Keçid dövrünün başa çatması ictimai və humanitar elm sahələrində modernləşməni zəruri edir

 

İctimai və humanitar elmlər: zaman kontekstində baxış

 

Müstəqillik qazandıqdan sonra respublikamız ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə tapınaraq demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini özündə əks etdirən ümumbəşəri yolla irəliləmişdir. Demokratik inkişaf mərhələlərini tez bir zamanda adlayan Azərbaycanın belə böyük uğurlara imza atmasında, şübhəsiz, ulu öndərin rasional və xarizmatik liderlik keyfiyyətləri əsas rol oynamışdır. Ulu öndər Heydər Əliyev milli strateq olaraq nəinki müstəqil Azərbaycanın dayanıqlı və sabit inkişaf strategiyasını irəli sürmüş, eyni zamanda bu alternativsiz kursu özündən sonra çağdaş dünya reallıqlarına nəzərən davam etdirməyə qadir lider yetişdirmişdir.

 

2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını məhz bu yöndə səfərbər etmişdir. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana əzmlə sinə gərən dövlətləri sırasında yüksəlmişdir. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər isə ötən 6 ildə həm də elm və təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirmişdir.

İqtisadi qüdrəti ilə tarixən dünya siyasətinə təsir imkanlarını qoruyub saxlamış bir çox dövlətlərin gələcək taleyi heç də onların malik olduğu zəngin təbii sərvətlərlə deyil, ilk növbədə elmi-intellektual potensialı, insan kapitalı ilə şərtlənmişdir. İnkişafını malik olduğu zəngin neft-qaz ehtiyatlarının gətirdiyi dividendlərə bağlamayan müstəqil Azərbaycan da mövcud resurslarını məhz intellektual resursların gücləndirilməsi yönümündə qurur. "İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq" - deyən cənab İlham Əliyev neftdən əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir.

Elm və təhsil, yüksək ixtisaslı kadr potensialı bu gün hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. Bunu ABŞ, Almaniya, Yaponiya, Şimali Koreya, Finlandiya, İsrail və digər dövlətlərin iqtisadi inkişaf strategiyasına nəzərən əminliklə demək olar. Yalnız bir faktı vurğulamaq kifayətdir ki, bu gün Finlandiyanın tanınmış "Nokia" şirkətinin informasiya texnologiyaları sahəsində əldə etdiyi gəlirlər müsəlman ölkələrinin - karbohidrogen ehtiyatları istisna olunmaqla, digər gəlirlərindən çoxdur.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən səmərəli islahatların nəticəsi kimi respublikamızın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması elm və təhsil sferasında adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlər qarşısına ciddi vəzifələr qoyur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində iqtisadi sahədə keçid dövrünün başa çatdığı hazırkı mərhələdə Azərbaycan elminin mövcud durumuna, problemlərinə, gələcək inkişaf təmayüllərinə, habelə elm adamlarının qarşısında duran vəzifələrə analitik prizmadan nəzər salmış, eyni zamanda ölkə rəhbərliyinin bu strateji sahənin üzləşdiyi vəziyyətlə bağlı haqlı narahatlığını və gözləntilərini diqqətə çatdırmışdır. Akademik məqalədə elm sahəsində ürəkaçan olmayan vəziyyəti özünəməxsus məharətlə canlandırmış, bu sahənin inkişafını ləngidən obyektiv və subyektiv amilləri qeyd etmiş, elmi tədqiqatların yeni dövrün tələbləri səviyyəsində aparılmamasını təəssüflə qeyd etmişdir. Məqalədə qloballaşma dövründə ictimai və humanitar elmlərin qarşısında duran başlıca vəzifələr konkret elmi postulatlar şəklində diqqətə çatdırılmış, həmçinin elmi yeniliklərin istehsalata tətbiqi, siyasi qərarların qəbulunda elmi proqnozlara istinad olunması, tədqiqatların səmərəliliyinin yüksəldilməsi, alimlik dərəcələrinin verilməsində şəffaflıq, ədalətlilik, obyektivlik kimi prinsiplərin gözlənilməsi məsələlərinə geniş yer ayrılmışdır.

Elmi sanbalı, əhatəliliyi, problemlərə dürüst yanaşması ilə elmi ictimaiyyətdə böyük rəğbət doğuran "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində humanitar və ictimai elmlərin cəmiyyətin həyatına aktiv nüfuz edə bilmə imkanları dəyərləndirilmiş, yüksək dövlətçilik, vətənpərvərlik və milli-intellektual təəssübkeşlik baxımından bu sahədə olan əsas problemlər göstərilmiş, müvafiq institutların qarşısında duran vacib vəzifələr diqqətə çəkilmişdir.

Bəşəriyyətin tarixi təkamül prosesinin hazırkı siyasi epoxası üçün səciyyəvi olan qloballaşma dalğası bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış etnik təfəkkür və düşüncə sisteminin, milli-mənəvi mədəniyyət arxetiplərinin total təhdidlərə, ideya avtoritarizminə məruz qalması ilə müşayiət olunur. Belə bir şəraitdə milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi bütün dünya ölkələrində mənəviyyat problemlərini kəskinləşdirmişdir. Bu ziddiyyətli meyillər fonunda xalqımıza xas zəngin dəyərlər sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi də xüsusi aktuallıq kəsb edir. Təsadüfi deyildir ki, son illər dövlət səviyyəsində bu istiqamətdə mühüm addımlar atılır, milli mədəniyyətin təbliği yönümündə məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uğurla gerçəkləşdirdiyi mədəniyyət layihələri cəmiyyətdəki mənəvi deqredasiyanın - aşınma prosesinin qarşısını almaqla yanaşı, həm də Azərbaycanı bütün dünyada tanıdır. Son illərdə Azərbaycan muğamının, aşıq musiqisinin, habelə Novruz bayramının YUNESKO-nun qeyri-maddi irsi siyahısına salınması da məhz məqsədyönlü vətənpərvər fəaliyyətin nəticəsidir.

Bu və digər reallıqlar fonunda akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində daha çox ictimai və humanitar elmlərin mövcud durumunun konseptual elmi təhlilə cəlb edilməsi təsadüfi deyildir. Sosial-iqtisadi inkişafın hazırkı mərhələsində insanların maddi imkanlarının yüksəlməsi bəzən ifrat maddiləşməyə, praqmatizmə, hətta bazar "əxlaqı"nın, biznes maraqlarının insani münasibətlərə sirayət etməsinə gətirib çıxarır. Bu baxımdan cəmiyyətdə mənəvi ab-havanı saflaşdırmaq, normal ritmi, harmoniyanı qorumaq üçün humanitar və ictimai elmlərin xüsusi fəallığı son dərəcə zəruridir. Fundamental elmlər sahəsində də həllini gözləyən ciddi problemlərin mövcudluğuna rəğmən, ictimai və humanitar elmlərin problemlərinin qabardılması, ilk növbədə, xalqın və dövlətin maraqları ilə sıx şəkildə bağlıdır. Etiraf etməliyik ki, xalqın tarixinin, mədəniyyətinin, psixologiyasının, milli-mənəvi dəyərlərinin, habelə bütün bunları özündə təkmil şəkildə birləşdirən azərbaycançılıq ideologiyasının tədqiqi istiqamətində tədqiqatlar hazırda o qədər də çoxluq təşkil etmir. Üstəlik, dissertasiya mövzuları seçilərkən şablon, aktuallığını itirmiş mövzulara müraciət edilir, dövlətin, xalqın mənafeyinin önə çəkilməsi, tarixi həqiqətlərin üzə çıxarılması meyilləri qabarıq sezilmir.

Akademik Ramiz Mehdiyev cəmiyyətdə müsbət mənada rezonansa səbəb olan, elmi ictimaiyyəti silkələyən məqaləsində haqlı olaraq yazır ki, ictimai elmlər tarixi tədqiqatlarla məhdudlaşmamalı, müasir dövrün sosial-siyasi, fəlsəfi problemlərinin obyektiv araşdırılmasında, təcrübədə özünü doğruldan islahatların, pozitiv yeniliklərin nəzəri əsaslarının yaradılmasında, ən başlıcası, dövlətin, xalqın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malik istiqamətlərin düzgün müəyyənləşdirilməsində öz sözünü deməlidir. İctimai və humanitar elmlər elmi tədqiqatları dövlətin ideoloji təməl prinsiplərinə uyğunlaşdırmalı, habelə bu sahədə bəşəri dəyərlərin milli maraqlar çərçivəsində inteqrasiyasına nail olmalıdır.

Müasir dünya gerçəklikləri fonunda elmlə dövlət idarəçiliyinin üzvü şəkildə əlaqələndirilməsi, mühüm siyasi qərarların qəbulu mərhələsində elmi postulatlara, proqnozlara, təhlillərə istinad olunması son dərəcə vacib məsələ kimi qarşıda durur. Milli iqtisadiyyatın sürətli artım tempi strateji mahiyyət kəsb edən elmi tədqiqatların maliyyələşdirilməsini, ölkənin iqtisadi, siyasi, elmi-mədəni və humanitar həyatı ilə bağlı sanballı araşdırmaların, innovativ yeniliklərinin ortaya qoyulmasını şərtləndirir. Dövlət başçısı İlham Əliyev beynəlxalq təcrübəni və ilk növbədə respublikamızın hazırkı sosial-iqtisadi inkişaf tempini nəzərə alaraq 2007-ci il 12 noyabr tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasına qərar vermişdir. Bununla belə, elmdəki süstlük və atapiya prosesi ölkənin bugünü və gələcəyi ilə bağlı mühüm siyasi proqnozların irəli sürülməməsində də özünü qabarıq göstərir. Məhz buna görə də akademik Ramiz Mehdiyev sözügedən təhlilində politologiya elminin də ciddi problemlərinin mövcudluğunu, bu sahədə kadr hazırlığının müasir tələblərə cavab vermədiyini xüsusi vurğulayır.

Riyaziyyatçı alim kimi bu qənaətdəyəm ki, siyasi idarəetmə ilə bağlı səmərəli proqnozların irəli sürülməsində mütərəqqi riyazi nəzəriyyələrdən də istifadə oluna bilər. Məsələn, riyaziyyatda "Oyunlar nəzəriyyəsi" deyilən bir istiqamət mövcuddur. Bu nəzəriyyənin çoxşaxəli tətbiq sahələri içərisində cəmiyyətin inkişafının müəyyən tərəflərini öyrənmək, proqnozlaşdırmaq, yönəltmək imkanları da mövcuddur. Tanınmış alimlər, institutlar bu istiqamətdə iş aparır və ciddi nəticələr əldə edirlər. Bu nəzəriyyəyə görə, müəyyən bir prosesdə (iqtisadi, texniki, ictimai və s.) lazımi keyfiyyətə (məqsədə) nail olmaq istəyən birinci tərəf, bu keyfiyyətin əldə edilməməsinə çalışan ikinci tərəf, məqsədsiz fəaliyyətilə əngəl olan üçüncü tərəf və s. var. Bu tərəflərin hər biri prosesə məlum baza (məhdudiyyətlər) çərçivəsində müxtəlif vasitələrlə (parametrlərlə) təsiretmə imkanlarına malikdirlər. Birinci tərəf bu maneələri bilir və fəaliyyətini elə qurmağa çalışır ki, optimal yollarla (zamana görə, maddi məsrəfə görə və s.) istədiyi keyfiyyətə nail olsun.

"Oyunlar nəzəriyyəsi"ndə hər bir tərəfin strategiyası digər tərəflərin fəaliyyət diapazonunu, təsir mexanizmini bilmək (öyrənmək) və öz idarəedici aparatının, parametrlərinin impulslarını hər zaman aralığında elə nöqtəyə və elə güclə (bazasının imkan verdiyi çərçivədə və optimallığın təmin olunması şərtilə) yönəltməkdir ki, qarşı tərəflərin təsirini minimallaşdırsın və ya öz təsiri ilə onu əhəmiyyətli dərəcədə üstələsin.

Zənnimizcə, ilk növbədə bu parametrləri, onların adlarını, spesifikasını, təsir sferasını və gücünü müəyyən etmək, sistemləşdirmək üçün müvafiq struktur və bu strukturun hesabatı əsasında "Oyun"da qalib gəlməyin elmi əsaslı strategiyasının hazırlanması üçün filosoflardan, riyaziyyatçılardan, iqtisadçılardan, digər sahə alimlərindən ibarət xüsusi qurum və ya komissiya yaradılması effektli ola bilər. Sahələr üzrə gənc istedadların bu işlərə cəlb olunmasının xüsusilə əhəmiyyətli ola biləcəyini düşünürük.

Elmi inkişafın aktual problemlərinə toxunan, yüksək ideya siqləti, aktuallığı, dərin nəzəri-ideoloji mühakimələri ilə maraq doğuran məqalədə problemlərə açıq, obyektiv və cəsarətli yanaşma da özünü göstərir. Bu baxımdan filosofun son illər dissertasiyaların müxtəlif yollarla yazdırılması, alimlik dərəcələrinin saxta yollarla əldə edilməsi ilə bağlı tənqidi iradları mövcud elmi şuraların işində ciddi dönüşün yaradılmasını, gənc nəslin elmi tədqiqatlara marağının gücləndirilməsini, dissertasiyaların müdafiəsinə aparan yolda bürokratik amillərin aradan qaldırılmasını zəruri edir.

Elmə təsadüfi şəxslərin gəlməsinin qarşısını almağın ən optimal yolu dissertantura və aspiranturaya qəbul prosesində şəffaflığı, obyektivliyi, dürüstlüyü təmin etməkdir. Təcrübə göstərir ki, elmə təsadüfi şəxslərin gəlişi məhz qəbul mərhələsindən başlayır. Digər vacib addımlardan biri dissertasiyaların hazırlanmasından müdafiəsinədək olan prosesdə formalizmin aradan qaldırılması, tələbkarlığın, məsuliyyətin gücləndirilməsidir. Şübhəsiz, şöbələrdə, seminarlarda ciddi müzakirələr aparmaqla, müdafiəyə qədər dissertantın, aspirantın səviyyəsini aşkarlamaq, dissertasiyanın onun tərəfindən yazılıb-yazılmadığını öyrənmək mümkündür.

İttifaq dövründə müdafiə olunan dissertasiya işlərinin ekspertizası vahid mərkəzdə - Moskvada həyata keçirilirdi. Bu zaman dissertasiyalar ittifaq respublikalarının aparıcı universitetlərinə göndərilir və müvafiq rəy alınırdı. Yəni rəyçi müdafiə edən şəxsi tanımırdı, onun işinə yalnız dissertasiyaya görə qiymət verirdi. Azərbaycan o qədər də böyük ölkə deyil, bizdə az qala bütün alimlər bir-birini tanıyır. Həm də unutmamalıyıq ki, AAK bir qayda olaraq yekun nəticəyə qiymət verir, elmi tədqiqatların ekspertizasında isə daha çox elmi-tədqiqat institutlarının və ali məktəblərin elmi şuraları və yüksək ixtisaslı mütəxəssisləri iştirak edirlər. Bu mənada, dissertasiyaların elmi cəhətdən lazımi tələblərə cavab verməsi, keyfiyyətliliyi, mövzu baxımından aktuallığı, ən başlıcası, alimlik dərəcəsinə iddiaçıların dərin biliyə, intellektə, dünyagörüşünə malik olması AAK-a qədərki mərhələlərdə - dissertasiya şuralarında dürüst, obyektiv, şəffaf həllini tapmalıdır. Azərbaycan elminin gələcək taleyi, kadr potensialı məhz bu gün alimlik dərəcəsinə yiyələnən gənc tədqiqatçılardan asılı olduğundan, bu məsələlərə kifayət qədər ciddiliklə yanaşmaq lazımdır.

Digər tərəfdən, tədqiqatçı alim yetişdirən elmi rəhbərlərin, habelə dissertasiyalara rəy verən alimlərin əməyi hansısa formada stimullaşdırılmalıdır. Bəzən bir alim hansısa iddiaçının dissertasiyasını oxuyub rəy yazmaq üçün aylarla vaxt sərf edir. Riyaziyyatda, təbiət elmlərində bu, xüsusilə gərgin əmək tələb edir. Lakin hazırda bu işin ictimai əsaslarla aparılması son nəticədə formalizmə gətirib çıxarır. Etiraf etməliyik ki, bir çox alimlər dissertasiyaları oxumur, yaxud onlara rəy vermək istəmir. Digərləri isə iddiaçının özünə hazırlatdıqları hazır "rəy"lərə qol çəkməklə işlərini bitmiş sayırlar. Son nəticədə isə zərbə elmə dəyir, keyfiyyətsiz dissertasiyalar müdafiə olunur, layiq olmayan şəxslər elmi dərəcə alır.

Şübhəsiz, bu gün ümumən elmin maliyyələşmə mexanizmlərinin, elmi işçilərin sosial təminatı məsələlərinin hələlik günün tələbləri səviyyəsində olmaması da etiraf olunmalıdır və bu reallıq ölkə başçısının hələ 10 aprel 2008-ci il tarixdə imzaladığı "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamında da xüsusi vurğulanmışdır. Elm və tədris müəssisələrinin səmərəsiz və ya elmə töhfə verməyən kadrlarla yüklənməsi şəraitində həqiqi elm adamlarının sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq dövlət üçün də müəyyən çətinliklər yaradır. Lakin indiki vəziyyətdə belə, hökumət büdcənin imkanlarına adekvat olaraq bu istiqamətdə müəyyən addımlar atır, elmi işçilərin məvacibləri qaldırılır. Düşünürəm ki, müvafiq keyfiyyətli attestasiyanın aparılması bu sahədə müəyyən problemlərin həllində əhəmiyyətli ola bilər.

Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasında da geniş müzakirə olunmuş, toxunulmuş məsələlərin aktuallığı və əhəmiyyəti xüsusi vurğulanmışdır. Hesab edirik ki, pedaqoji kadr hazırlığını müasir dövrün tələblərinə uyğunlaşdırmaq, keyfiyyətini və səmərəliliyini yüksəltmək bu gün qarşımızda duran ən başlıca vəzifələrdən biridir. Çünki müəllimlik nəcib, xeyirxah, humanist, insanpərvər olduğu qədər də məsuliyyətli və çətin peşə növü kimi dəyərləndirilib. Bu nəcib peşənin yüksək ziya və mənəviyyat sahibləri öz fəaliyyətləri ilə bütövlükdə cəmiyyətin taleyi üçün cavabdehlik hissi daşıyırlar. Sabahkı yetkin gəncliyinin simasını bugünün müəllimlərinin fədakar, yorulmaz əməyi formalaşdırır desək, yəqin mübaliğəyə yol vermiş olmarıq. Bu baxımdan müasir müəllim nəinki tədris etdiyi fənni, eyni zamanda informasiya-kommunikasiya texnologiyalarını bilməli, geniş dünyagörüşə, dərin intellektə, erudisiyaya malik olmalıdır. Vətəndaş hazırlığı müasir ali təhsil sisteminin qarşısında duran ən başlıca vəzifədir.

Məlumdur ki, informasiyanın bütün dünyada həcmi ilbəil artır. Ona görə də təhsil sistemində tədrisin əvvəlki kimi saxlanılması praktikası özünü doğrultmur. Yəni sürətlə artan informasiyanı tələbələrə çatdırmaq üçün ən müasir metod və vasitələrdən istifadə olunmalıdır. Bu baxımdan universitet müəllimləri yeni təlim texnologiyalarını öyrənir və praktik fəaliyyətdə tətbiq edirlər. Müəllimlərimiz tələbələrə daha çox lazımi məlumatları əldə etmək yollarını, mənbələrlə səmərəli işləməyi öyrədirlər.

Ümumilikdə, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsindən hasil olan ən ümumi qənaət bundan ibarətdir ki, hazırda ictimai və humanitar elmlərin qarşısında duran başlıca vəzifə dövrün tələblərinə uyğun müasirləşmək, ətalətdən çıxaraq ölkənin hərtərəfli inkişafının təmini prosesində yaxından iştirak etməkdir. Azərbaycanın ictimai və humanitar elmlərinin bu və digər vəzifələri uğurla reallaşdırmaq üçün istər lazımi kadr potensialı, istərsə də intellektual resursları mövcuddur. İnanırıq ki, Azərbaycan iqtisadi cəhətdən möhkəmləndikcə bütün mövcud problemlər mərhələlərlə həllini tapacaq, ümumilikdə elmin bütün sahələri respublikanın modernləşməsi prosesinə sanballı töhfəsini verəcəkdir.

 

 

Yusif MƏMMƏDOV,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin rektoru, professor

 

Azərbaycan.- 2010.-  1 aprel.- S.  4.