Moskva “Dədə Qorqud”
filmində nəyə etiraz edirdi?
«Filmdə bir-birilə nişanlanan
Tural və Günel gerçək həyatda bacı-qardaş
idi»
Modern.az saytı
“Kadrarxası” layihəsinin növbəti
buraxılışını təqdim edir. Bu dəfə söhbət
açacağımız ekran əsəri tarixi ənənələrimizdən,
oğuz elinin şücaətindən bəhs edən “Dədə
Qorqud” filmidir. Müsahibimiz xalq artisti Rasim
Balayevlə birlikdə tarixin səhifələrini vərəqləyirik. 1975-ci ildə
ekranlaşdırılan “Dədə Qorqud” Azərbaycan tarixindən
bəhs edən müəkəmməl filmlər
sırasındadır. Film dünya ədəbiyyatı
xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan
xalqının keçmişini vəsf edən “Kitabi Dədə
Qorqud” dastanının motivləri əsasında çəkilib.
Filmdəki hadisələrin mərkəzində xalq
dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq
keçmişi, adət və ənənələri barədə
danışılır.
Filmdə baş rolda olan Dədə Qorqud
saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası
kəsilməyən müharibələrin şahidi olan və
insanları başı bəlalı torpaqda azad əməyə
səsləyən müdrik qocadır.
Ekran əsərində vətənə məhəbbət,
dostluq, qardaşlıq, sədaqət kimi yüksək hisslər
tərənnüm olunur.
Filmin
ssenari müəllifi Anar, quruluşçu rejissoru Tofiq
Tağızadə, quruluşçu operatoru Rasim Ismayılov,
rejissoru Akif Rüstəmov, quruluşçu rəssamı
Nadir Zeynalov, bəstəkarı Emin Sabitoğlu, direktoru Nazim Ələkbərovdur.
Film ekranlara çıxandan sonra birinci
kateqoriyaya layiq görülüb.
Rollarda Həsən
Məmmədov, Rasim Balayev, Həşim Qadoyev, Givi Toxadze,
Hamlet Qurbanov, Fərhad Yusifov, Dinarə Yusifova, Leyla
Şıxlinskaya, Şəfiqə Məmmədova, Inarə
Quliyeva, Mikayıl Mirzə və başqaları çəkilib.
“Rejissor Beyrək roluna Nodar
Şaşıqoğlunu çəkmək
istəyirdi”
Möhtəşəm rolların təkrarolunmaz
ifaçısı Rasim Balayevin “Dədə Qorqud” filmində
rol almasına qarşı çıxanlar olub. Amma buna
baxmayaraq bədii sovet məhz onu bu rola təsdiq edib.
Rasim
Balayev: “Filmin rejissoru Tofiq Tağızadə Beyrək roluna
Nodar Şaşıqoğlunu çəkmək istəyirdi. Çünki, bir neçə filmdə birgə
çalışmışdılar, münasibətləri
yaxşı idi. Buna baxmayaraq, sınaq çəkilişlərindən
sonra bədii
şura Beyrək roluna məni təsdiq etdi. Beləcə
çəkilişlər başladı. Düzü mənim
atla bağlı bir az qorxum vardı, bu da mənə
problem yaradırdı. Buna görə də
uzunmüddətli məşqlər etdik. Məşqlərdən
sonra nisbətən at sürməyə alışdım”.
Filmin lentə
alındığı məkanlara gəlincə, aktyor bildirir
ki, çəkilişlərin
hamısı Azərbaycan daxilində olub: “Film əsasən təbiət
qoynunda çəkildi. Bazanı Pirquluda
qurmuşduq, əsas çəkilişlər orda oldu. Yol uzaq, çəkilişlər uzunmüddətli
olduğundan gəlib-getməmək üçün ordakı
evciklərdə yaşayırdıq.
Deməli, o vaxt Moskva ikiseriyalı film çəkməyə
icazə vermirdi. Belə olan halda biz bir seriyanın puluna iki
seriya çəkmək qərarına gəldik. Sonra gördülər ki, nəticə yaxşı
olmayacaq, ona görə də məcbur olub filmi iki seriya olaraq
təsdiq etdilər. Yəni əvvəlcədən
iki seriya vermədilər. Yaxşıdır
ki, o vaxt bir neçə boyu iki seriyaya sığdıra
bildik. Mən düşünürəm
ki, “Dədə Qorqud” boylarını çəkmək
üçün təkcə iki yox, bir neçə seriya, hətta
serial da çəkmək olar. Amma indiki
şəraitdə bu çox çətindir. Əvvəla
yüksək xərc tələb edən filmdir,
çünki, ordakı geyimlər, avadanlıq, dekorasiya və
s. yaratmaq üçün kifayət qədər pul xərcləmək
gərəkdir. Həm də nəzərə
almaq lazımdır ki, indiki şəraitdə o dövrü,
təbiəti tapmaq çətindir. Bu dəqiqə
hər yerdə göydələnlər ucaldılıb, bəzi
yerlər çox müasirləşib, bəzi yerlərdə
hava ilə naqillər çəkilib. Bir
sözlə o ab-havanı yaratmaq çox çətindir.
Heç Pirqulu da o vaxtkı Pirqulu deyil. Indi orada o qədər villalar tikilib ki, orda nəinki
tarixi bir film çəkmək, o qədimliyi təsvir etmək
belə, mümkün deyil.
Çəkilişlərimiz
Naxçıvanda, Şamaxının Pirqulu kəndində,
Qobustanda, Bakıda kinostudiyanın pavilyonunda, həmçinin
Fatmayi kəndində aparıldı. Naxçıvandakı
çəkilişlər zamanı heç bir aktyorun
iştirakı olmadı, yalnız mənzərələr
çəkildi.
Film əsasən yaz, yay aylarında
ekranlaşdırıldı. Düzdür, havalar
isti idi, amma şəxsən mənim istiylə bağlı problemim
olmurdu, çünki istidə özümü yaxşı
hiss edirdim. Mənim problemim atla olub, elə
indi də onun fəsadlarını hiss edirəm. O vaxt
yıxılırdım, bir az
ağrıyırdım, sonra keçirdi, fikir vermirdim. Amma indi onurğamda olan ağrılar həmin illərin
fəsadlarıdır. Hər dəqiqə
mənə ağrı, narahatlıq verir".
“Ceyran assistentin burnunu paraladı”
Sənətkar Beyrəyin ceyran ovuna
çıxdığı səhnənin çəkilişlərindən
xatırladığı maraqlı anları bizimlə
bölüşür.
Rasim
Balayev: “Ceyran çox cəld idi. Kənardan
baxanda fikirləşirsən ki, nə qəşəngdir,
balacadır, adamın xoşuna gəlirdi. Lakin
ceyran heç də göründüyü kimi deyil. Onun çox iti, balaca buynuzları vardı. Çəkiliş prosesində ayaqlarını
bağlayıb yerə yıxanda ceyran kəsiləcəyindən
qorxduğu üçün yuxarı tullanırdı. Mən isə qorxurdum ki, tullananda buynuzu gözümə
girər. Ceyran öz canının
hayında idi, mən də öz canımın.
Qıraqdan mənə deyirdilər ki, ”ə,
yekə oğlansan ceyrandan qorxursan? Ceyranın nəyindən
qorxursan?". Mən də
özümü o yerə qoymurdum, deyirdim ki, “ceyrandan qorxmuram”.
Bir belə, iki belə, axırda bir nəfər işçilərdən
gəldi ki, “axı bunun nəyindən qorxursan eyyy?”. Elə bu an ceyran necə
tullandısa buynuzu kişinin burnunun ortasına
düşdü. Burnu iki yerə paralandı.
Dedim “bax gördünüz, mən bundan ehtiyat edirdim”. Burnuna dəydiyinə
görə, hələ yaxşı qurtardı, gözünə
girsə necə olacaqdı... Sonra onun burnunu
tikdilər, birtəhər özünə gəldi. Yazıq heyvanı yerə yıxan kimi qorxudan
tullanıb qalxmaq istəyirdi. Amma uzaqdan baxanda deyirsən
ki, ceyrandır da..".
“Dublların sayı artdıqca, həmin
ceyranın qorxudan ürəyi partladı...”
Sənətkar ceyranla bağlı daha bir maraqlı, həm
də ürəkağrıdan məqamdan söhbət
açdı.
Rasim
Balayev: “Yenə də Beyrəyin ceyran ovladığı səhnə
çəkilirdi. Indi də yadıma düşəndə
ürəyim parçalanır. Səhnə
Pirquluda çəkilirdi. Çəkiliş
qrupu həmin ceyranı Zooparkdan tapıb gətirmişdi.
Axı hər səhnə bir dubla çəkilmirdi.
Bəzən elə səhnə olurdu ki, onu
çəkmək üçün bir neçə dəfə
kamera qarşısına keçirdik. Ceyranla
olan səhnə də bunlardan idi. Bu
yazıq heyvan da nə bilirdi ki, film çəkirik. Hər dəfə onun ayağına ip salıb
dartanda elə bilirdi öldürüləcək. 4-5 dubl çəkəndən sonra ceyranın ürəyi
partlayıb öldü. Çünki hər dəfə
onu yerə yıxıb başından tutub bağlayanda elə
hiss edirdi ki, onu kəsəcəklər. Heyvan
idi də. Başa salmaq olmurdu ki, bu sadəcə
filmdir. Həmin vaxt ceyranın ölümünə
çox pis olmuşdum...”.
Həşim Qadoyev “buğayla
döyüşdüm” deyib öyünürmüş...
Qazan
xanın buğayla döyüşdüyü səhnədən
söhbət düşərkən sənətkar o illəri belə
xatırlayır:
Rasim
Balayev: “Qazan xan rolunu tacik aktyor Həşim Qadoyev
oyanayırdı. Deməli bu filmdən sonra mən
Tacikistanda filmə dəvət almışdım. Həmin vaxt təsadüfən Həşimin məhz
həmin səhnə barədə sonradan öz ölkəsində
danışmasından xəbərdar oldum. Buğayla
döyüş səhnəsi barədə gedib öz ölkəsində
danışırmış ki, ”buğayla
təkbaşına döyüşdüm". Sadəcə
gülməli idi. Çünki o buğanı neçə
adam ram edirdi. Bir tərəfi
üstə yıxırdılar səhnə çəkilirdi,
sonra o biri tərəfi üstə yıxırdılar. Beləcə səhnələr lentə
alınır və montajla birləşdirilirdi. O da
ağızdolusu “özüm buğayla tək
döyüşmüşəm” deyirmiş. Köməksiz
o heç nə edə bilməzdi. Buğanın
ayaqlarını iplə bağlamışdılar. 5-6 nəfər onu dartırdı. Məgər
buğa beləmi gücsüz heyvandır ki, aktyor onunla təkbaşına
vuruşsun... Buğayla ispanlar
döyüşür, o güclü heyvandır. Onun
boynunu hər adam döndərə bilməz
axı. Sadəcə kadrları elə çəkirdilər
ki, guya buğanı yerə yıxır,
döyüşür və qalib gəlir. Axırda
da buğanı yerə yıxıb bıçağı
çıxarır. Amma onu da deyim ki, həmin
buğanı doğurdan da kəsdilər. Və filmdə
Burla xatunun qarşısına qoyulan kəsilmiş baş məhz
həmin buğanın başı idi...
Filmdəki bütün dekorasiyalar, çadırlar
Bakıdan aparılmışdı. Hamısı kinostudiyanın
idi. Burla xatunun qırx incəbelli qızla
qara geyib, ağladığı səhnə dekorasiya idi,
kinostudiyanın pavilyonunda qurulmuşdu. Beyrəyin
tutulduğu səhnənin bir hissəsini Pirquluda, digər hissəsini
isə pavilyonda lentə aldılar".
Xalq artisti deyir ki, Beyrəyin zindandan xilas olaraq
el-obasına qayıtdığı yerdə sac üstündə
yuxa bişirən qızlarla qarşılaşması, onlardan
qarnını doyurmaq üçün yemək istəməsi
səhnəsi Bakıda Fatmayi kəndində
ekranlaşdırılıb. Beyrəyin atla gələrək
qalaya daxil olduğu yer Ramana qalasının
qarşısında, qalanın içərisi isə
dekorasiyada-kinostudiyanın pavilyonunda lentə
alınmışdı.
“Beyrəyin şirlə döyüşdüyü səhnəni
də dekorasiyada çəkmişdik. Əslində ürəyimdən
olan bir səhnə deyildi, açığı qorxurdum.
Çünki, istər-istəməz nə qədər
əhilləşdirilsə də vəhşi heyvan idi də.
Bakıda yaşayan Berberovlar ailəsinə məxsus
şir idi. Bildiyiniz kimi, o şir bir
neçə filmdə çəkilib. Sonda
da öz sahibinin oğlunu parçalamışdı. Hadisə yerinə çağırılan polislər
də şiri güllələyərək
öldürmüşdülər.
Təbii olaraq çətin çəkilən səhnə
idi. Indiki şəraitdə heç vaxt getməzdim o
çəkilişə. Çünki əvvəlcə
mənə dedilər ki, heç bir qorxusu yoxdur, şirin
ayaqlarını iplə bağlayıblar. Yəni,
əks gedən bir şey olsa, iplə bağlı
ayaqlarını dartacaqlar. Mən buna
inandım, amma çəkiliş zamanı anladım ki, tərs
gedən bir şey olsa belə, şirin ayağını iplə
dartmaq mümkünsüzdür. Mən onu
qıcıqlandırırdım ki, üstümə gəlsin.
Qıcıqlandırırdım, amma sonra
görürdüm ki, şir həddindən artıq diqqət
kəsilib mənə, çox qorxurdum. Vəhşi
heyvan idi, elə bir cırmaq atmağı bəs idi ki,
adamın gözü kor olaydı. Bir
sözlə, çox təhlükəli səhnə idi.
Amma şükürlər olsun ki, yaxşı
qurtardıq. Dəqiq yadımda deyil, amma
bilirəm ki, bu səhnə bir neçə dubla çəkildi.
Bir məqam danışım sizə: deməli xarici
aktyorların birinə deyibər ki, şirlə səhnədə
çəkil, o da qorxduğu üçün çəkilməyib.
Ona deyiblər ki, bəs evdə, südlə
böyüyən bir şirdir. Aktyor da deyib ki, “nə
olsun mən də evdə, südlə böyümüşəm,
amma əti də məmnuniyyətlə yeyirəm...”.
“Bizimkilər gəlmə aktyorlara
qısqanclıqla yanaşırdı...”
Rasim Balayev: “Çox böyük, istedadlı aktyor heyəti qurulmuşdu. Bir birimizi çox gözəl anlayırdıq. Filmdə bir çox gəlmə aktyorlar da çəkilirdi. Məsələn, Qazan xanı Tacikistandan olan Həşim Qadoyev, Alp Aruzu Gürcüstandan olan Givi Toxadze oynayırdı. Inarə Quliyeva Moskvadan dəvət olunmuşdu, bir neçə filmlərdə çəkilmişdi. Gəlmələrlə yerli aktyorlar arasında heç bir narazılıq yox idi. Sadəcə bizim hamımızda bir qısqanclıq hissi vardı. Aktyoru yetişdirmək lazımdır. Yadımdadır, bizim aktyorlar hamısı etiraz edirdi ki, ”gedib ordan-burdan aktyor gətirirsiz, bəs bizdə necə aktyor yetişəcək?". Filmdəki narazılıq əsasən bundan ibarət idi.
Məsələ burasındadır ki, yerli aktyorlar institut bitirsələr də təcrübə, filmlərdə çəkilmək, püxtələşmək lazım idi. Ona görə də, həmişə etiraz edirdik, amma buna baxmayaraq, xaricdən aktyor çağırmaq istəyən onsuz da çağırırdı. Elə rejissorlar var idi ki, “kim olur-olsun xarici aktyor gəlsin” prinsilə işləyirdi. Amma rəhmətlik Rasim Ocaqov kimi rejissor elə-belə aktyor gətirmirdi.
O vaxt məşhur Kolyagini gətirmişdi. Kolyagin dahidir, ondan öyrənməli çox şey vardı, gətirməyə dəyərdi də. Amma bəzən gəlmə aktyorların Azərbaycan filmlərində çəkilməsi kütləvi hal alırdı. Hansı ki, bizim aktyorlar həmin gəlmələrdən daha gözəl obraz yarada bilərdilər.
Onu da deyim ki, Fərhad Yusifov (Tural ) və Dinarə Yusifova (Günel) bacı-qardaş idilər. Səhv etmirəmsə, Fərhad yaşamaq üçün Italiyaya getdi.
Əslində bu filmdə həm ssenari müəllifi, həm rejissor, həm də aktyorların əsas məqsədi tamaşaçılarda o dövrə aid təsəvvür yaratmaq idi. Türk dünyasının eposu olaraq Dədə Qorqud haqqında insanlarda fikir aşılamaq idi. Çünki, tamaşaçıların Dədə Qorqud barədə təsəvvürü belə, yox idi. Ayrı-ayrı tarixçilər, Nəsimişünaslar, Nizamişünaslar, Dədə Qorqud dastanının araşdırmaçıları, filoloqlar, yəni az bir qismin dövr barədə təsəvvürü vardı.
Əziyyətli, çətin, amma böyük bir marağa səbəb, geniş tamaşaçı auditoriyası toplaya bilən bir film ərsəyə gəldiyinə və mənim o filmdə rol almağıma dəyərdi...".
Azadlıq.- 2015.- 4 may.- S.14.