Rəsulzadənin Nizami sevgisi

 

Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami»  bitiyindəki azərbaycançılıq, türkçülük, islamçılıq, qafqazçılıq, rusluq ideyaları

 

Azərbaycançılıq ideyası 1918-ci ildə “Tarixi-coğrafi Azərbaycan”ın quzeyində Azərbaycan Cümhuriyətinin yaradılması ilə yenidən yüksək politik önəm qazanmışdır.  Məhəmməd Əmin Rəsulzadə 1918-ci il dekabrın 10-da Azərbaycan Cümhuriyəti Parlamentinin 2-ci iclasındakı çıxışında deyib: “Bizim yaxın məqsədlərimizdən biri olan Azərbaycan muxtariyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdakılar bir nöqtədən, soldakılar da başqa bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər.

Sağdan deyirdilər ki, Azərbaycan, Azərbaycan deyə-deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən - nəuzu billah (allah eləməsin) - islama xətər vurursunuz [Bu söz AC Parlamentinin Stenoqramlarında B., 1998, yanlış olaraq Nufuzu bala - allah dağıtsın kimi açılıb]. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur” daima Azərbaycan məfkurəsinin (Rus mətnidə azerbaydjanizm - azərbaycançılıq) müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki artıq cəmiyətimizin zehnində Azərbaycan istiqlalının fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir".

Azərbyacançılıq Sovet dönəmində də var idi. Azərbaycanın ulusalçı aydınları Azərbaycan SSR-in qırmızı Rus-sovet-mason bayrağının bir bölümünü göy-mavi edə bilmişdilər. Sovet bayrağındakı göy boya anlamca türklüyün göstəricisi sayılmasa da, bilənlərə azərbaycançılığı, türkçülüyü andırırdı.

Azərbaycançılıq ulusal, dünyəvi dəyərlərə daynan, illər keçdikcə ulusun strateji varlıq proqramına çevrilib, onun maddi var-yatırını da içinə alaraq qoruyan, çevik, ayıq, sosial-politik, kültür dəyərləri sistemidir. Azərbaycançılıq ulusun yaşamı, əxlaqı, dini, eləcə də başqa maddi-mənəvi dəyərləri, ulus sevgisi, elə, yurda yiyəlik duyğusu, dünya ulusları içində ünlə var olmaq, Azərbaycan Respublikasını qorumaq, gəlişdirmək, “Bütöv Azərbaycan”a çevirib sonsuzadək yaşatmaq düşüncəsi, strategiyası, politikasıdır.

Azərbaycançılıq 1985-ci ilin aprelindən Azərbaycan SSR-də, XX yüzilin 90-cı illərindən isə Azərbaycan Respublikası ilə Güney Azərbaycanda, eləcə də bütün dünyada yaşayan azərbaycanlılar arasında yenidən geniş yayılıb.

Məhəmməd Əmin Rəsulzadə “Dizi üstündən enməyən Füzulisi, Koroğlu ilə bağrı yanıq Kərəmə ağlayan aşıqları, bu aşıqların ürək dağlayan sazları ilə çobanların könül oxşayan türküləri, çocuqların sevə-sevə oxuduqları maniləri, anaların yavrularını uyudurkən çağırdıqları ninniləri, anlayanların düşüncəsilə özünü Iranlı bilən bu ulusun qorxunc bir çöküşdə olduğunu göstərir:

“Yox, deyil, sən Türksən! - deyirdi” (Azərbaycan Cümhuriyəti. B., 2015, 18-ci s.).

Azərbaycançılıq “aləmin pərgarında bilici” Nizami Gəncəlinin “Beşlik”indəki “Iskəndərnamə” bədii-tarixi poemasında da üstün politik yoldur.

Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə azərbaycançılıq ideyasını “Azərbaycan şairi Nizami” bitiyinin başlanğıcında qoyub çeşidli biçimdə gəlişdirmişdir. O, anıtın “Doğu Islam Mədəniyətinin üç ortağı”, eləcə də sonrakı bölmələrində Azərbaycanın politik tarixindən, kültür anıtlarından, Türk yurdu olmasından geniş bilgilər verir, Sovet dönəmində Türk ulusundan gizlədilmiş baxışları ortaya çıxarır, yeni ulusal ideoloji sistem qurur.

Ulusal ideoloqun “Simruq kimi Günəşdə oturmuş” Nizami Gəncəlinin ulusal kimliyilə bağlı bölmədə azərbaycançılıqla bağlı yazdığına baxaq: Nizami, həm azərbaycanlılıq, həm də türklüyə təsəvvür olunacağından daha ciddi və səmimi ilgilərlə bağlıdır. Azərbaycan yurdçuluğu kimi, Türk milliyətçiliyinin də şairlə yaxından ilgilənməsi üçün təbii və həyati səbəblər vardır.

Azərbaycan hökmdar və padşahlarının sayğı və iltifatlarını görərək, kitablarını onların adına yazan bir şairin, Azərbaycan yurdsevərliyində oynayacağı mənəvi rolun kiçik görüləməyəcəyi aşkardır. Hankı mənəvi varlıq və tarixi öyünmə Azərbaycanın Nizami xatirəsindən daha yüksək və dünyaya şamil bir dəyəri təmin edə bilir? Nizami kimi bir kültür dəyərini, hankı azərbaycanlı yurdsevər gələnəyi dışında buraxır? Hankı yurdsevər və şüurlu bir Azərbaycan türkü Nizami ilə öyünməz?!".

Məhəmməd Əmin Rəsulzadə yazır: “Nizami azərbaycanlıların tək məmləkətçilik deyil, milli duyğularını dəxi qabardacaq bir isimdir. Bu isimlə sadə, azərbaycanlılar deyil, bütün türklərin öyünmələri gərəkdir. Dilinin farsca olmasına rəğmən heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmış deyildir. Kitabımızın müəyyən bölümündə təfsl və təkrar edəcəyimiz kimi ”gözəl ilə böyüyən Türk, gözəllik ilə böyüklüyə türklük, gözəl və böyük sözə türkcə, gözəllik və böyüklük diyarına Türküstan" deyən bir şairə hankı ağız, Türk deyildir, deyə bilir?".

Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” bitiyində yaydığı ideyalardan biri də “Şairin Azərbaycan hökmdarları ilə münasibətləri” bölməsindəki, “Tarixi-coğrafi Azərbaycan”ın min illərlə Türk yurdu olmasını göstərməsidir. “Sözün Tanrısı” Nizami Gəncəli “Sirlər xəzinəsi”ndəki “Rəiyətə hüsnü-rəğbət haqqında” adlı dördüncü yazıda dövlət yetkililəri ədalətsizliyə yol vermiş Sultan Səncərə deyir: “Türklərin dövləti ona görə ucaldı ki, ölkədə ədalət hakim oldu. Sən isə zülmkar bəslədiyin üçün Türk deyil, bir quldur hindlisən!”.

Məhəmməd Əmin Rəsulzadə “mən sınmaram, sınsam da kamilləşərəm” deyən Nizaminin ədalətlilik düşüncəsindən çıxış edərək yazır: “Ədalət üzərində qurulmuş dövləti idealizə edən Nizami bu idealını Türk dövləti tipində bulur. Necə ki, didaktik əsəri olan ”Məxzənül-əsrar"da, zülmə uğramış ixtiyar bir qarının ağzı ilə Böyük Səlcuqlulardan Sultan Səncərə xitabla: “Madam ki, ədalətsizliyə təhəmmül edirsən, demək ki, Türk deyilsən!”- deyir.

Məhəmməd Əmin Rəsulzadə yazır: “Gözəllik qarşılığı olaraq qullanılan ”Türk" sözünün həqiqi və ya məcazi mənalarda başqa şair və yazarlarda dəxi, misallarını bulmaq qəbuldur. Fəqət heç bir yerdə və farsca yazılmış heç bir şeirdə Türk anlamı Nizamidə oldğu qədər sevgi və məntiqi bir silsilə ilə ifadə edilməmiş olsa gərəkdir... Gerçək və məcazi mənada, dürlü anlamlar və dürlü münasibətlər dolayısı ilə şairin bolca qullandığı Türk isim və sifətlərini genəl bir tərifə tabe tutarsaq görürük ki: Nizami türk deyir - gözəl, mərd, qəhrəman, əsgər, komandan, bilgin, ər, rəhbər və şef anlayır, türklük deyir - gözəllik, yaxşılıq, təmizlik, doğruluq, mərdlik, qəhrəmanlıq, komandanlıq, şeflik anlayır, Türküstan deyir - vəfa, doğruluq və aranılan yer ilə ermişlik anlayır.

Məcazlarla işlənmiş Nizami üslubunda türklük qüvvət və qəhrəmanlıq simvoludur. Məsələn: Xosrov ilə düşməni Bəhram cəng edirlər. Ikisi də iranlıdır. Birinin ordusu rumlulardan, ötəkisininki iranlılardan toplanmış ikən şair, bu iki qüvvət arasındakı çarpışmanı təsvir edərkən, “bu türklər arasında qızışan savaşda Türk borusunun bağırtısından türklərin qırtlağı qısılırdı”. Burada “türk” - cəngavər, əsgər və döyüşçü qarşılığı olaraq qullanılmışdır.

Çosrovun Şirini aramağa getdiyini anladırkən şair “türklüyü” əzmkarlıq mənasında qullanır, məsələn, “atını Şirinin səmtinə çaparaq türkdən türklüklə qarət almaq istədi”, bir savaşı təsvir edərkən igidlərdən birinin savaş meydanına atılışını “ordunun qəlbgahından fırlayan dəmir geyimli birisi türk kimi meydana atıldı”- deyir.

Dara ilə Iskəndər orduları qarşılaşır. Şair yenə “türk yürüşündən” və “türklərin coşqunluğundan” bəhs edir.

Türklərin qəhrəmanlıq və cəngavərlərinin bənzəri yoxdur. Dara Iskəndərə xitab edərkən qarşısındakını “türkləri” ilə qorxudur:"Türklərimin oxunu yemədinmi, mənə basqın edirsən?!"- deyə sorur. Iskəndər dəxi, Hind xaqanı ilə etdiyi deyişmədən “türklərim əl qaldırırlarsa, atdıqları bir tək oxla bir ordunu yıxarlar”- deyə öyünür. 

Sözün qısası, türk maddi-mənəvi bütün yüksəkliklərin simvoludur, O, Günəşin ta özüdür. Sabahın açılıb, Günəşin doğduğunu anlatmaq istərkən, Nizami, “Sultan şükuhlu Türkün Çin dəryasından yüksələrək, dağlara nur saçdığından” bəhs edər.

Türk demək Nizaminin lüğətində bir rəhbər, bir şef deməkdir. Ən böyük şefi, ən böyük peyğəmbəri, ən böyük imperatoru bir təşbeh ilə anlatmaq istərkən Nizami “türk” sifətini qullanır. Bu qədər idealizə etdiyi Iskəndəri Nizami, “Iskəndərnamə”nin ikinci qismində Iskəndərin ağlını, tədbirini, işləri işbilənlərə vermək əsasına dayanan idarə sistemini anladırkən, “əgər belə olmasaydı, Rum papaqlı bir Türk Hind ilə Çinə necə sahib olurdu?” demək olan beyti yazır.

Nizami Gəncəli “Sultan-e Kəbe” başlıqlı qəsidəsində də Məhəmməd peyğəmbərə ərəb vücudlu Türk deyir".

Məhəmməd Əmin bəy “Mənim Babilim Harut yandıran Gəncəmdir” deyən Nizaminin ulusal kimliyilə bağlı ortaya atılmış sözləri dərindən incələyəndən sonra kəsinliklə deyir: “Fars təəssübünə yabançılığı, Türk sevgisi, Qafqaza bağlılığı ilə yetişdiyi mühitin tarixi düşməninə qarşı göstərdiyi antipatiya və nəhayət qadınlıq haqqındakı hörmət anlayışına baxaraq, ”Iran" adı altında anılan Yaxın Doğu ədəbiyatına hakim, böyük şair Nizaminin Azərbaycanlı bir Türk dahisi olduğuna artıq, şübhəsiz, hökm edə bilirik!". 

Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” anıtında islamçılıq “Xosrov və Şirin”də Islam peyğəmbəri Məhəmmədin atəşpərəst Xosrovu Islam dininə çağırdığı məktubla bağlı, bir də “Iskəndərnamə” adlı yarımbölmədəki iudaist Xəzərlərin xaqanının müsəlman Xəzərlərin Azərbaycanı yağmalayıb dönən Rusları öldürmələrinin qarşısını almaması öyküsündəki: “Məsudi Azərbaycan ilə Xəzər sahillərini talan edən Rusların onlara keçid müsaidəsi verdikləri için gətirəcəkləri qənimətlərin yarısını Xəzərlərə vəd etdiklərini qeyd etməkdədir. Gərçi bu vədinə rəğmən Xəzər padşahı müsəlman Xəzərlərə yağmadan dönən Ruslardan dindaşlarının intiqamını almalarına dəxi, mane olmamışdır. Eyni şəkildə Ruslar Burtaslarla Bulqarların dəxi, təərrüzlərinə uğramışlar” sözlərilə gözə dəyir, daha çox geopolitik anlamdadır.

Yurdunun qurtuluşuna çalışan Məhəmməd Əmin bəy amacını Azərbaycanın, bütün Qafqazın geopolitik durumunun eyiləşməsində, Qafqaz birliyində görür, “heç kimə pis gözlə baxmayan” Nizami Gəncəlinin “Beşlik”inə, başqa ərəbdilli qaynaqlara dayanaraq, bu birliyə qarşı olan tək gücün Rus, indiki deyimlə Rusiya Federasiyası olduğunu göstərir. Qafqazçılıq ideyası “Azərbaycan şairi Nizami” anıtının “Nizaminin görüşü ilə Rus” bölməsində güzgülənmişdir. Tarix elə bil, yenidən yaşanmış, “heç kimin işinin korlanmasını istəməyən” Nizami çağından qabaq Azərbaycanı, Qafqazı yağmalamış Ruslar 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə ilə arxadaşlarının qurduğu demokratik Azərbaycan Cümhuriyətini, eləcə də Qafqazda yaradılan başqa respublikaları dağıtmış, insanlara “Təpəgöz”tək ağlasığmaz ağrı-acı verərək öldürmüş, var-yatırını yağmalamış, ulusal kültür anıtlarını uçurmuşlar.

Ruslar etdikləri bu kötü işlərindən dolayı Məhəmməd Əminə də “hər bitiyində bir nişanı olan” Nizami Gəncəliyə göründüyütək: “Rus divi, alçaqlar, xamlar” kimi görünür. Məhəmməd Əmin Rusla, rusluqla bağlı bu bölmələri “murdar bir sümüklə orucunu açma” deyən Nizami kimi, böyük sayğısızlıq duyğusu ilə yazmışdır.

Azərbaycanda gepolitika anlayışını ilk yol Məhəmməd Əmin Rəsulzadə Parlamentdə işlədib. O, “Azərbaycan şairi Nizami” bitiyində də bu sözlə Azərbaycanla Qafqazın dünya politikasındakı yerini göstərib: “Rus axınçıları ilə müttəfiqləri tarixi bütün dövrlərdə Dərbənd keçidini aşaraq Qafqaz ilə ötəsini yağma etmiş olan düşmənlərin bir dövr içinə sığışdırılmış və sonuncu Rus vəhşilikləri ilə ”süslənmiş" bir simvoldur. Buna müqabil, Iskəndərin komandası altında Rus təhlükəsinə qarşı qoyan müttəfiqlər ordusu türlü tarixi dövrlərdə quzey təhlükəsinə qarşı qoymuş və bu gün dəxi, mücadilə etməkdə olan milli ünsürləri qavramaqdadır. Şair qarşılaşan bu iki düşmən qüvvəsini əsatir qaranlıqlarına bürüdüyü Iskəndər dövrü kimi, uzaq bir zaman içində çarpışdırırsa da, cızdığı tablo və yürütdüyü mühakimələrlə təsvir etdiyi mücadiləni sadə, öz çağı üçün deyil, bu gün dəxi, aktual olan həyati fikirlərlə canlandırır. Şairi Rus komandanına dedirtdiyi Qafqaz səfəri haqqındakı aləmşümul əhəmiyyət və Iskəndərin Türk dünyası ilə Qafqaz məsələsi və Rus təhlükəsi arasındakı münasibətə aid irəli sürdüyü əskəri və siyasi mütaliə nəhayət, Qafqaza enən rusluğun bütün Yaxın Doğu için böyük bir qorxu oluşu, bu gün dəxi zehinləri məşğul edən ana düşüncələrdən deyilmidir?!

 

ardı var

Yadigar Türkel, fəlsəfə üzrə elmlər doktoru

 

Azadlıq.- 2015.- 27 may.- S.12.