“Ulduz” filminin KADRARXASI
Aktyorlar bir-birinə düşmən
kəsilibmiş
Modern.az saytı
“Kadrarxası” layihəsinin növbəti sayını təqdim
edir. Bu dəfə
“Kadrarxası”nda yarım əsrlik tarixi olan “Ulduz” filmidir.
Həmsöhbətimiz hər kəsdən küskün
olduğunu dilə gətirən, hamının “Nazik” deyə
xatırladığı Məleykə Ağazadədir, “Ulduz”
filmindəki Nazilə. Onunla birlikdə filmin çəkiliş
prosesi, yaddaqalan məqamları, aktyor heyəti və s.dən
söhbət açırıq.
Arayış:
Məleykə Ağazadə 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və
xoreoqrafiya məktəbinə gedib, ayrı-ayrı şəhərlərdə
solist kimi çıxışlar edib. 13
yaşında istedadı və çıxışlarına
görə "Qafqazın müdafiəsinə görə"
medalı ilə təltif olunub. Məktəbi bitirdikdən
sonra Asəf Zeynallı adına musiqi məktəbinin
opera sinfində oxuyub. İstedadlı aktrisa
bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi
fəaliyyət göstərib. 1956-cı ildən
1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a
yaxın tamaşada müxtəlif rollarda
çıxış edərək tamaşaçı rəğbəti
qazanıb, eyni zamanda “Var olun, qızlar”, “Qızmar günəş
altında”, “Onu bağışlamaq olarmı” və s. məşhur
filmlərdə bənzərsiz obrazlar yaradıb. Aktrisaya ən
çox uğur gətirən, onu tamaşaçıya sevdirən
rolu isə məhz “Ulduz”un Naziləsidir.
“Ulduz” filmi 1964-cü ildə bəstəkar Süleyman
Ələsgərovun eyniadlı pyesi əsasında
ekranlaşdırılıb. Böyük
şöhrət qazanmış komediya dəfələrlə
müxtəlif teatr səhnələrində tamaşaya
qoyulub. Təsadüfi deyil ki,
yaratdıqları obrazların öhdəsindən layiqincə
gələn aktyorlar eyniadlı filmin əsas heyətində
yer alıblar. Kinokomediyada iki sevən gəncin
saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən,
kəndin qabaqcıl ziyalılarının elmlə heç
bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə
qarşı apardıqları mübarizədən
danışılır.
Xalq artisti Hacıbaba Bağırovun
canlandırdığı fərsiz alim - Möhsünün
elmi işlə bağlı apardığı təcrübə
zamanı yaşanan macəra isə filmin əsas süjet xəttini
təşkil edir.
1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz”
musiqili kinokomediyasına ilk baxış keçirilib.
Tamaşaçılar rejissor Ağarza Quliyevin quruluş
verdiyi bu filmdə bir daha məşhur aktyorlar - Bəşir Səfəroğlu,
Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş
Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və
digər sənətkarların istedadlarının
nümayişinə şahidlik etdilər.
“Ulduz” filmi gülüş yaradan ekran əsəridir. Filmin
gücü burada təsvir edilən hadisələrdə deyil,
qabarıq planda aktyorun görünməsidir. Əsası odur ki, aktyorlar gülüş yaratmaq
imkanları ilə bir-birini tamamlayırlar.
Hadisələrin gedişindən məlum olur ki,
Möhsün Ulduzu sevir, lakin sevgisini qıza izhar edə bilmir. Baxmayaraq ki, o,
yaltaqdır, ikiüzlüdür, bu adamda utancaqlıq hissi də
yox deyil, ona görə də ürəyindən keçənləri
açıb Ulduza deyə bilmir, Yalnız Ulduzun xəyalları
ilə yaşayır.
Məhəmməd
qıza deyəndə ki, “Ulduz xanım, Möhsünün sizə
iki kəlmə sözü var”, bu vaxt Möhsün həyadan
və həyəcandan özünə yer tapa bilmir, ancaq bunu
deyə bilir ki, “Ulduz xanım, deyə bilməyəcəyəm,
sözümü sizə poçtla çatdıraram:
Möhsün yaralanmışdır,
Bir bax, ürəyi qandır,
Doktor dedi ki, yalnız,
Ulduz ona dərmandır”.
Filmin ssenari müəllifləri Ağarza Quliyev,
Hüseyn Nəcəfov, Yuli Fogelman, quruluşçu rejissoru
Ağarza Quliyev, quruluşçu operatoru Yuli Fogelman,
quruluşçu rəssamı Kamil Nəcəfzadə, bəstəkarı
Süleyman Ələsgərov, direktoru Bəşir Quliyevdir.
Rollarda
Tamilla Rüstəmova, Hacımurad Yegizarov, Lütfəli
Abdullayev, Məleykə Ağazadə, Bəşir Səfəroğlu,
Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş
Aslan, Suğra Bağırzadə, Hacı İsmayılov və
başqaları çəkilib.
“Nazik” mənim uğurumdur
Filmin
Naziləsi illər keçməsinə baxmayaraq, ekran əsəri
barədə böyük şövqlə danışır:
Məleykə
Ağazadə: “Mən "Onu bağışlamaq
olarmı", "Var olun, qızlar", "Həyat gözəldir,
qardaşım", "Qəribə əhvalat" və s.
filmlərdə çəkilmişəm. Amma mənə
uğur gətirən obrazım Nazilə olub. Görünür bu da bizim xalqın komik obrazlara
maraq göstərməsindən irəli gəlir. Odur ki,
52 il keçməsinə baxmayaraq, film hər
dəfə efirdə yayımlananda böyük maraqla
qarşılanır. Mənim hansısa ad
almağım da lazım deyil. Tamaşaçı
“adım Nazikdir” deyəndə məni xatırlayırsa, bu mənim
istedadımın göstəricisidir. Qoy “xalq artisti”, “əməkdar
artist” adını Suğra Bağırzadə kimilər
alsın... Film hər dəfə efirə veriləndə
hələ də əməyimin
qarşılığını almadığımı bir
daha xatırlayıram. Bunu heç
unutmamışam əslində. Bu
yaşımda məni narahat edən də budur. Laqeydlik!
Adi bir epizodda çəkilənlər çoxdan əməkdar
artistdir, özlərini az qala dünya
ulduzu sayırlar.
Bu filmə
dəvət almağıma qalanda, mən Azərbaycan Musiqili
Komediya Teatrının səhnəsində davamlı olaraq 10 il bir-birindən maraqlı obrazlar yaratdım. “Ulduz” tamaşası səhnədə oynanılanda
çox böyük marağa səbəb olmuşdu. Tamaşaçı o qədər
alqışlayırdı ki, hətta rəqs səhnəsini
üç dəfə dalbadal oynamağa məcbur oldurduq.
Çünki, bunu tamaşaçı istəyirdi.
“Ulduz” filminin çəkilməsinə qərar
veriləndə rejissor Ağarza Quliyev zalda əyləşibmiş.
Mənim oyunumu o qədər bəyənmişdi
ki, hətta sınaq çəkilişləri olmadan,
birbaşa məni filmin heyətinə təsdiq etdi. “Ulduz”a qədər mən bir neçə filmdə
çəkilmişdim, amma Nazilə mənim uğurum oldu.
İndi də oturub filmi izləyəndə
kövrəlirəm. Düşünürəm
ki, nə yaxşı ki, bu filmə çəkilib, əbədi
olaraq tamaşaçıların yaddaşına həkk
olunmuşam”.
86 ilin kövrək xatirələri...
Məleykə
Ağazadə: “Bir neçə il idi ki, ailə qurmuşdum,
artıq iki övladım da var idi. Filmin çəkilişi
zamanı oğlum Çingiz 4, Zeynal isə 5 yaşında
idi. Uşaqları da özümlə birgə
rayona aparmışdım. Balaca
olduqlarından yanımdan ayrılmırdılar. Hətta tvist oynadığım səhnənin
çəkilişi gedəndə Zeynal mənimlə birgə
oynamaq istəyirdi. Rejissor da hər dəfə uşaq
yaxına gələndə "stop" deyirdi. Buna
görə də məcburən uşaqları çəkiliş
meydançasından uzaqlaşdırdılar. Elə bir az keçmişdi, bir də gördüm ki,
Çingizi ağlaya-ağlaya gətirdilər. Özü də
dodağı göyərmiş vəziyyətdə... Deməli baş qarışanda, Zeynal dolama
çarxla oynayıb, zəncirə bağlanmış vedrəni
artezian quyusuna atanda çarx fırlanıb ona dəyib.
Uşağı o vəziyyətdə görüb o qədər
ağladım ki... Çox pis olmuşdum.
Aktirsa, səhnə adamı, eyni zamanda ana olmaq belə idi...”.
Aktrisa
çəkilişlərin aparıldığı yerlərdən
danışarkən maraqlı anları bizimlə
bölüşüb:
“Filmin əsas çəkilişləri Astarada
aparılıb, həmçinin bəzi kadrlar Lənkəranda
lentə alınıb. Filmdəki toy səhnəsi kinostudiyanın
pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbəsinin
Mədəniyyət Sarayında lentə alınıb. İstedadlı aktyor ansamblının iştirak
etdiyi çəkilişlər müəyyən olunan vaxtda təhvil
verilib. Yəni o vaxt bildiyiniz kimi, filmin
süjet xəttindən asılı olaraq, məsələn,
tarixi filmlər, komediya filmləri, uşaq filmləri
olmasından asılı olaraq vaxt təyin edilirdi. Səhv etmirəmsə, biz filmi vaxtında təhvil
verdik. Qeyd edim ki, filmin maraq doğuran tvist
səhnəsi kəndin ortasında çəkilmişdi.
Hacıbaba və mən, ikimiz də həqiqətən
tvist oynayırdıq. Rolumuzu o qədər ürəkdən
oynayırdıq ki... Bu səbəbdəndir ki,
yarım əsr keçməsinə baxmayaraq, hələ izlənilir,
hələ də sevilir”.
Film, aktyorlar tərəfindən yaradılan obrazlar
böyük maraqla qarşılansa da, bəzi məqamlarda tənqid
hədəfinə də tuş gəlib. Bu hədəflər
də Tamilla Rüstəmova (Ulduz) və Suğra
Bağırzadə (Yetər) olub. T.Rüstəmova
ilə bağlı irad onun peşəkar aktrisa deyil, televiziya
diktoru olması idisə, S.Bağırzadənin də hələ
məktəb şagirdi olaraq, filmdə rol alması əsas hədəflərdən
idi.
Filmə xüsusi kolorit bəxş edən,
canlılıq gətirən Möhsün obrazı xalq artisti
Hacıbaba Bağırovun kinoda ilk işi olub. Səhnədə
yüzlərlə obraz yaradan aktyor bu işin öhdəsindən
layiqincə gəlməyi bacarıb. Teatr
tamaşalarından fərqli olaraq ekranda yaratdığı
rollar az olsa da, tamaşaçı tərəfindən
sevilən, yaddaqalan olub. Odur ki, insanlar onun
adını Azərbaycan səhnəsinin komediya ustaları
arasında birincilər sırasında çəkirlər.
Partadan səhnəyə...
Filmdə
Yetər obrazını canlandıran istedadlı aktrisa Suğra
Bağırzadə isə həmin illəri belə
xatırlayır:
“Hələ 1959-cu ildə Moskvada Böyük Teatrın
səhnəsində "Cücələrim"
mahnısını oxuyanda operator Yuli Fogelman bu səhnəni
bir arxiv materialı kimi çəkmişdi. Mən bu
operatorun o vaxtdan yadında qalmışdım. "Ulduz" filmini çəkmək
üçün Bakıya dəvət alanda o, filmin rejissoru
Ağarza Quliyevdən məni tapmağı xahiş
etmişdi. Mən isə o vaxt kinostudiyada
dublyajda aktrisa kimi bir çox filmlərin səslənməsində
korifey sənətkarlarla birlikdə
çalışırdım. Elə oldu
ki, məni kinostudiyada çəkiliş qrupuna dəvət
edib, Yetər obrazını həvalə etdilər. Sözün düzü, filmin rejissoru 15 yaşım
olduğunu biləndə məni bu filmə çəkmək
istəmirdi. Amma Yuli Fogelman mənə bir
operator gözü ilə baxmışdı və məni
çəkməkdə israrlı idi. Hətta
məni sınaq çəkilişlərinə
çağıranda demişdi ki, “çəkilişə gələrkən
hündür daban ayaqqabı geyin, saçına düzən
ver ki, böyük qız kimi görünəsən”. Elə də etdim. Məni bu rola
təsdiq etdilər”.
S.Bağırzadə deyir ki, onun “Ulduz”a çəkilməsi
yenilik olmayıb. Çünki, aktrisa buna qədər
“Yollar, küçələr” filmində rol
almışdı.
“Ulduz” filmi Hacımurad Yegizarovun kino
yaradıcılığında əhəmiyyətli yer tutur. Bu filmdə
rejissor Ağarza Quliyev aktyora Bəxtiyar rolunu verib. Bəxtiyar romantik xarakterli obrazdır. H.Yegizarovun əvvəlki rollarından fərqli olaraq
o, təbiətcə sakit, mehriban bir gəncdir. İnstitutu yenicə bitirib rayonlardan birinə təcrübəyə
göndərilən Bəxtiyarı rayona çəkən tələbə
yoldaşı Ulduza olan məhəbbətidir. Aktyor Bəxtiyarı sevərək yaradıb və
onu da tamaşaçılara sevdirə bilib. Bəxtiyar H.Yegizarovun yaddaqalan maraqlı
rollarındandır.
Filmin aktyor ansamblını gənclər təşkil
edirdilər. Bəxtiyar rolunu oynayan Hacımurad Yegizarovun ifası
da bu ansamblı tamamlayırdı.
Möhsünə görə aktyorlar
bir-birinə düşmən kəsilibmiş
Seçim zamanı Musiqili Komediya Teatrının
aktyorlarına üstünlük verilsə də, onlar
arasında da sınaq çəkilişləri
aparılır.
Məleykə
Ağazadə: “Rollara gələndə, belə idi ki, filmə
əsasən tamaşada oynayan aktyorlar dəvət
almışdı. Rejissor xüsusilə də
üstünlüyü Musiqili Komediya Teatrının
aktyorlarına vermişdi. Mənim tərəf
müqabilim Möhsün üçün olduqca çox sayda
aktyor sınaq çəkilişlərində iştirak
edirdi. Onların arasında istedadlı
aktyor Məlik Dadaşov, tamaşada Möhsün rolunu oynayan
aktyor İmamverdi Bağırov da var idi. Bir
neçə sınaq çəkilişindən sonra
quruluşçu rejissor məhz Hacıbaba Bağırovu bu
rola təsdiq etdi”.
Mərhum aktyor H. Bağırov yaratdığı obraz
haqqında sağlığında danışarkən bu rolun
onun heç də çətin olamdığını
vurğulamışdı. Lakin operetta
üçün film çəkiləcəyini eşidəndə
çox həyəcanlanıb. Beləcə, “Ulduz”un Möhsünü 28 yaşlı Hacıbaba
Bağırovun kinoda ilk işi kimi tarixə düşür. Film ekranlara çıxarkən aktyor ilk dəfə
özünü izləyəndə çox həyəcanladığını
dilə gətirib. Və ilk dəfə
olaraq öz rolunu kənardan izləməyin ona xüsusi
zövq verdiyini deyib. İlk dəfə ekrana
çıxmasına baxmayaraq, H. Bağırov peşəkar
kino aktyorundan heç də geri qalmayıb.
Azadlıq.- 2016.- 15 fevral.- S.14.