Dünya İqtisadi Forumunda Azərbaycan
beynəlxalq aləmin diqqət mərkəzində
oldu
Dünyanın
biznes və siyasət liderləri bu il də ənənəvi
olaraq İsveçrənin Davos kurort şəhərində
keçirilən beynəlxalq iqtisadi forumda bir araya gəldilər.
Sayca 45-ci olan forumda 140 ölkədən
2 min 500-ə yaxın nümayəndə iştirak edirdi.
Onların arasında ölkə prezidentləri, hökumət
rəhbərləri, beynəlxalq təşkilat
başçıları, QHT nümayəndələri,
iqtisadi ekspertlər və tanınmış ictimai-siyasi xadimlər
də var idi.
Məlum olduğu kimi, 2008-ci ildən
etibarən Davosda başlıca olaraq dünya maliyyə
sistemindəki böhrandan
çıxış yollarını axtarmaq
barədə müzakirələr aparılır. “Yeni qlobal kontekst” adlandırılan yubiley
forumunun iştirakçıları inkişaf və stabillik, böhranlar və onların aradan
qaldırılması üçün əməkdaşlıq,
cəmiyyət və təhlükəsizlik, innovasiyalar
və sənaye məsələləri ətrafında fikir mübadiləsi aparmışlar. Siyasi liderlər və aparıcı biznes rəhbərləri dünyanın ən
kəskin problemlərini, əsas geosiyasi
çağırışlar ətrafında ciddi
fikir mübadiləsi etmişlər. Forumun proqramına bu ilin əsas hadisələrinə həsr edilən
debatlar, tədbirin bir
gününün həsr edildiyi
qlobal enerji gündəliyinin
məsələləri də daxil edilmişdi.
Dünya İqtisadi Forumunda Azərbaycan həmişə dövlət
başçısı səviyyəsində təmsil olunur. 45-ci forum da Prezident İlham
Əliyevin çoxsaylı təmaslar və forumdaxili
sessiyalarda iştirakı ilə yaddaqalan olmuşdur.
Dövlətimizin başçısı gündəlikdə olan
bəzi məsələlərin müzakirəsinə
qatılmışdır.
“Dünya
iqtisadi liderlərinin qeyri-formal
toplantısı: Enerji geosiyasəti
üzrə yeni qlobal kontekst”, “Zorakı ekstremizmin
öhdəsindən gəlinməsi”, “Regionların
transformasiyası: Avrasiya”
mövzularında olan sessiyalarda
Azərbaycanın energetika sahəsində
qazandığı nailiyyətlər, enerji
sektorunda əldə olunan
gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə
uğurla yönəldilməsi, ölkəmizin
qlobal enerji layihələrində
fəal iştirakı, Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında Azərbaycanın önəmli rolu, “Cənub” qaz dəhlizi
layihəsinin əhəmiyyətindən
danışmışdır.
Davosda, həmçinin “Bakı-2015" ilk Avropa Oyunlarının
təqdimatı olmuşdur. Mərasimdə
Azərbaycan Prezidenti
İlham Əliyev iştirak
etmişdir. Məlum olduğu
kimi, bu il Bakıda ilk Avropa Oyunları keçiriləcək. Bu əhəmiyyətli
tədbirlə əlaqədar ciddi
hazırlıq işləri aparılır. İlk
Avropa Oyunları ilə əlaqədar həm
Sürix, həm də Davos
şəhərlərinin müxtəlif yerlərində oyunlara həsr olunan reklam lövhələri vurulmuşdu.
Bu da Davos
İqtisadi Forumunda iştirak edən nümayəndələrdə
ölkəmiz və onun zəngin mədəniyyəti,
idman ənənələri barədə geniş təsəvvür yaratmağa
imkan verirdi.
Heydər
Əliyev Fondunun təşkilatçılığı
və dəstəyi ilə keçirilən təqdimat mərasiminə
İsveçrənin ictimai-siyasi dairələrinin,
beynəlxalq idman ictimaiyyətinin nümayəndələri,
Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri
qatılmışdılar.
Foruma qatılan nümayəndələr ilk Avropa Oyunlarının
həyəcanını sənətin dili
ilə dolğun əks etdirən sərgini
böyük maraqla izləmişlər.
Qonaqlara Heydər Əliyev Fondunun
Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci
Avropa Oyunlarına həsr olunan
bukletləri təqdim edilmişdir.
Mərasimdə
çıxış edən Azərbaycan Prezidenti
İlham Əliyev demişdir
ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsinə
beş aydan az vaxt qalır. Digər
qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt təşkil olunmamışdır.
Dövlətimizin başçısı bu oyunları Azərbaycanda
keçirmək qərarına görə Avropa
Olimpiya ailəsinə minnətdarlığını bildirmişdir.
Qeyd olunmuşdur ki, Avropa Oyunları
qış Olimpiya Oyunlarından daha böyükdür. Bu böyük tədbirə
hazırlıq üçün cəmi iki il yarım
vaxtımız var idi.
Bakıda keçiriləcək
ilk Avropa
Oyunlarında iyirmi
idman növü
üzrə yarışacaq 6 mindən artıq atletin
gəlməsi gözlənilir. Həmin idman
növlərindən 16-sı Olimpiya idman növüdür. İki il yarım, təbii
ki, çox məhdud vaxt çərçivəsidir. Lakin Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat
Komitəsi çox ciddi
fəaliyyət göstərir. Ölkəmizin
başçısı diqqətə
çatdırmışdır ki, biz güclü tərəfdaşlıq
qurmuşuq və bu gün oyunları mümkün
qədər ən yüksək səviyyədə təşkil
etmək məqsədilə 40-dan artıq ölkənin
nümayəndələrinin çalışdığı
beynəlxalq komandamız var.
Respublikamızın rəhbəri bildirmişdir
ki, ilk Avropa
Oyunlarının Bakıda keçirilməsi haqqında qərarın
qəbul edilməsi təsadüfi deyildir.
Bunun əsas səbəblərindən biri də atletlərimizin nailiyyətləri ilə
bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində
özünü həm də idman ənənələri ilə seçilən
ölkə kimi tanıdıb. Sonuncu London Olimpiya Oyunlarındakı iştirakımız
ölkəmiz üçün çox vacib olub. On medal
qazandıq, onlardan ikisi
qızıldır. Biz dünya
ölkələri arasında 30-cu, Avropa
ölkələri arasında isə 15-ci olduq.
Azərbaycan Prezidenti ilk Avropa Oyunlarını yüksək dəyərləndirərək
demişdir ki, idman Yer üzünün
insanlarını birləşdirir. Olimpiya
Oyunları zamanı bütün
müharibələr dayandırılmalıdır. Bir-biri ilə müharibə şəraitində
olan ölkələrin
idmançıları yarışlar zamanı ədalətli
şəkildə mübarizə aparırlar, əllərini
sıxır və qalib gələni təbrik
edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını
və bütün dünya
xalqlarını birləşdirən nadir
fürsətdir.
Sonra mərasim iştirakçıları
“Bakı-2015"-ə həsr olunan filmə
baxmışlar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri
və digər tədbirlər barədə geniş
məlumat verilmişdir.
Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində
keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda
sessiyasındakı çıxışı böyük
maraqla qarşılanmışdır.
Dövlətimizin başçısı diqqətə
çatdırmışdır ki, Azərbaycan
transformasiyadan çox
narahatdır. Ölkə başçısı bu barədə məlumat verərkən bir az keçmişi,
1991-ci ili - müstəqilliyimizin ilk illərini xatırlatmışdır: “Biz o zaman
müstəqil dövlət qurmaq öhdəliyi
götürmüşdük. Eyni zamanda, bazar
iqtisadiyyatı prinsipləri əsasında modern
iqtisadiyyat qurmalı idik.
Transformasiya bizim üçün siyasi sistemin transformasiyası idi,
çünki müstəqillikdən əvvəl
bizdə belə bir imkan
yox idi. Həmçinin
planlı iqtisadiyyatdan bazar
iqtisadiyyatına keçid olmalı idi. Mən belə hesab edirəm ki, 23 illik müstəqillik dövrü
açıq qapı siyasətini yürüdən, sərmayələri
cəlb edən və bugünkü əsas
çağırışları aradan
qaldıran ölkənin əldə etdiyi
nailiyyətləri baxımından çox
maraqlı dövr hesab
edilə bilər”.
Hazırda Azərbaycan
iqtisadiyyatının 85 faizini özəl sektor formalaşdırır. Eyni
zamanda, iqtisadiyyatın şaxələndirilməsi
siyasəti də uğurla həyata keçirilir. Məhz bunun
nəticəsidir ki, neft
qiymətlərindən asılılığımız
get-gedə azalır. Bu gün
respublikamızın iqtisadiyyatının böyük
bir hissəsi qeyri-enerji
sektoru tərəfindən təmin edilir. Həmçinin əsas
beynəlxalq maliyyə təsisatlarının, xüsusən də
Avropa Yenidənqurma və İnkişaf
Bankı və digərlərinin yardımı ilə çox sayda böyük infrastruktur
layihələrinin həyata keçirilməsi istiqamətində
mühüm işlər görülüb.
Dövlətimizin başçısı qeyd
etmişdir ki,
hazırda Azərbaycan artıq donor ölkəyə çevrilib.
Biz artıq özümüz
Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq
maliyyə təsisatları vasitəsilə bəzi layihələri
maliyyələşdiririk.
Azərbaycan Prezidenti diqqətə
çatdırmışdır ki, enerji resurslarımız regionda
mühüm rol oynayır.
Bu yaxınlarda digər yeni
nəhəng meqalayihəyə
başlanılmışdır. Bu, “Cənub”
qaz dəhlizi adlanır. Bu
layihə vasitəsilə qaz Azərbaycandan
Avropaya nəql ediləcək. Prezident bunun Avropanın
ən iri infrastruktur
layihələrindən biri
olacağını bildirmişdir. “Cənub”
qaz dəhlizi layihəsi artıq həyata
keçirilən layihədir. Dövlətimizin apardığı bu
siyasət hər kəsin - hasilatçı, tranzit
və istehlakçı ölkələrin bizim
imkanlarımızdan bəhrələnməsinə yönəlib.
Azərbaycan Prezidenti Ermənistanın
işğalçılıq siyasətini hələ də davam etdirdiyini tədbir
iştirakçılarının diqqətinə
çatdıraraq demişdir ki, biz 20 ildən
artıqdır Ermənistanın işğalından əziyyət
çəkirik. İyirmi ildən çoxdur ki, aparılan
danışıqlar hər hansı nəticə verməyib. Dövlətimizin başçısı xüsusi vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, eləcə də keçmiş sovet məkanındakı və ümumiyyətlə,
dünyadakı bütün münaqişələrə
eyni prizmadan
baxılmalıdır, eyni yanaşma,
eləcə də eyni beynəlxalq hüquq normaları tətbiq edilməlidir.
Əgər hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər
münaqişələrə fürsət yaranır. Prezident
vurğulamışdır ki, əgər siz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və
prinsipləri əsasında həll etməsəniz, bu kimi halları
dünyanın digər yerlərində də görməyə
hazır olun. Beynəlxalq hüquq normaları bəzi ölkələrin
maraqlarına uyğun olaraq
interpretasiya edilməli deyil.
Onlar yazıldığı kimi interpretasiya edilməlidir.
BMT-nin Nizamnaməsində, ATƏT-in və
digər beynəlxalq təşkilatların sənədlərində
beynəlxalq hüquq normalarının prioritet xarakteri barədə
çox aydın şəkildə təriflər
verilib. Onların hamısına hörmətlə
yanaşmaq lazımdır. Belə olan halda, biz
ikili standartlardan
sığortalana bilərik və daha vacibi isə bu, regionumuzda yeni
münaqişələrin yaranması riskini
azaldacağıq.
Sessiyada Avropa
Komissiyasının sabiq sədri Joze Manuel Barrozu
və digər çıxış edənlər də Azərbaycanın
müstəqillik dövründə uğurlu
inkişaf yolu keçdiyini, ölkəmizin
qazandığı nailiyyətlərin nümunə xarakteri daşıdığını
bildirmişlər.
“Zorakı
ekstremizmin öhdəsindən gəlinməsi”
mövzusunda sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev
beynəlxalq aləmdə təzahür edən terror halları, terrorizmin
müxtəlif təzahürləri ilə mübarizədə
Azərbaycanın üzləşdiyi problemlər, Ermənistan
tərəfindən müxtəlif dövrlərdə ölkəmizə
qarşı həyata keçirilən terror
aktları, Azərbaycanın terrorizmə qarşı beynəlxalq
mübarizədə fəal iştirakı və antiterror koalisiyasının fəal üzvlərindən
olması limi
mühüm faktları sessiya
iştirakçılarının diqqətinə
çatdırmışdır. Dövlətimizin
başçısı çıxışında beynəlxalq
aləmdə təzahür edən terror
hallarına toxunmuşdur. Terrorizmin
müxtəlif təzahürləri ilə mübarizədə
Azərbaycanın üzləşdiyi problemlərdən
danışmışdır. Ermənistan tərəfindən
müxtəlif dövrlərdə ölkəmizə
qarşı 30-dan çox terror
aktının həyata keçirildiyini, nəticədə
2000-dən artıq soydaşımızın qətlə yetirildiyini deyən Prezident
İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına sədrlik etdiyi dövrdə
müzakirəyə çıxardığı iki məsələdən birinin
terrorizm mövzusuna həsr
olunduğunu vurğulamışdır.
Dövlətimizin başçısı onu
da bildirmişdir ki, Azərbaycan hər zaman
terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və antiterror
koalisiyasının fəal üzvlərindən olub.
45- ci Davos İqtisadi Forumunda Azərbaycan yenə də dünya birliyinin diqqət
mərkəzində oldu. Onu
da qeyd edək ki, bu forumun
böyük əhəmiyyət kəsb
etməsinin əsas səbəblərindən biri də orada
dünyanın bütün iqtisadi və siyasi
elitasının iştirak etməsidir. Belə bir nüfuzlu
tədbirdə iştirak etmək, ilboyu baş verə biləcək
risklərin mövcudluğunu və
onların neytrallaşdırılmasını dəqiqləşdirmək,
həmin ilin Azərbaycanda siyasi,
eyni zamanda iqtisadi xəttin hansı formada
gerçəkləşdirilməsi baxımından olduqca faydalıdır.
Ümumiyyətlə,
45-ci Davos Forumunda Azərbaycan
Prezidenti çoxsaylı görüşlər
keçirmiş, ölkəmizin
qazandığı uğurlardan
danışılmış, ikitərəfli əlaqələrin
inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi
əsas müzakirə mövzusu olmuşdur.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2015.- 31 yanvar.- S.3.
©