“Fəryad” filminin
KADRARXASI
Modern.az “Kadararxası” layihəsinə
qaldığı yerdən davam edir. Bu həftə kadrarxasında “Qarabağ” müharibəsi
haqqında çəkilmiş ən mükəmməl film
olan “Fəryad”ın quruluşçu operatoru ,
görkəmli sənətkar, Azərbaycan film tarixinə
öz möhürünü vurmuş Kənan Məmmədovdur.
Həmsöhbətimlə birgə Ceyhun Mirzəyevin
son sənət əsəri olan filmin kadraraxası məqamlarından
bəhs edirik. K. Məmmədov hazırda C. Cabbarlı adına Kinostudiyanın baş operatorudur.
“Fəryad” filminin hazırlıq prosesi 1992-ci ilin
sonlarına təsadüf edir, çəkilişlər isə
1993-cü ilin yanvar ayında başlayır. Filmdə
“Ögey ana” fimindəki İsmayılla “Fəryad” filmindəki
İsmayıl eyni bir xarakterdə birləşdirilib.
Filmin ssenari müəllifi Vaqif Mustafayev,
quruluşçu rejissor Ceyhun Mirzəyev, quruluşçu
operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz
İsmayılov, bəstəkar Cavanşir Quliyevdir. Rollarda Ceyhun Mirzəyev, Məlik
Dadaşov, Hacı İsmayılov, Liana Qudadze, Fikrət Məmmədov,
Nəcibə Behbudova və başqaları çəkilib.
Ceyhun Mirzəyevin Qarabağ dərdi…
Kənan
Məmmədov: ”Bu günə qədər
Qarabağ savaşı haqqında bir çox filmlər
çəkilib. Lakin mən hesab edirəm ki, “Fəryad”
filmindən yaxşısı yoxdur. 21 il
keçməsinə baxmayaraq “Fəryad” filmi bu gün də
maraqla baxılır. Çünki orda insan
taleyindən söhbət gedir, mövzu şəxsiyyət
üstündə qurulub. Orda Qarabağ dərdini
ürəyinə həkk edən Ceyhun Mirzəyev var. Buna
görə film mənim üçün çox əzizdir.
Baxmayaraq ki, filmi izləyəndə peşəkar
operator kimi bu gün onu başqa cür görürəm,
çünki, o vaxt indiki texnika yox idi. Sadəcə
o zaman bütün çətinliklərə baxmayaraq film
çəkilməli idi. Təəssüf
ki, C. Mirzəyev filmi izləyə bilmədi”.
Bu dəfə C. Mirzəyevə yox
deyə bilmədim
Kənan
Məmmədov: ”C. Mirzəyevlə mən
bir nəslin nümayəndəsi idik, çox yaxın dost
olduğumuzdan indi də onun xatirəsi mənim ürəyimə
əziz olaraq əbədi həkk edilib. O həmişə istəyirdi
ki, birgə film çəkək, amma alınmırdı. “Təhminə” filminin çəkilişləri
yenicə bitmişdi. Ceyhun bunu bilirdi və
bilirdi ki, hələ yeni filmə də başlamamışam.
C. Cabbarlı adına kinostudiyanın dəhlizində
məni tutdu dedi ki,”Qarabağ haqqında bir ssenari var, istəyirəm
birgə çəkək. Mənə yox demə,
çünki, bilirəm ki, bu dəqiqə əlində film
yoxdur”. Ssenarini oxudum və mənə
maraqlı gəldi. Çünki filmin
ssenarisi real həyatda olan zabitdən bəhs edirdi. Hansı ki, doğurdan da savaş zamanı ermənilərə
əsir düşmüşdü. Onu da
bir neçə erməni əsiri ilə dəyişmişdilər.
Bu ssenarini Vaqif Mustafayev yazmışdı.
Ssenarilə tanış olduqdan sonra
görüşdük və film haqqında uzun müzakirəmiz
oldu ki, necə, kimi çəkək. Filmin start
mərhələsi belə oldu”.
Mirzəyevi rola uyğun görmədim
Kənan
Məmmədov:”Daha sonra sınaq çəkilişləri
başladı. Hətta Fəxrəddin Manafov da
sınaqlarda iştirak etdi. Çox da
gözəl alındı. Lakin günlərin
bir günü C. Mirzəyev, V. Mustafayev və mən
görüşdük. Onda təklif oldu
ki, C. Mirzəyevi də sınaq çəkilişlərində
çəkək. Mən çox təəccüb
etdim, çünki, o rol üçün Ceyhun tam da uyğun
deyildi. Yəni boyu bəstə, kilo
baxımından ağırlaşmış və s. idi.
C.Mirzəyev bildirdi ki, filmə özü
çəkilmək istəyir. Amma mən
öz fikrimi demədim. Çəkilişlər
başladı, nəticə çox gözəl oldu. Onun daxili iztirabları, düşüncələri
hamısı həqiqət idi. Film çəkilməmişdən
əvvəl onun təsvir sistemini qurmuşdum. Qərara gəldim ki, filmi xronika səpkisində
çəkmək lazımdır. Film rəngli
filmdir, amma tamaşaçı onu ağ-qara kimi qəbul edir.
Buna səbəb odur ki, mən bütün
kadrlarda olan rəngli əşyaları, geyimləri, elementləti
çıxartdım. Ancaq real rənglərdən
istifadə edərək xronika stilini saxladım”.
Ceyhun haqda
yanıldığımı anladım
Bir çox sənədli film müəllifi olaraq K. Məmmdov
vaxtaşırı regionlarımızda olur. Onlardan bir də
Ağdamın Abdal -Gülablı kəndi idi. Hələ hadisələr baş verməmişdən
əvvəl operator orada çəkilişlər həyata
keçirir. Hansı ki C. Mirzəyev məhz
həmin yerdə boya-başa çatmışdı. Abdal -Gülablı ermənilər tərəfindən
işğal ediləndə C. Mirzəyev çox
sarsılır. Çəkiliş müddətində
də o hadisələri təkrar, daxilən
yaşayırdı və bu səbəbdən də rol uğurlu
alınır. K. Məmmədov deyir ki, çəkiliş
müddətində ilk olaraq Ceyhunu rola uyğun bilmədiyim
haqqında yanıldığımı anladım.
Ağır hadisələrdən bəhs edən film
üçün yerlərin seçilməsi mühüm idi. Məsələ
burasındadaır ki, müharibə ilin bütün fəsillərində
baş verib. Lakin operator filmin yayda-təbiətin
oyandığı bir vaxtda lentə alınmasını
düzgün saymadığından, onun sərtliyinə xələl
gətirəcəyindən elə şaxtalı günlərdə
çəkilişi başlayırlar. Xüsusilə
yer və hava şəraiti çəkilişi daha da çətinləşdirir.
Filmdəki zirzəmi səhnəsi
Kardioloji xəstəxanada çəkilib
Kənan
Məmmədov: ”Filmin çəklilişləri
hardasa 8 aya yaxın vaxt aldı. C. Mirzəyev, R. İsmayılov
və mən yer çəkilişi üçün
axtarış etdik. Qərara gəldik ki, filmi
Goranboyda Murovdağın ətəyində çəkək.
Beləliklə, 1993-cü ilin yanvar
ayının ortalarında çəkilişlərə start
verildi. O qış həqiqətən də çox sərt
idi. 20 nəfərlik çəkiliş qrupu
Naftalana ezam olundu. Pansionatın binasında
bizə yerlər verildi. Çəkilişlər
hamısı Murovdağın ətəyində,
Qaraçinar, Zeyvə kəndlərində, “Rus Borisi” və
“Erməni Borisi” adlanan yerdə oldu. Əvvəlcədən
ora gedərək təbiət çəkilişlərinin
yerini müəyyən etdik və Bakıya qayıdaraq İsmayılın
Xankəndində saxlandığı evin dekorasiyasını
qurduq. Pavilyonda rəssam tərəfindən böyük
bir dekor quruldu, zirzəmiyə girişin yeri müəyyən
olundu və s. Amma zirzəmidə ermənilərin olduğu
yer 5-ci Kardioloji xəstəxananın zirzəmisində lentə
alındı. Həmin yeri rəssam dekor elədi, sadəcə
filmdə olan bir yeri iki müxtəlif məkanda çəkdiyimizə
görə ardıcıllıq qorunmalı idi. Yəni
evdən zirzəmiyə hansı tərəfdən
düşürdülərsə, zirzəmidə də həmin
istiqamətdə hərəkət davam etməli idi”.
Filmin
başladığı səpələnmiş meyid
kadrlarından söhbət düşərkən operator filmdə
heç bir xronikal kadrdan istifadə edilmədiyini, tam bədii
film olduğunu, ilk kadrdan başlayaraq
sonuncuya qədər hamısının
quraşdırıldığını vurğulayır.
Kənan
Məmmədov:”Sənubər İsgəndərli heç bir
sınaq çəkilişi aparılmadan çəkildi. Çox bəyəndiyim aktrisa olduğundan bir
çox filmlərdə onu çəkmişəm. S. İsgəndərlinin filmə çəkilməsini
C. Mirzəyev və mən qərara aldıq. Uşaq isə kiminsə uşağı idi, yəni
hər hansı tanınmışın övladı deyildi.
Çəkiliş
heyəti o qədər professional idi ki, orada hər hansı
konflikt ola da bilməzdi. Qarabağ
haqqında ilk filmi biz çəkdiyimizə görə, bu məsuliyyəti
dərk edirdik. C. Mirzəyev studiyanın sevimlisi idi,
hamı ona hörmət edirdi. Peşəkarlıq
öz sözünü deyirdi”.
Qar üstə yatanlar real Xocalı
qaçqınları idi
“Yanvar ayında Murovdağın ətəyinə təzə
qar yağmışdı. Çəkiliş
üçün təzə qar düşmüş yer
lazım olduğundan mən hamıdan xahiş etdim ki, qar
üstündə boş gəzinti olmasın. Filmin çəkiliş qrupu Naftalanda real Xocalı
qaçqınları məskunlaşan pansionata getdilər.
İnsanlarla danışıqlar aparıldı,
başa salındı ki, bu dəhşətlər barədə
film çəkirik. Mən o
danışıqlarda olmadım. Filmin direktoru Q. Səfəroğlu
sonra mənə dedi ki, ”Kənan, sən
görərdin insanlar bu təklifi necə ciddi qəbul etdilər”.
Ceyhun Mirzəyev hönkürtü ilə
ağlayırdı
“Çəkiliş
üçün bizə 100-150 nəfər adam
lazım idi. Deməli 2 ”İkarus” uşaq,
böyük hamısı öz geyimində həmin təzə
qar düşmüş yerə gəldi. Mən
kameraya baxa-baxa insanları qar üstünə hərəsini
bir formada “səpələdim”. Əlimdə
meqafon qışqırırdım ki, “filankəs belə
dön, o yana uzan” və s. Bir də gördüm kimsə
hönkürtü ilə ağlayır. Çevriləndə
Ceyhunu gördüm. Soruşdum ki, “niyə
ağlayırsan?” Dedi: “Bu insanlar xilas olsa da, indi ”Xocalı” dəhşətini yenidən
yaşayırlar”.
Kadrlar o qədər real alınır ki, hətta AzTV
kanalı filmdəki həmin kadrları döyüş
bölgəsindən gedən xəbərlərdə
yayımlayır.
Kənan
Məmmədov: ”O vaxt vətənpərvərlik
haqqında silsilə verilişlər gedirdi. Mən
də həmişə onu izləyirdim. İnsanları
Qarabağı azad etməyə səsləyirdilər.
Bir də gördüm AZTV-də diktor deyir ki, “baxın
Qarabağ savaşı zamanı çəkilən
kadrlardır, avtomatlar işləyir, BTR-lər gəlir…” Donub qaldım. Bu kadrların hamısı “Fəryad”ın
kadrları idi.. “Erməni
Barisi” kəndində direktorun həyətində çəkilmişdi.
Həmin vaxt C. Mirzəyevin ürəyi xəstə
idi. Bildirmişdi ki, “mən ancaq kadrda
olacam, qalan şeylərlə özün məşğul ol”.
Bütün partlayışı pirotexnik
Əlibala Məmmədovla mən etmişdim. İsmayılla (C.Mirzəyev) Rövşən (H.Ismayılov)
atışma zamanı dialoq aparır, o hissəni kəsib
qalan atışma səhnəsini saxlayaraq efirə vermişdilər.
İlk öncə pis oldum ki, filmə istinad etməyiblər.
Amma sonra öz-özümə dedim ki,
gör nə qədər real alınıb ki, istifadə ediblər”.
Kənan Məmmədov bildirir ki, filmdəki silahlar
kinostudiyanın pirotexnika şöbəsinin rəisi Ə. Məmmədov
tərəfindən seçilmişdi. Bəzi
silahları hərbi hissədən gətizdiriblər.
“Filmdə rus və gürcü aktyorları da dəvət
olunur. Operator bildirir ki, reallığı əks etdirməsi
baxımından o aktyorlar seçilmişdi. Onların hamısının səhnəsi müəyyən
olundu və 2 həftə ərzində çəkilişlərini
bitirib ölkələrinə qayıtdılar. Baxmayaraq ki, ruslarÿ bu filmdə çəkilməkdən
imtina etmədilər. İsmayılın həbsxanada
olan səhnəsi o vaxtkı ”Bayıl” həbsxanasında
çəkilib. Onun döyüldüyü,
işgəncə verildiyi kameranı əvvəlcədən
seçdik. Həmin kamerayla üz-üzə
bir kamera vardı, hansı ki, orada vaxtilə Stalin
oturmuşdu”.
“C. Mirzəyevin ürəyi xəstə idi, qan təzyiqi
tez-tez oynayırdı. Təklif etdim ki, döyülmə səhnələrində
onu kaskadyor əvəz etsin. O isə qəti şəkildə
imtina etdi. Bildirdi ki, ”bütün səhnələrdə
özüm çəkiləcəm. Özü
də həqiqətən döyün məni, ki, təbii
alınsın”. Beləliklə, ona İtaliyada
istehsal olunmuş bronjileti, üstündən də öz
geyimini geyindirdik, “erməni” bunu şil-küt elədi. Amma bronjileti soyunanda bədənində izləri əməlli-başlı
qalırdı”.
Surət
Hüseynovun sərəncamına əsasən vertoloyot çəkiliş
məkanına göndərirlər
Vertolyot səhnəsinin çəkilməsi
üçün çəkiliş qrupu çox
götür-qoy edir. Sonda yer müəyyən olunur.
Kənan
Məmmədov: “Həmin yeri C. Mirzəyev, R. İsmayılov və
mən müəyyən etdik. Murovdağın
aşağı hissəsini seçdik. Orada
bizim aktyorlar çəkilib, amma Çingiz Mustafayevin xronika
kadrlarından bəhrələnmişik.”Gör
uşağı nə günə qoyublar…” Burada
həmin epizoda oxşar səhnə qurduq. Vertolyot
sifariş etmək üçünÿ çəkiliş
qrupundan uşaqlar Gəncəyə getdi. Şəxsən
Surət Hüseynovun sərəncamı ilə vertolyotu bizə
verdilər. Maraqlı bir hadisə baş verdi.
Həmin gün çoxÿtutqun hava vardı.
Çəkiliş qrupu tam heyətdə
hazır idi, kamera, işıqlar, procektor qurulmuşdu. Həmin vaxt döyüşlər davam etdiyindən
vertolyotun gəlməsi üçün koridor
açılmışdı. Bildirmişdilər
ki, “vertolyotu 2 saatlıq veririk. 2 saata
çəkməsəz vertolyot geri uçacaq”. Filmin
direktoru Q. Səfəroğlu dedi ki, vertolyot düz saat ikidə
gəlməlidir. Biz çoxlu məşq etdik və
saatı gözləməyə başladıq. Saat 13:
10, 13: 07, 13: 05… Vertolyot yoxdur. Q. Səfəroğluna dedim ki,
vertolyot gəlməyəcək, o da əsəbi halda dedi ki,
“yox gələcək”. 3-ə təqribən 1-2
dəqiqə işləmiş vertolyot səsi eşitdik, amma
özü görünmürdü. Bir də
gördük buludları yarıb başımızın
üstündə bir dəfə dövrə vuraraq yerə
endi. Eniş etməli olduqları yeri əlimlə
göstərdim. İki pilot vardı.
1-ci pilot pəncərəni açıb rusca
soruşdu ki, “operator kimdir?” Dedim ki, mənəm. Bildirdi ki, “2 saat vaxtınız var”. C.Mirzəyev
zarafatca dedi ki, “bax haa, məndən yox, səndən
soruşurlar”. Pilot cavabında dedi ki, “operator hər şeyi
bilir ona görə”. Mən onlara narahat
olmamalarını söylədim və çəkilişə
başladıq.
Vertolyot işə düşmədi
Kənan
Məmmədov: “Nə isə, 1 saat 40 dəqiqəyə həmin
səhnəni çəkdik. İsmayıl
ratsiya vasitəsilə erməni ilə danışandan sonra
qaçaraq kadrdan çıxır. Orada
da vertolyot səhnəsni bitirdik. Pilota dedim ki, siz 2 saat
dediniz, biz 20 dəqiqə tez bitirdik. Onlar
çox məmnun qaldılar. Sağollaşdıq,
onlar vertolyota mindilər. Verolyot işə
düşmədi, pilotlar təşvişə
düşdülər. Onlardan biri
qalxıb vertolyotun pərini sökdü, düzəltdi,
düz saat 4-ə 3-4 dəqiqə işləmiş vertolyot
işə düşdü. Üstümüzdə
bir dövrə də vurub geri qayıtdılar. Həmin kadrları çəksəm də filmə
daxil edilmədi, çünki, davamda İsmayılın
qaçış səhnəsi olmalı idi”.
“Bir
gün zəng vurub dedi ki, ”sabah studiyada
görüşək sözüm var”. Görüşdük,
“dedi ki, beynimə bir fikir girib. İstəyirəm
uşaq İsmayılla buradakı İsmayılı birləşdirəm”.
Bu haqda ətraflı danışdı. Təklifini
çox bəyəndim və dedim çox emosional səhnə
alına bilər və alındı da.
Bayılda hərbi hissəyə əvvəldən gedib
danışdıq. Hərbi maşınlar, əsgərlər
filan hazır oldu, S.İsgəndərli gəldi və vida səhnəsini
orada çəkdik. Motaj vaxtı “Ögey
ana” filmindəki epizodu ora birləşdirdik. Filmdə improvizələr demək olar ki,
olmayıb. Nə yazılmışdı
hamısı çəkildi, hamısı da efirə getdi.
“Erməni dilində səsləndirmə prosesini o vaxt İrəvandakı
Azərbaycan Dram Teatrının aktyorları Vidadi və indiki
SOY prodakşının rəhbəri Oktay Əliyev həyata
keçirdi. Yeganə olaraq Məlik Dadaşov
başqasının onun obrazını səsləndirməsindən
imtina etdi. Bildirdi ki, ”mənim səs
tembirimi kim burda səsləndirə bilər, özüm ermənicə
səsləndirəcəm. Siz həmin mətni
erməni dilinə tərcümə edin və azərbaycanca
yazın, qalanı sizlik deyil”. M.Dadaşov
həmin mətni evdə əzbərləyib səhərisi
günü çəkilişdə səhvsiz mikrofonun
qarşısında erməni dilində
danışırdı. O qədər əzəmətli
aktyor idi ki …”.
Kənan
Məmmədov: ”Filmin qaralama montajı
bitmişdi, yəni, hələ axırıncı variant
deyildi. C. Mirzəyev filmi mənsiz montaj etmirdi. Deyirdi
ki, “sən materialın içindəsən montajda yanımda
ol”. Hər şeyi məsləhətlə
ediridik. C. Mirzəyev mart ayının 5-də həmin C.
Cabbarlı adına kinostudiyada gəlib dedi
ki, “gəl gedək kassaya, bəlkə məvacib verilir. Yoldaşıma 8 Mart üçün çəkmə
almaq istəyirəm”. Artıq gec idi deyə
kassa da bağlı idi. Dedi: “Eybi yox 1-ci gün alaram. Mənim
haqqımda veriliş hazırlayıblar ”Ceyhun
Mirzəyev rejissor və aktyor haqqında”, bazar günü efirə
verəcəklər. İndi gedirəm
telestudiyaya, görüm necə montaj ediblər”.
2-ci gün görüşmək ümidi ilə
ayrıldıq. Şənbə günü evdə
çay içirdim, telefon zəng çaldı. Q. Səfəroğlu
idi. Dedi ki, “Kənan, möhkəm ol, faciə baş verib,
Ceyhun rəhmətə getdi”. Sən demə biz
ayrılandan sonra o telestudiyada olan vaxt halı pisləşir,
evə aparırlar, təcili yardım gələnə qədər
isə keçinir. Onun ürəyi
partlamışdı”.
1994-cü ildə ildə ssenari müəllifi V.
Mustafayevə ssenariyə görə “Tağıyev”
Mükafatı, elə həmin ildə quruluşçu
rejissor və aktyor C. Mirzəyevə (ölümündən
sonra) “Bakılı” cəmiyyətinin “Humay” Mükafatı
verilib.
1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsində
quruluşçu rejissor və aktyor C. Mirzəyevə
(ölümündən sonra) ekranda qəhrəmanlıq
mövzusunun həllində fədakarlığa və
yaradıcılıq axtarışlarına görə Diplom və
Priz verilib.
Azadlıq.- 2016.- 9 may.- S.14.