31 Mart - Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilmişdir

 

31 Mart - Azərbaycanlıların soyqırımı təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı iki yüz ilə yaxın müddətdə həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.

1918-ci ilin mart-aprel aylarında Bakıda və Azərbaycanın müxtəlif bölgələrində erməni daşnakları tərəfindən törədilmiş soyqırımı aktı zamanı 50 mindən çox azərbaycanlı amansızcasına qətlə yetirilmiş, 10 minlərlə insan öz doğma torpaqlarından didərgin salınmış, onlarla şəhər və kənd yandırılmış, milli-mədəni abidələr dağıdılaraq məhv edilmişdir.

Azərbaycan xalqının məruz qaldığı soyqırımı faktlarına yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verilmiş, dahi öndərimiz tərəfindən 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalanmışdır.

Hər il martın 31-də Azərbaycan xalqı bu kütləvi və amansız qırğının qurbanlarının xatirəsini ehtiramla yad edir, ölkəmizdə və onun hüdudlarından kənarda anma mərasimləri keçirilir, mənfur erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və etnik təmizləmə siyasəti barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında erməni şovinistlərinin xalqımıza qarşı törətdikləri soyqırımının acı nəticələrindən, günahsız əhaliyə divan tutulmasından danışılmış, bu kütləvi qırğının statistikası, miqyası və qəddarlığına görə bəşəriyyətə, insanlığa qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olduğu bildirilmiş, faciə qurbanları ehtiramla anılmış və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanlıların soyqırımının 92-ci ildönümü ilə bağlı nazirliyin struktur qurumlarında da anma mərasimləri keçirilərək ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı törədilən vəhşilik və cinayətlərin tarixinə nəzər salınmış, əsl soyqırımı həyata keçirənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur.

Nazirlikdə azərbaycanlıların soyqırımı barədə sənədlərdən, arxiv foto materiallardan ibarət xüsusi stend, soyqırımı haqqında yeni nəşrlərdən digər əyani vəsaitlərdən ibarət guşə hazırlanmış, eyni zamanda ədliyyə işçiləri üçün kinozalda silahlı erməni-daşnak dəstələrinin dinc əhaliyə qarşı törətdiyi qırğınlardan bəhs edən "Soyqırımı" adlı yeni sənədli film nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 1  aprel.- S.  2.