İkili standartların girovuna çevrilmiş gerçək soyqırımı və "soyqırımı" şouları

 

 Azərbaycan Respublikası son illərdə siyasi və iqtisadi baxımdan özünün dünya birliyindəki yerini möhkəmləndirib, regionda inkişafını yalnız daxili maliyyə imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib. Sürətlə modernləşərək qarşıya qoyduğu strateji hədəflərə yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək niyyətini əzmkarlıqla həyata keçirir.

Bir çox ölkələri sarsıdan qlobal böhran fonunda respublikamız ötən il ümumi daxili məhsulda 9,3, sənayedə 8,6, kənd təsərrüfatında 5 faizlik artıma nail olub. İnflyasiya cəmi 1,5 faiz təşkil edib, strateji valyuta ehtiyatları 3 milyard dollar artıb, orta aylıq əməkhaqqı 298 manata yüksəlib. Azərbaycan nəinki qlobal böhrana sinə gərir, eyni zamanda, qlobal investisiya layihələrini maliyyələşdirir, qonşu dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Məhz bu səbəblərdən Azərbaycan dünyanın diqqət mərkəzində olan dövlətlərdən biridir.

Azərbaycanın tarixən dünyanın diqqət mərkəzində olmasını şərtləndirən əsas amil isə təbii ehtiyatlar və geosiyasi anlamda olduqca əlverişli məkanda yerləşməsidir. Bu mənada keçmiş SSRİ-nin dağılması ilə Azərbaycanın və onun yerləşdiyi Cənubi Qafqaz regionunun dünya xəritəsinə dərhal vacib geosiyasi məkanlardan biri kimi daxil edilməsi, eləcə də burada ən aparıcı dövlətlər arasında olduqca gərgin məcrada başlayan və indi də davam edən rəqabətin əsasının qoyulması tam gözlənilən idi.

Müstəqqilliyə nail olduqdan, xüsusən ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra respublikamız Ermənistan istisna olmaqla Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban qonşuluq münasibətlərinin yaradılması istiqamətində ciddi addımlar atdı. Avratlantik məkana inteqrasiya prosesinə start verməklə Azərbaycan regionda balanslı bir siyasətin əsasını qoydu və bu fonda öz milli maraqlarının ön plana gəldiyinə dair dünyaya açıq mesaj verdi: Azərbaycan birqütblü yox, çoxvektorlu siyasət yeridir. Azərbaycan BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, MDB, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Yaxın və Orta Şərq ölkələrinin təmsil olunduğu EKO və digər beynəlxalq təşkilatlarla sıx inteqrasiya, hərtərəfli münasibətlər qurulması istiqamətində mühüm addımlar atdı.

 Bəzi ölkələrin və beynəlxalq təşkilatların "demokratiyanın müdafiəsi" bayrağı altında ikili standartlardan çıxış etmələri, dövlətlərin suveren hüquqlarına kobud müdaxilə yolverilməzdir. Ən müasir tariximizdən məlumdur ki, Azərbaycan zaman-zaman müxtəlif təhdid və şantaj elementləri ilə üzləşib. Bunlara baxmayaraq, respublikamız qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyərək daxili və xarici siyasətinə kobud müdaxilə cəhdlərinə həmişə çevik müqavimət əzmi nümayiş etdirib. Son illərin bir sıra konkret siyasi situasiyaları göstərir ki, ölkə iqtidarı istər ABŞ və Qərb, istərsə də Rusiya və İranla münasibətlərdə Azərbaycanın mənafeyinə toxuna biləcək bütün məqamları çevik və adekvat reaksiya ilə aradan qaldırmağa nail olub. Respublikamızın rəsmi Vaşinqtonun bir müddət narazılıqla qarşıladığı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisini daxili imkanları hesabına maliyyələşdirməsi, habelə ABŞ Dövlət Departamentinin 2007-ci ildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına alan hesabatına sərt reaksiya verməsi və həmin texniki yanlışlığı qısa zamanda aradan qaldırmağa nail olması bu sırada xüsusi vurğulana bilər.

Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərin strateji maraq dairəsində olmasından maksimum səmərəli bəhrələnməklə hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir.

 

Tarixi faktlar Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edir

 

Dünya işğalçı dövləti vaxtında cəzalandırmır. Bu da çoxsaylı müsibətlərin meydana çıxmasına səbəb olur. Ermənistan haqqında çıxarılan qərar və qətnamələr onun işğalçı olduğuna şübhə qoymur. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, - bu, BMT-nin ən vacib orqanıdır, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi və 6 bəyannaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar. Bunlardan başqa, Ermənistanın silahlı birləşmələrinin qəsb etdiyi Azərbaycan ərazilərini tərk etməməsi onun təcavüzkar dövlət kimi tanınmasına kifayətdir. 1918-ci ildə Ermənistan respublika elan edilərkən 10 min kvadratkilometr ərazisi var idi. Bu gün Ermənistandan soruşan varmı ki, 1918-ci ildən 2010-cu ilə qədər ərazisi 35 min kvadratkilometrə qədər necə böyüdü? Ermənistan ərazisinin böyüməsinin mənbəyini və yolunu göstərməklə onun işğalçılığının qəbul edilməsi və işğalçı dövlət kimi tanıması üçün kifayətdir.

Azəbaycan bütün dövrlərdə ermənilərə güzəştə getmiş, nəticədə 1918-ci ilin mayında Ermənistan yaranmışdır. 1918-ci ildə erməni siyasətçiləri AXC parlamentinə müraciət edərək İrəvan mahalının onlara güzəşt edilməsini xahiş etdilər. Yenicə qurulmuş və çətin vəziyyətdə yaşayan Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin 86 faizini azərbaycanlılar təşkil edən İrəvan nahiyyəsini mürəkkəb tarixi şəraitdə ermənilərə güzəştə getməyə məcbur oldu. Qarşılığında ermənilər Zəngəzur və Qarabağa qarşı iddialarından əl çəkməli idilər. Əgər bu iddialar təzələnərdisə, AXC müqavilənin imzalanmasından keçən 100 il ərzində İrəvan nahiyyəsini geri almaq hüququnu saxlayırdı (Azərbaycan Respublikası varis kimi bu hüquqa sahibdir). Lakin sovet dövründə ermənilər işğallarını davam etdirdilər. Zəngəzur, sonra Göyçə heç bir hüquqi əsas olmadan Ermənistana verildi. Müstəqillik dövründə isə Ermənistan Qarabağla bağlı işğalçı iddialarını həyata keçirməklə bütün dövrlərdə təcavüzkar olduğunu dünyaya bəyan etdi. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsindən tutmuş 1993-cü ildən indiyə qədər beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında, İslam Konfransı Təşkilatında və digər təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və Ermənistan işğalçı ölkə kimi qəbul olunur. Ermənilərin işğalçılıq planları tarixin bütün dövrlərində gündəlikdədir. Amma dünya ictimaiyyətinin ikili standartlardan çıxış etməsi ədalətin bərpa olunmasına imkan vermir.

Xatırladaq ki, 1985-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində Daşnaksütyun partiyasının XXIII qurultayı keçirilmiş və burada "Ermənistanın ərazisini genişləndirmək" məsələsi müzakirə olunmuşdu. Müzakirələrin gedişində erməni ideoloqları arasında Ermənistanın ərazisinin hansı dövlətin hesabına genişləndirilməsi ilə bağlı mübahisə yaranır. Türkiyə NATO-nun üzvü, eləcə də regionda qüdrətli dövlət olduğu üçün başqa alternativlər axtarılır. Nəhayət ki, erməni ideoloqları Azərbaycan və Gürcüstan dövlətləri üzərində uzun-uzadı tərəddüddən sonra birincini seçirlər. Qurultayda ermənilər bir səs çoxluğu ilə "Ermənistanın ərazilərini genişləndirmək" planına Azərbaycandan başlamağa qərar verirlər. Qərar da, nəticə də dünyaya bəllidir. Amma tədbir görən, işğalçı dövləti cəzalandıran yoxdur. Bu, ikili standart deyilmi? Dünya birliyinin bu işğalçı dövlətə qoşunlarını torpaqlarımızdan geri çəkmək üçün əsaslı təsir göstərməməsi ikili standartlara əyani sübutdur. Bütün bunlar yer üzündəki ədalətsizliyin, haqsızlığın əyani təcəssümüdür. Bizim bir milyondan artıq qaçqınımız və məcburi köçkünümüz var. Onlar hələ də öz ata-baba yurdlarına qayıtmayıblar.

 

İkili standartlar soyqırımı məsələlərində də özünü büruzə verir

 

Tarixi həqiqətlərin dəyərləndirilməsində ortaya qoyulan ikili standartlar, təəssüf ki, ermənilərin uydurma soyqırımı ilə bağlı iddialarının dəstəklənməsi ilə də özünü büruzə verir. Necə olur ki, ermənilərə qarşı hər hansı soyqırımı aktının həyata keçirilmədiyi 1915-ci il hadisələri haqqında dünyanın bəzi ölkələrində qərarlar qəbul olunur, amma 1992-ci ildə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı Avropa ölkələrinin parlamentləri tərəfindən gündəmə gətirilmir? Niyə həmin dövlətlər Dağlıq Qarabağ münaqişəsində minlərlə soydaşımıza qarşı törədilmiş cinayətlərin, saysız-hesabsız faciələrin üstündən sükutla keçirlər? Erməni təcavüzkarlarının Xocalıda həyata keçirdikləri soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoydu. 487 nəfər şikəst oldu, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər itkin düşdü. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirildi, əsir götürülənlərə amansız işgəncələr verildi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Erməni qəsbkarlarının törətdikləri bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xolokost, Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir. Beynəlxalq məhkəmələrə müraciət etməyin vaxtı deyilmi? Dağlıq Qarabağın azərbaycanlı icması həm işğal olunmuş ərazilərə görə, həm də ötən əsrdə ermənilər tərəfindən məruz qaldıqları soyqırımı cinayətlərinə görə Ermənistanı beynəlxalq məhkəməyə verməlidir.

Erməni riyakarlığı Xocalı faciəsində özünü yaxından göstərir. Ermənilər Xocalı soyqırımı ilə bağlı faktların, şəkillərin guya Kosovo hadisələrinə məxsus olduğunu iddia edirlər. Onların yalanlarını ifşa etsək də, göründüyü kimi, ermənilər bütün vasitələrdən əleyhimizə istifadə etməyə cəhd göstərirlər. Tarixin saxtalaşdırılması, uydurma faktlar, hadisələrə məqsədli don geyindirilməsi yalnız erməni siyasətçilərinə məxsusdur.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirə olunan qondarma "erməni soyqırımı" məsələsi ermənilərin xeyrinə həllini tapdıqdan sonra erməni diasporu və onun nəzarətindəki Daşnaksütyun partiyasında ciddi hərəkətlilik diqqəti çəkməyə başlayıb. İspaniyada Kataloniya Muxtar Vilayətinin yerli parlamenti artıq qondarma məsələni qəbul edən qərar çıxarıb. Eyni zamanda, Kataloniyadan olan 5 deputatın iştirakı isə İspaniya parlamentinə bu iddiaların tanınması ilə bağlı təkliflər verilib. Ermənilər Almaniyada da "soyqırım" şousunu gündəmə gətirməyə çalışırlar. Lakin alman parlamenti ermənilərin iddialarını rədd edib. Onlar çox doğru qeyd etmişlər ki, bu işlərlə alman parlamenti deyil, Türkiyə və Ermənistanın yaradacağı birgə komissiya məşğul olmalıdır.

Ermənilərin bu mərhələdə əsas niyyəti qanunverici orqanlarında uydurma "soyqırımı" ilə bağlı qərar qəbul etmiş ölkələrin Türkiyəyə təzyiqini artırmaqdır. Daşnaksütyun partiyasının rəhbərliyi bu günlərdə planlarını açıqlayaraq bildirmişdir ki, Türkiyədən təzminat, davamında isə ərazi tələb edəcəklər. Lakin bəzi dövlətlərin parlamentlərində uydurma "erməni soyqırımı" haqqında qərarların qəbul edilməsi Türkiyəyə qarşı təsir vasitəsi ola bilməz. Ona görə ki, bu ölkələr Türkiyə Cümhuriyyəti qarşısında heç bir öhdəlik, tələb qoya bilməzlər. Əgər bu məsələdə söhbət sələfçilikdən gedirsə, onda ABŞ ötən əsrdə Amerika qitəsinin yerli sakinlərinə qarşı soyqırımı siyasətinə görə cavab verməlidir. Fransa və digər ölkələr də Şimali Afrika ölkələrində vaxtilə həyata keçirdikləri qırğınlara görə təzminat verməlidirlər.

 

Ermənilərin növbəti məkri: Sumqayıt hadisələri

 

Ermənilərin təbliğat maşını Sumqayıt hadisələrini də daim gündəmdə saxlayır və bu amildən Azərbaycana qarşı fasiləsiz olaraq istifadə etməyə çalışır. Sumqayıt hadisələrindən keçən müddətdə, demək olar ki, bütün məsələlər aydınlaşmışdır. Lakin ermənilər həmin cinayətin ssenarisinin müəllifi olduqlarından dünya ictimaiyyətini də aldatmış, Sumqayıt hadisələrindən Azərbaycanın əleyhinə istifadə etməyə çalışmışlar.

Sumqayıt hadisələri ermənilərə nə üçün lazım idi? Sumqayıt hadisələri ermənilərə Qərbi Azərbaycanda və Qarabağda törətdikləri və törədilməsi planlaşdırılan cinayətlərə (Ermənistan SSR-in Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü) haqq qazandırmaq üçün lazım idi. 1988-ci ilin yanvar ayında ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıları kütləvi surətdə qovmuş və qətl etməkdən də çəkinməmişdilər. Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Qarabağda, o cümlədən Dağlıq Qarabağda deyil, yanlış olaraq Bakı və Sumqayıtda yerləşdirildi. Əslində, minilliklərlə yaşadıqları yerlərdən vəhşicəsinə qovulan azərbaycanlıların Sumqayıtda yerləşdirilmələri ermənilərə də əlverişli idi. Ona görə ki, Sumqayıt SSRİ-də "qardaşlıq şəhəri" hesab edildiyindən orada bir çox millətin, o cümlədən ermənilərin nümayəndələri yaşayırdılar. Bu şəhərdə planlaşdırılan aktları həyata keçirmək asan idi.

Sumqayıt hadisəsi olmasa da, ermənilər ona oxşar və ya ondan daha təsirli bir cinayəti onsuz da törədəcəkdilər. Çünki ermənilərə görə, məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur. Artıq ermənilər milli qırğına Ermənistanda start vermişdilər. 1988-ci ilin fevralında isə iki Azərbaycan vətəndaşı Əsgəranda öldürüldü. 28-29 fevral 1988-ci ildə Sumqayıtda kütləvi iğtişaşlar baş verdi, nəticədə müxtəlif millətlərə mənsub insanlar, ermənilər, azərbaycanlılar və ruslar da daxil olmaqla 32 nəfər öldürüldü.

Çox maraqlıdır ki, hadisə baş verəndə erməni reportyorlar hadisə yerində "təsadüfən" olmuş və hadisəni lentə alaraq Ermənistan televiziyası ilə xalqa göstərmişdir. Hətta olacaq hadisə üçün abidə də hazırlanaraq örtük altında saxlanılmış, hadisədən bir gün sonra Sumqayıt hadisələrinin qurbanlarına "abidə" də ucaldılmışdır.

SSRİ rəhbərliyinin ermənipərəst siyasəti isə azərbaycanlıların dünyada qaniçən kimi tanıdılmasına yönəldilmişdi. Hadisələrin əsl mahiyyəti məqsədyönlü şəkildə gizlədilir, əsas tapşırıqların haradan gəlməsindən söhbət açılmırdı. Ermənilərin təşkil etdikləri cinayəti gizlətməyi ondan görmək olardı ki, Azərbaycanın səlahiyyətli orqanlarının nümayəndələri hadisələrin tədqiqindən uzaqlaşdırıldılar. Cinayətlə əlaqədar məhkəmə hadisənin baş verdiyi yerdə deyil, Moskvada aparıldı. Hadisə ilə əlaqədar sənədlər Azərbaycana qaytarılmayıb Moskvada saxlanıldı. Bu, əslində cinayətin sənədlərinin yox edilməsi tədbirindən başqa bir şey deyildir.

Sumqayıt hadisələrinin əsas təşkilatçısı - 5 ermənini öldürən və 6 erməni qadını zorlayan Eduard Qriqoryan idi. O, 12 il həbs cəzasına məhkum edilsə də, sonradan azadlığa buraxıldı. Hadisələrdə günahı tutarlı dəlillərlə sübuta yetirilməyən Əhməd Əhmədov isə SSRİ Ali Məhkəməsinin qərarı ilə güllələndi.

Sumqayıt hadisəsinin ermənilər tərəfindən əvvəlcədən təşkil edildiyi artıq təsdiq edilib. Ermənilər və onların havadarları üçün hər hansı hadisənin nə dərəcədə doğru olması deyil, ermənilərin əsassız iddia və tezislərinə nə qədər kömək göstərməsi maraqlıdır.

 

Türkiyə sərsəm iddialar üzərində köklənən bir dövlətlə normal əlaqə qura bilməz

 

Ermənilərin işğalçılığı hər addımda özünü göstərir. İşğalçılıq yalnız işğal etmək deyil, həm də qonşu ölkələrin müxtəlif ərazilərinə iddia etməkdir. Ermənilərin Türkiyəyə, İrana və Gürcüstana qarşı da ərazi iddiaları uzun illərdir ki, davam edir. Onlar işğalçılıq planlarına qanuni beynəlxalq haqq da qazandırmağa çalışırlar. Belə ki, ermənilər Türkiyə ilə Ermənistanın BMT tərəfindən qəbul edilmiş sərhədlərinin qanuni olmadığını iddia edirlər. Guya əllərində I Dünya müharibəsinin sonlarında ABŞ prezidenti olmuş "Vudro Vilsonun təsdiqlədiyi rəsmi sənəd var." Doğrudanmı Vudro Vilson belə bir sənəd imzalamışdır? Qətiyyən, bu, cəfəngiyatdır. Ermənilər o zaman da hazırda iddia etdikləri ərazi tələblərini ABŞ Prezidenti Vudro Vilsona təqdim etmişdilər. Vudro Vilson ermənilərin tələblərini yoxlatdırmaqdan ötrü general Harbordun başçılığı altında nümayəndə heyətini ermənilərin iddia etdikləri bölgələrə göndərmişdir. General Harbordun komissiyası ermənilərin iddia etdiyi yerlərdə olmuş, vəziyyəti və erməni iddialarını araşdırmış, sonra ABŞ Prezidentinə və Paris sülh konfransına tarixi ədəbiyyatda "General Harbordun hesabatı" adlanan sənədi təqdim etmişdir. 21 səhifəlik hesabatda ermənilərin iddialarının əsassız olduğu bildirildiyindən ABŞ Prezidenti və Paris konfransı ermənilərin tələblərini rədd etmişdir.

Ermənilərin iddialarından biri də odur ki, "Qərbi Ermənistandan istifadə etdiyinə görə Türkiyə Respublikası Ermənistana təzminat ödəməlidir." Ermənilərə görə, "Erməni mədəniyyətinin böyük bir qismi Qərbi Ermənistanda çiçəklənib." Bu da ermənilərin Türkiyə Respublikasına qarşı ərazi iddiasının yeni bir formasıdır. Bir anlığa düşünək ki, xalqlar başqa ölkələrin ərazisində olan öz "mədəniyyət nümunələrini" tələb etsələr, dünyada nə qədər böyük anarxiya başlanar. "Ermənilərin tarixdəki 10 paytaxtının 7-si bu ərazilər daxilindədir" fikri də ermənilərin Şərqi Anadoluya qarşı işğalçılıq aktından başqa bir şey deyildir.

Ermənilər xarici ölkələrin təzyiqi ilə Türkiyə ilə sərhədlərin açılmasını tələb edirlər. Bu isə Türkiyə ilə Ermənistan arasında qarşılıqlı əməkdaşlıq və qonşuluq siyasətinin bərqərar olmasını tələb edir. Halbuki Ermənistanın Türkiyəyə qarşı iddialar zənciri davam edir və yeni-yeni iddialar meydana çıxmaqdadır. Belə olduğu şəraitdə iki qonşu ölkə arasında münasibətlərin düzəlməsindən danışmaq siyasi uzaqgörməzlikdən başqa bir şey deyildir. "Soyqırımı ermənilər üçün qlobal həqiqətdir" şüarı erməni rəhbərlərinin və siyasətçilərinin əsas şüarı olduqca bu iki ölkə arasında normal münasibətlər gözləmək özünü aldatmaqdır.

Daşnaklar Türkiyə ilə münasibətlərin düzələ biləcəyinə inanmırlar, heç düzəlməsinə də imkan vermək fikrində deyillər. Giro Manoyanın dediyi kimi, "Protokollar ratifikasiya edilməyəcək. Edilməsinə Ermənistan hökuməti cəhd edərsə, buna biz imkan verməyəcəyik".

 

Azərbaycanın düşməni hərbi yolla başa salması qaçılmazdır

 

Bu gün dünyada bir erməni təəssübkeşliyi var. Avropalılar özləri qanunun aliliyi prinsipini gözləmirlər. Azərbaycanın 20 faiz torpaqları işğal edilib, 1 milyon soydaşımız öz doğma yurdlarından qovulub. Beynəlxalq ictimaiyyət isə buna göz yumur. Münaqişənin həllində Azərbaycan tərəfinin ərazi bütövlüyü prinsipi, Ermənistanın isə xalqların öz müqəddəratını təyinetmə prinsipindən çıxış etməsi problem yaradıb. Ermənilər bir xalq kimi bu hüquqdan artıq bir dəfə istifadə edərək Ermənistan Respublikasını yaradıblar. Xalqlara mənsub olan bu prinsip Dağlıq Qarabağda yaşayan bir ovuc erməniyə aid edilə bilməz. Belə çıxır ki, ermənilər icma halında yaşadıqları bütün ölkələrdə respublika yaratmalıdırlar? Erməni ideoloqları indi də "Artsax xalqı", "Dağlıq Qarabağ xalqı" adlı uydurma formalar fikirləşiblər. Erməni yalanına dünyanın demokratik inkişaf yolunu keçmiş dövlətlərin inanması təəssüf doğurur.

Bu münaqişənin çözümü istiqamətində artıq Ermənistanı diplomatik məğlubiyyətə uğradan Azərbaycan hərbi müstəvidə də hakim mövqedən çıxış edir və işğalçı ölkənin Dağlıq Qarabağdan, zəbt olunmuş ətraf rayonlardan güc yolu ilə çıxarılmasına tam hazırdır. Rusiyalı politoloq Yevgeni Kriştalyev bununla bağlı bildirir ki, Ermənistanın qonşuları ilə münasibətlərinin tənzimlənməsi üçün rəsmi Yerevandan onlara qarşı irəli sürdüyü ərazi iddialarından geri çəkilmək tələb olunur. Yaxın zamanda danışıqların nəticə verməyəcəyi təqdirdə Azərbaycan hərbi gücdən istifadə edəcəyini ən yüksək səviyyədə bəyan edib.

 

 

Həsənbala SADIQOV,

Gəncə Dövlət Universitetinin

professoru

 

Azərbaycan.- 2010.-  1 aprel.- S.  5.