Ölümdən sonrakı həyat

 

(Professor Eldar İsmayılovun anadan olmasının 65 illiyinə)

 

Professor Eldar İsmayılovun vəfatından bir ildən bir qədər artıq vaxt keçib. Mart ayının 9-da vəfatının birinci ildönümü tamam oldu. Yaşasaydı bu gün onun 65 yaşı tamam olacaqdı. Fəqət amansız ölüm onu qəfil yaxaladı. Eldar müəllim maraqlı və və eyni zamanda çox şərəfli bir həyat yolu keçmişdi. 1950-ci ilin mart ayının 30-da doğulmuş 1973-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsini əla qiymətlərlə bitirmiş, 1977-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasıyasını müdafiə etmişdi. Hər iki müdafiə Moskva Dövlət Universitetində olmuşdu. Namizədlik müdafiəsi zamanı MDU-nin tarix fakültəsinin dekanı olan elmi rəhbəri akademik Yuri Kukişkin Rusiya tarix elminin tanınmış simalarından idi.

Doktorluq müdafiəsi edərkən də Yuri Stepanoviç keçmiş tələbəsini unutmadı. Onun dissertasiya işinin elmi məsləhətçisi oldu. Lakin Eldar müəllimin elmi uğurları bu iki dissertasiya işindən ibarət olmadı. O, Azərbaycan tarixinin tədqiq olunmayan və çox yaxın tarixi dövür olmasına baxmayaraq xalqın tarixi hafizəsindən silinmək üzrə olan keçən əsrin 40-50-ci illərini tədqiq edərək, tarix elmimizi bir-birindən maraqlı monografiyalarla zənginləşdirdi. “Hakimiyyət və Xalq: Azərbaycanda müharibədən sonrakı Stalinizm. 1946-1953” və “Azərbaycan: “mülayimləşmənin” ilk illəri. 1953-1956”, adlı kitabları dərin tədqiqat xarakteri, elmi yeniliyi ilə yadda qaldı. 2010-cu ildə Moskvada nəşr olunmuş “Azərbaycan tarixi dair oçerklər” adlı kitabındaysa professor Eldar İsmayılov Azvrbaycan tarixinin bir çox mübahisəli dövrlərinə yeni baxış gətirmiş oldu.

 Vəfatından az əvvəl XX əsr başlanqıcında Azərbaycan tarixində məlum rol oynamış və qanlı iz buraxmış Stepan Şaumyan və Anastas Mikoyan haqqında iki maraqlı monoqrafiya da onun qələmindən çıxmışdı. Lakin bu yazı onun bir ay əvvəl, vəfatından isə bir il sonra Moskvanın “ROSSPEN” nəşriyyatında “Stalinizm Tarixi” silsiləsi çərçivəsində çap olunmuş “Azərbaycanda “böyük terrorun” tarixi” kitabı haqqında olacaq. Həyatının son dövründə keçən əsrin 30-cu illərinin ortasından ehtibarən bütün Sovet İttifaqını bürüyən kütləvi perpessiyaların Azərbaycan şəraitində tətbiq edilməsi ve onların siyasi, iqtisadi və sosial neticələri mövzusu Eldar İsmayılovun diqqət mərkəzindəydi. Moskvada çox ehtibarli bir nəşriyyat tərəfindən nəşr edilən bu kitab müəllifin ziddiyətli və heç də asan olmayan bu məsələnı böyük peşəkarlıq, ürək yanğısı və qəlb ağrısıyla müvəffəqiyyətli bir şəkildə tədiqiq etdiyinin bir nümunəsidir. Müəllif hər faktın üzərində diqqətlə dayanmış, Stalin repressiyalarının ayrıca götürülmüş bir Sovet respublikasında faciəli mənzərəsini yaratmışdı.

 Professor Eldar İsmayılov çox nüfuzlu beynəlxalq redaksiya şurası olan “ROSSPEN” nəşriyyatının elmi nəşrlərində yer ala bilən yeganə Azərbaycan tarixçisidir. Kimlər var bu şurada? Berlindəki Humbolt universitetinin professoru Baberovski, Toronto universitetinin professoru Lynn Viola, İtaliyada Neapol universitetinin professoru, Kembricdəki Rusiya və Avroasiya tədqiqatları ilə məşğul olan Devis Mərkəzinin rəhbər heyətinin üzvü Antrea Graziosi, Fransa Akademiyasının üzvü, Rusiya tarixi üzrə tanınmış alim professor Hélène Carrère d'Encausse, Britanidan Rusiya tarixi üzrə maraqlı kitabların müəllifi professor Robert Service, Stoholmdan professor Lennart Samuelson, Çikaqo və Sidney universitetinin professoru Sheila Fitzpatrick, Rusiyadan akademik Yuri Povovarov və digər tanınmış alimlər. Eldar müəllimin “Azərbaycanda “böyük terrorun” tarixi” kitabı məhz belə nüfuzlu redaksiya şurasından keçib “Rospen”də nəşr olundu. Niyə? Öz elmi dəyərinə, siyasi əhəmiyyətinə, dərin tədqiqat xarakterinə görə. Həm də nəzərə almaq lazımdır ki, bu tədqiqat işi keçmiş Sovet respublikaları nümunəsində Stalin repressiyalarının ilk geniş təqdimatıdır. Respublikada böyük tarixçilər dəstəsi olsa da, bu mühüm işi məhz professor Eldar İsmayılov gördü. 25 ilə yaxındır bu mövzuda müzakirələr getsə də, heç kəs bu məsuliyyətli araşdırmanı öz üzərinə götürmək istəmirdi. Eldar müəllim bu işi görməklə öz tarixçi borcunu yerinə yetirməklə yanaşı, ölkəmizdə Stalin repressiyalarının qurbanı olmuş yüz minlərlə insanın ruhu qarşısında mənəvi, əxlaqi və vicdanı borcunu da yerinə yetirdi.

 Yeni çapdan çıxmış bu qiymətli əsər 8 fəsildən ibarətdir. Orada Sovet ölkəsinin “böyük terror” yoluna çıxması, ötən əsrin 20-30-cu illərində Azərbaycanda tez-tez müşahidə edilən hakimiyyət dəyişikliyinin siyasi qərarsızlığı, “böyük terror” ərəfəsində respublikada səksəkəli mühitin yaranması və 1937-ci ildə Stalin repressiyalarının başlanması, onun planlı xarakter daşıması, 1938-ci ildə “xalq düşmənlərinə” qarşı mübarizənin səngiməməsinin səbəbləri kimi məsələlər araşdırılmışdır. Baş vermiş hadisələrin faciəsi fonunda əsər dramatik süjet üzərində qurulmuşdur. İlk dəfə olaraq Azərbaycan üzrə mərkəzdən gələn Stalin siyahılərı məhz bu əsərdə təhlil edilmiş, repressiyaların ümumittifaq və məhəlli xarakteri ilk dəfə belə geniş həcmdə araşdırmaya cəlb edilmişdir. Müəllif kitabda, 1937-ci il tribunalı kimi yaradılan “troykaların” Azərbaycan şəraitində təsisi və onların fəaliyyətinə geniş yer vermişdir. 1937-ci ilin iyul ayın 10-da Ümumittifaq Kommunist (bolşeviklər) partiyası Mərkəzi Komitəsi Azərabaycanda “troykanın” yaradılmasını təsdiq etdikdə, eyni qərarla ona 500 nəfər qolçomağı, 500 nəfər “cinayətkar ünsürləri”, 500 nəfər əksinqilabı hərəkatlarda iştirak etmiş şəxsləri güllələmək, 1300 qolçomağı, 1700 “cinayətkar ünsürləri” sürgün etmək əmri vermişdi. Güllələnən və sürgün edilənlərin dairəsini “troyka” özü müəyyən etməli idi. Əsərdə Sovet hakimiyyətin birinci 15 ilində respublikaya rəhbərlik etmiş şəxslərin kütləvi şəkildə güllələnməsi, yerlərdə repressiyaların daha eybəcər xarakter alması, yaradıcılıq birliklərində təmizləmə işləri və 1937-ci ilin may-iyun aylarında Azərbaycan Yazıçılar İttifaqının, sözün tam mənasında, dağıdılması, tanınmış ziyalıların kütləvi şəkildə həbsi ilə bağlı çox maraqlı məqamlar vardır. Məslən, repressiyaların başlanğıcında Səməd Vurğunu “itirilmiş adam” hesab etməyən Bağırov az sonra onu “sinfi baxımdan yad ünsürləri” himayə etməkdə günahlandırır. Əsərdə Azərbaycan ziyalılarının repressiya məruz qalmasına dair çox maraqlı məqamlar vardır. Mikayil Müşviq, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Məmməd kazım Ələkbərli, Hacı Kərim Sanılı, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç, Hüseynəli Biləndərli, Məmməd Həsən Baharlı, Vəli Xuluflu, Balabəy Həsənbəyov, Əziz Qubaydulin, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Əli Kərimov, Hacıbaba Nəzərli, Məmməd Orxanbəyli, Seyfulla Şamilov, İbrahim Eminbəyli, Məmməd Sadıq Əfəndiyev və digərlərin həbsi, istintaqı, güllələnməsi və sürgünə göndərilməsi haqqında kitabda indiyə qədər elmi ictimaiyyətə və oxuculara bəlli olmayan faktlar dövriyyəyə gətirilmişdir. Hansı Azərbaycan ziyalılarının adı Moskvadan gələn Stalin siyahılarında olduğu məhz bu əsərdən aydın olur. Ümumiyyətlə, bu siyahıların aşkarlanması, kitabın sonunda onların sənəd kimi verilməsi əsəri çox maraqlı etmiş, onun elmi dəyərini artırmışdır.

 Kitabın maraqlı cəhətlərindən biri repressiyaların yerli, regional xüsusiyyətlərinin müzakirəyə gətirilməsidir. Respublikada yaşayan rus, erməni, yəhdu millətindən olan şəxslər Mərkəzdən gələn ümumi qaydalarla, standart ittihamlarla tutulduqları halda, azərbaycanlıların həbsində “pantürkizm”, “panislamizm”, “millətçi təməyyülçülik” kimi əlavə ittihamlardan da istifadə edilirdi. Müəllif bu ittihamların Azərbaycanla yanaşı həmin vaxt SSRİ-də yaşayan digər türk və

müsəlman xalqlarına da şamil edildiyini haqlı olaraq qeyd edir. Bu məsələlərlə bağlı Sovet rəhbərliyinin, ilk növbədə SSRİ Daxili İşlər Komissarlığının qərar, əmr və sərəncamları kitabda ətraflı təhlil edilmişdir. Oxucu kitabda “etibarsız ünsürlərə” münasibətin bütün incəlikləri ilə tanış ola bilər. Xüsusilə, onların sərhəd zolağından köçürülməsi, Naxçıvan Muxtar Sovet Respublikasının İran və Türkiyə, Zəngilan, Cəbrayıl, Qaryagin, Qaradonlu, Biləsuvar, Astarxanbazar, Zuvand, Astara, Masallı və Lənkəran rayonların İranla sərhəd bölgələrindən “etibarsız ünsürlərin” köçürülməsi haqqında məlumatlar öz yeniliyi ilə diqqəti cəlb edir. Hətta, sərhədlərin möhkəmləndirilməsi məqsədilə Siyasi Büronun üzvü Mikoyan və Xarici işlər komissarı Litvinovun Naxçıvana MSSR-na səfər etməsi barədə kitabda oxuculara məlum olmayan faktlar vardır. Müəllifin təbirincə bu addımlar, ötən əsrin 30-cu illərində Sovet Azərbaycanı ilə Cənubi Azərbaycan arasında “dəmir pərdə”cəkilməsinə gətirib çıxardı.

“Azərbaycanda “böyük terrorun” tarixi” kitabında ötən əsrin 30-cu illərində Dağlıq Qarabağ Muxtar Vilayətində cərəyan edən hadisələr haqqında da maraqlı məqamlar vardır. Bunlardan biri 1937-ci ildə SSRİ orta məktəblərinin 3-4-cü sinifləri üçün nəzərdə tutulmuş “Bizim vətənimiz” kitabında (Íàøà ðîäèíà. Ïîä ðåä. À. Ñòåöêîãî, Ñ. Èíãóëîâà è Í. Áàðàíñêîãî. Ïàðòèçäàò. 1937. 87 ñòð.) Qarabağ və Naxçıvan tarixinin təhrif edilməsi haqqında məlumatdır. Orada Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması guya Dağlıq Qarabağla Ermənistan arasında keçilməz dağların olması ilə izah edilirdi.

 Kitabın tək mətni deyil, onun son dərəcə orijinal olan foto bloku da maraqlıdır. Kitabda yer alan fotoların əksəriyyəti Rusiya Dövlət Foto-Kino Sənədlər Arxivindən alınmışdır. Onların əksəriyyəti ilk dəfə nəşr edilir. Xüsusilə, 20 il respublikaya rəhbərlik etmiş Mir Cəfər Bağırovun Moskva arxivlərindən əldə edilmiş son dərəcə nadir fotoları kitabda yer almışdır.

 Bu gün 65 yaşı tamam olan professor Eldar İsmayılovun vəfatından sonra nəşr olunmuş “Azərbaycanda “böyük terrorun” tarixi” kitabında vətənimizin 37-ci il Stalin repressiyalarından çəkdiyi fəlakətlərin maraqlı elmi mənzərəsi yaradılmışdır. Bu kitab təkcə tarixçilər üçün deyil, humanitar ixtisas üzrə təhsil alan tələbələr, yaxın keçmişimizin qanlı-qadalı hadisələrinə maraq göstərən hər kəs üçün maraqlıdır. Bu kitabla Eldar müəllim Azərbaycanda yalnız repressiya qurbanlarına deyil, bir alim kimi özünə də böyük abidə qoymuş oldu. Alimin, müəllimin və vətandaşın ölümdən sonrakı həyatı, məhz belə qiymətli əsərlərində yaşayır.

 

Cəmil Həsənli

 

Azadlıq.- 2015.- 30 mart.- S.13.