Şərəfli yolun yolçusu
Hər hansı varlığın keçdiyi həyat yoluna müəyyən qiymət vermək üçün dönüb geri baxmaq lazım gəlir. İşə bu cür yanaşma adətən çox vaxt bayram günlərinə təsadüf edir. Biz də bu ənənəyə sadiq qalaraq mətbuatımızın 135-ci ildönümü ərəfəsində qəzetimizin tarixini vərəqlədik, onun 90 illik fəaliyyətinə nəzər saldıq.
"Gəncənin səsi" qəzeti 1920-ci ilin may ayında, olduqca çətin bir dövrdə "Qırmızı Gəncə" adı ilə fəaliyyətə başlayıb. Azərbaycanı qırmızı imperiya yenicə zəbt etmişdi. Hər yerdə hərc-mərclik, özbaşınalıq hökm sürürdü. Belə bir şəraitdə fəaliyyətə başlayan iqtidar qəzetinin qarşısında olduqca çətin və mürəkkəb vəzifə dururdu. Yeni quruluşu təbliğ etmək, əlbəttə, o dövrün qarışıqlığında duruş gətirib qarşıya qoyulan vəzifənin öhdəsindən (xalqın milli ruhunu qırmadan) gəlmək, həm də Azərbaycan türklərinin özəlliklərini gözləmək o qədər də asan məsələ deyildi. Bu çətinliklər "Qırmızı Gəncə"nin də qarşısına hər an çıxırdı. Elə buna görə də cəmi 5-6 ay fəaliyyət göstərib, 30-a yaxın nömrəsi işıq üzü gördükdən sonra qəzet həm adını, həm də ilk redaktoru Məmmədkazım Ələkbər oğlu Ələkbərlini itirdi. Sonra həmin ilin dekabrında onun yerini "Füqəra sədası" adı ilə nəşrə başlayan mətbu orqan tutdu. Bu ad altında çıxan qəzetin də fəaliyyəti uzun çəkmədi. 1923-cü ildə redaktor Balabəy Cabbarbəy oğlu Həsənbəyovun işində "qüsur" tapıldı və o, vəzifəsini də, qəzeti də "itirdi"...
Ümumiyyətlə, bir tərəfdən dövrün qarışıqlığı, digər tərəfdən də bir-birinin işinə qarışan və bəzən də onu çətinə salan inqilab və qəza komitələrində gedən çəkişmələr, ayrı-ayrı yerlərdə baş verən hərc-mərcliklər bütün sahələrdə olduğu kimi, redaksiyaların da işini olduqca çətinləşdirirdi. Lakin bütün bunlara baxmayaraq mətbuat işini davam etdirir, öz dövrünün tarixini yaradırdı. 1925-ci ilin əvvəllərində şəhər qəza komitələrinin strukturunda aparılan dəyişikliklərlə əlaqədar qəzetin fəaliyyəti məhdudlaşdırılır, 1929-cu ildən ayda iki dəfə çıxmaqla Cavad Kərbalayı Əsəd oğlu Fərhadovun redaktorluğu altında "Zərbə" adı ilə fəaliyyət göstərən qəzet 1935-ci ildə əvvəlcə "Kirovabad bolşeviki", sonra isə "Kirovabad fəhləsi" adlarını daşımağa başladı. 1937-ci ildə tüğyan edən repressiya dalğası təcrübəli naşir, görkəmli jurnalist C.Fərhadovdan da yan keçmədi. Onu həbs edib güllələdilər.
Göründüyü kimi, Sovet hakimiyyətinin ilk onilliklərində mətbuatın keçdiyi yol heç də hamar olmamışdır. Hər zaman, necə deyərlər, atəşi sağa-sola asanlıqla çevirməyi bacaranların əli ilə 20-ci, 30-cu və 40-cı illərdə neçə-neçə söz sərrafı heç nədən susdurulmuş və ya Gəncədən didərgin salınmışdır. Qəzetin ilk redaktoru və yazarlarından Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyli, Cahangir Hüseynov, Cavad Fərhadov, Qara Abbas və digər qələm sahibləri bu faciəli taleyi yaşamışlar.
1953-cü ilin yanvarında vətənpərvər qüvvələr şəhərimizin qədim adının bərpasına çalışmaqla, eyni zamanda Gəncə vilayətinin yaranmasına nail olurlar. Bununla da qəzetimizin adı dəyişdirilib "Gəncə kommunisti" (vilayət qəzeti) oldu. Lakin Gəncə adından vahiməyə düşən qüvvələr bu qurumu ləğv etdilər. Beləliklə, vilayətin ömrü kimi qəzetin də ömrü az oldu. Cəmi 4-5 ay bu ad altında çıxan qəzet "Kirovabad kommunisti" adlandırıldı və düz 37 il bu adı daşıdı.
Nəhayət, Gəncənin adının bərpası ilə əlaqədar olaraq 1990-cı il yanvarın 1-dən etibarən qəzet "Gəncənin səsi" adı ilə fəaliyyətini davam etdirməyə başladı. İmperiyapərəst qüvvələr bu səsi batırmağa nə qədər səy göstərsələr də istəklərinə nail ola bilmədilər. Bütün respublika qəzetləri susdurulan zaman sovet qoşunlarının Azərbaycanda törətdikləri yanvar qırğını barədə aləmə car çəkən qəzetlərdən biri də "Gəncənin səsi" oldu. İttifaq hökuməti rəhbərlərinin yenidənqurma pərdəsi arxasında xalqımıza qarşı apardıqları ikibaşlı siyasətin əleyhinə ən kəsərli sözlər deyən qəzetlər sırasında "Gəncənin səsi" də var idi. Qarabağ dərdi, azərbaycanlılara qarşı aparılan soyqırımı, xalqın köçkün-qaçqınlıq taleyi, sapı özümüzdən olan baltaların özümüzə qənim kəsilməsi və s. bu kimi məsələlər qəzetin gündəlik mövzusu olmuşdur. Bu gün də belədir.
Qeyd etmək lazımdır ki, qəzet zaman-zaman hansı ad altında çıxmasından asılı olmayaraq həmişə oxucuların tribunasına çevrilmiş, xalqımızın iqtisadi inkişafa nail olması, maariflənməsi, yüksək mədəniyyətə yiyələnməsi və s. sosial məsələlər uğrunda mübarizədə öz sözünü deyə bilmişdir.
O mürəkkəb illərdə külək nə qədər bəd əssə də qəzet, Gəncə mətbuatı öz ətrafında istedadlı qələm sahibləri toplamış, onlar buradan pərvəriş tapıb ölkənin müxtəlif yerlərinə yayılmışlar. Əhməd Cəmil, Ələkbər Ziyatay, Fərrux Həsənli, Nurəddin Babayev, Cahanbaxış Cavadzadə, Altay Məmmədov və onlarca başqalarının ilk qələm məhsulları Gəncənin mətbuat orqanlarında işıq üzü görmüşdür. Müxtəlif illərdə Məmməd Qurbanov, Xudadat Tağıyev, Kəramət Tağıyev, Abdulla Şərifov, Zahid İsmayılov, Fərid Cəfərov şəhər qəzetinə rəhbərlik etmiş və özlərini əvəz edəcək jurnalist kadrların yetişdirilməsində əvəzsiz xidmət göstərmişlər.
"Gəncənin səsi"nin 70-ci və 80-ci illərini qaynar bir çeşməyə bənzətmək olar. Respublikanın müxtəlif mətbuat orqanlarında bu gün öz dəst-xətti ilə tanınan jurnalistlərin bir çoxu ilk əmək fəaliyyətinə məhz burada başlamış, az vaxt ərzində peşəkar jurnalist kimi burada yetişmişdir. Öz yaradıcı ömürlərinin ən qaynar çağlarını "Gəncənin səsi" qəzetinin geniş nüfuz qazanmasına həsr eləmiş və indi də böyük uğurla bu işgüzar kollektivdə çalışan tanınmış jurnalistlərdən Rəfiqə Sadıqovanın, Füzuli Rüzigarın, Asya Əliyevanın, Rum Arıxovun və başqalarının imzaları oxucular tərəfindən dərin rəğbətlə qarşılanır. Mən də 45 illik fasiləsiz redaktorluq fəaliyyətimin 40 ilini bu hünərvər, yaradıcı kollektivlə birgə işləməyimlə fəxr edirəm.
2010-cu ilin zirvəsindən qəzetin keçdiyi böyük ömür yolunun 90 ilinə nəzər saldıqda görürsən ki, hansı zaman kəsiyində olursa-olsun, qəzetin kollektivi həmişə milli qürura, milli ənənələrə və dövlətçiliyimizin qorunmasına sadiq qalmışdır. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti bizdə belə bir inam yaradır ki, gec-tez Qarabağ da azad olacaq, Azərbaycan dünya miqyasında özünün tam layiqli yerini tuta biləcəkdir.
Artıq bu gün itirdiklərimizə sahib durmaq üçün gücümüz, qüvvəmiz özümüzə qayıdır. Özünəqayıdış isə həmişə qələbəyə gedən yolun bələdçisi olmuşdur. Şəhərimizin ağlı-qaralı 90 illik salnaməsini yazan "Gəncənin səsi" qəzetinin kollektivi gözəl ənənələrə bundan sonra da daim sadiq qalacaq, mədəniyyətimizin inkişafına, milli dəyərlərimizin göz bəbəyi kimi qorunub gələcək nəsillərə ötürülməsinə yardımçı olacaqdır.
Sabir HACIYEV,
"Gəncənin səsi" qəzetinin
baş redaktoru,
əməkdar jurnalist
Azərbaycan.- 2010.- 1 aprel.- S.
4.