Daha deməyin “millətimiz pisdir…”

 

Azərbaycan xalqının vətənpərvərlik fenomeni haqqında

 

Hər təqvim ilinin ilk üç ayında faciəvi günlərimizi – 20 Yanvar, 26 Fevral və 31 Martı ürək ağrısı ilə qeyd edir, ard-arda gələn bu faciələrin ildönümləri sırasında 31 Martın sonuncu olmasını arzulayırdıq… Lakin budur, düşməndən qisas almaqla bu ağrıları qismən də olsa unutduracaq və bizi Qələbəyə aparacaq 2 Aprel! Təqvimdə məhz mart soyqırımından sonra gələn bu tarix hər zaman qisas və zəfər ruhu aşılayan gün kimi qeyd olunacaq!

 

Təqvimin növbəti ayında da onu daha bir əzəmətli gün tamamlayacaq – 28 May! Bunun ardınca isə elə aprel döyüşlərində xalqımızın bütün varlığı ilə arxasında durduğu, dəstək olduğu Azərbaycan Ordusunun yarandığı gün – 26 Iyun gələcək! Təqvimin digər ayları da tariximizə belə əlamətdar günlərlə düşəcək, inşallah!

 

***

 

Doğrudur, aprel hadisələrində onlarla şəhid verildi… Amma əvvəlki faciələrdən fərqli olaraq aprel itkiləri qətliam kimi qəbul edilmədi. Çünki Aprel şəhidləri Qələbəyə aparan yolun ilk cığırını açdılar… Özlərindən sonra təkcə azad etdikləri əraziləri qoymadılar: 20 ildən artıq əsir edilən milli ruhumuzu qaytardılar; ləkələnən şərəfimizi, itirilən özgüvənimizi qaytardılar; təhdidlə üzləşən birliyimizi, bərabərliyimizi, gələcəyimizi qaytardılar; Azərbaycan Ordusunun nüfuzunu qaytardılar və onu yenidən güvənc yerinə çevirdilər…

İndən belə özgələr qarşısında başıaşağı olmayacağıq; tənə ilə deməyəcəklər ki, azərbaycanlılar torpaqları uğrunda döyüşmək istəmir və ya bunu bacarmırlar… Daha özümüz də deməyəcəyik ki, “millətimiz pisdir”?!

İndiyə qədər bu millətə nə qədər haqsızlıq edildi! Hər yerindən duran onu aşağıladı, bilərək, ya bilməyərək onun dəyərlərini gözdən saldı; vətənpərvərlikdə, döyüşkənlikdə hətta miskin ermənidən ibrət götürməyə çağırdılar?! Elə hey bu milləti, xüsusilə gənc nəsli “Qarabağı unutduğuna” görə qınadılar?! Dedilər ki, yeni nəsil Qarabağı heç görməyib, onun uğrunda necə savaşacaq?! “Bu millət düzəlməz”, “bu xalqdan bir şey çıxmaz” deyə, başından yekə danışanlar da vardı… Bunları bilməyərək söyləyənlər, əlbəttə, dar düşüncəli və cahil adamlardır. Bu çirkinliyi bilərəkdən təbliğata çevirənlər isə xain və düşmənlərdir?! Həm içimizdə, həm də çölümüzdə!

Amma aprel döyüşləri bu cəfəngiyatı darmadağın etdi! Kimlər şəhid olmadı, kimlər qəhrəmanlıq göstərmədi?! Hətta 18 yaşlı gənclər! Bəli, bunadək qısır qüvvə kimi aşağılanan yeni nəslin nümayəndələri! Şəhid əsgərlərin döyüş yoluna diqqət etdinizmi? Eləsi var, əsgəri xidmətini başa vurduqdan sonra könüllü şəkildə hərbçi kimi xidmətini davam etdirib! Eləsi var, əsgərlik müddəti bitib, amma döyüş başladığı an könüllü olaraq silahdaşlarının yanında qalıb!

Budur yeni nəsil azərbaycanlılar! Budur vətənpərvər Azərbaycan gəncliyi! Bədxahların dediyinin əksi olaraq, ömründə Qarabağı görməyən, amma Qarabağ yolunda qəhrəmanlıqla şəhid olan gənclər! Bu gənclər 1989-cu ildə “Ilin ən mübariz xalqı” elan olunan Azərbaycan xalqının övladlarıdır… Milli Azadlıq Hərəkatı illərində vətənpərvərlik fenomeni kimi dünyanın diqqətini cəlb edən xalqımız, deməli, sonrakı dövrdə – avtoritar rejim illərində də öz idealından vaz keçməmişdir! Vətənin və milli ruhun azadlığı idealından!

 

***

 

Məlumdur ki, son 23 ildə ölkəmizdə azadlıq və müstəqillik ideyaları mürtəce qüvvələrin hücumuna məruz qalıb. Öncə xalqımızı yerli mənsubiyyətlərə görə region-region bölüb müqavimətini sarsıtmaq istədilər. Sonra etnik, daha sonra məzhəbçi baxışlarla bütövlüyü pozmağa cəhd edənlər də ortaya çıxdı. Amma xalqımız aprel hadisələrində nümayiş etdirdiyi əzmi ilə istər daxildən, istərsə də xaricdən yönələn həmin qüvvələri məyus etdi… Çox ağır və yorucu imtahandan üzüağ çıxan Azərbaycan xalqı bundan belə heç zaman yenilməyəcək!

Aprel şəhidlərinin dəfn mərasimlərində və Orduya dəstək aksiyalarında meydanlara çıxan on minlərlə tələbəni, gənci gördünüzmü? Onların qətiyyəti 1988-89-cu illərin tələbə-gənclər hərəkatını xatırlatdı. Deməli, o şanlı illərdəki milli müqavimət və milli bütövlük bu günədək insanlarımızın içində qorunub saxlanmış ki, yeni nəsil də bunu şərəflə ortaya qoydu!

Aprel şəhidlərinin cənazələrinin Azərbaycanın hər bir bölgəsində torpağa tapşırılmasından da nəticə çıxarmalıyıq. Azərbaycanın işğalda olan-olmayan bütün bölgələri – şəhərləri, rayonları, hətta Gürcüstanda yaşayan soydaşlarımız, qaçqınımız-köçkünümüz də öz “şəhid payını” verdi… Daha bu ölkədə bölücülük bitdi!..

Aprel hadisələri bütün dünyaya bir daha təsdiqlədi ki, Azərbaycan xalqı azadlıqsevər xalqdır, mübarizdir və aciz deyil! Yoxsa, xalqımız Qarabağ naminə özünü fəda edərdimi? Xalqımız Qarabağı işğal edən güclərə sarsıdıcı zərbə vurubsa, deməli, ayaqdadır və mübarizdir!

 

***

 

Daha deməyin, “millətimiz pisdir”?! Əksinə, millətimiz müdrik və böyükdür!

Kiçik olsaydı, əhəmiyyətsiz olsaydı, o zaman əsrlər boyu dünya güclərinin təhdidləri ilə üzləşərdimi? Millətimiz məhz böyük olduğu üçün onun dövlətini, torpaqlarını zaman-zaman bölərək “təhlükəli güc” kimi zəiflətmək istəyiblər… Çünki Azərbaycan beynəlxalq imperializmin yolunda böyük maneədir?! Ona görə də özümüzə dəyər verək, böyüklüyümüzü, gücümüzü görək!..

Diqqət edin, ölkəmizdə bütün sahələrdə hökm sürən korrupsiya, qanunsuzluq və hüquqsuzluğa baxmayaraq, millətimiz öz ali keyfiyyətlərini itirməmişdir. Bu, zənnimizcə, fenomenal hadisədir. Dediyimz kimi, aprel hadisələrində hamı, hətta pozucu hakimiyyət və məlum xarici qüvvələr də Azərbaycanda milli xarakterin ecazkar nümayişini heyrətlə izlədilər…

Doğrudan da Azərbaycanın üçrəngli bayrağı bir daha enməz! Bayrağımız da, himnimiz də güc mənbəyidir! Aprel hadisələrində bütün Azərbaycan nahaqdan üçrəngli bayrağa sarılmadı, sanki xalqımız ona sığındı, ondan güc aldı! Deməli, ötən dövrdə xalqın bayraq sevgisini də öldürə bilməyiblər… Bunu bütün antimilli qüvvələr duysun! Bayrağı bizə əmanət qoyan Cümhuriyyət qurucularına münasibətdə əxlaqsız davrananlar da dərsini götürsün! Elə aprel hadisələri öncəsi Azərbaycan himninə qarşı məlum hücumun arxasında duranlar da nəticə çıxarsın! Aprel aksiyalarında on minlərin qürurla, iftixarla ifa etdiyi himn bədxahların dediyinin (“himnimiz mərsiyə kimi yazılıb”) əksi olaraq, xalqın ruhunu daha da yüksəltdi! Həmin günlərdə bayrağımız da qaraya bürünmədi!

 

***

 

Azərbaycanda hərbi-vətənpərvərlik işinə diqqət yetirilmədiyi şəraitdə xalqımızın, xüsusilə gənclərin fədakarlığına təəccüb etməmək olmur?!

Başı neft milyonlarına qarışmış, dəbdəbəli layihələrə və həyat tərzinə aludə olmuş bir hakimiyyətdən hərbi-vətənpərvərlik işinə diqqət gözləməyinə də dəyməzdi…

Aprel aksiyaları sanki Milli Dirçəliş Hərəkatının, ya da “Meydan hərəkatı”nın yeni dalğasının gəlişindən xəbər verdi. Bəlkə də bu səbəbdən sonda həmin aksiyalar hakimiyyəti narahat etməyə başladı… İyirmi ildir vəzifə kreslosundan “tərpənmək” bilməyən məmurlar milli hisslərin coşmasından xoflanmaya bilməzdi. Onlar hakimiyyətləri dövründə belə xalq çoşqusu ilə qarşılaşmamışdılar… Görünür, sonda müxalifət liderinə qarşı məlum piketlərin təşkilində də məqsəd cəmiyyəti yenidən bölmək, diqqəti milli məsələdən yayındırmaq idi. Halbuki müxalifət də aprel hadisələrində dövlətin və Ordunun yanında oldu!

 

***

 

Bəli, ölkədə ciddi hərbi-vətənpərvərlik işi aparılmadığı şəraitdə, demə, bunun da öhdəsindən xalq özü gəlib… Və biz bunu aprel döyüşlərinin qəhrəmanlarının şəxsiyyətində, hətta onların ailə üzvlərinin, övladlarının dəyanətində gördük.

Dünyada belə bir hadisə olubmu ki, bəy öz toyunda özünə şəhidlik arzu etsin?! Bunu aprel döyüşlərində həlak olan hərbçimiz Pəncəli Teymurov etdi: “Həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin”. Qəhrəmanımız üç il əvvəl baş tutan toy mərasimində bunu dilə gətirib…

Həmin döyüşlərdə şəhid olan digər hərbçimiz Raqub Orucovun 16 yaşlı oğlunun atası ilə qürur duyaraq: “Bu, ucuz ölüm deyil, böyük ölümdür” – dediyi sözlər də heç zaman qulağımızdan çəkilməyəcək…

Hələ aprel döyüşlərinin daha bir qəhrəmanı, pilot Təbriz Musazadənin 7 yaşlı oğlunun şəhid atası ilə vidalaşma səhnəsini demirik; onun da atasının şəkli qarşısında dayanaraq əsgər salamı verməsi gözümüz önündə hər zaman canlanacaq…

Aprel qəhrəmanları əslində bütün Azərbaycan üçün kişilik məktəbi yaratdılar. Bəlkə də o günlər neçə-neçə ailədə gələcəyin hərbçisi yetişdi… Aprel qəhrəmanlarının nümunəsində sanki hamı şəhidlik zirvəsinin nə demək olduğunu duydu və gördü… Heç vaxt Azərbaycanda əsgər cənazələri bu qədər bayraqla, insan seli ilə müşayiət olunmamışdı; şəhid cənazələri alqışlarla qarşılanmamışdı…

 

***

 

Bu millət, bu xalq dünyanın ən gözəlidir; mərd və alicənab!

Nəinki erməni işğalından, hətta ölkəiçi qəsbkar rejimdən əziyyət çəkən xalqımız, buna baxmayaraq, aprel hadisələrində birmənalı şəkildə dövlətin və Ordunun yanında oldu. Halbuki indiyədək bu xalqın nə qədər övladı Ordudakı özbaşınalıq ucbatından ya şikəst edildi, ya da öldürüldü… İndiyədək hakimiyyət bu xalqın ədalət istəyini nəinki görməzdən gəldi, hətta azadfikirli ovladlarına qarşı amansız davrandı. Heç vətəndaşların elementar mülkiyyət hüququ tanınmadı, insanlar evlərindən zorla köçürüldü, yurd-yuvası dağıdıldı. Məmurların illərlə davam edən soyğunçuluğu bir yana, məlum devalvasiyanın – məsuliyyətsiz və cinayətkarcasına idarəçiliyin acısını da yaşadı xalq. Amma bütün bunlara rəğmən, xalq aprel hadisələrində dövlətinin və Ordusunun yanında oldu!

Xalq daxili narazılığı kənara qoyub, öz maddi-mənəvi dərdini də unudub dərhal toparlandı! Xalq indiyədək məmurların öz övladlarını hərbi xidmətdən yayındırmasını da unudub, cəbhəyə könüllü yollanmaq üçün sıraya düzüldü! Hətta indiyədək Qarabağ savaşında qazi olan şəxsləri məmurların “səni Qarabağa mən göndərməmişəm ki…” aşağılaması da unuduldu?!

Elə aprel döyüşlərində şəhid verənlər də haqqı hər addımda tapdanan, aşağılanan, çörəklə imtahana çəkilən sadə ailələr olmadımı? O döyüşlərdə elə əsgərimizi itirdik ki, sağlığında maddi sıxıntılar içində yaşadı… Elə zabitimizi itirdik ki, ailəsinin zəruri ehtiyaclarını vaxtlı-vaxtında ödəyə bilmədi… Amma bu insanların Vətən yolunda fədakarlığına bax! Çətinliklə boya-başa çatdırdığı övladını qurban verib “Vətən sağ olsun” deyən ana-atanın dəyanətinə bax!

İndi hakimiyyət belə xalqın qədrini bundan sonra da bilməyəcəksə, daha deyiləsi söz qalmır?!

 

***

 

Əsgər ölümlərinə etiraz aksiyalarına görə vətəndaşına “antimilli ünsür” deyib, onu qərəzdə, təxribatda ittiham edən hakimiyyət, bir düşün, aprel hadisələrində dövlətin yanında duran kim oldu?! Vətəndaşın öz əsgərinə, Ordusuna ürəyi yanmasaydı, polis dəyənəyinə tuş gəlsə belə, etiraza qalxardımı? Axı, aprel hadisələrində Orduya, Müdafiə Nazirliyinə dəstəyini ifadə edənlər də həmin “antimilli ünsürlər” idi?! Deməli, qərəzdən, təxribatdan söz gedə bilməz!

Bəs, niyə əvvəllər Orduda xidmətdən çəkinən gənclər, indi əsgər olmağa ürəkli görünür?! Halbuki indiyədək hakimiyyət Ordunu da “cəza evinə” çevirmiş, Orduda xidməti qürur duyulacaq yox, müxalif gənclərin sürgün olunacağı yer kimi tanıtmışdı… Amma aprel döyüşlərində Orduya könüllü müraciət edənlər də həmin gənclər oldu! Deməli, xalqın Orduya, dövlətə inamı artdı! Deməli, bu günədək vətəndaşın etibarı qazanılmamışdı… Əlbəttə, bunadək Ordudan yalnız kriminal xəbərlər almağa alışmış və dövlətin bu cinayətlərə biryolluq son qoymaqda acizliyini görən vətəndaş bədbinliyə qapılmaya bilməzdi?! Çünki vətəndaş Ordudakı faciələrin səbəbkarının korrupsioner rejim olduğunu bilirdi…

 

***

 

Ölkədə hərbi-vətənpərvərlik işinə ciddi münasibətə ehtiyac var. Təəssüf, hakimiyyət mediasında hətta aprel döyüşlərilə bağlı təbliğat işi “şəxsiyyətə pərəstiş” üzərində aparılır. Şəhid cənazələrinin soyumadığı günlərdə belə, rəsmi mətbuat prezidentin “bir günün içində dünyanın ən yüksək reytinqli dövlət başçısı səviyyəsinə yüksəldiyinin” sevincini yaşayır?!

Bu gün bütün işlər hərbi-vətənpərvərlik ruhunda köklənməlidir. Bakının küçələrində gözqamaşdıran reklamların yerini Aprel qəhrəmanlarının bədii obrazını əks etdirən tablolar tutmalıdır. Restoranlarda, barlarda ifrat əyləncələrə də ara vermək lazımdır. Toy mərasimlərində hərbi-vətənpərvərlik ruhu aşılayan mahnılara da yer verilməli, canını fəda edən Vətən övladlarının xatirəsi yad edilməlidir. Ən nəhayət, sosial mediada məmur-oliqarx və ya milyonçu uşaqlarının eyş-işrətindən bəhs edən paylaşımlara son qoyulmalıdır. Əks təqdirdə, həmin qudurğanlar ictimaiyyətin sərt mühakiməsinə çıxarılmalıdır. Eyni zamanda, zəngin həyatı ilə gündəmə gələn məmurlar məsuliyyətə cəlb edilməlidir. Bəli, xalqın övladı canını ön cəbhədə fəda etmir ki, kimsə arxa cəbhədə vecsiz məxluq kimi həyat sürsün!

İnanırıq ki, bundan sonra hərbi-vətənpərvərlik işinə ən bəyük töhfə 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününün xüsusi ab-havada qeyd edilməsi olacaq! Çünki, dediyimiz kimi, Aprel qəhrəmanları bütün ölkədə Ordu və Vətən anlayışını yenilədi, eləcə də Şəhid və Qazi ailələrinə münasibəti kökündən dəyişdirdi, bu yöndə cəmiyyəti silkələdi! Bundan belə cəmiyyətimiz 26 iyun tarixini Azərbaycan əsgərinə, Şəhid və Qazi ailələrinə, bütövlükdə Şanlı Azərbaycan Ordusuna minnətdarlıq günü kimi qeyd edəcək!

 

Şövkət Məmməd

 

Azadlıq.- 2016.- 27 aprel.- S.12.