“Ermənilər bu
gün də muğamla yatıb-durur”
«Mehriban xanıma
müraciət edəcəyəm ki, muğamın
üstündən əlini çəksin»
Şeyx Əbdül: «Kim muğam mövzusunda
ayrı-seçkilik salıbsa, yazıq və şüursuz
adamdır»
Müsahibimiz Şeyx Əbdül Mahmudbəyovdur. Sənəti
ilə yanaşı, daim ictimai fəallığı ilə
seçilən Əbdül bəy bir neçə
gündür yenidən mətbuatın diqqət mərkəzindədir.
Gündəmin bir sıra vacib məsələləri ilə
bağlı nəhayət ki, Şeyxi gərgin iş rejimindən
ayırıb söhbətləşməyə macal tapdıq.
Bircə şərti oldu: siyasi suallar verməyək. Deyir ki,
müqəddəs Həcc ziyarətində olarkən siyasətə
qarışmayacağı haqda əhd edib. Razılaşdıq.
Müqəddimə olaraq Əbdül bəy Azərbaycanda
ciddi vətəndaş, ziyalı problemi olduğunu
vurğulayaraq bunları deyir:
- Iki ictimai formasiyada
işləyən, yaradan ziyalı olmuşam. Sovet
dövründə bizim qapalı ədəbiyyata xidmət edən
insanlarımız vardı - dissident deyirdlər özlərinə.
O adamlar giley-güzar edirdilər ki, sandıq ədəbiyyatımız
var, ay bizi çap eləməyə imkan vermirlər,
sıxırlar, təzyiq edirlər… filan. Müstəqllik
qazandıqdan sonra gördük ki, o adamların hamısı
yalan deyir. Sandıq olsa da, içi boşdur. Deməli, onlar
adamların hissləriylə oynayıblar. Allah-tala bu millətə
geosiyasi mənada çox gözəl məkan verib. Təbii sərvətlərimiz,
iqlimlər haqda hamının bildiyi şeydi… təkrarlamaq istəmirəm.
Yaradan bu xalqa zəngin mənəvi sərvət də verib. Kütlə
şəklində heç vaxt xalq heç bir şey həll
etmir. Xalq idarə olunan məfhumdur. Zaman-zaman onun içindən
liderlər, şəxsiyyətlər
çıxmalıdır ki, o, xalqı
formalaşdırsın, dünyaya tanıtsın. Deməliyəm
ki, Azərbaycan tarix boyu belə dahi şəxsiyyətləri
ilə bəşəriyyətin elminə, mənəviyyatına
töhvələrini verib.
Bəzən mənə
deyirlər ki, nə görmüsən e, bu qara camaatı tərifləyirsən,
bunlar ki, heç öz haqlarını tələb edə
bilmirlər. Yenə deyirəm, sadə xalqdan ciddi tələblər
etmək olmaz. Yaxşı lideri yetişməlidir ki, o,
xalqı səfərbər etsin, dünyaya tanıtsın. Olmayanda,
başıpozluq, dərəbəylik törənir. Məni
bugünlərdə çox təəssüfləndirən
hal odur ki, bəzi adamlar ölkəmizin içinə bölgəçilik
savaşı, milli azlıq, çoxluq, tayfabazlıq söhbəti
atmaq istəyir.
- Əbdül bəy,
sizin meyxana müsabiqəsində təmsil
olunmağınız cəmiyyətdə birmənalı
qarşılanmadı. Sizi daim şoulaşmaya qarşı
çıxan insan kimi tanıyanlar deyirlər ki, o müsabiqə
Şeyxin yeri deyildi…
- İnanmıram ki, o
sözləri məni istəyib deyirlər. Istəyib deyənlərə
təşəkkür edirəm və bir sual verirəm; bəs
15 ildir mən tədric olunanda niyə dinmirdilər, müdafiə
etmirdilər. Bu gün dini, dili, vətəndaşlığı
bir olanlar milli-mənəvi dəyərlərimizi təbliğ
edəndə etiraz səslərini ucaldırlar. Xeyir ola? Bəyəm
mən vəzifə davası eləyirəm, bəyəm mən
ev, torpaq istəyirəm, var-dövlət tələb edirəm?
Xeyr. İstədiyim odur ki, minimum şərait daxilində
çalışıb dəyərlərimizi qoruyaq, qoymayaq
siz məhv olasınız…
- Siz milli mənəvi dəyərlərdən
danışırsınız, amma konkret olaraq, millət vəkili
Sabir Rüstəmxanlı meyxanayla fars mədəniyyətini təbliğ
etdiyinizi parlamentdə söylədi…
- Bizim heç bir ingilisə,
fransıza, farsa ehtiyacımız yoxdur, mən həmişə
demişəm, onların bizə ehtiyacı var. Dünyada
analoqu olmayan bədiyyə sənətini aparıb farsın
adına yazmaq, mətbuata çıxarmaq qətiyyən
yolverilməzdir. Bu hansı məqsədlə deyilib, onu da
bilmirəm. Sağ olsun Nizami Cəfərov, Zahid Oruc onun
cavabını veriblər. Meyxananın adı
çoxlarını qıcıqlandırır. Amma
araşdırıb baxsınlar, bu söz iki yüz ildən o
tərəfə gedib çıxmır. Amma bədiyyə
Xaqaninin əsərlərində belə var. O müsabiqənin
bədii şurasında mən, Baba Mahmudoğlu oturub. Hörmətli
Sabir müəllim gərək o sözü ehtiyatla deyəydi.
Çünki o məni yaxşı tanıyır. Bilirsən,
dünyada ən asan iş kənardan durub məsləhət
verməkdir. Sabir müəllim yaxasını kənara
dartmasın. Gəlsin, otursun, hamımız birgə olub qiymətləndirmə
aparaq da…
- Sabir müəllimin
ifaçıların şairlik qabiliyyəti ilə
bağlı tənqidi fikirləri vardı. Onlarla da
razılaşmırsınız?
- Bilirsiniz, o uşaqlar
heç özlərinə şair də demirlər, deyirlər
ki, şair adı bizim üçün təhqirdir. Şair
bir cümləni zülmlə tapıb yazır. Bunlar isə bədahətən,
istənilən qafiyəni yaz ver, sinədən döşəsinlər
bir saat. Sabir müəllim onları pis şairlikdə ittiham
edir. Axı bu yanaşma tərzi düzgün deyil.
- Yəni siz təsdiq
edirsiniz ki, meyxana şairlikdən üstün sənətdir?
- Yox, bunlar ayrı-ayrı şeylərdir. Bax, estrada oxuyan da var, muğam-dəsgah
oxuyan da. Birinə müğənni deyirlər,
birinə xanəndə.
Şairlik və bədiyyə
də, oxşarlığa
baxmayaraq, fərqli şeylərdir.
- Qısaca
deyin, meyxanayla bağlı bugünkü
missiyanız nədir?
- Zaman-zaman
dövrdən gələn
çirkabdan, meyxanaya
yapışdırılan mənfi
imicdən onu qurtarmaq. Onu əsl mahiyyətinə
döndərmək.
- Amma razılaşın ki, teleefirdə meyxana ifrat həddə çatıb. Bu, insanları bezdirmirmi?
- Bu bir qayıdışdır. Bundan narahat
olmağa dəyməz.
Sadəcə, çalışmalıyıq
ki, şounun murdar cəhətləri bədiyyəyə sirayət
etməsin. Az-çox
buna nail
də oluruq. Baxırsınızsa, görərsiniz. Uşaqların hamısı qəşəng,
səliqəli geyinib ortaya çıxır, heç birinin leksikonunda latayır, təhqir yoxdur. Burda narahat olası nə var? Qadağayla biz heç nəyə nail ola
bilmərik…
- Amma böyük Nizami “artıq içilərsə
dərd verər su da” deyirdi…
- Qardaş,
çox olan təkcə meyxanadırmı?
100 dənə özəl universitet var. Hamısı da milləti bədbəxt eləməklə məşğuldur,
bəs onu niyə demirlər? 100 partiya var,
1000 qəzet var. Bunlar
çox deyil bəyəm? Qaçanı qovmaq lazımdır.
Meyxana şou deyil, sənətdir, folklordur.
Xəbəriniz varmı, bu
gün rep bədiyyəni
ötüb geçir.
Rep nədir? Istismar olunan Afrika xalqlarının
istismarçılara qarşı
söyüşü, təhqiri.
Rep Azərbaycanda baş alıb gedir, geyim-keçimi eybəcər olanlar küçələrdə vəhşi
Afrika musiqisini təbliğ edir, bu niyə insanlarımızı
narahat etmir? Bədiyyə folklorumuzdur, onu
qondarmamışıq ki?
Ona sahib durmalıyıq. Elmin fəlsəfəsini
açmalıyıq. Bu elə-belə olsaydı… prezident Novruz bayramında onları qəbul elədi… Novruzda bədiyyəçilərə 20 dəqiqə yer ayırdı. Prezident orda
Namiq Mənaya deyib ki, baxırıq,
sağ olun, qədim folklor sənətinə sahib durubsunuz.
- İstərdim ki, Muğam festivalı ilə bağlı yaranan qalmaqala da münasibətinizi öyrənək. Xalq artisti Habil Əliyev
beynəlxalq festivalda yerlibazlığın hökm
sürdüyünü dedi.
Bu məsələləri necə qarşıladınız?
- Bizim bədbəxtliyimiz ondadır
ki, Azərbaycanı bölgələrə tayfalara,
zonalara bölürük.
Azərbyacan türkün də,
talışın, ləzginin,
kürdün də doğma evidir. Ölkəni
içəridən parçalamaq
xəyantədir. Muğam kimi
bir sənət möcüzəsində belə
söhbətlər, ümumiyyətlə,
kobud səhvdir. Yekə çıxsa da deməliyəm; Muğam sənəti ilə bağlı böyük işlər görmüş
adamlardan biriyəm.
Muğamın dünyanı heyrətə
gətirəcək ideoloji
silah olduğunu 1988-ci
ildə deyən yeganə adamam. Dəfələrlə bu haqda mətbuatda çıxış
etmişəm. Rəhmətlik Heydər Əliyevə də, İlham Əliyevə də müraciətim olub ki, muğama sahib duraq. Bilirsiniz necədir? Dünya mükəmməl
raket icad edir, maşın, paltar icad edir.
Biz bundan istifadə
edə də bilərik, etməyə də. Amma elə bəşəri
möcüzələr var
ki, sən bir xalq, millət
kimi orda əvəzolunmazsan, heyrətamizsən.
Bizim üçün muğam bax, budur. Hamı deyir ki, muğam
dəhşətdir. Niyə dəhşətdir,
deyən yoxdur. Muğamatın səs, ifa,
diringə möcüzəsi
açılmır, hamı
ümumi sözlər
deyir. Bütün dünya töküldü
gəldi bura, bu boyda tədbir
təşkil olundu.
Sağ olsun Mehriban xanım, elə bir iş
qurdu ki, biz öz milli və
unikal sənətimizi
dünyaya göstərmək
imkanı əldə etdik. Bunu “qran-pri”
üçün etməmişdik
ki?!. Yaxşı olardı
ki, festivalı ustad sənətkarlar səviyyəsində edəydik.
Dünya
yığışıb gəlib
bura, uşaq-muşağı
qabağa vermək nə dərəcədə
doğrudur?
- Qalib gələn xanəndəmizin
ifasını yəqin
dinləmisiniz. Onun uğurunda yerlibazlıq meyllərini hiss etdinizmi?
- Mən
o festival haqda ancaq xoş sözlər danışmaq istəyirəm.
Böyük iş görüldü. Prezident şəxsən
gəlib muğam evinin açılışında,
festivalda iştirak edib. Məni hamı tanıyır,
yaltaqlıqla, yarınmaqla
ömrü boyu düşmən olmuşam.
İndi deyəcəklərimə nə
ad verirsən, ver. Amma
etiraf etməliyik ki, Mehriban xanım
muğamla bağlı
sanballı işlər
görür. Bu işlərin qabağında
cılız söhbətlər
kimə lazımdır?
- Amma artıq bu söz-söhbət
gündəmə gəlib…
- Çox
təəssüf edirəm.
Kimlərsə bu mövzuda
ayrı-seçkilik salıbsa,
yazıq və şüursuz adamlardır.
Onların hamısına ar
olsun. Belə şey etməzlər.
- Maraqlıdır
ki, muğamdakı yerlibazlıq mövzusundan
söhbət gedəndə
diskussiya aparan iki tərəfin hər biri deyir
ki, burda erməni barmağı
var. Siz də belə fikirləşirsiniz?
- Yalandı,
erməninin muğamata
nə dəxli. Bizdə elə xasiyyət var: kişiliyimiz çatmır
dediyimiz sözün üstündə durmağa,
məsələni yayındırırıq.
İstəyirik içimizdən
gələn, xılt deyək, həm də ondan yayınaq…
Erməni bu gün də gecə-gündüz
bizim muğamla yatıb-durur. İnanmırsınız, gedin araşdırın.
Bilirsiniz, bu cür xoşagəlməz
söhbətlərin qabağını
almağın bir yolu var: ictimai
qınaq olmalıdır.
Muğamla bağlı söhbət
yaranan kimi təklif etdim ki, Canəlini Əkbərovu, Arif Babayevi, Ağaxanı çağıraq bir televiziyaya müzakirə edək; nəyi, kimi bölüşdürürük?
Məgər o Təyyar, o Babək
başqaları kimi bizim balamız deyil. Niyə buna rəng
veririk, aranı qatırıq? Mənə belə
gəlir ki, yaranan bu söz-söhbətin
bir səbəbi köhnəliklə yeniliyin
mübarizəsidir. Bizim bəzi
ağsaqallar dövrün
reallığı ilə
barışa bilmir.
Demirəm ki, reallıq
xatirinə hər şeyi tullayaq. Sadəcə, istəyirəm
ki, ağsaqqal söhbətləri, nəsihətləri,
lap qısqanclıqları… hamısı ümumi işə xidmət etsin.
- Muğam
oxuyanlarımız da
son çağlar artır,
onların səviyyəsi
necə, sizi qane edirmi?
- Narahat bir mövzuya toxunursunuz. İndi bir dəb yaranıb, yerindən duran muğamat oxuyur. İstəyirəm Mehriban xanıma
müraciət edim ki, əlinizi muğamın üstündən
çəkin. Çünki təzə oxuyanların çoxu heç oxumurlar, xaric səslə qışqırırlar.
Muğamat qışqırıq deyil. O, Allahdan gələn, Allaha qayıdan bir səsdir, fəlsəfədir,
ağayanalıqdır, şüurdur.
Alim Qasımovun muğamatına nəzər
salaq, adam
onu dinləyəndə
düşünür, mənən
böyüyür, zənginləşir,
heyrətə gəlir
- bu ortaya qoyulmalıdır. Tədbirçilik lazım deyil. Bu, bizim qanımıza işləyib, elə bil yığılırıq,
çalırıq, oynayırıq,
sonra hər şeyi unuduruq…
Arif
Azadlıq.- 2009.- 14 aprel.- S. 10.