Bir yol yüksələn
bayraq örnəyi
Azərbaycan uğrunda, Azərbaycanın
bağımsızlığı yolunda
sonadək dönməz çarpışma aparmış Məhəmməd
Əmin Rəsulzadəni 20-ci yüzilin
Babəki saymaq olar.
Babəkin Azərbaycan üçün qol gücünə qılıncla etdiyini M.Ə. Rəsulzadə yüksək
siyasi-strateji düşüncə
gücünə usla-qələmlə etdi.
Ancaq... hər iki savaşda, Azərbaycan uğrunda
bir çox savaşlarda olduğu kimi, iç-dış yağılar üstün gəldi - biz uduzduq. Bugünümüz
min illəri aşan oxşar keçmişimizin
bir parçasıdır. Məncə, onlardan ən parlağı Babək - Rəsulzadə
faktıdır.
II
Böyük uğurlarla yanaşı, böyük də uğursuzluqlar: bizim keçmişimiz - bugünümüz budur! Astiaq, Uzun Həsən, Şah İsmayıl, Nadir şah, A.M.Qacar kimi böyük yüksəlişlərin ardınca böyük də uğursuzluqlar! Dünən də, bu gün də. Hələ mən bircə 20-ci yüzildə otaylı, bu taylı dönə-dönə etdiyimiz böyük qalxımları, az qala qaçılmaz olaraq ardınca gələn uğurusuzluqları demirəm. Ola bilsin, keçmişimizi gərəyincə araşdırıb-ələşdirmədiyimiz üçün, özümüzə yalnız öz gözümüzlə deyil, eləcə də özgə gözüylə baxmağı bacarmadığımız üçün, iç-dış yağıları gərəyincə dəyərləndirib yetərincə qarşılıq verə bilmədiyimiz üçün bütün çalışmalarımız istər-istəməz gələcəkdən daha çox keçmişə yönəlik olur. Uğur nədənlərini mənimsəmək, uğursuzluq nədənlərini aradan qaldırmaq baxımından M.Ə. Rəsulzadənin “Azərbaycan Cümhuriyəti” çox önəmli qaynaqlardan biri sayıla bilər.
Azərbaycan Demokratik Respublikasının yaradıcısı M.Ə.Rəsulzadə sözügedən bitiyi “Azərbaycan ulusu” ilə başlayır. Burada Türkə, Türklüyə yağı güclərin, eləcə də ulusal kumliyindən uzaqlaşmaqla aşınıb yağya çevrilmiş güclərin bütöv bir ulusu özümlüyündən necə uzaqlaşdırdığı, belə bir uzaqlaşdırma yoluyla da hansı yolsuzluğa-çıxmaza gətirib çıxardığı ustalıqla göstərilir: “Hə, dizi üstündən enməyən Füzulisi, Koroğlu ilə bağrı yanıq Kərəmə ağlayan aşıqları, bu aşıqların ürək dağlayan sazları ilə çobanların könül oxşayan türküləri, çocuqların sevə-sevə oxuduqları maniləri, anaların yavrularını uyudurkən çağırdıqları ninniləri seçkinlərinin düşüncəsilə özünü İranlı bilən bu ulusun qorxunc bir çöküşdə olduğunu göstərir:
-Yox, deyil, sən Türksən! - deyirdi”.
Baxın, bircə frazada böyük bir ulusun bütöv etnoloji özəlliyi necə parlaqlıqla yaradılıb! “SEÇKINLƏRININ DÜŞÜNCƏSILƏ özünü IRANLI bilən bu ulusun QORXUNC bir ÇÖKÜŞDƏ olduğu” deyilir. Yüz il qabaq yaşananların yüz il qabaqkı yansıtması! Təki elə olaydı!! 20-ci yüzilin başlanğıcında olanlar indi, 21-ci yüzilin başlanğıcında, da olur. Yüz il qabaq baş verənlər indi də baş verir - yüz il sonra! Türkcə danışan, türkcə yazıb-yaradan, belə desək, türkcə yaşayan bir ulus SEÇKINLƏRININ DÜŞÜNCƏSILƏ özünü... Türk saymır! “Seçkinlər” kimdir? Yağı düşüncəli yolsuzlar! Özəl istəkləri üçün özümlüyündən-mənliyindən keçənlər!
Ulusal kimliyin bütünlüklə aşındırılıdığı bir dönəmdə ortaya gerçək seçkinlər çıxır: Həsən bəy Zərdabi, Mirzə cəlil, Əli bəy Turan (Hüseynzadə), Ömər Faiq Nemanzadə, Nəriman Nərimanov, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşı, Fətəli xan Xoylu, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu, bir də, sözsüz, öndərlər öndəri Məhəmməd Əmin Rəsulzadə. Onlar hamılıqla Türklük - Azərbaycançılıq savaşına girişirlər. Böyük savaş yoluyla Ulusun adını (Türk!), Ölkənin adını (Azərbaycan!) özünə qaytarırlar. M.Ə.Rəsulzadə sonralar keçmişi anaraq yazacaqdı: “Azərbaycan adı qazanılmış savaşdır!”
“Azərbaycan ulusu? bölümündən bir parçaya baxaq: ?Birinci Dünya Savaşı çağında yaradılan “Açıq söz” qəzeti də bu savaşı sürdürürdü. “Açıq söz” ilk yol olaraq o çağa kimi Qafqaz müsəlmanı, ya da tatarı deyilən ulusun Türk olduğunu açıqca, dönmədən ortaya qoymuş, bu yöndə Ordu senzoru ilə çarpışmalı olmuşdu.
Gündəlik basından başqa bir kaç həftəlik ədəbi, politik, gülüş qəzetləri də yayımlanırdı. Bunlar arasında “Molla Nəsrəddin” curnalı Azərbaycan gülüşünün yaratdığı bir şah əsərdir.
Ədəbi curnallardan ən sayılanı sayğılı Əli bəy Hüseynzadənin baçşılığında çıxan “Füyuzat” (Yaxşılıqlar) jurnalı idi. “Füyuzat” curnalı Azərbaycan yazıçılarını Osmanlı ədəbiyyatını yamsılamağa yönəldən ən böyük nədənlərdən biri olmuşdur.
Bakı ulusal basının ortaqlığı olduğu kimi, o çağda yardımsevər topluluq kimi yaradılan ulusal qurumlara da ortaqlıq olmuşdu. Bakı “Müsəlman Xeyriyə Cəmiyəti”nin Birinci Dünya Savaşında Türkiyə cəbhəsindən qaçaq üçlük (Qars, Ərdəhan, Batum) müsəlmanlarına elədiyi yardım bütün Rusiya müsəlmanlığını coşdurdu. Sözü gedən topluluğun Türk savaş tutuqlularına göstərdiyi yardım da ayrıca yazılmalı, anılmalıdır?.
“Açıq söz” qəzetinin yiyəsi, redaktoru M.Ə.Rəsulzadə özüydü. Rəsulzadə qəzetin 1917-cil saylarından birində yazırdı: “Nə xoşbəxtəm mənim dilim Türk dilidir”. (Sonralar Atatürk demişdi: “Nə mutluyam Türkəm deyənə”). Məhəmmədəmin bəyin burada göstərilən alıntıdakı son sözləri üzərində ayrıca dayanmağa dəyər. O çağlar Azərbaycanda Hacı Zeynalabdin Tağıyev başda olmaqla ulusal burcuaziya yetişmişdi. Onlar qabacıl aydınlara arxa durmaqla, yardımda bulunmaqla, eləcə də yeni-yeni oxullar açmaqla ulusun qabağa getməsində önəmli rol oynamışdılar. Beləcə, Azərbaycanda ulusal ideallara bağlı Demokratik Respublika qurulmasının özülü qoyulurdu. Birinci Dünya Savaşı, Qafqazdakı qarışıqlıqlarla bağlı ortada böyük çətinliklər vardı, ancaq ortada bütün çətinlikləri aşa biləcək yetkin liderlər də vardı. Onların birgə çalışmaları, ortaq əməyi, eləcə də Rusiya imperiyasının dağılması ilə bağlı ortaya çıxan yeni düzən ADR yaranmasına gətirib çıxardı.
Ulu öndər Rusiya imperiyasının dağılması ilə bağlı tutulacaq yolu “Açıq söz” qəzetində belə göstərirdi: “Demək, bəlli bir idealı, çoxluğunun aydın bir amacı olan uluslar dövlətlər arasındakı ilişkilərdə dəyər qazandıqları kimi, dövlətlərin iç politikaları üzərində də böyük etkilər yaradacaqlar. Beləliklə, ayrı-ayrı uluslar bir ulus olaraq yaşaya bilmək üçün hər şeydən öncə özlərini bilməli, bəlli düşüncələr, istəklərdə birləşərək, böyük bir düşüncəyə, ideala çevriləcək o işıqlı ulduza yiyələnməlidilər. Bütöv bir ruhu, ortaq bir idealı olmayan uluslarla yeni özüllər üzərinə qurulacaq yaşam düzəlişməyəcək, belə bir yaraqdan uzaq qalan toplumlar kimsəyə söz eşitdirməyəcəklər!? Bunlar Güneyli-Quzeyli Azərbaycan olaraq bizim üçün bu gün də aktuallığını itirməyən göstəricilərdir. Dönə-dönə oxumaq, öyrənmək, mənimsəmək gərəkdir.
ADR dünya savaşı, Rusiya imperiyasının dağılması, arxasında böyük güclərin dayandığı ermənilərin törətdikləri qarışıqlıq, qırğın içində yaradılmışdı. Ölkədə uzun illərin yoxluğundan sonra ilkin olaraq Azərbaycan ağalığı (hakimiyəti) qurulmuşdu. Türkiyə özü də Antanta güclərinin tutqusu altında olduğundan dünyada Azərbaycana arxa-dayaq duracaq bir dövlət yox idi. Rəsulzada bununla bağlı yazır: ?Bu arada Azərbaycan ağalığının ulusun güvəni, partiyaların birliyindən başqa bir dayağı, yardımçısı yox idi?. Partiya birliklərinin başında Müsavat partiyası dayanırdı. Bu isə Müsavat partiyasının ideoloci yönümünə, proqramına bağlı nədənlərdən idi. Məhəmmədəmin bəy başında durduğu Müsavatı belə tanıdır: “Müsavat” Partiyası ideologiya baxımından ulussevərlikdən doğan türkçülük idealını tutan bir partiyadır. Daha geniş adı Türk Federalist Müsavat Partiyasıdır. Azərbaycan Cümhuriyətinin bayraqçısıdır. Bu çağırışı birinci ortaya atmaq, onu yalnız yadlardan deyil, bir sıra azərbaycanlılardan da qorumaq baxımından “Müsavat”, Azərbaycanın birinci bağımsızlıq partiyasıdır. Toplumsal quramasına görə ulusalçılıq idealından dönməyən, aşırı demokrat bir proqramı vardır?. Burası indi çoxlarının bəyənmədiyi, yanlışlıq saydığı bir görsənişdir: “aşırı demokrat proqram”. O çağkı gerçəklilə yaxından tanışlıq Azərbaycan ağalığının tanınmasında bu aşırı demokrat proqramın önəmli rol oynadığını göstərir. O çağlar Antanta mandatı altında bütün bölgəni, başlıcası, Bakını tutmuş ingilis ağalığı bu aşırı demokrat proqrama uyğun parlament yaradılandan sonra (1918, 7 dekabr) Azərbaycan ağalığını tanıdığını bildirdi. Bugünədək ADR-i İrəvanın ermənilərə verilməsində suçlamağa gəlincə, arxasında rusların, ingilislərin, fransızların, amerikanların durduğu, çoxsaylı yardıma tutduqları ermənilər Qarsdan, Qubaya, Balakəndən Urmiyyayadək Azərbaycanın hər yerində qırğınlar törədir, bütün Azərbaycanı boşaltmaq kimi bir qorxu yaradırdılar. Milli Şura belə bir qorxu qarşısında Irəvanı ermənilərə verməli olmuşdu. Yuxarıda da deyildiyi kimi, Azərbaycan arxasız-dayaqsız olduğundan başqa yol yox idi. Dövlət ordusu ilə birlikdə yenicə qurulurdu.
Tez-tez baş verən kabinə dəyişikliyini də ADR ağalığının yararsızlığı adına bağlayanlar olub, indi də var. O tez-tez dəyişikliyin iki başlıca nədəni vardı. Onlardan birini Rəsulzadə göstərir: ?Müsavat? ortaqlığı yalnız öz sayına dayanaraq təkpartiyalı Ağalıq yapmaq gücündə deyildi. Çoxpartiyalı bir kabinə qurunca da düşündüyü politikanı istədiyi kimi uyğulayammırdı. Üç yol dəyişən bu kabinələrdə müsavatçılar sayca üçdəbir olsalar belə, ağalıqlara ?Müsavat ağalığı? demək bir alışqanlıq idi?. Burada göstərilməyən başqa bir nədən ortada gerçək demokratiyanın, gerçək demokratik düşüncə yiyələrinin olması idi: onlar, indi bizdə olduğu kimi, korrupsiyaya bulaşmaqla yiyələndikləri görəvdən dördəlli yapışan kimsələr deyildilər; onlar Nəsib bəy Yusifbəyli başda olmaqla dövləti özünün deyil, özünü dövlətin qulluqçusuna çevirən yurdsevərlər idilər!
Dövlət, ordu quruculuğu işlərinə də onlar böyük yurdsevərlik duyğusuyla girişirdilər. Bu üzdən, tez-tez baş verən kabinə dəyişiklikəri geriləmə deil, irəriləmə doğururdu. Demokratik dövlət görsənişi, yeni yaradılmasına baxmayaraq, ortaya güc qoya bilmə faktı Qarabağ ermənilərini Azərbaycan ağalığına bağlanmağa gətirmişdi. Üstəlik, yeni yaradılan Araz - Türk, Qars Respublikası ilə birgə Dağlılar Respublikası da ADR-ə qatılmaq istəyində bulunmuşdu. Sözsüz, bu istəklər getdikcə gerçəkləşəcək, Azərbaycan doğallıqla dənizdən-dənizə ölkə-dövlət statusu qazanacaqdı. Ancaq bunlar Rusiya başda olmaqla imperialist güclərin geopolitik planları ilə bir araya sığacaq görsənişlər deyildi. Buna görə də Azərbaycanda Rusiyanın əlilə çevriliş törədildi. Çevriliş yoluyla bağımsız Azərbaycan adına bağlı ideallar alt-üst edildi...
XALIQ BAHADIR
Azadlıq.- 2015.- 10 mart.- S.10.