Uzaq sahillərdə təntənə
Bu ilin mart ayında Kuba və Meksikada Azərbaycan mədəniyyət günləri keçirildi. Bu ölkələrdə düzənlənən mədəniyyət günlərində iştirak edən 50 nəfərlik nümayəndə heyətinə Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının, "Şərq çırağı" Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri, caz ustaları, modelyer-rəssam, tərcüməçilər və KİV nümayəndələri salınmışdı. Nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edirdi.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səmaya qanadlanan təyyarəmiz Fransanın hava limanında yerə endi. Beş saat yarımlıq bir məsafəni qət edən sərnişinlər Avropanın bu məşhur hava limanından Kubaya uçmalı idilər. Amma gedəcəyimiz ünvanda baş verən fövqəladə hal - dəhşətli çovqun imkan vermirdi ki, Havana şəhəri təyyarələri qəbul etsin. Bu səbəbdən də uçuşda müəyyən fasilələr və qeyri-normal dəyişmələr yarandı. Nəticədə heyətin yarısı Parisdə qalmalı oldu. Diqqət çəkən bir məqam da var idi ki, azərbaycanlı sərnişinlərə hava limanının rəhbərliyi və yerli hökumət böyük diqqət və qayğı ilə yanaşdı. Bizə şəhərə çıxış vizası açıldı, otellə təmin edildik, pulsuz yemək və içəcək verildi. Parisdə bir udumluq hava alacağımız təqdirdə iki gün qonaq qaldıq. Avropanın bu qədim şəhərinin özünəməxsus özəllikləri var. Sakinlər klassik üslubda geyinirlər. Hamının sifətində bir təbəssüm görünür... Xüsusilə də tanımadıqları insanlara nəzakətlə yanaşırlar. Parisin gecələri nağıla bənzəyir. Bu şəhərin rəmzinə çevrilmiş Eyfel qülləsi gecələr daha füsunkar görünür. Sanki özü boyda bir tonqaldır. Paris hər birimizə köhnə tanış təsiri bağışladı. Bəzi küçələri, binaların memarlıq üslubu Bakının ötən əsrin əvvəllərində tikilmiş evlərini xatırlatdı. Şərq və Qərb memarlıq üslubunun sintezindən doğulmuş qədim binalarda qəribə cazibədarlıq var idi. Paris yaddaşımıza əfsanəvi şəhər kimi daxil oldu. Sanki bu şəhərdə insanlar bir-birlərini sözsüz anlayırlar.
Adalar kralı Kuba
Şimaldan
Atlantik okeanı və Meksika körfəzi, cənubdan Karib dənizi
ilə əhatə olunan Kuba inzibati cəhətdən 14 əyalətə
bölünür. Tropik ölkədir. Ərazisini tropik və
şam meşələri bürüyüb. Savannalar və həmişəyaşıl
kolluqlar, palmalar diqqət çəkir. Dövlət dili ispan dilidir. Amerika
qitəsində ilk sosialist dövlət burada qurulub.
Memarlığı sürətlə inkişaf etmiş
ölkələrdəndir. Ötən əsrin əvvəllərində
Avropa və Amerika memarlığı üslubunda çoxlu
tikililər inşa edilib. Xüsusilə də 1940-1950-ci illərdə
çoxmərtəbəli evlər tikilib. Kubalılar özlərini
"kubano" adlandırırlar. 11,4 milyon əhalisi var. Əhalinin
65 faizini ispanlar təşkil edir. Özləri "Havana"
adını "Habana" yazır, "Labana"
çağırırlar.
Havanadakı Dostluq evində
hökumətlərarası komissiyanın
üçüncü iclası keçirildi və Əməkdaşlıq
Protokolu imzalandı. İmzalanmanı Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev və Kuba Xarici ticarət investisiyalar nazirinin birinci
müavini Orlando Enraldes Giyen həyata keçirdilər. Mərasimdə
Azərbaycan Respublikası xarici işlər, iqtisadi
inkişaf, maliyyə, sənaye, təhsil, səhiyyə və
idman nazirliklərinin nümayəndələri Azərbaycan
Respublikasının BMT yanında daimi nümayəndəsi,
eyni zamanda ölkəmizin Kuba Respublikasındakı fövqəladə
və səlahiyyətli səfiri Aqşin Mehdiyev və
müxtəlif ölkələrin Kubada yerləşən
diplomatik korpusunun əməkdaşları, səfirlər
iştirak edirdilər.
Havana Milli Kitabxanasında Azərbaycan
fotoqraflarının sərgisi açıldı. Burada Fərid
Xayrullinin və Emil Xəlilovun fotoları, eləcə də
milli geyimlərimiz nümayiş olundu. "Azərbaycan"
kitabının təqdimatı da keçirildi. Mərasimdə
qonaqlara Azərbaycan nemətləri - mətbəximizin
müxtəlif töhfələri: paxlava, şəkərbura,
qoğal, eləcə də quru meyvələr təqdim edildi.
Havananın bu məşhur və böyük kitabxanasında
belə bir tədbirin düzənlənməsinin xüsusi əhəmiyyəti
var idi. Bir həftə davam edən bu sərgiyə gündə
minlərlə tamaşaçı baxırdı. Havana Musiqi
İnstitutunda isə Azərbaycan caz ustaları öz məharətlərini
göstərdilər. Açıq səma altındakı səhnədə
təşkil olunmuş konsertdə yüzlərlə
havanalı Azərbaycanın gənc caz ustalarına
böyük həvəslə qulaq asdılar. Cazın
inkişaf etdiyi bir ölkədə cazla ürəkləri fəth
etmək o qədər asan olmadığı bir məqamda Azərbaycan
cazmenləri həqiqətən də qeyri-adi bir coşqunluqla
bu qələbəyə nail oldular. Havanada Azərbaycan kino həftəsi
də "Qırxıncı qapı" filmi ilə start
götürdü. Filmdən öncə Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı
Zöhrə Əliyeva çıxış edərək
tamaşaçılara Azərbaycan milli kinosunun tarixindən və
bugünündən söz açdı. Azərbaycan
kinemotoqrafçılarının çəkdiyi filmlərə
böyük maraq göstərən kubalılar bildirdilər
ki, onlar hələ ötən əsrin ortalarından
başlayaraq Azərbaycan filmlərinə rəğbətlə
tamaşa ediblər.
Kubanın paytaxtındakı
Milli Teatrda isə Azərbaycan Mədəniyyət günlərinin
təntənəli açılışı oldu. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
çıxışında dedi: "Dövlət müstəqilliyimizi
qazandıqdan sonra ilk dəfədir ki, Kubada belə bir möhtəşəm
tədbir keçirilir. İstər imzaladığımız
protokol, istərsə də bu tədbir gələcəkdəki
çoxşaxəli əməkdaşlığın
bünövrəsini qoydu. Kubalılarla azərbaycanlılar
arasında həmişə səmimi münasibətlər
mövcud olub. Yəqin ki, bir vaxt Bakıda ali təhsil alan
kubalılar bizi hələ də unutmayıblar. Çünki
onların həyatında, cəmiyyətdə tutduqları
mövqedə Bakı mühitinin, eləcə də Azərbaycan
ali məktəblərinin böyük rolu olub. İnanıram
ki, bizim bütün sahələrdə əlaqələrimiz
davam edəcək. Yaxın gələcəkdə Bakıda
Kubanın mədəniyyət günləri keçiriləcək.
Mədəniyyətlərin qovuşması, insanların mənən
bir-birinə yaxınlaşması, təması sülhün əbədiliyinə,
əməkdaşlığın, qardaşlığın,
dostluğun inkişaf etməsinə səbəb olur. Bu
gün Azərbaycanın mədəniyyət xadimləri sizin
qarşınızda maraqlı proqramla çıxış edəcəklər.
Məqsədimiz budur ki, bir-birimizin mədəniyyəti ilə
yaxından
Üzeyir Hacıbəylinin
musiqisi ilə start götürən mədəniyyət
günlərinin ilk nəğməsi "Vətənimdir"
mahnısı oldu. Bayatı-Şiraz üstündə əməkdar
artist Təyyar Bayramovun ifası salona bir həzin ovqat gətirdi.
Vəfa Orucovanın oxuduğu "Sizə salam gətirmişəm"
mahnısı isə eldən-elə qanadlanan məhəbbətin,
xoş münasibətin ifadəsinə çevrildi. Bu konsert
proqramında diqqətimizi çəkən məqamlardan biri
də bu oldu ki, kubalılar Azərbaycan incəsənət
ustalarını ayaq üstə alqışlayırdılar.
Xüsusilə də Camaləddin Dadaşovun
qoşanağaradakı qeyri-adi ifası kubalıları valeh
etdi. Onlar dəfələrlə azərbaycanlı sənətkarı
səhnəyə çağırır, onun
çalğısına qulaq asmaqdan doymurdular. İlham Nəcəfovun
müxtəlif nəfəs alətlərindəki ifası da
kubalıların sürəkli alqışına səbəb
oldu. Azərbaycan rəqqasələrinin bir-birindən
maraqlı və oynaq rəqsləri tamaşaçıları
riqqətə gətirirdi. Konsert sona çatsa da kubalılar
azərbaycanlılardan ayrılmaq istəmirdilər. Onlar bizə
yaxınlaşaraq doğma dilimizdə xoş sözlər
deyirdilər: "Salam", "Xoş gəlmisiniz",
"Necəsiniz", "Biz Bakını
tanıyırıq". Vaxtilə Bakıda təhsil almış
kubalılar bizi məhəbbətlə qarşılayır və
soruşurdular: "Universitet dururmu?" (BDU-nu soruşurdular -
F.X.). Ölkəmizin müxtəlif ali məktəblərində
təhsil almış kubalılar bizə xiffətlə
yaxınlaşırdılar. Onlar bildirirdilər ki, Bakı
ikinci vətənimizdir. Hətta elə ailələr var idi
ki, onların övladları da vaxtilə Bakıda doğulub.
Bizdən ayrılmaq istəməyən "bu bakılı
kubalılar" doğma şəhərimiz haqqında xoş
sözlər deyir, azərbaycanlı müəllimlərin və
tələbə yoldaşlarının adlarını çəkir,
onlara salam göndərirdilər. Orta yaşlı kubalılar
rus dilində təmiz danışırlar.
Sonrakı günlərdə
Kubanın Matanzas rayonunda mədəniyyət günləri
keçirildi. Varadero isə Kubanın kurort şəhəridir.
Olduqca yaşıl təbiətə və qeyri-adi gözəlliyə
malikdir. İldə Kubaya 3 milyon turist gəlir. Onun 80 faizi məhz
Varaderoya üz tutur. Bu şəhərin musiqi məktəbində
keçirilən görüşlər çox unudulmaz oldu. Əvvəlcə
yerli məktəblilər öz məharətlərini göstərdilər.
Onlar müxtəlif mahnılar oxuyur, rəqslər edir,
dostluğa, qardaşlığa aid şeirlər söyləyirdilər.
Sonra isə Azərbaycan musiqiçilərinin
çıxışları başladı. Bir fərəhli
faktı deyək ki, xalq artisti Təranə Muradova Varaderonun bu
məşhur məktəbində əslində ustad dərsləri
keçdi. O, azərbaycanlı incəsənət nümayəndələri
ilə kubalıları bir araya gətirərək "Yallı"da
birləşdirdi. Doğrudan da əsl musiqinin bir ümumi dili
var. Müxtəlif dinli, irqli, qitəli insanlar bir-birlərinin əllərindən
tutaraq dövrə vururdular, yallı gedirdilər. Ortada isə
Təranə Muradova coşqunluqla rəqslərin təmayülünü
müəyyən edirdi. Məktəbin direktoru məhəbbətlə
bildirdi ki, kaş Təranə xanım bir müddət burada
qalıb bizim müəllimlərə dərs keçəydi.
Azərbaycan haqqında kino
çəkmiş kubalı jurnalist Dezi Qomezin bizə göstərdiyi
iltifat və məhəbbət də yaddaşımızda
şirin xatirəyə döndü. Xüsusilə də mətbuat
işçilərinə bələdçilik edən zənci
Dieqonun diqqəti, həssaslığı xəyalımızdan
silinmir. Kubanın tarixini çox gözəl bilən,
bugünkü durumunu bizə təfsilatı ilə anladan bu
yaşlı zəncinin rus dilində səlis
danışması, ötənləri xiffətlə
xatırlaması bizə bir çox məsələləri dərindən
anlatdı. Kuba hələ də sosialist ölkəsidir.
Kubalılar bundan məmnunluq duyur, öz vətənlərini
dərindən sevir, onun qanunlarına, tələblərinə
məhəbbətlə yanaşırlar.
Amerika ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan oxucusuna "Əlvida silah", "Qoca və dəniz" əsərləri ilə tanış olan Ernest Heminquye vaxtilə bir müddət Kubada oteldə yaşayıb. Kubalılar həmin otel odasını muzey kimi mühafizə edərək qoruyurlar. Burada məşhur yazıçının kitabları, yazı makinası, bir sıra şəxsi əşyaları var. Kubalılar fəxr edirlər ki, dünya ədəbiyyatının bu məşhur siması bir vaxt Havanada yaşayıb.
Vaxtı ilə kitablarını maraqla oxuduğumuz böyük yazıçı Ernest Heminquyenin yaşadığı ünvanda olmaq, ona məxsus eksponatları görmək bizə də qeyri-adi təsir bağışladı.
Kuba dünyada həm də öz siqarası ilə məşhurdur. Nümayəndə heyətimiz siqara hazırlayan fabrikdə də oldu. Bizə xoş gələn məqamlardan biri də köhnə Havanada müsəlman məbədinin - məscidin olması idi. Doğrudur burada yalnız bir ərəb şeyxindən başqa kimsəni görmədik. Amma adalar kralı Kubada belə bir məbədin olması dini tolerantlıqdan xəbər verirdi. Şəhərin müxtəlif yerlərini, paklarını, eləcə də köhnə Havananı seyr etdikcə qədim binalara heyrətlə baxırdıq. Eyni vaxtda Amerika qitəsində iki kapitoli tikilib. Bunlara ekiz binalar da demək olar. Biri Vaşinqtondadır, o birisi də Havanada. ABŞ-dakı ağ rəngli kapitoli bu gün də dünyaya meydan oxuyur. Havanadakı isə öz nimdaş paltarına bürünərək nə vaxtsa insafa gələcək bərpaçıları gözləyir. Ümumiyyətlə, Havanada qədim, əzəmətli, möhtəşəm tarixi binalar çoxdur. Sadəcə olaraq libasları çox köhnədir. Şəhərin simasındakı bu pərişanlıq təəssüf doğursa da, kubalılar öz vətənlərini çox sevirlər.
(ardı var)
Flora XƏLİLZADƏ,
Paris-Havana-Mexiko-Bakı
Azərbaycan.- 2010.- 1
aprel.- S. 11.