Tabutuna
sığışmayan kəşfiyyatçı…
Talış kəndində
şəhid olan Dilsuz
Bu il aprelin ilk gecələri...
Gör neçə ailəyə kədər, qəm qüssə
və qürur gətirdi. 4 gecə
dünyanın gözləri Azərbaycana dikildi, 4 gecə 7-dən-77-yə
hər kəsin qulağı səsdə oldu, qəlbi nigaran
döyündü. Dünyanın hər yerində
yaşayan azərbaycanlılar, azərbaycansevənlər
diplomatik korpuslarımızın qarşısına gəlib,
CAN Azərbaycanın müqəddəs döyüşlərində
iştirak etmək arzusunda olduqlarını bildirdilər.
Tarixi torpaqlarımızda səngər quran ermənilər
o gecə bir daha atəşkəsi pozaraq, guya əsgərlərimizi
qorxutmaq istədilər. Vətəni azad etmək arzusunda alışıb-yanan
igid əsgərlərimizin tükənmiş səbrini daha
kimsə basa bilmədi. Milli Ordunun sərkərdəsi
general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə
hesablanmış taktika ilə hücuma keçən əsgərlərimiz
bizə QƏLƏBƏ sevincini yaşatdılar. 4 günün içərisində düşmən
tapdağı altında olan torpaqlarımızın kiçik
bir hissəsini erməni qəsbkarlarından təmizlədilər.
Döyüşlərdə itki də olur, şəhid də.
Bu QALİBİYYƏT döyüşlərində
Vətənimizin itkiləri də oldu. Son hərbi əməlliyyatlarda
şəhid olmuş kəşfiyyatçımız haqda
yazını təqdim edirik .
Bir bəxti kəm ana..
Bayraqlara bükülmüş tabutları analar,
bacılar harayla, göz yaşı ilə qarşılayar. Bu həmişə
belə olub. Aprel şəhidlərimizdən
biri də 26 yaşlı Dilsuz Qarayev idi. O, Ağcabədi
rayonunun Hindarx qəsəsində ana babasının evində
böyümüşdü. Anası
Cəvahir xanım deyir ki, oğlunu çox əziyyətlə
böyüdüb. Oğlu haqqında soruşanda, əvvəlcə
özünün sınıq taleyindən danışdı:
- Bütün
qızlar kimi ailə həyatı quranda elə bilirdim ki,
xoşbəxt olacam. Gəlin getdiyim evdə
ayımı-günümü qaraya döndərdilər.
Ər evində gördüyüm əzablara tab gətirə
bilmədim. Axırda rəhmətlik atam mənə sahib
çıxdı. İki oğlumu ər evində qoydum, 40-ı
çıxmamış körpə Dilsuz balamı və əzab-əziyyətdə
yanmış canımı götürüb ata evinə
qayıtdım. Çətin zamanlar idi. Müharibə başladı. Atamın
7 övladı var idi. Ailəmizə aid
olan torpaq sahəsində əkin-biçin işlərində
atama kömək etdim ki, ailəyə yük olmayım. Atamın, qardaşlarımın köməyi ilə
balamı böyütdük. Oğlum həm
ailəmizin, həm kəndimizin əziz-xələfi oldu.
Abrı-həyası, davranışı ilə
hamıya nümunə idi. Əsgərliyə
gedib qayıdandan sonra, atasınnı evində qalan 2
qardaşı ilə də mütəmadi görüşməyə
başladı. Böyük oğlan idi,
artıq öz yolunu müəyyən edə bilirdi. Onu böyüdənə qədər kimsəyə
boyun əymədim. Ər evim kəndimizin
o biri başında olsa da, o qapıdan çıxandan sonra,
bir də yolumu onlar tərəfdən salmadım. Gördüklərim, çəkdiklərim mənə
bəs edirdi. Yaman günlərim
ötdü getdi. Oğlumla bəxtəvər
idik. Balama 2013-cü ilin aprelin 17-də toy
çaldırdıq. Toyunun xərc-xəracını
da özü çəkmişdi.
Danışdıqca yanır, odlanır Cəvahir
bacı. Heç sakitləşdirmək də olmur. Deyir Allahın altında kar, kor olaydı,
balasını tabutda görməyəydi, bu xəbəri eşitməyəydi. Nə qədər toxtaqlıq versələr
də, sakitləşmir...
- Məni
yaxşı başa düşün, onu zəhmətlə
böyütmüşəm. O biri iki oğluma oğul deməyə
qoymayıblar. Heç indən sonra da deməyəcəm.
Onlar mənim qardaşlarımdırlar daha.
Mənim balam Dilsuz idi. Dilimi
ağzımda yandırdı.
“Ala gözlüm səndən
ayrı gecələr...”
İgid Vətən
oğlu Dilsuz Qarayev 7 il idi ki, hərbi hissədə
qulluq edirdi. Kəşfiyyatçı
olduğundan sirrindən-sözündən, hara gedib-gəlməsindən
kimsənin xəbəri yox idi. Lakin haraya
getsə, hansı təlimdə olsa, hansı
tapşırığı yerinə yetirsə də, evinə
salamat qayıdardı.
Xanımı Röya deyir ki, hərdən çəkmələri
ya da ki, paltarları palçıqlı olurdu. İki il
idi ki, Sumqayıtda 47-ci məhəllədə ev də
almışdılar. Dilsuz anası ilə həyat
yoldaşını da aparıb təzə evində şad-xürrəm,
xoşbəxt arzularla yaşayırdı.
Qəlbinin ilk ovu Röyanı yamanca sevirdi. Röya...
baxışında-duruşunda bir maral hürkəkliyi var. O qədər gözəl, o qədər
pakizə bir gəlindir ki, ağzını açıb
danışanda elə bil ki, bir bulaqdan sakit sular axır. Nə
xoşbəxtdir o ocaq ki, belə gəlini var. Lakin...
Toy şamı
sonacan yanmayan gəlin,
Əlinin hənası solmayan gəlin,
İndi o gəlini görməyə
gəlin,
Onun taleyində yandı o gecə.
Xonçalar yol açdı qəbristanlığa,
Ağlamaq öyrətdik
yanan şamlara.
“Şəhid” adı verdik o qurbanlara,
Tufandı o gecə, qandı
o gecə
(Aida Eyvazlı HÜRUFİ)
Qara
örpəkli gəlin Röyadan Dilsuzla necə tanış
olduqlarını soruşdum. Utana-utana bir mənə baxdı,
bir otaqda oturan qohumlarına... Sonra cingiltilivə həyalı
bir səslə dilləndi:
- Əsgər getməzdən bir gün qabaq 2 yanvar
2009-cu ildə Sərdar baba ilə bizə gəldilər. Həmin gecə
evlərinə qayıdandan sonra mənə telefonla mesaj
yazdı ki, əsgərlikdən gələnə kimi onu
gözləyim. Gözlədim. Gəldi... 2013-cü
ilin aprel ayının 17-də toyumuz oldu. Çox xöşbəxt
yaşayırdıq. Heç yerə tək
getmirdim. Onun işdən gəlməyini
gözləyirdim ki, bazarlığa birlikdə gedək. Hərdən narahat olurdum ki, bizim
uşağımız yoxdur. Deyirdi ki, “sən elə mənim
uşağımsan...”. Heç
vaxt bu haqda mənə bir kəlmə də incik söz demədi.
Sonuncu dəfə 27 martda zəng vurdu ki,
“hazırlaş gəlib səni gəzməyə aparacam”.
Günorta gəldi. Günün
ikinci yarısı apardı məni Bakıda Dənizkənarı
bulvarda xeyli gəzdik, dolandıq,
gülüb-danışdıq. İndi
fikirləşirəm ki, ayrılığı gözünə
alaraq, gümanlar içərisində məni gəzməyə
aparıb. Mənimlə gülə-gülə
danışırdı, ürəyində isə bəlkə
də ayrılıq xiffəti çəkirmiş.
Tez-tez onunla Şəhidlər Xiyababnına baş
çəkərdik. Orada uyuyan cavanların şəklini
başdaşında görəndə həmişə məni
ağlamaq tutardı. Dilsuz deyirdi ki,
“ağlama, şəhidflik böyük şərəfdir.
Şəhidlər üçün
ağlamazlar”. Elə bil ürəyinə
dammışdı. Bu il mart
bayramlarının hamısında məni gəzməyə
apardı. Ancaq şirin xatirələri qalıb
indi.
28 martda
gedəndə dedi ki, aprelin 4-ü qayıdacaq. Hələ cəbhə
bölgəsində narahatçılıq olanda da telefonıa zəng
edib, deyirdi ki, narahat olmayaq.
Aprelin 1,
2, 3-də onunla əlaqə saxladıq. Lakin
aprelin 3-ü axşam saat 6-da həlak olub. Həmişə düşmən qabağına
gedib, uğurlu əməliyyatlar keçirib. Onun nə qədər fəxri fərmanları,
medalları var. Təlim
keçdikləri hərbi hissəyə ali
qonaqlar gələndə onları həmişə on
sıraya düzərdilər. Bütün
döyüşlərdə, əməliyyatlarda fərqlənirdi.
Bu yaxınlarda da
Müdafiə Nazirliyindən mükafat olaraq bizə
böyük televizor hədiyyə etdilər. Bir ay bundan əvvəl
isə Müdafiə Nazirliyi hərbi hissə daxilində bizə
xidməti ev də vermişdi. Guya ki, mart ayının 28-də oraya köçəcəkdik.
O isə həmin gün təlimə getmək adı ilə
bizdən ayrıldı...
Röya ilə Dilsuzun toy şəkillərinə
baxıram. Bərli-bəzəkli
Röyanın xoşbəxt günündən yadigar şəkillər...
Və diqqətimi
şəkillərdən ayırıb, indi büründüyü qara örpəklə
müqayisə etmək istəyirəm. O bəyaz
paltarlardakı şəklində gözləri nə qədər
sevinclidirsə, indiki qara örpəkli durumunda, o məsum çöhrəsində
bir o qədər kədər var... Mən uşaq
olanda anam deyərdi ki,
iki sevgili bir-birini çox sevəndə, Tanrı
onları tez ayırır.
Cəvahir ananın ah-naləsi adamın ürəyini
dağlayır, onu incitməmək üçün söhbətimi
tez yekunlaşdırmaq istəyirəm. Halallaşıb
həyətdəki kişilərin yanına gedirəm.
Qulaqlarımda isə
Cəvahir ananın naləsi var: “Məni
dağlara, daşlara salan balam” -deyib, yalquzaq kimi ulayır...
“Balamın gəzdiyi yerlərə qaçacam..., o
torpağa tapşırmışam balamı, bəlkə nəfəs
verə, oyadıb gətirəcək. Torpaq etibarsız olmur axı...”.
...Böyük
oğlu Pərviz Qarayev də indi anasının yanından əl
çəkmir. İstəyir ki, anası
başını onun çiyninə qoysun. Bir azca yanan ürəyinə su çiləyə
bilsin. Qardaşlar daha çox qardaş
paylarını itirəndə arxasız olurlar. Pərviz
deyir ki, ondan kiçik olsa da hamısı ona güvənirmiş:
“Bir tikəsini tək yemirdi. 5 yaşlı oğlum Nəbi onun yolunu elə həvəslə gözləyirdi ki... Bimirəm, necə aldadım indi uşağı...”.
Mərd
babanın igid nəvəsi
Anası Cəvahirin dayısı Abbas Rüstəmovun söhbətlərindən məlum oldu ki, Ağcabədinin Hindarx kəndinin 10 min əhalisi var. Bundan əvvəlki döyüşlərdə 20 şəhid verib o kənd. O şəhidlərdən 13-nün tabutu bir gecədə gətirilib kəndə. Bu hadisələr müharibənin əvvəllərində olub. İgidlik və qəhrəmanlıqla şəhid olanlar arasında Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılov və cəbhədə şücaət göstərən Qaraş Əliyev də var. Qaraş Əliyevlə Dilsuz Qarayev xalaoğludurlar. İndi Hindarx kəndindəki 3 nömrəli orta məktəb də Qaraş Əliyein adını daşıyır.
26 yaşlı kəşfiyyatçı Dilsuz Qarayev də son döyüşlərimizdə qəhrəmanlıq göstərib, Tərtərin Talış kəndində rekaşet atəşə tuş gəlib.
Abbas kişinin dedikləri:
“Son nəfəsinə qədər düşmənin bir neçəsini cəhənnəmə vasil edə bilib. Kəndimiz, elimiz-obamız, ailəsi üçün böyük itkidir”.
Abbas kişi onu da əlavə etdi ki, Dilsuzun ana babası Sərhəd Hacıyev çox igid və mərd kişi idi.
“Bizim kənd, el-oba boyda hörməti var idi. Bu
uşağı da babası tərbiyə etmişdi. Onu özü kimi böyütmüşdü.
Ötən il sentyabrın 27-də
dünyasını dəyişdi. Yaxşı
ki, nəvəsinin tabutunu görmədi”.
Bayraqları bayraq edən
üstündəki qandır!
Adətən cəbhədən gələn tabutları
açmırlar. Görənlər deyirlər ki, Dilsuz Qarayevi tabuta qoyanda enli
kürəkli, pəhləvan cüssəli bu igid tabuta
sığmayıb, onun üçün daha böyük tabut hazırlayıblar. Babasının həyətindəki
vida mərasimində minlərlə adam
iştirak edib. Ağcabədi və ətraf
rayonlardan dəstə-dəstə qəhrəmanın
sorağını alıb gələnlər üçrəngli
zəfər bayrağımızı əllərində
tutaraq, onu son mənzilə ehtiramla yola salıblar.
Hindraxdakı Şəhidlər Xiyabanına gətiriblər. Yaylım atəşi
açılandan sonra, “Torpaq Dilsuz əmanətin”, “Etibar,
Qaraş, gözünüz aydın, Dilsuz hüzurunuza qələbə
çələngi ilə gəldi”, deyə onu o dümyaya
uğurlayıblar.
Vətən
uğrunda haqq savaşında həlak olan qəhrəman həmyerlimizin
evini tərk edəndə həyətdə oynayan bir dəstə
uşaq diqqətimi cəlb etdi. Yaxınlaşıb
onlardan Dilsuzu necə xatırladıqlarını soruşdum. Dedilər ki, onlar da böyüyəndə
Vətənə Dilsuz
kimi xidmət edəcəklər.
Şəhidlərimizin dəfn mərasimində dalğalanan yüzlərlə Azərbaycan bayrağını görəndə insanın ürəyi təlatümə gəlir. Axı o ucada dayanan bayraqları bayraq edən üstündəki qandır! Bu elə bir hissdir ki... O bayrağın həmişə ucalarda olması üçün Azərbaycan xalqı, Azərbaycan igidləri hər zaman canlarından, qanlarından keçməyə hazırdılar. Və inanırıq ki, Vətənimizə uzanan nahaq düşməni çox yaxın vaxtda öz qanlarına boyamağa hələ iradəmiz və gücümüz var. O gün lap yaxındadır. 24-25 il ərzində tökülən hər şəhid qanının, körpə uşaqların, qoca anaların, ataların qisasını qiyamətə qoymarıq. Biz dünyaya bir daha kim olduğumuzu sübut edə bildik. Dünya, bizim savaşımızı uğurla! Haqq savaşımızı!!!
Azadlıq.- 2016.- 21 aprel.- S.12.