plana keçmiş, az
qala unudulmuşdu. Əli bəy Turan (Hüseynzadə)
öncüllüyündə böyük Azərbaycan
oğulları Osmanlı başda olmaqla bütün Türk
dünyasında yeni bir axım: Türkləşmə -
Özümləşmə axımı yaratdılar. Üzeyir
bəyin vurğuladığı budur! Gerçəyə
qalsa, elə böyük Məhəmmədəminin dediyi də
bu idi: Bir yol yüksələn bayraq... O, indilər altında
pul-görəv-ölkə alış-verişinə gedilən
bir bayraq deyil, könüllərdə tikilən, könüllərdə
yüksələn bayraqdır!
***
20-ci
yüzilin başlarında oldurulanlar sonlarında yenidən
olduruldu: yaxın-uzaq güclər ölkəmizi daha da
balacalaşdırmaq, bizi daha da gücsüzləşdirmək
üçün erməniləri yenidən Azərbaycanın
üzərinə ayaqlandırdılar; 1920-ci ilin aprelində
Azərbaycanda çevriliş törədən başlıca
güclər oxşar planlar, oxşar istəklərlə
1993-cü ilin iyununda ölkəmizdə yenidən
çevriliş törətdilər...
XALIQ BAHADIR
Azadlıq.- 2015.- 14-15 mart.- S.11.