Böyük sənətkarların böyüklüyü (ştrixlər)

 

Bəzən belə də olur: Özündən asılı olmayaraq yazmaq, illərlə yaddaşında mürgüləyən duyğularını kiminləsə bölüşməyə ehtiyac duyursan. Etiraf edirəm ki, “Azadlıq”qəzetinin ötən saylarında dərc olunan “Böyük insanların böyüklüyü” və “Sabiranə Mirzəcəlilsayağı” yazılarımın belə əks-səda verəyəciyini düşünmürdüm. Tanıdığım və daha çox tanımadığım adamların telefon zəngləri, xüsusilə əvvəllər böyük vəzifələrdə işləmiş, 86 yaşlı Qazaxlı mühəndis Bəhram Bayramov, köşkdən qəzet aldığım satıcı məni yenidən qələmi əlimə almağa ruhlandırdı.

 

Cəlil Məmmədquluzadənin həmyerlisi olan satıcı həm nurani, həm də çox zəngin həmsöhbətdir. Hər dəfə ondan qəzet alanda dahi Nizaminin “Kərpic kəsən qoca”nın hekayəti yadıma düşür:

 

Onunçun öyrətdim ki, bu əlimi sənətə

Bir gün sənə əl açıb düşməyim xəcalətə!..

 

Qayıdaq mövzuya. Mənim nəslimə Azərbaycanın çox böyük sənətkarları ilə bir zamanda yaşamaq qismət olub. Nə qədər ki, onlar sağ olub, biz də cavan bu böyüklüyü adi hal kimi düşünmüşük. Amma yaş ötdükcə və onlar dünyadan köçüb bizdən uzaqlaşdıqca bu sənətkarların böyüklüyünü heyranlıqla xatırlayırsan.

 

Beləliklə, Rəşid Behbudov

 

Elə sənətkarlar var ki, titullar, təltiflər onun ömrünə bəzək sanılır, elə sənətkarlar var ki, onun adı titullara, təltiflərə hörmət gətirir. Odur ki, onu həmişə belə təqdim ediblər: oxuyur Rəşid Behbudov!

Amma mən onun sənətini yox, həyatının hamımız üçün örnək olan bir-iki anını xatırlayacam.

1971-ci ildə bir qrup mədəniyyət işçisi turist kimi Praqaya getmişdik. Məşhur və nəhəng pivə zavodunda qəbul düzəltmişdilər. Yanımda oturan çex soruşdu: Bilirəm ki, SSRİ-dən gəlmisiniz. SSRİ böyük ölkədir. Siz onun hansı diyarındansınız?

– Azərbaycan Respublikasındanıq, – dedim və ha çalışdım belə bir diyarın olduğunu ona tanıda bilmədim. Bakının adını çəkən kimi, onun üzünə təbəssüm qondu:

– Bildim, bildim, Rəşid Behbudov “Bakı” mahnısı. Onun xahişi ilə yoldaşlarımızdan biri royalda Tofiq Quliyevin “Bakı” mahnısını ifa etdi. Hamımız xorla oxuduq…

Qürur hissi keçirirdik. Xarici ölkələrdə Rəşid Behbudovu tanıyırdılar, sevirdilər!..

Dünyanı gəzib-dolaşan Rəşid Behbudov vaxt tapan kimi, doğma diyarına qastrola gedirdi. Belə bir xoş günü Şamaxı da yaşayıb. O zaman şəhərdə münasib məkan olmadığı üçün konsert Şəhriyar qəsəbəsinin mədəniyyət sarayında keçdi. İmkanı olan şamaxılılar qəsəbəyə axışdı. Mən də, ailəmlə birlikdə konsertdə oldum. Rəşid harda çıxış etməsindən asılı olmayaraq həmişə fenomen olub. Odur ki, hər ifadan sonra tamaşaçılar onu gül dəstələrinə qərq edirdilər. Növbəti ifalarından sonra 5 yaşlı qızım Gülnur əlində gül səhnəyə qaçdı. Rəşid Behbudov onu qucağına götürüb öpdü, sonra yerə qoyub onun boyu qədər əyildi və

– Hanı fotoqraf, bu bir tarixdir, bu tarixi anı lentə al,-dedi!

Heyif ki, o zamanlar fotoqraflar ancaq rayon mərkəzində olurdu və heyranedici an yalnız yaddaşlarda qaldı.

Bunun üçün bu gün biz heyifsilənirik, o zaman isə dahi sənətkarların özü!..

 

Abbas Mirzə Şərifzadə

Ələsgər Ələkbərov

 

Akademik Milli Dram teatrında Şekspirin “Otello” faciəsinin yubiley tamaşası göstərilirdi. Baş rolda yenicə SSRİ xalq artisti adını almış Ələsgər Ələkbərov oynayırdı. Yanımda yaşı altmışı keçmiş nurlu bir qoca oturmuşdu. Həmişə olduğu kimi Ələsgər Ələkbərov xariqələr yaratdı. Onun hər sözü alqışlara bürünürdü, qoca isə tamaşaya sakit-sakit diqqət kəsilmişdi və dərin xəyallara dalmışdı. Fasilədə özümü saxlaya bilməyib rəyini soruşdum, dərindən ah çəkib cavab verdi:

– Oğul, 25 ildir ki, teatra ayaq basmırdım. Həmişə fikirləşirdim ki, Abbas Mirzədən sonra teatr tamaşasına neşə baxa bilərəm. Amma son vaxtlar Ələsgər Ələkbərov haqqında o qədər oxudum ki, qərarımı pozdum, dedim gedim onu görüm. Bəlkə də qocalmışam, daha çavanlıq yaşlarında olan ehtirasım qalmayıb. Ona görə də belə düşünürəm: Ələsgər Ələkbərov çox, çox böyük sənətkardır, onun haqqında yazılanlarda doğrudur.  Amma Abbas Mirzə Şərifzadə əlçatmaz zirvə idi.

Doğrusu ürəyimdə müdrik qocadan razı qalmadım. Hər sənətkarın öz yeri, öz zamanı var. Ona görə də sənətkarları bir-biri ilə müqayisə etməyi xoşlamasam da bu gün on illər keçəndən sonra mən də heç bir aktyoru Ələsgər Ələkbərovla eyniləşdirə bilmirəm və mənim üçün o, ucalardan ucadır!..

Sonralar Abbas Mirzənin yubiley günlərində öz sənəti, səsi və həmdə aktyorluğu ilə qəlblərə hakim kəsilən böyük rejissor Mehdi Məmmədovun televiziya və radiodakı söhbətlərindən, dahi aktyorun son monoloqunu eşidəndən sonra qocanın müdrikliyinə heyran qaldım.

Bu heyranlığımı “Ədəbiyyat və incəsənət” qəzetində adını çəkmək istəmədiyim (Papazyan) SSRİ xalq artistinin dərc olunan xatirəsi daha da gücləndirdi. O yazmışdı: Şekspir qəhrəmanlarının mahir ifaçılarının müsabiqəsi keçirilirdi. Finala Otello rolunu oynayan üç aktyor çıxmışdı. Səhnəyə ikinci ingilis aktyoru çıxdı. O, Dezdemonanı yatağında boğub öldürəndən sonra stola yaxınlaşdı, stəkanı götürüb suyu içdi və stəkanı stolun üstünə qoyub əlinin tini ilə ona ağır zərbə vurdu. Stəkan çilik-çilik oldu, aktyorun əlindən qan fəvvarə vurdu və bu vəziyyətdə o, Otellonun monoloqunu deməyə başladı, nə başladı. Hamı bu qərara gəlmişdi ki, daha ondan sonra çıxış etməyə dəyməz.

…Amma müsabiqənin də öz şərtləri var və üçünçü aktyor da öz sözünü deməliydi. Səhnəyə Abbas Mirzə Şərifzadə dəvət olundu. O, yataqda uzanmış Dezdimonaya yaxınlaşdı. Heyrət və qəzəblə ona tamaşa elədi, gözlərini yumub yatmış gözəli boğdu. Sonra heyrətamiz bir hərəkətlə onun başının altından balışı götürüb parça-parça elədi. Uçan qu tükləri səhnəni görünməz etdi. Adama elə gəlirdi ki, uçan qu tükləri deyil, Dezdemonanın ruhudur və bəyan edir ki, mən günahkar deyiləm. Abbas Mirzə isə bu günahsız insanın ruhu qarşısında diz çöküb Otellonun monoloqunu söyləyir.

Münsiflər də, tamaşaçılar da birinçi yeri Abbas Mirzəyə verdilər.

 

Tar və tarzən Hacı Məmmədov

 

Milli musiqi alətlərimizin ən cavanı tardır. Amma 150-180 il ərzində o Azərbaycan musiqi səltənitinin tacına çevrilib. Bunun üçün biz bu günkü tarın yaradıcısı böyük Sadıqcana borcluyuq! Əlbəttə, tarı tar eləyən, onu dünya musiqi mədəniyyətinin ən dəyərli incisinə çevirən onun ifaçılarıdır. Fəxr etməyə dəyər ki, tarımız yarandığı gündən etibarlı əllərdə olub və bu gün də o ənənə davam edir. Bəli, mahir tarzənlərimizin hər birinin öz dəsti xətti var: Qurban Pirimovun ifasında bir sambal var, Bəhram Mansurovda müdriklik, Əhsən Dadaşovun barmaqlarında bir şirinlik var, Möhlət Müslümovun “Segah”ında heyrətamiz sehr!

Hacı Məmmədov isə başqa bir dünya idi. Mən də bu dünyanın sakini olmuşam və on illər keçəndən sonra Hacı Məmmədov dühasının nəyə qadir olduğunun sirlərini azda olsa başa düşmüşəm. Amma mən musiqiçi deyiləm və Hacı Məmmədov sənətinin qüdrətini təhlil edə bilmərəm. Mənim gücümün canı şahidi olduğum faktlardır!

Keçən əsrin 60-cı illəri idi. Afişalarda gördük ki, filarmoniyada instrumental muğam konserti olaçaq. Məncə ilk dəfə idi ki, belə proqram olurdu. Odur ki, bizim üçün maraqlı olduğuna görə bir neçə tələbə yoldaşlarla konsertə getdik. Fikirləşirdik ki, tarzən Hacı Məmmədovun, kaman dahisi Habil Əliyevin, mahir qarmonçalan Teymur Dəmirovun, klarnet ustası Ələkbər Əsgərovun… iştirak edəcəyi konsertdə adam əlindən yer olmayacaq. Amma Filarmoniyanın min nəfərlik zalında cəmi 50-60 nəfər tamaşaçı olardı. Səhnəyə ilk olaraq Hacı Məmmədov çıxdı. O, zala ani bir göz gəzdirdi, sonra əyləşib tarı sinəsinə basdı, gözlərini yumub “Çahargah” çalmağa başladı. Yox, yox, səhv etdim, o, çalmırdı, qəhrəmanlıq simvolu kimi tanıdığımız muğamın qüdrətindən danışırdı, onun ahənglərini qəlbinin atəşi ilə alovlandırırdı. Birdən səhnədə tarın səsinə hüznlü bir hıçqırtı səsi qarışdı. Bəli, o böyük tarzən ağlayırdı, qəhrəmanlıq dastanını danışa-danışa hönkürürdü. Zal donmuşdu, tarın simləri isə haray çəkirdi, sanki bizim instrumental muğamlara belə laqeydliyimiz tarı da, tarzəni də riqqətə gətirmişdi.

Sonra simlərin titrək səsi yavaşıdı, yavaşıdı və bitdi. Bir anlıq sükütdan sonra elə bir alqış qopdu ki, sanki zalda beş min adam var idi. Hamı ayaq üstə idi, Hacı Məmmədov da! Tamaşaçılar onu ikinci dəfə əyləşməyə “Mahur” çalmağa məcbur etdilər.

Söz yox ki, zövqlər müxtəlifdir. Hər dinləyicinin öz mövqeyi var. Amma mən sonralar nə Hacı Məmmədovdan, nə də başqalarından elə “Çahargah” eşitməmişəm. Və təəssüf edirəm ki, o zaman indiki texniki imkanlar yox idi, olsa idi o “Çahargah” lentə alınardı və gələcək nəslə əsil ərmağan olardı.

Deyilənləri mən də təkrar edirəm: sənətkarın böyüklüyü əqidəsindən, dünya görüşöndən, yaşından, milli mənsubiyyətindən asılı olmayaraq insanların qəlbinə yol tapa bilməsidir. Bu mənada Hacı Məmmədov xoşbəxt idi. Yenə də cənab fakt köməyimə gəlir. Ucara qonaq çağırmışdılar. Süfrə arxasında müxtəlif peşə sahibləri əyləşmişdi. Ona görə də söhbətin mövzusu müxtəlif idi. Söhbət musiqidən də düşdü. 30-35 yaşlı bir nəfərin söhbəti bu gün də olduğu kimi yadımdadır. O, belə danışdı:

– Dünən gecə Bakıdan gəlirdim. Güclü yağış yağırdı. Maşında tək idim, radionu qoşmuşdum ki, diktor elan elədi: Cahangir Cahangirov “Ana”. Tarda çalır Hacı Məmmədov. Düzünü deyim mən Cahangir Cahangirovu tanımıram. (Bu da bizim bir bədbəxtçiliyimizdir ha!..Yaşa dolasan, o böyük bəstəkarı tanımayasan – G.) Ona görə acığım tutdu ki, gör tarda nə çalırlar. Radionu söndürdüm. Sonra ağlıma nə gəldisə, təzədən radionu açdım və sükan arxasında dondum. Maşını qırağa verib saxladım, qulaq asdım. Doğrusu hələ də o tarın səsi qulağımdadır.

Bəli, Hacı Məmmədov belə tərzan idi. O muğamı da, xalq mahnılarını da, bəstəkar mahnılarını da, qərb dünyasının dahi müsiqiçiləri Bethovenin, Motstartın, Şubertin, Listin əsərlərini çalanda da dinləyicilərini məftun edirdi. Təsadüfi deyil ki, sovet dönəmində təkcə tarla dünyaya qastrola çıxan ilk tarzən olub Hacı Məmmədov!

Nə idi onun sənətinin sirri? Bəlkə insan qəlbini daha dərindən duya bilməsi idi?! Axı, o, həm də yaxşı həkim idi. Nüfüzlu bir tibb ocağına başçılıq edirdi…

 

Rübabə Muradova

 

Muğamla ucalan, muğama təravət verən qadın xanəndələrimiz arasında Yavər Kələntərli və Rübabə Muradova bir əfsanə olublar. Yavər xanımın “Şur”u, Rübabə xanımın “Xaric segah”ı əlçatmaz zirvədir. Bəs Rübabənin Leylisi necə?

100 ildən çox səhnədən düşməyən “Leyli və Məcnun” operasında Leyli rolunu 10-dan çox xanım oynayıb. Onların çoxu haqqında da belə deyilib: “O, Leyli rolunu yaxşı oynayır” və ya “O, Leylini pis oynamadı”. Amma bu xoş sözləri Rübabə Muradova haqqında demək olmaz. Çunki o, Leyli rolunu oynamırdı, deyilənə görə VII əsrdə yaşamış və məhəbbəti əfsanəyə çevrilmiş ərəb qızının dahi Nizami tərəfindən əbədiləşdirilən, dahi Füzulinin ecazkar qələmi ilə romantik eşq ilahəsi zirvəsinə qaldırılan, dahi Üzeyir bəyin qəlbləri ovsunlayan musiqisi ilə tərənnüm olunan Leylinin özünü səhnəyə gətirib dinləyiciləri Leyli dünyası ilə yaşadırdı. Leylinin şamla söhbət səhnəsində Rübabə xanım özü də “yanırdı”, tamaşaçıları da şam kimi yanıb, damla-damla əriməyə məcbur edirdi…

Amma 40 il bundan əvvəl Rübabə Muradovanın Şamaxıda – Şəhriyar qəsəbəsinin mədəniyyət evindəki çıxışı isə insan qəlbinin harayını göylərə çatdıran bir möcüzə idi.

Artıq ancaq yaddaşlarda qalıb ki, 1946-cı ildə Cənubi Azərbaycanda demokratik respublika devrildikdən sonra Seyid Cəfər Pişavari başda olmaqla respublikanın minlərlə tərəfdarı şimali Azərbaycana pənah gətirdi. Yüzlərlə Təbrizli, ərdəbilli soydaşımız Şamaxıda Lenin adına sovxozun mərkəzində yerləşdirildi. Elə həmin məkanda Azərbaycan demokratik firqəsinin Şamaxı rayon komitəsi fəaliyyət göstərirdi. Bu komitə hər il demokratik respublikanın yarandığı gün münasibətilə tədbirlər keçirirdi. Söhbət açdığım məqam yubiley tədbiri olduğu üçün yaxından, uzaqdan qonaqlar, Bakıdan musiqiçilər dəvət olunmuşdu.

Rübabə adını eşidən minlərlə insan mədəniyyət evini üzük qaşı kimi mühasirəyə almışdı. Zal isə ayaq üstə duranlarla 600 nəfəri ancaq tutardı. Ona görə də Rübabə səsini heç olmasa bayırda eşitmək istəyənlər mədəniyyət evinin pəncələrini qırıq-qırıq etmişdilər.

Mərüzə və çıxışlardan sonra bədii hissə başladı. Kimlərsə oxudu, kimlərsə çaldı. Səhnəyə hamının gözlədiyi Rübabə Muradova çıxdı. Eynilə Leylinin şamla söhbətindəki əhval-ruhiyyə ilə. Əvvəlcə zala göz gəzdirdi. Sanki tanış simaları, öz həmyerlilərini axtarırdı. Sonra səhnənin ortasında qoyulmuş mikrofonu bir qırağa çəkdi və başladı, nə başladı. Füzulini dilə gətirdi:

 

Nalədəndir ney kimi, avazeyi-eşqin bülənd,

Nalə tərkin qılmazam, neytək kəsilsəm də bəndu-bənd!

 

Hər ifadan sonra alqışdan bütün bina titrəyirdi. Rübabə isə öz aləmində idi, bizi də o aləmi nəinki anlamağa, həm də görməyə məcbur edirdi. “Sarənc” çalınanda Rübabə xanım asta-asta səhnənin qırağına yaxınlaşdı, başını divara söykəyib Mədinə Gülgünün “Təbriz” şeirinə nəfəs verdi:

 

Kim deyir, görüşüm son görüş oldu?

Ömrümün baharı nə vaxtsız soldu.

Qəlbim həsrətindən boşaldı, doldu,

Ancaq baş əymədim hicrana Təbriz.

Baharda baharın eşqilə yandım,

Uzanan yollara xeyli boylandım.

Sən çətin ayaqda, elləri andım,

Gəldi geniş qəlbim tüğyana Təbriz!..

 

O, göz yaşlarını gizlətmədən, için-için ağlaya-ağlaya oxuyurdu. Yox, yox, səhv etdim, o özü ağlamırdı, bütün tamaşa salonu, bayırda Rübabə səsini eşidən böyüklü-kiçikli hamı ağlayırdı. Necə deyərlər, daşlar da divarlar da dilə gəlmişdi…

O anlar mənə elə gəldi ki, Rübabə xanım başını Şəhriyar qəsəbəsindəki mədəniyyət sarayının səhnəsində divara söykəməyib, özü müsahibənin birində arzu etdiyi kimi, Ərdəbildədi və başını uşaqlığını keçirdiyi doğma evlərinin pilləkəninə söykəyib nakam qərib bir qızın hekayətini canlandırır…

“Sarənc”i qurtaran kimi Rübabə xanım zala baxmadan səhnədən getdi. Onun alqışları qəbul etməyə, tamaşaçılarına baş əyməyə halı da qalmamışdı.

Bir daha deyirəm, heyif ki, o təkrarsız an lentə alına bilmədi. Amma o anların şahidləri, yəqin ki, Rübabə xanımı müşayət edən xalq artisti, tarzən Ağasəlim Abdullayev heç zaman unutmayıblar.

Adətən belə tədbirlərdən sonra qonaqlar üçün qəbul təşkil edilirdi, süfrə açılırdı. Amma rayon rəhbərlərinin də ciddi-cəhdinə baxmayaraq Rübabə Muradovanı qəbula gətirmək mümkün olmadı. O, öz aləmindən ayrılmaq istəmirdi.

Mən bu sətirləri yazarkən öz doğma elindən, evindən ayrı düşmüş soydaşlarımızın “Qarabağ” eşidəndə nələr çəkdiklərini daha dərindən anlayıram.

 

Azadlıq.- 2016.- 9 may.- S.13.