“Asif, Vasif və
Ağasif”in məcaraları
Nadejda İsmayılova filmin
kadrarxası məqamlarından danışır
Modern.az saytının
“Kadrarxası” layihəsi davam edir. Budəfəki qonaq əməkdar incəsənət xadimi,
Azərbaycan Dövlət Mükafatı laureatı, görkəmli
operator və rejissor Rasim İsmayılovun həyat
yoldaşı, Azərbaycanın əməkdar jurnalisti Nadejda İsmayılovadır.
O, “Asif, Vasif, Ağasif” filminin kadrarxası məqamlarından
danışır. “Asif, Vasif, Ağasif” filmi
1983-cü ildə lentə alınıb. Film
sadə azərbaycanlı ailəsində cərəyan edən
hadisələrədən bəhs edir. Ekran
əsərinin əsas macəraları isə vaxtının
çoxunu işdə olan atanın üç dəcəl
oğluyla gəzintiyə çıxması zamanı baş
verir. Uşaqlardan ortancılı Vasifin
yoldan keçərkən təsadüfən bağça
uşaqlarına qoşularaq getməsi hadisələrin
kuliminasiya nöqtəsi olur.
Filmin
ssenari müəllifi Nadejda İsmayılova, quruluşçu
rejissoru Rasim İsmayılov, quruluşçu rəssamı Məmməd
Hüseynov, bəstəkarı Ruhəngiz Qasımova, rejissoru
Elmira Əliyeva, operatoru Ramiz Əliyev, montaj edəni Nisə
Hacıyeva, direktoru Arif Səfərovdur.
Rollarda Məmməd
Məmmədov, Şükufə Yusupova, Leyla Bədirbəyli,
Nəzri Babayeva, Emil Pənahov ( Asif ), Ramin Aslanov (Vasif),
Hökümə Cəlilova (Ağasif), Xalidə Quliyeva, Ramiz
Əzizbəyli, Ruhəngiz Qasımova, Zemfira Sadıqova, Ramiq
Həsənov( Nadir), Təranə Həşimova (Elmira), Pərvanə
Həşimova (Esmira) və başqaları çəkilib.
Çəkilişdə
69 və 83 saylı uşaq bağçalarının və
Bakı şəhəri Yuri Qaqarin adına
Pionerlər Sarayının kollektivi iştirak edib.
4 qardaş və “R əməliyyatı”
Nadejda
İsmayılova: “Rasimgilin çox gözəl ailəsi olub. Bu haqda biz ailə qurduqdan sonra özü mənə
danışıb. Onların ailəsində
hamı, bir-birini çox sevir, qayğı ilə
yanaşırdı. Atası ilə
anasının bir-birinə olan sevgisi isə çox
böyük idi. Həmçinin
uşaqların qayğıkeş, gözəl Xeyransa nənəsi
vardı. Xeyransa nənənin ümumilikdə
14 nəvəsi olsa da, ən çox Rasimi istəyirdi.
Yaşanan illər ərzində onların ailəsində
çoxlu maraqlı hadisələr baş verirdi. Rasimgil özü dörd
qardaş idilər: Rasim, Ramiz, Rafiz, Rais. Atasının
adı “R” hərfi ilə başlayırdı deyə,
uşaqların da adı ona
uyğunlaşdırılmışdı. Hətta əksəriyyət onlara zarafatla “R əməliyyatı”
deyə müraciət edir və qafiyələndirirdilər.
Yeri gəlmişkən ortancıl qardaş Rafiz
Ismayılov Azərbaycanın görkəmli rəssamıdır.
Uşaqların böyüdüyü illər müharibə
vaxtına təsadüf etmişdi. Onun atası Mircəfər
Bağırovun hakimiyyəti dövründə nüfuzlu vəzifə
sahibi, nazir idi. Başqalarına baxanda
onların yaşayışı yaxşı təmin
olunmuş, daha təhlükəsiz idi.
Valideynlər övladlarını əməyə
hörmətlə böyüdüblər. Atası
davamlı olaraq işdə olduğundan onların tərbiyəsi
ilə əsasən anaları məşğul olub. Çünki ata Mircəfər Bağırovun
vaxtında günün bəlkə də 20 saatını
işdə keçirir, demək olar fasiləsiz işləyirdi.
Tez-tez ezamiyyətlərə getdiyindən
uşaqlar onun üzünü çox az
görürdü".
Uşağını seçimə
gətirən analar...
Nadejda İsmayılova:
“Bildiyiniz kimi Rasim ”Nəsimi", “Yenilməz batalyon”, “Yeddi
oğul istərəm”, “Gün keçdi”, “Dədə Qorqud”,
“Şir evdən getdi” və s. kimi məşhur Azərbaycan
filmlərinin operatoru olub.
O
uşaqları çox sevirdi və mütləq onlar
üçün nəsə etmək istəyirdi. Hələ tələbəlik illərindən
uşaqlara həsr olunmuş film çəkmək arzusunda
idi.
Qayğısız, gözəl, ciddi uşaqlıq
keçirən Rasim yaşadığı günləri əbədiləşdirərək
film çəkmək qərarına gəlmişdi. Onsuz da onun
uşaqlara böyük marağı vardı. Biz ailə qurduqdan sonra bütün bu
danışdıqlarımdan xəbər tutdum. Mən onun uşaqlara həsr olunmuş film arzusunda
olduğunu bilirdim. Ona görə də belə
bir ssenari yazdım. Yazdığım
ssenari Rasimin uşaqlıq xatirələrini əks etdirirdi.
Məsələn, filmdəki kinoteatr səhnəsində
Vasifin şarı əlindən çıxıb tavana
yapışır. Doğurdan da Rasim atası ilə film izləməyə
gedəndə belə bir məqam yaşamış,
şarı əlindən çıxdığına görə
qalmaqal yaratmışdı. Onun atası
çox böyük şəxsiyyət, ağıllı,
savadlı, düzgün, vicdanlı, hər şeyin yerini bilən
insan olub. Demək olar ki, “Asif, Vasif,
Ağasif” başdan-ayağa avtobioqrafik bir filmdir. Düzdür, filmdə 3 qardaşın obrazı
yarandı. Fikirləşdik ki, real ailədəki
4 oğlanın təsviri çox olacaq. Ona
görə də uşaq sayını reallıqdakı kimi
saxlamadıq".
Nadejda
xanım bildirir ki, çəkilişlər Bakıda
aparılıb: “Çəkilişlər əsasən
Bakı küçələrində, bulvarda, zooparkda,
bağça və eyni zamanda pavilyonda həyata keçirilib.
Ailənin yaşadığı evin təsvir olunduğu ev pavilyonda qurulmuşdu.
Hadisələrin cərəyan etdiyi bağça,
geyinib-soyunma otağı, mahnı oxuduqları yer real
bağçada lentə alınmışdı".
Filmdə
oyanayacaq uşaqların seçiminə gəldikdə Nadejda
xanım deyir ki, onlar 500 nəfər uşağın içərisindən
seçilib: “Böyük müsabiqə idi. ”Azərbaycanfilm"
kinostudiyası belə bir film çəkildiyini, bunun
üçün müsabiqə elan etdiyini açıqlayanda
kinostudiyaya insan axını oldu. Hər kəs
öz uşağı ilə gəlirdi. Eyni
zamanda çəkiliş qrupu uşaq bağçalarına
gedərək, ordan uşaqlar seçirdi.
Rasim 500 uşaqla fərdi şəkildə söhbət
etdi. Baş rol üçün 50 uşaq arasında
fotosınaqlar keçirildi. Kinosınaq
üçün isə 20 uşaq təsdiq olundu və həmin
20 uşaq kamera önündə dayandı. Onların içərisindən isə 3 nəfər
baş rola seçildi. Beləcə
böyük müsabiqənin nəticəsində Emil (Asif),
Ramin (Vasif), Hökümə (Ağasif) baş rola təsdiq
olundu.
Onu deyə bilərəm ki, seçimlər zamanı
çoxlu maraqlı hadisələr yaşanırdı. Rasim otaqda
oturur və valideynlər növbə ilə otağa daxil olub
söhbətləşirdi. Uşaqlarla
yanaşı, valideynlərlə də işləmək
çətin idi. Belə günlərin
birində bir valideyn öz uşağı ilə gəlir və
o uşağı bayırda qoyub özü Rasimlə
danışmağa girir. Ana
uşağın çəkilməsi üçün gəlsə
də, onu içəri qoymur və uşaq qapının arxasında
ağlayır, səsini də Rasim eşidir. Rejissor soruşur ki, uşaq niyə ağlayır?
Ana cavab verir ki, başa düşmədim, ağlayan
uşaqlar heç kimə lazım deyil?. Həmin
an çox gülməli bir situsiya
yaranmışdı.
Daha bir hadisə danışım. Deməli
balaca bir oğlan gəlmişdi. Rasim
soruşdu ki, sən bizə nə göstərəcəksən?
Uşaq cavab verdi: “Heç nə”. Rasim: “Bəs
niyə gəlmisən?”. Uşaq: “Anam dedi
ki, bura gəlsəm, mənə velosiped alacaq”. Rasim dedi ki, bəlkə
mahnı oxuyasan?. Uşağın
cəmi dörd yaşı vardı. Amma
inanın o elə bir mahnı oxudu ki, hamımız çox təəccübləndik.
O yaşda uşaq yaşından çox böyük, ədəbsiz
sözlərlə dolu bir mahnı ifa etdi. Təbii
ki, o filmə seçilmədi".
“Mən oğlan deyiləm,
Höküməyəm...”
Müsahibimiz deyir ki, filmdə Ağasif rolunda çəkilən
Hökümə Cəlilova sonralar “Zerkalo” qəzetinə
verdiyi müsahibədə maraqlı xatirələrini dilə
gətiribmiş.
Nadejda İsmayılova:
“Ağasif rolu üçün çəkiləcək
uşağı çox axtardıq. O, 3 yaşında
olmalı, bizim müəyyən etdiyimiz kriteriyalara uyğun gəlməli
idi. Hökümə çəkilişlərə
gələndə çox balaca idi. Onun replikaları
çox az idi. Balaca
olduğundan danışa bilmirdi deyə, onun
replikalarını digər uşaqlara verirdilər. İki
ay keçəndən sonra o elə danışmağa
başladı ki, bütün replikalarını özü
dedi. Demək olar ki, o filmə çəkilə-çəkilə
böyüdü.
Hökümə
illər sonra film haqqında xatirələrini danışarkən
“Zerkalo” qəzetinə müsahibəsində demişdi: “Mən
bir gün anamla yol gedirdim. Tanımadığım bir
qadın (rejissor assistenti) mənə yaxınlaşıb dedi
ki, nə gözəl oğlandır bu. Mən isə uşaq
tələffüzü ilə ”mən Höküməyəm"
deyə cavab verdim. Ona oğlan deyilməsinə əsəbiləşsə
də filmdə çəkilməyə dərhal razı olub.
Və kinsotudiyaya gələndə ordakı
şərait onun çox xoş xoşuna gəlmişdi.
Uşaqlarla işləmək olduqca çətin idi. Seçilən
uşaqlar çox talantlı idilər. Onlar
özlərini oynayırdılar, çox təmiz və səmimi
idilər. Səmimilikdə recissor
böyük aktyorlardan çox uşaqların işini bəyənirdi.
Rasim həmişə deyirdi ki, mənim
uşaqlarla bir o qədər problemim olmurdu, nəinki
böyüklərlə.
Uşaqlar böyükləri həmişə gərginlikdə
saxlayırdılar. Onlar hər şeyə həssas
yanaşırdılar. Bu filmdə oynayan
aktyor heyəti yüksək peşəkarlar idi. Onların yüksək peşəkarlığı
isə bu film üçün deyildi, ona görə də
müəyyən dəyişiklik lazım gəlirdi. Hətta bəzi məqamlarda böyük aktyorlar da
çətinlik çəkirdi.
Bütün bunlara baxmayaraq Rasim həmişə deyirdi
ki, peşəkar olsalar da, onları müəyyən qədər
dəyişmək lazımdır ki, uşaqlarla
uyğunlaşa bilsinlər. Çünki,
uşaqlarla işləyəndə hansısa pafos, yüksək
göstəricilərə ehtiyac qalmırdı. Əslində uşaqlarla işləmək özü
peşəkarlıq tələb edirdi".
“Rasim Leyla Bədirbəyliyə nənə
rolunu təklif etməkdən çox qorxurdu”
Nadejda İsmayılova:
“Azərbaycan film sənətinin qəhrəmanı Leyla Bədirbəyli
nənə obrazını yaratdı. Mən onu
çox sevirdim və bilirdim ki, Rasim onu filmdə çəkməyi
çox istəyir. Amma bir çox filmlərin
baş qəhrəmanı olmuşdu deyə, Rasim nənə
rolunu ona təklif etməyə dəhşətli dərəcədə
çəkinirdi. Leyla xanım yaşlansa
da, çox gözəl idi. Ona kiçik rol
üçün təklif vermək bir az
çətin idi. Çünki, o ”Fətəli
Xan", “Arşın mal alan” kimi Azərbaycan filminin incilərində
rol alıb. O möhtəşəm insan idi. Ssenarini
oxudu və razılşadı. Rasim onu əmin
etdi ki, bu filmdəki nənə ənənəvi Azərbaycan
nənəsi olmayacaq. Yəni tamaşaçılar uzun ətəkdə,
başı bağlı, saçı ağ
olan nənə görməyəcəklər. Leyla
xanımın yaratdacağı nənə obrazı müasir
nənələrdən idi, hansı ki, o kosmetikadan da istifadə
edə bilirdi, başı açıq da gəzirdi və s.
Onu da deyim uşaqlar Leyla xanımı çox sevirdi və
ona çox inanırdı. Aktrisa da öz növbəsində
uşaqlarla çox səmimi idi. Ən
çox Hökümə onu sevirdi".
Ssenarist
deyir ki, rejissor kinostudiyanı uşaqlar üçün
düzəltmişdi: “Orda çox sayda oyuncaqlar, eyni zamanda o
vaxt uşaqların çox sevdiyi ”Karloson"
vardı. Filmdən sonra Rasim Höküməyə
Karlosunun oyuncağını hədiyyə etmişdi. Bu hədiyyədən o çox sevinmişdi. Hökümə hazırda BP şirkətində
maliyyə sektorunda çalışır. O sonralar
deyirdi ki, valideynlərimizin bizi sevməsi
anlaşılandır. Amma mən anladım ki,
eyni zamanda Rasim əmi də məni çox sevir.
Çünki Rasim uşaqların özünü rahat hiss etməsi
üçün hər şey edirdi. Çəkilişdən
əvvəl Hökümə mütləq Rasimin
qucağında olurdu. Əksi
qeyri-mümkün idi".
Ruhəngiz Qasımova filmin
musiqili obrazını yazmışdı
Nadejda İsmayılova:
“Demək olar ki, çəkilişlərin əksəriyyətində
olmuşdum. Filmin çəkilişləri əsasən
yay fəslində baş tutdu. Ilin əvvəlində
başladıq, sonunda artıq hər şey hazır oldu, bir
ildən az çəkdi. Film
çox uğurlu alındı. Insanlar hələ
də efirdə ona maraqla baxırlar.
Hələ
2 il əvvəl Cəmil Quliyev Azərbaycan
Film Fondun rəhbəri olanda film texniki cəhətdən yeniləndi.
Bu ekran əsərilə neçə-neçə
nəsillər böyüyüb.
Avtobioqrafik film olsa da, Rasim həmişə deyirdi ki,
yaxşı bir işin ərsəyə gəlməsi
üçün professionallarla çalışmaq
lazımdır. Komanda yaxşı olduğu
üçün hər şey uğurlu alındı. O
həmçinin filmin bəstəkarı Ruhəngiz
Qasımovadan çox razı idi. Ruhəngiz
xanım hətta bir neçə epizodda da çəkilmişdi.
Onlar dostluq münasibətində idi. Ruhəngiz Rasimin nə istədiyini bilirdi və demək
olar ki, filmin musiqili obrazını yazdı. O uşaq
hisslərini, həyəcanını yaxşı duyurdu deyə,
bu film üçün çox yaxşı bəstələr
etmişdi.
Trolleybusdakı çəkilişlər çətin
olsa da, maraqlı idi. Rasim fantaziyalı insan idi. Oradakı quruluş onun ideyası idi. Mövzu onun üçün doğma olduğu
üçün hər şey onun istəyi kimi reallaşırdı.
O həm opreator, həm recissor kimi çox qabiliyyətli
idi".
“Ata, uşağın əlindən
belə də tutmaq olar?”
Nadejda İsmayılova:
“Rasim ana rolunda çəkilən Şüküfə
Yusupovanı öz anasına oxşadırdı. Onda anasına xas olan müdriklik, gözəllik,
emosianallığı görür və hiss edirdi. O eyni
zamanda heyvanları çox sevirdi.
Ata rolunda oynayan Məmməd Məmmədov aktirsa Şəfiqə
Məmmədovanın qardaşı idi. O talantlı insan olsa da,
obrazı Rasimin istədiyi kimi yaratmamışdı. Məmməd şən idi, Rasimin öz atası isə
çox ciddi, alicənab. Bu obrazı
öz atasının timsalında gördüyündən,
alınan nəticə onu qane etmədi. Məmməd
sadə insan idi, uşaqları da çox sevirdi.
Rasimin təsəvvür etdiyi ata tipi olmasa da, təqdirlayiq
obraz yaratmışdı. Məmməddə
uşaqlara xas xüsusiyyətlər daha çox idi. Nahar fasiləsində uşaqlar ona nəsə
aldırırdı. Məsələn,
onlar ən çox dondurma xoşlayırdılar. Hər şey hazır olana qədər onlar istədiklərini
elətdirirdilər. Bir gün Asif rolunda oynayan Emil Məmmədə
dedi ki, ehh ata, əvvəl uşaqları yedizdirmək
lazımdır ki, sonra özün yeyəsən. Uşağın bu sözünə çəkiliş
qrupu çox gülmüşdü.
Deməli, atanın uşaqlarla küçədən
keçdiyi kadrlar çəkilirdi. Birdən Ramin (Vasif) Məmmədə
dedi ki, uşağın əlindən belə də tutmaq olar?
Kiçik uşaq Məmmədə əldən
necə tutmaq lazım olduğunu öyrədirdi. Məmmədin uşağı yox idi deyə, bu sahədə
təcrübəsi də yox idi. O zaman da çox
gülümüşdük".
Azadlıq.- 2015.-
19 yanvar.- S.14.