ADPU-nun Filologiya fakültəsi ötən
əsrin 20-ci illərində
Azərbaycanda Ali Pedaqoji İnstitut yaradılması ilə
bağlı ilk əməli təşəbbüs və ideya
Azərbaycan Xalq Cümhuriyyətinə məxsusdur. Belə ki, hələ
1919-cu ildə AXC hökuməti həmin hökumətdə
Maarif və Dini Etiqad Naziri olan Həmid bəy Şahtaxtinskiyə
(1880-1944) Azərbaycanda ali pedaqoji təhsil-tədris müəssisəsi
yaratmaq üçün layihə hazırlamağı
tapşırdı.
Əslində, bu işin təşəbbüskarlarından
biri də elə xalq təhsilinin yaxşı mütəxəssislərindən
olan, nüfuzlu ziyalı kimi tanınan H.Şahtaxtlı
özü idi.
Verilən tapşırıq əsasında o,
belə bir layihə üzərində işləməyə
başladı. Lakin 1920-ci ilin 28 aprelində
baş verən bolşevik işğalı AXC-nin süqutuna səbəb
olduğundan həmin milli hökumət deyilən ideyanı
gerçəkləşdirə bilmədi. Ali Pedaqoji
İnstitutun ilk direktoru olmuş (1921-1924) Fətulla bəy Əziz
oğlu Rzabəyli (1885-1968) də 1924-cü ildə ali məktəbin
ilk məzun buraxılışı ilə bağlı
çıxışında Azərbaycanda Ali Pedaqoji
İnstitut təsis etməyin ilk təşəbbüskarının
AXC və H.Şahtaxtlı olduğunu etiraf edərək deyir:
"Müsavat hökuməti zamanı möhtərəm
yoldaşım Həmid Şahtaxtlı tərəfindən dəxi
ideyası meydana atılan Türk Ali Pedaqoji İnstitutun
müxtəsər tarixçəsini bitirərək gələcək
ali pedaqoji institutun təsvirimdə canlandıraraq qurduğum
projesini bir kaç kəlmə ilə tərsim etmək istərdim:
Xəzər dənizi sahilində mövcud Şərqin
qapısı olan birinci türk sosialist şura cümhuriyyətinin
coğrafi vəziyyətinə görə şu müqəddəs
binanın müəzzəm bir elm xəzinəsi
olacağına qəlbimlə və ruhumla iman etmişəm".
Azərbaycanda
sovet hökuməti qurulandan az sonra yenidən
bu təşəbbüs ortalığa atıldı. 1921-ci
ilin iyun ayına qədər yaradılmış komissiya ali məktəbin layihəsi üzərində
işi başa çatdırdı. Onun Əsasnamə
və Nizamnaməsini hazırladı. Əsasnamə və
Nizamnamədə ali təhsil
ocağının strukturu, məqsədi, vəzifələri
və hüquqları müəyyən edilirdi. İyun
ayının 13-də Azərbaycan Xalq Maarif
Komissarlığının Kollegiyası layihəni müzakirə
və təsdiq etdi. Onu baxılmaqdan
ötrü Komissarlar Şurasına göndərdi. Onu da
deyək ki, bu ali pedaqoji təhsil müəssisəsi
kişilər üçün nəzərdə tutulmuşdu.
Ona görə də Azərbaycan Dövləti
Türk Zükur (Kişi - red.)
Ali Pedaqoji İnstitutu adlanırdı.
Azərbaycan Xalq Komissarlar Şurası 26 avqust 1921-ci il tarixli 66 saylı dekreti ilə "Azərbaycan
birinci Dövləti Ali Pedaqoji İnstitututu təsis edilməsi
haqqında" sənədi təsdiq etdi. Sənəddə
deyilirdi: "İşbu sənənin 1 iyulundan etibarən
Bakı şəhrində 2-ci dərəcəli Şura məktəbləri
üçün hökumət Türk lisanında müəllimlər
hazırlaya biləcək Azərbaycan birinci Dövləti Ali
Pedaqoji İnstitututu təsis edilsin və bu dekretin nəşrindən
sonra bilatəxir institutun təşkilatına
başlanılsın". Dekreti Xalq Komissarlar
Şurasının sədri N.Nərimanov, Xalq Maarif
Komissarı D.Bünyadzadə, Xalq Komissarlar Şurası
işlər müdiri Şirvani və katib R.Tahirov
imzalamışdılar.
Hökumət dekretindən sonra Maarif
Komissarlığının İctimai İşlər üzrə
Tərbiyə müdiri Azad Əmirovun göstərişilə
(1414 nömrəli mandat) institutun təşkili
üçün ayrıca komissiya yaradıldı. Əvvəlcə
komissiyaya Fəthullah Rzabəyli, Həbib bəy Mahmudbəyov
və Rəhim Cəfərov daxil idilər. F.Rzabəyli sədr, o zaman bir illik kurs bitirən Əli
Abbas Vəlixanlı isə katib idilər. Az
sonra Abdulla Şaiq Talıbzadə, Məhəmməd Əfəndizadə
və Sadıq Hüseynzadə də komissiyanın işinə
cəlb edildilər.
İlk növbədə institut üçün bina
tapmaq məsələsi həll edilməli idi. Bu işdə
o zaman Bakı Maarif Şöbəsinin Məktəb
İşləri müdiri vəzifəsində
çalışan Ağa Əli Raqib də komissiyanın
işinə yaxından köməklik göstərirdi. "Lebedinski" küçəsindəki əski
"Turgenev" məktəbinin binası institut
üçün ayrıldı və təmir edildi. Noyabrın 1-nə qədər həm bütün təşkilati,
həm də təmir işləri başa çatdı.
Tələbə qəbulu prosesinə
başlanıldı. Nəhayət,
bütün hazırlıqlar başa çatandan sonra 1921-ci
ildə noyabr ayının 15-də təhsil məbədinin
qapısı ilk dəfə tələbələrin
üzünə açıldı və tədris
ocağı fəaliyyətə başladı. Bu, Azərbaycan
xalqının tarixində yeni tipli ilk ali
pedaqoji təhsil-tədris müəssisəsi idi. Azərbaycanda
ilk ali pedaqoji məktəb - Azərbaycan
Dövləti Türk Zükur Ali Pedaqoji İnstitutu belə
yarandı.
Onu da deyək ki, institut ilk dəfə cəmi 6 tələbə
ilə fəaliyyətə başlamışdı. Yəni ilk dəfə
buraya qəbul olunan tələbə kontingentinin sayı cəmi
6 nəfər idi. Həmin tələbələr
bunlardır: Rəhimzadə Əbdulhəsən, Musaxanlı
Atababa, Axundzadə Vəli, Süleymanzadə Mahmud, Mustafazadə
Ağaveys, Adilzadə Əbdulməsur.
Görkəmli
ziyalı, bacarıqlı təşkilatçı Fətullah
bəy Rzabəyli Azərbaycan Dövləti Türk Zükur Ali
Pedaqoji İnstitutunun ilk direktoru (1921-1924), tanınmış
pedaqoq Həbib bəy Mahmudbəyov isə onun müavini təyin
edildilər. 20-ci illərdə F.Rzabəylidən sonra Ali
Pedaqoji İnstitut Bakı Dövlət Universitetinin tərkibinə
daxil edilənə qədər (1927-1930) onun rektorları Məhəmməd
Əfəndiyev (1924), Həbib bəy Mahmudbəyov, Şərif
Manafov və Cəlil Məmmədzadə (1925-1927) olmuşlar.
İnstitutun
ilk müəllim heyəti isə aşağıdakılardan
ibarət idi: Abdulla Şaiq Talıbzadə - məşhur Azərbaycan
ədibi, ədəbiyyat müəllimi, 2) Məhəmməd Əfəndiyev
- Leninqrad (indiki Sankt-Peterburq - red.) darülfünununu
bitirmiş riyaziyyat müəllimi, 3) Həmid Şaxtaxtinski -
Odessa darülfünununu bitirmiş ruhiyyat (piskoloji) müəllimi,
4) Mühəndis Sadiq Hüseynov - Darmştad (Almaniya)
Politexnikumunu bitirmiş kimya müəllimi, 5) İsmayıl
Novruzi - İstanbul darülfünununu bitirmiş - fizik və təbiət
müəllimi, 6) Fəthullah Rzabəyli Odessa
darülfünununu bitirmiş, təşrih və fizioloji
müəllimi, 7) V.V.Pismennaya - Leninqrad Ali Pedaqoji İnstitutunu
bitirmiş - rusca müəlliməsi.
Siyahıdan
göründüyü kimi, A.Şaiq ali təhsil
ocağının ilk dil-ədəbiyyat, V.V.Pis-mennaya isə
rus dili müəllimləri olmuşlar. Yəni
onlar institutun ilk filoloq müəlimləri idilər. 1922-ci ildə gənc türkoloq, dilçi və ədəbiyyatşünas,
1918-ci ildə Budapeşt universitetini bitirmiş Bəkir
Çobanzadə Bakıya dəvət olundu. O, həm
Bakı Dövlət Universitetində, həm də Ali Pedaqoji
İnstitutda mühazirə və seminar məşğələləri
aparırdı.
İnstitutda
təhsil müddəti 3 il idi. Birinci kursda, əsasən, ümumi və nəzəri,
ikinci və üçüncü kurslarda isə ixtisas və
tətbiqi fənlərin tədrisi nəzərdə tutulurdu.
Tədris ilinin akademik müddəti (sənəyi-tədrisiyə)
40 həftə müəyyənləşdirilmişdi. İxtisas sinifləri bu qruplara ayrılırdı.
Başqa sözlə desək, institutun nəzdində
üç şöbə (fakültə) var idi. Həmin
şöbələr bunlar idi: 1. Tarix-ədəbiyyat; 2. Təbiət-coğrafiya;
3. Fizika-riyaziyyat.
İstər
Tarix-ədəbiyyat, istərsə də digər şöbələrdə
ixtisas fənlərindən əlavə fəlsəfə,
pedaqogika, elm-i tərbiyə (didaktika), siyasi iqtisad, ictimaiyyat,
Şura qanuni-əsası (hüquq), rus dili və s. fənlər
də tədris edilirdi.
1923-1924-cü
illərdə türk ədəbiyyatı üzrə
tanınmış alimlər İsmayıl Hikmət və
Tofiq Hikmət, həmçinin, fars ədəbiyyatı
üzrə mütəxəssis Mirzə Möhsün
İbrahimov müəllim kimi instituta dəvət olundular və filologiya fənlərindən dərs
deməyə başladılar. İ.Hikmət
İstanbul, M.M.İbrahimov Paris universitetinin məzunları
idilər. İ.Hikmət, əsasən, türk və Azərbaycan
ədəbiyyatı fənlərini, M.M.İbrahimov isə fars
dili və fars ədəbiyyatı
tarixi fənlərini tədris edirdilər. İstanbul
darülfünunun məzunlarından Məhiyəddin adlı gənc,
alman dili müəllimi B.Qarbulum, Kiyev darülfünunun məzunu, antropologiya və rus ədəbiyyatı
müəllimi Davud Şərifli, Derped darülfünununu bitirmiş alman dili müəllimi
T.Qəribli də 1923-1924-cü tədris ilində müəllim
kimi tədris ocağına dəvət olunanlar sırasında
idilər.
O zaman Azərbaycan
ədəbiyyatı tarixinə dair Firidun bəy Köçərlinin
"Azərbaycan ədəbiyyatı tarixi materialları"
adlı əsərindən başqa heç bir sistemli mənbə
və tədqiqat əsəri, tədris materialı mövcud
deyildi. F.Köçərlinin adı çəkilən
dəyərli əsəri 1925-1926-cı illərdə nəşr
olundu. Lakin bu kitab da Azərbaycan ədəbiyyatı
tarixini tam şəkildə əhatə etmirdi. Burada yer alan sənətkarlar daha çox XVIII-XIX əsrlərdə
yaşayıb-yaradan şairlərimiz idilər. Bu sahədəki
boşluğu və ehtiyacı görən İ.Hikmət bir
neçə il ərzində 2 cilddən ibarət "Azərbaycan
ədəbiyyatı tarixi" adlı fundamental, əhatəli
və dəyərli dərslik meydana gətirdi. Bu,
F.Köçərlidən sonra həmin sahədə ikinci
böyük təşəbbüs idi. Adı
çəkilən ədəbiyyat tarixində İ.Hikmət
yazılı ədəbiyyatda bizim ədəbiyyat tariximizi
XIII əsrdən başlayırdı. Yəni
onun tarixini 5 əsr əvvələ çəkirdi. İlk sistemli ədəbiyyat tarixi dərsliyimiz olan
"Azərbaycan ədəbiyyatı tarixi" 1928-ci ildə
2 cilddə nəşr edildi. Burada
İ.Hikmət ədəbi şəxsiyyətlərlə
bağlı oçerkləri tarixi-xronoloji
ardıcıllıqla vermişdi. Ədəbiyyat
tariximizi isə folklordan başlayıb XVII əsrə qədər
ocerkçilik prinsipi ilə elmi şəkildə tədqiq və
təhlil etmişdi.
1925-1926-cı
tədris ilindən etibarən Tarix-ədəbiyyat bölməsi
2 müstəqil şöbəyə ayrıldı: 1. Tarix-ictimaiyyat;
2. Filologiya. İki müstəqil şöbənin
(fakültənin) yaradılmasında məqsəd, təbii
ki, tədrisin keyfiyyətini daha da artırmaq, ixtisas fənlərinin
sayını və saatlarını çoxaltmaq, keyfiyyəti
yüksəltmək idi. Artıq bu illərdə
Filologiya şöbəsində həm tələbələrin
sayı artmış, həm də təlim-tədris işlərinə
bir sıra yeni və görkəmli filoloq mütəxəssislər
cəlb edilmişdi. Bu illərdə
Filologiya şöbəsində çalışan ədəbiyyat
müəllimlərdən B.V.Çobanzadəni, İ.Hikməti,
N.İ.Aşmarini, Y.V.Çəmənzəminlini,
H.Zeynallını, Ə.Haqverdiyevi, A.Ş.Talıbzadəni,
M.K.Ələkbərlini, A.Musaxanlını, M.M.İbrahimovu və
b.-nı göstərmək mümkündür.
Ali Pedaqoji İnstitutda filoloji ab-havanı, tədrisi və təhsili daha da münbit, maraqlı, məhsuldar və səmərəli etməkdən ötrü 1924-cü ildən etibarən Rusiyanın elm mərkəzlərindən bir sıra görkəmli filoloq alimlər ali məktəbə dəvət olundular. Onlar Bakıya gəlib müəyyən müddət burada qalır və Tarix-ədəbiyyat şöbəsində mühazirələr oxuyur, səmərəli məşğələlər aparırdılar. Həmin alimlərdən akademiklər N.Y.Marrı, V.V.Bartoldu, A.N.Samoyloviçi, İ.İ.Meşşaninovu, habelə nüfuzlu professorlar Ə.S.Übeydulini, P.K.Juzeni və b.-nı göstərmək olar. Əlbəttə, belə bir faydalı təşəbbüs yeni filoloqlar, filoloji təmayüllü hazırlıqlı pedaqoqlar nəslinin yetişməsinə kifayət qədər müsbət təsir göstərirdi.
1924-cü ildə haqqında danışdığımız təhsil ocağında 1 ümumi hazırlıq sinfi və 6 ixtisas sinfi fəaliyyət göstərirdi. İxtisas siniflərindən 2-si ədəbiyyat, 2-si riyaziyyat, 2-si isə təbiət sinifləri idi. Tələbələrin ümumi sayı 100-ə çatmışdı. Üçüncü ədəbiyyat şöbəsində (ədəbiyyat ixtisasının III kursunda) 6, ikinci ədəbiyyat şöbəsində (ədəbiyyat ixtisasının II kursunda) 9 tələbə var idi.
Ədəbiyyat şöbəsində ilk illərdə ixtisasla bağlı aşağıdakı fənlər tədris edilirdi: Lisan tarixi (dil tarixi), onun şəkilləri, xüsusiyyətləri, ədəbiyyat tarixi, üsul-i tədris, sərf və nəhv (morfologiya və sintaksis), üslubiyyat (stilistika), izahlı qiraət, nəzəriyat-i ədəbiyyə (ədəbiyyat nəzəriyyəsi), asar-i atiqə (ədəbiyyat tarixi, tarixi abidələr) və hürufiyat təhriyyatı (əlifba məsələləri). 1925-1926-cı illərdə tədris proqramında bir sıra dəyişikliklər edildi. Göstərlən ixtisas fənlərindən əlavə ədəbiyyat şöbəsində bəzi başqa məcburi fənlər də keçilirdi. Biz onları yuxarıda xatırlatdıq.
Bir məsələni də xatırlatmaq lazım gəlir. 1921-ci ildə Bakıda həm də ayrıca qadınların ali təhsil alması üçün Ünas (Qadın - red.) Ali Pedaqoji İnstitutu təsis edildi. Lakin çox keçmədən həmin ali məktəb Azərbaycan Dövləti Türk Zükur Ali Pedaqoji İnstitutu ilə birləşdirildi. Eyni zamanda, tələbələrin pedaqoji praktika keçməsi üçün institun nəzdində nümunə məktəbi yaradıldı. Bu nümunə məktəbinə A.Şaiq rəhbərlik edirdi. Ona görə də ona "Abdulla Şaiqin Nümunə Məktəbi" də deyilirdi. Ədəbiyyat ixtisasında praktika dərslərinin necə keçirilməsi barədə Ali Pedaqoji İnstitutun türk ədəbiyyatı tarixi və üsuli-tədris müdərrisi İsmayıl Hikmət bunları yazırdı. Bu gün bizim üçün xüsusi maraq kəsb etdiyindən biz onun yazısından müəyyən parçanı nisbətən geniş şəkildə nəzərə çatdırırıq: "Nümunə dərsi verəcək olan ədəbiyyatçı verəcəyi dərsin konspektini hazırlamaq üçün sinif müəllimi ilə müzakirə ediyor və hazırladığı konspekti məsudə halında üsul tədrisi müəlliminə göstərərək tədqiq və islah edildikdən, izahati-lazimə alındıqdan sonra yüzünü ağartaraq hazırlayır və müəyyən zamanda konspekt üzrə dərsini veriyordu.
Dərslər nəhayət bulduqdan sonra iştirak edən bütün ədəbiyyatçılar institutun sair şöbələri əfəndilərindən arzu edənlər xaricdən dərsə iştirak edən müəllim, mürəbbi və maarif adamlarından istəyənlər, nümunə məktəbi sinif müəllimi və üsuli-tədris müəllimi hazır bulunduqları halda verilən nümunə dərsinin tənqidi və münaqişəsi yapılıyor. Dərs əsnasında görülən əksiklər söyləniyor, konspektin quruluşuna, tətbiq edilmiş, dideksiyona, üsula, müəllimin hərəkətinə, sairəyə dair iyi və fəna cəhətlər göstəriliyordu. Bu tənqidatın hazırlanacaq olan digər ədəbiyyatçılar üzərində iyi və ibrətli təsirlər buraxacağı pək təbiidir.
Ədəbiyyatçılar gördükləri üsuliyyatın mövcudluğuna, ümumiliyinə rəğmən, verdikləri nümunə dərslərində müvəffəqiyyət göstəriyorlardı. Bunda da sırf şəxsi qeyrətlərinin həvəs və məslək aşiqinin böyük əsərləri (təsirləri - red.) vardı. Bu da gələcək üçün böyük ümidlər verə bilir. Verilən nümunə dərsləri arasında ikinci dərəcəli məktəblərdə tarix, ədəbiyyat dərsi, qiraət və izah dərsləri, fikrin və bədii qiymətin izahı, əski və yeni ədəbiyyatın ayrılıq nöqtələrinin izahı kimi mühümcə cəhətlərə fazlaca əhəmiyyət veriliyordu. Bilxassə verilən dərslərin elmi bir quruluşla təqib və tətbiqinə nəzər olunurdu".
Praktika (sınaq) dərslərinin sayı 12 idi.
1924-cü ilin iyununda Ali Pedaqoji İnstitutun ilk buraxılışı oldu. Bununla bağlı təntənəli tədbir keçirildi. İnstitutun ayrıca salnaməsi buraxıldı. Salnamə belə adlanırdı: "Ali Pedaqoji İnstitutu salnaməsi" (Bakı, 1924). Salnamənin üstündəki izahatda yazılırdı: "Azərbaycan Dövləti Türk Ali Pedaqoji İnstitutu üç sənəliyi və ilk məzunları dolayısı ilə nəşr olunur". Salnamədə institutun 3 illik fəaliyyəti dövründə görülən işlər geniş şəkildə işıqlandırılırdı. Burada N.Nərimanovun, M.Quliyevin və başqa görkəmli şəxslərin ilk buraxılış münasibətilə kollektivə, tələbələrə müraciətləri, təbrikləri, ürək sözləri də yer almışdı. "E." imzalı bir müəllif öz yazısında ilk məzunları "ön manqa", A.Şaiq "Nümunə məktəbi"nin II sinif tələbəsi Nəsir Fətəliyev isə onlara həsr etdiyi şeirində onları "ilk fatehlər" adlandırmışdı.
İlk buraxılışda məzunların sayı 28 nəfər idi. Bunlardan Tarix-filoloji şöbəni bitrənlərin payına cəmi 5 nəfər düşürdü. Həmin tələbələr bunlardır: Bağırzadə Məhəmməd (Gəncə), Hüseynzadə Surxay (Şuşa), Şərəfəddin Seyidaləm (Türküstan-Daşkənd), Şahverdili Teymur (Lənkəran qəzası), Musaxanlı Atababa (Bakı). Bu məzunlardan A.Musaxanlı müəllim kimi institutda saxlanıldı, filologiyaya aid müəyyən fənlərdən dərs deməyə başladı.
Təhsil ocağında ədəbiyyatla bağlı iki dərnək fəaliyyət göstərirdi: 1. Ədəbiyyat dərnəyi (sədr Atababa Musaxanlı); 2. Dram dərnəyi (sədr Şamil Vəzirzadə). Dərnəklərin işində bir məhsuldarlıq və fəallıq hiss olunurdu. Məsələn, Ədəbiyyat dərnəyi 1924-cü il ərzində 14 iclas keçirmiş, "Örnək" adlı divar qəzeti çıxarmış (həmin ildə qəzetin 12 nömrəsi çıxmışdı), müxtəlif ədəbi və pedaqoji mövzularda 3 mühazirə hazırlamış və onun müzakirəsini keçirmiş, tarixi abidələri görmək üçün səyahətlər təşkil etmişdi. Dram dərnəyi isə il ərzində 4-5 teatr tamaşası hazırlamışdı. Teatrın aktyor truppasına tələbələrdən ibarət həvəskar heyət cəlb edilmişdi.
1925-1926-cı tədris ilində Ali Pedaqoji İnstitutun fakültələrinin sturukturunda bəzi dəyişikliklər edildi. Tarix-filoloji şöbə iki müstəqil şöbəyə ayrıldı: 1. Tarix-ictimaiyyat şöbəsi; 2.Tarix-ədəbiyyat şöbəsi. Tarix-ədəbiyyat şöbəsinin dekanı İsmayıl Hikmət təyin olundu. Bu vaxta qədər Tarix-filoloji şöbənin dekanı prof. Ə.S.Übeydulin idi. Şöbə ayrılandan sonra o, Tarix-ictimaiyyat şöbəsinin dekanı təyin edildi.
1923-1924-cü tədris ilində institutu 28, 1924-1925-ci tədris ilində 27, 1925-1926-cı tədris ilində isə 56 nəfər tələbə bitirmişdi. Binların hamısının sayı ümumilikdə 111 nəfər təşkil edirdi. Həmin müəllim-pedaqoq məzunlardan 25 nəfəri dil-ədəbiyyat müəllimlərinin payına düşürdü.
1924-1925-ci tədris ilində bir sıra fənn proqramlarında müəyyən dəyişikliklər edildi. Eyni zamanda, ali məktəb 4 illik tədris planı ilə işə başladı. Türk ədəbiyyatı tarixi, Azərbaycan ədəbiyyatı tarixi və Cahan (Dünya) ədəbiyyatı fənlərinə verilən saatların miqdarı artırıldı. Mövzularda xeyli dəyişikliklər edildi. Azərbaycan ədəbiyyatının tarixini nə vaxtdan başlamaq məsələsində də bir müəyyənlik hasil olundu. Əlbəttə, bu işlərdə şöbənin dekanı İ.Hikmətin xüsusi rolu və əməyi var idi.
1926-cı ildə Ali Pedaqoji İnstitutun 5 illik yubileyi təntənə ilə qeyd edildi. Elm-tədris məbədinin bu müddətdəki fəaliyyətini canlandıran "Beş yıllıq. Ali Pedaqoji İnstitutu tarixçəsi" (Bakı, 1926) adlı kitab nəşr olundu. Bu kitabda Tarix-ədəbiyyat şöbəsinin dekanı İ.Hikmətin, institutun türkoloji və lisaniyyət (dil) müəllimi B.Çobanzadənin, fars dili və ədəbiyyatı müəllimi M.M.İbrahimovun da məqalələri dərc olunmuşdur. Onlar tarix-ədəbiyyat şöbəsinin həm uğurları, həm də buradakı nöqsanlar, görülməli olan işlər barədə ətraflı məlumat vermişlər.
Ali Pedaqoji İnstitutun 20-ci illərdəki müstəqil fəaliyyəti 1927-ci ilə qədər davam etdi. Azərbaycan SSR XKS-nin 16 iyun 1926-cı il tarixli "Ali pedaqoji institutların yenidən təşkili haqqında" adlı qərarı ilə 1927-ci ildə tədris ilinin əvvəlindən etibarən Ali Pedaqoji Zükur (Kişi) və Ali Pedaqoji Ünas (Qadın) institutları Bakı Dövlət Darülfünununun Pedaqoji fakültəsinə birləşdirildi. Tarix-ədəbiyyat şöbəsi də həmin fakültənin tərkibində fəaliyyət göstərdi. Bu proses 1930-cu ilə qədər davam etdi. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu hökumətin rəsmi qərarı ilə yenidən BDU-nun tərkibindən ayrılıb müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başladı. Pənah Qasımov instituta direktor, B.B.Komarovski isə direktor müavini təyin edildilər. Dosent Ə.Nəzmi Dil-ədəbiyyat kafedrasına müdir təyin olundu. Çox keçmədən M.Ə.Hüseyn, M.H.Rəfili, Ə.A.Sultanlı kimi gənc, istedadlı və perspektivli alim-pedaqoqlar institutun pedaqoji heyətinə cəlb edildilər.
Yaqub BABAYEV,
ADPU-nun professoru, filologiya elmləri
doktoru