Şirvan ölkəmiz üçün Bakıdan sonra çox vacib sahəni əhatə edən ikinci şəhər olacaqdır

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərinə səfərə gəlmişdir.

Son illərdə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Şirvan şəhərinin də sosial-iqtisadi inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu sənaye şəhərinin inkişafı ilə bağlı mühüm tədbirlər nəzərdə tutulmuş və uğurla həyata keçirilmişdir. 2009-cu ildə ümumi məhsul buraxılışı 2008-ci illə müqayisədə artaraq 221 milyon manatdan çox olmuş, sənaye məhsulunun həcmi isə 186 milyon manat təşkil etmişdir. Ötən il şəhərdə 506 min ton xam neft, 21 milyon kubmetr qaz və 2 milyard 657 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Sənaye məhsullarının 66,6 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Bu da 2004-cü illə müqayisədə 2,1 dəfə artım deməkdir.

Şəhər iqtisadiyyatının uğurlu inkişafı, yeni istehsal sahələrinin yaradılması əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmış, yeni iş yerləri açılmışdır. Bu dövrdə şəhərdə tikinti, abadlıq işləri daha geniş vüsət almış, küçə və xiyabanlar yenidən qurulmuş, "Ekologiya ili" çərçivəsində şəhərdə yaşıllıqlar salınmışdır. Səhiyyə və təhsilin səviyyəsi daha da yaxşılaşdırılmış, əhalinin təbii qaza və elektrik enerjisinə olan tələbatı ödənilmişdir. Şirvan şəhərində 2003-2009-cu illərdə 9281 yeni iş yeri açılmışdır ki, onlardan 7092-si daimidir.

Dövlət başçısı əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Prezident İlham Əliyev meydanda aparılan abadlıq və quruculuq işləri ilə tanış oldu. Məlumat verildi ki, mühüm tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan bu meydanda əsaslı yenidənqurma işləri aparılmışdır. Burada iki işıqlı fəvvarə kompleksi inşa edilmiş, Azərbaycan Respublikasının 22 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, şəhər sakinlərinin istirahəti üçün lazımi şərait yaradılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  2 aprel.- S.  1.