Onlara insan demək olarmı?

 

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri  cinayətlərin yeni-yeni dəhşətli faktları üzə çıxır

 

Açılmamış səhifələr

 

1918-ci il avqustun 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin qərarına əsasən 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Məqsəd Zaqafqaziya ərazisində müsəlmanlara və onların əmlakına qarşı zorakılıq hallarını araşdırmaq idi. Komissiyanın sədri andlı iclasçı Ələkbər bəy Xasməmmədov, üzvləri isə dairə məhkəməsinin müavinləri İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, Dairə Məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə köçürmə idarəsindən Nikolay Mixayloviç Mixaylov, həqiqi mülki müşavir V.Qubvillo və müəllim Mirzə Cavad Axundzadə təyin olundu.

Komissiya sentyabr-oktyabr aylarından geniş təhqiqat işlərinə başlamışdı. 1919-cu ilin avqust ayında toplanmış materiallar 36 cildə və 3500 vərəqə çatmışdı. Soyqırımının təşkilatçılarına və iştirakçılarına qarşı cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı.

1920-ci ildə rus işğalı zamanı komissiyanın işinə son qoyuldu. Təxminən 20 ay fəaliyyət göstərmiş və ermənilərin törətdikləri cinayətlər haqqında çoxlu faktiki materiallar toplamağa müvəffəq olmuş Fövqəladə Təhqiqat Komissiyası xalqımızın azadlıq uğrunda apardığı mübarizə tarixində şərəfli yer tutur. Həmin materiallar S.Şaumyanın başçılıq etdiyi erməni-daşnak rejiminin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi soyqırımı cinayətlərini sübut edən təkzibolunmaz mənbələrdir.

Komissiyanın ən fəal üzvlərindən biri Gəncə köçürmə idarəsinin nümayəndəsi Nikolay Mixayloviç Mixaylov idi. N.Mixaylov əvvəlcə Göyçay, sonra isə Ərəş və Şəki qəzalarında geniş təhqiqat işləri aparmışdı. Onun Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında topladığı materiallar daha çox diqqəti cəlb edir.

M.Mixaylovun fövqəladə komissiyaya hazırladığı məruzənin mətnini qısa ixtisarla dərc edirik. Bu, qeyri millətdən olan tərəfsiz, qərəzsiz, obyektiv bir ziyalının araşdırmalarıdır. Görün özlərini "cəfakeş millət" kimi qələmə verməyə çalışan erməni quldurları ayrı-ayrı bölgələrdə necə böyük qırğınlar törədiblər.

 

Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.Mixaylovun məruzəsindəki fraqmentlər

 

1918-ci ilin oktyabr ayından başlayaraq Gəncə quberniyasındakı qəzaların müsəlman əhalisi qəbilə nifrəti ilə vəhşiləşmiş ermənilərin onların başlarına gətirdikləri bəlalardan və vəhşiliklərdən tədricən özlərinə gəlməyə başladıqları halda Qarabağ müsəlmanları aramsız olaraq həm Qarabağın erməni əhalisi, həm İrəvan quberniyasından gələn erməni qaçqınlar, həm də Türkiyə vilayətlərindən bu əraziyə soxulub yerli müsəlmanlardan Ermənistan Respublikasının hakimiyyətinə tabe olmağı tələb edən erməni əsgərləri tərəfindən ağla batan və batmayan bütün zorakılıqlara məruz qalırlar.

 

Cavanşir qəzası

 

Dindirilmiş şahidlərin ifadələrinə və qəza polis idarəsinin rəsmi sənədlərinə əsasən nəzərdən keçirilən məsələ üzrə aşağıdakı vəziyyət müəyyən edildi.

Hərbi hərəkətlərin Rusiya tərəfindən dayandırılmasından hələ xeyli əvvəl, erməni əsgərlərinin böyük bir əksəriyyəti fərarilik edərək öz kəndlərinə qaçarkən özləri ilə böyük miqdarda döyüş sursatlarını, dövlət xəzinəsindən oğurladıqları tüfəngləri, pulemyotları və hər cürə döyüş ləvazimatlarını daşıyıb gətirirdilər. Belə cinayətlərin təzahürünə bir tərəfdən yerli erməni ziyalıları və erməni kəndləri icmalarının nümayəndələri təkan verirdilərsə, digər tərəfdən rus polis hakimiyyətinin laqeydliyi və hətta məsuliyyətsizliyi bu hadisələrin ermənilərin arzularına müvafiq inkişaf etməsi üçün münbit şərait yaradırdı.

Burada qəzanın müsəlman əhalisinin yaşadığı kəndlərin mövqeyini qeyd etmək vacibdir. Kolanı icmasının 12 kəndi dörd tərəfdən erməni kəndlərinin böyük bir sırası ilə əhatələnib. Beləliklə, müsəlman kolanılılar qəzanın aşağı hissəsi ilə əlaqə yaratmaq üçün yalnız və yalnız erməni kəndlərindən keçib gedə bilərlər.

1917-ci ilin dekabr ayından başlayaraq erməni silahlı quldur dəstələri yuxarıda adıçəkilən müsəlman cəmiyyətinin kəndlərinə soxularaq evlərə keşikçi dəstələri qoyur, kolanılılardan Ermənistan Respublikasına tabe olmağı tələb edir, vergi adı altında böyük məbləğdə pul qoparır, mal-qaranı qovub aparır, qadınların zorlanması ilə müşayiət edilən əyyaş məclislərinin keçirilməsinə adi hal kimi baxırdılar... Kolanı icması kənd sakinlərini dağətəyi ərazilərdən ovalıqlara köçürməyə can atır, lakin ermənilər buna imkan vermədikləri üçün özbaşınalıqların və zorakılıqların içində boğulurdular...

Adıçəkilən icmanın kölə həyatı 1918-ci ilin sentyabrına kimi davam etdi və nəticədə ümidsizlik içində boğulan müsəlman əhalisi onları dörd tərəfdən üzük qaşı kimi əhatə edən erməni quldur dəstələrinin vəhşiliklərindən canını qurtarmaq üçün, nəyin bahasına olursa-olsun, hətta insan itkiləri naminə belə, mühasirə halqasını yararaq ovalıqda yaşayan müsəlman kəndlərinə köçərək, kim harada qərar tuta bilərsə, ora pənah aparmaq qərarına gəldilər.

İmarət, Qərvənd, Umudlu və başqa kəndlərin sakinləri dolanbac və təhlükəli dağ yollarını seçərək Yelizavetpol (Gəncə) qəzasının Zəyəm yolu ilə sərt Murovun hündür, qarlı dağlarını aşaraq Cavanşir qəzasının ovalıqlarına çatana kimi məcburi köçkünlərin aqibətinə yazılan həyatın bütün amansız sınaqlarından keçdilər.

Beləliklə, Cavanşir qəzasının müsəlman əhalisi ermənilərin zorakılıqları ucbatından aşağıdakı ziyanlara məruz qaldılar: 1918-ci ilin baharında və yayında ermənilər Tərtər su hövzəsinə axan kiçik çayların suyunun qarşısını bəndlərlə alaraq, suyun ovalığa çatmasına imkan vermədilər və nəticədə aran ərazilərində yerləşən Azərbaycan kəndlərinin əhalisi nəinki öz bağ və bostanlarını suvarmaqdan məhrum oldular və hətta içməli suya belə möhtac qaldılar.

Fövqəladə İstintaq Komissiyasının üzvləri qəzanın hüdudları daxilində vəziyyətlə bağlı araşdırmalar apardıqları zaman ermənilər Dəmirlən kənd sakini Cavad Əli oğlunun mal-qarasını, Marağalı kəndi yaxınlığında isə iki müsəlman oğlan uşağını oğurlayıb aparmışdılar. Vəziyyətin getdikcə gərginləşməsi Fövqəladə Təhqiqat Komissiyasının üzvlərini talan edilmiş dağətəyi zolaqda yerləşən müsəlman kəndlərini baxışdan keçirmək imkanından belə məhrum etdi.

Erməni quldur dəstələrinin Cavanşir qəzasının hüdudları içərisində törətdikləri məzmun və ağırlığına görə daha ciddi cinayət əməllərinin heç olmasa qısa siyahısına keçməzdən əvvəl qeyd etmək vacibdir ki, Kolanı kənd icmasının 12 kəndinə vurulan zərbələrdən əlavə, ermənilər həm də aşağıda göstərilən faktları törədiblər. Belə ki, Marağalıda iki müsəlmanı - Məhəmməd İsgəndər oğlu və Müslim Rəhim oğlunu qətlə yetirərək meyitləri Daşarxı kanalına atıblar; Fındıqlı adlanan yerdə kənd ayaqçısı Fəxrəddin Cəfərqulu oğlunu və onun iki müsəlman yol yoldaşını qətlə yetirib onların dörd öküzünü qarət ediblər; Sarov kəndinin erməniləri Bruc kəndinin çobanlarına atəş açaraq onların mal-qarasını Çaylı kəndinə qaçırıblar; Ağdərə ermənilərinin quldur dəstəsi Qapanlı müsəlman kənd sakinlərinin 600 baş qoyununu və 50 baş mal-qarasını aparıblar; elə həmin quldur dəstə başqa yerdə daha 250 qoyunu və 61 baş mal-qaranı qaçırıblar; Qarakor kəndində Ocaqverdi Molla Qəmbər oğlunu və Eyvaz Molla Novruz oğlunu öldürüblər. Ağdərə erməniləri Qarapirim kənd sakini Cümşüd bəyin 1350 qoyununu və 4 atını; sırxavəndlilərin 122 baş mal-qarasını, Qalayçılardan isə 105 baş malı oğurlayıblar. Dəyirman adlanan yerdə erməni əsgərlərindən ibarət 500 nəfərlik quldur dəstəsi Qoturlu kənd sakinlərinin karvanına hücum edərək onların 1 milyon 200 min rubla yaxın əmlakını və mal-qarasını qarət ediblər; mülkədar Nuri bəyin torpaqlarında Ağdərə ermənilərinin quldur dəstəsi qərvəndlilərin mal-qarasını taladılar. Bu hadisə zamanı fars mənşəli çoban Novruzu, Papravənd kənd sakini Həsrət Ağakişi oğlunu öldürüblər.

Qəza sakinlərinə qarşı törədilən çoxsaylı qətllər, qarətlər ermənilərin görünməmiş qəddarlığını sübuta yetirir. Umudlu kənd sakini Süleyman Qazax Aslan oğlunu, Məmməd Meşəli Paşa oğlunu və Kazım Atam oğlunu şaqqalayaraq parça-parça doğradılar. Hacıqərvənd kənd sakini Zeynəb Şirin qızının cəsədi döşləri kəsilmiş halda tapılmışdı. Boqmukanlı erməni Zəhariya Kukurovanın sözlərinə görə, Korakor kənd sakini Ramazan Novruzəli oğlu, Qönçə Ocaqqulu qızı və çolaq Süleyman Həsənəli oğlu vəhşicəsinə öldürülmüş, sonra isə onların meyitləri yandırılmışdı. Başqa bir erməninin verdiyi məlumata əsasən, Güney və Qaya Sırxavənd kənd sakinləri Şərif İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun başları kəsilib atılan cəsədləri tapılmışdı. İfadə verən şahidlər müsəlman kəndlərinə hücum edən erməni quldur dəstələrinin üzvlərini və onların başçılarından çoxunu tanıdıqlarını bildirirdilər.

Zərərçəkənlərin aktlarından belə qənaətə gəlmək olur ki, dağətəyi zolağın müsəlman kəndlərinin bu hadisələr zamanı çəkdikləri ziyanların həcmi ən təmkinli minimum hesablamalarla bir neçə on milyon rubl həcmindən aşağı deyil.

 

Cəbrayıl qəzası

 

Cəbrayıl qəzası 12 müsəlman va 3 erməni kənd icmalarından ibarətdir. Müsəlman kəndlərinin əksər hissəsinin topoqrafik baxımdan müvafiq mövqedə yerləşdiyi və müsəlmanların müqavimətinə bələd olduqları üçün bu qəzanın əhalisi əsasən Qarabağ dağlarının dağətəyi zolağında təcavüzə məruz qaldı.

Şahidlərin verdikləri ifadələrdən məlum olur ki, ermənilər qəzanın müsəlman əhalisinə qarşı hərbi əməliyyatlara 1918-ci il dekabr ayının əvvəlində başladılar. İlk öncə ayrı-ayrı müsəlmanlar qətlə yetirilir, qismən də mal-qara oğurlanırdı. Sonra mütəşəkkil silahlı erməni quldur dəstələri tatar (türk) kəndlərinə qarşı açıq hücumlara keçdilər. Dekabrın 7-də ermənilər Arış kənd əhalisinin qoyunlarını oğurlayıb apardılar, dekabrın 8-də Qarkelli kəndinə basqın etdilər. Dekabrın 10-da Doşulu Məhərrəm Musa oğlunun qoyunlarını, Əfəndilər kənd sakini Mir Yusif Mir Həsən oğlunun isə mal-qarasını oğurladılar. Sonra erməni quldur dəstəsi Aşıq Məlikli kəndinə od vurub yandıraraq Xələfli, Tatar, Şıxlar kəndlərinin əhalisinin əmlakını, mal-qarasını dağıdıb taladılar.

Dekabrın 18-də Sirik kəndi başdan-başa yandırıldı. Dekabrın 26-na keçən gecə ermənilər Düdükçü kəndində müsəlmanların mülklərini talayıb darmadağın edərək evlərə od vurdular. 1919-cu il mart ayının 29-da ermənilər Axilli kənd sakini İbad Məmiş oğlunu başından yaraladılar, Qərvənd kəndində iki çobanı öldürərək mal-qaranı və evləri qarət etdilər. Boliant kəndindən olan Cəfər Ələkbər oğlunu və Nəsir Məhərrəm oğlunu öldürərək çılpaq cəsədlərini yarğanın dibinə atdılar, silahlı erməni dəstələri Eyvazlu, Şıxlar və Məlikli kəndlərini darmadağın edərək əmlakı və mal-qaranı taladılar.

Quldurlar ahıllara, uşaqlara, qadınlara əsla rəhm etmirdilər. Axullu kəndində üç kişi, üç qadın, bir uşaq qətlə yetirilmiş, bir qoca kişi isə ağır yaralanmışdı, Məlikli və Evatlu kəndlərinin hərəsində bir nəfər, Məzrə kəndində altı nəfər, Sirik kəndində on bir nəfər kişi, 10 qadın və 14 uşaq öldürülmüş, iki kişi isə ağır yaralanmışdı.

Müşahidələrdən, ərizə və aktlardan belə bir qənaətə gəlmək olur ki, Cəbrayıl qəzasının müsəlmanlarına dəyən ziyanların məbləği bir neçə on milyon rublla ölçülür.

 

Zəngəzur qəzası

 

Yüksək dağlıq ərazilərdə yerləşən bu qəza Şuşa istiqamətindən tamamilə, Cəbrayıl tərəfindən isə qismən yolu kəsilmiş haldadır. Müsəlman kəndlərinin yalqız olmasından istifadə edən ermənilər öz qüvvələrinin çoxluğuna, ərazi üstünlüyünə və güclü hərbi təchizatına arxalanaraq fürsəti əldən vermədən sözün əsl mənasında ağalıq etməyə başladılar.

Burada bütün başqa qəzalara nisbətən müsəlmanların vəziyyəti bir də ona görə ağırlaşdı ki, erməni kəndlərinin başdan-ayağa silahlanmış quldur dəstələrindən savayı, general Andranikin başçılığı ilə güclü nizami qoşun hissələri də var idi. Belə böyük qoşun hissələrinə və yerli erməni silahlı quldur dəstələrinə başçılıq edən general Andranik Azərbaycan ərazilərinə soxulduqdan sonra, müsəlman əhalisinə qarşı belə bir tələb irəli sürdü ki, ya Ermənistan hökumətinə tabe olsunlar, ya da yaşadıqları qəzanın ərazilərini tərk eləsinlər. Zəngəzur qəzasının müsəlmanları erməni müdaxiləsi nəticəsində bütün dünyadan təcrid olunduqları üçün heç yerdən kömək və müdafiə xarakterli yardım ala bilməsələr də, ciddi müqavimət göstərir, ermənilərin tələblərinə əsla tabe olmurdular.

Bundan qəzəblənən ermənilər ağlasığmaz qəddarlıq və vəhşiliklər törədirdilər. Kəndləri başdan-başa yerlə-yeksan edərək sonuncu evə kimi yandırıb dağıdır, bütün əmlakı talayır, dinc əhalini vəhşicəsinə qırır, mal-qaranı qovub aparır, torpaq sahələrini əllərindən alaraq şumlayırdılar. Buna baxmayaraq, müsəlmanlar ciddi müqavimət göstərirdilər. Hal-hazırkı məqamda Oxçu dərəsinin müsəlmanları öz yurd yerlərinin qəhrəmancasına müdafiəsini davam edə bilirlər.

Qarakilsə ərazisinin birinci polis sahəsinin müsəlman kəndlərinin hamısı, ikinci sahəsinin böyük əksəriyyəti, üçüncü, dördüncü və beşinci sahələrinin isə xeyli hissəsi yerlə-yeksan edilmiş, şahid ifadələrinə və rəsmi sənədlərin məlumatlarına görə, qəzanın 115 kəndi tamamilə dağıdılmışdır. Əlli min nəfərdən artıq müsəlman qaçqın Cəbrayıl qəzasının dördüncü sahəsində müvəqqəti yerləşmişdir.

Burada - kiçik bir məruzədə hər bir kənd üzrə baş verən cinayət hallarının, erməni quldurları tərəfindən müsəlman əhaliyə qarşı törədilən vəhşiliklərin siyahısını ayrı-ayrılıqda sadalamaq mümkün deyildir. Həmçinin misli görünməmiş qəddarlıq hallarının, insanların vəhşicəsinə öldürülməsinin, işgəncələrə məruz qalmasının qədərsiz sayını və hər bir kənddə olan qurbanların, qarətlərin siyahısını da göstərmək imkan xaricindədir.

 

Arxivlərdə niyə qalsın?

 

Mixaylovun məruzəsini oxuduqca adam dəhşətə gəlir. Görün o müdhiş illərdə qəzalarda nələr baş verib. Bu, heç də qohum-əqrəbasını itirərək qeyzlənmiş bir insanın, həvəskar yazarın təxəyyülü deyildir. Bu, dövlət məmurunun, ixtiyarlı-imtiyazlı müstəntiqin təhqiqat işi, rəsmi araşdırmasıdır. Özü də qeyri-millətin nümayəndəsinin, bitərəf bir insanın topladığı obyektiv materiallardır. Azərbaycan Respublikası Dövlət Arxivinin 970-ci fondunda mühafizə olunur. Siyahı - 10, iş - 161, vərəqə nömrə - 1-9.

O gərgin illərdə Fövqəladə Təhqiqat Komissiyası isti izlərlə bu cür külli miqdarda material toplamışdı. Təəssüf ki, 1920-ci ildə rus işğalı zamanı bu gərəkli iş dayandırıldı. İlkin mənbələrdən şahid ifadələri ilə doğru-dəqiq xəbər verən bu dəyərli sənədlər arxivlərin bir küncündə qalıb. Nankor ermənilər heç olmayan işlərdən özlərinə "fakt" düzəldərək yalandan hay-küy salırlarsa, biz nə üçün bu cür real materialları, konkret sənədləri çap edərək geniş oxucu kütləsinin nəzərinə çatdıra bilmirik?! Çap edilməsi, geniş yayılması isə çox vacibdir. Gec də olsa, dünya ictimaiyyəti baxıb görsün, tarixdə nələr olub, kim kimdir?

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.- 1 aprel.- S.  8.