Şirvan şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Şirvanda Heydər Əliyev Mərkəzinin açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV şirvanlıları təbrik edərək dedi:
- Sizin hamınızı Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, bu gözəl mərkəz şirvanlıların xidmətində olacaqdır. Burada həm ulu öndərin həyat və fəaliyyətini əks etdirən çoxmənalı və tarixi əhəmiyyətə malik olan fotoşəkillər nümayiş etdirilir, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi üçün şərait vardır. Xarici görünüşü də gözəldir. Bir sözlə, əminəm ki, Heydər Əliyev Mərkəzi, sözün əsl mənasında, çox mənalı mərkəzə çevriləcəkdir.
Bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir. Onun fəaliyyəti, zəhməti sayəsində bu gün biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimiz möhkəmlənir, güclənir. Ancaq unutmamalıyıq ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə vəziyyətimiz çox ağır idi. Ölkədə gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül və ümumiyyətlə, total böhran Azərbaycanı müstəqillikdən məhrum edə bilərdi. Biz hamımız o illəri yaxşı xatırlayırıq. Biz o ağır illəri unutmamalıyıq. O tarixi yaddaş bizi daim irəliyə aparmaq üçün mühüm bir amil olmalıdır.
Biz bu gün güclü dövlət qururuq. Bu dövlətin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf və tərəqqi yolunu uğurla gedir. Bu yolda çətinliklər də, çox böyük sınaqlar da olub. Ancaq Azərbaycan dövləti və Azərbaycan xalqı bütün bu sınaqlardan şərəflə çıxa bilmişdir. Bu gün Azərbaycan öz daxili imkanları hesabına güclü dövlət qurubdur. Xalqımız - uzun illər, əsrlər boyu müstəqillikdən məhrum bir xalq olmasına baxmayaraq - həm özümüzə, həm bütün dünya birliyinə sübut etdi ki, biz müstəqil ölkə kimi yaşaya bilərik, öz siyasətimizi özümüz müəyyən edə bilərik.
Ölkəmizin gələcək inkişafı üçün bütün imkanlar vardır. Bu gün Azərbaycan, sözün əsl mənasında, uğurlu inkişaf dövrünü yaşayır. Biz bütün vəzifələri uğurla icra edirik. Həm iqtisadi, həm siyasi sahədə, bütün başqa sahələrdə, sosial məsələlərin həlli işində Azərbaycan öz daxili imkanlarına arxalanaraq müstəqil siyasət aparmaqla ölkəmizi gücləndirir. Görülən bütün bu işlər Azərbaycan xalqının zəhmətidir, Azərbaycan xalqının istedadının nəticəsidir. Biz elə etməliyik ki, gələcəkdə də, bütün dövrlərdə ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkə qarşısında duran bütün problemləri həll edək. Problemlərin böyük hissəsi həll olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci hissəsi uğurla başa çatıb.
İndi ikinci proqram icra
olunur. Bu proqramın icrasında da yaxşı nailiyyətlər
vardır. Amma biz elə etməliyik ki, ikinci proqramın
başa çatması ilə əlaqədar bütün
işlər vaxtında görülsün və proqramda nəzərdə
tutulmuş bütün vəzifələr icra edilsin. Əgər
belə olarsa, onda 2013-cü ilə qədər ölkə
qarşısında duran əsas iqtisadi, infrastruktur və
sosial məsələlər öz həllini tapacaqdır. Hər
halda bunu etmək üçün güclü siyasi iradə,
artıq güclü iqtisadi imkanlar, peşəkar kadrlar
vardır. Yerlərdə artıq mövcud olan infrastruktur və
texniki imkanlar əminəm ki, bu məqsədə çatmaq
üçün bizə şərait yaradacaqdır.
Ancaq biz əldə
edilmiş uğurlarla kifayətlənməməliyik. Hələ
həll ediləsi problemlər çoxdur. Əhalini narahat edən
problemlər çoxdur. Əsas sosial və iqtisadi problemlərin
böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik
böyük dərəcədə aradan qaldırılıb.
Yoxsulluq demək olar ki, artıq inkişaf etmiş ölkələrin
səviyyəsinə - 49 faizdən 11 faizə enib. Yəni
bütün bunların təməlində aparılan
islahatlardır, düşünülmüş siyasətdir,
iqtisadi tədbirlərdir.
Biz Şirvan şəhərinin
timsalında Azərbaycanın uğurlu inkişafını
görürük. Bax, bu gün biz gözəl mərkəzin
açılışında görüşürük. Mən
bu gün ölkəmiz üçün vacib iki sənaye
müəssisəsində telemexanika və "Araz"
zavodlarında da olacağam. Bu zavodlar Azərbaycanın
müdafiə potensialının gücləndirilməsi
üçün çox mühüm rol oynayır. Əgər
nəzərə alsaq, Azərbaycanda müdafiə sənayesi
sadəcə olaraq bir neçə il bundan əvvəl
yaranmışdır, görərik ki, biz qısa müddət
ərzində güclü sənaye yarada bilmişik.
Bakıdan sonra müdafiə sənayesi ilə bağlı
ikinci mərkəz Şirvan şəhəridir. Mən hesab
edirəm ki, biz Şirvan şəhərinin, ümumiyyətlə,
sənaye inkişafını bundan sonra da təmin edəcəyik.
Amma bir halda, bu istiqamətdə ixtisaslaşma gedir, hesab edirəm
ki, müdafiə sənayesinin möhkəm bazası
üçün Şirvan şəhərində bütün
imkanlar vardır. Həm texniki imkanlar, həm artıq peşəkar
kadrlar hazırlanır və beləliklə, Bakıdan sonra
ölkəmiz üçün çox vacib sahəni əhatə
edən ikinci şəhər Şirvan olacaqdır.
Şirvan şəhərində
bu gün ölkəmiz üçün çox böyük əhəmiyyət
kəsb edən "Cənub" Elektrik Stansiyası tikilir. Bu
stansiya təxminən 800 meqavat gücündə olacaqdır.
Bu da ölkəmizdə ən böyük elektrik stansiyalarından
biri olacaqdır. Stansiya ən müasir standartlara uyğun
şəkildə tikilir. Biz öz enerji təhlükəsizliyimizi
təmin edə bilmişik. Ancaq elə etməliyik ki, gələcəkdə
ixrac potensialımızın gücləndirilməsi
üçün əlavə tədbirlər görək.
Bu gün, eyni zamanda, mənim
proqramımda Mədəniyyət Mərkəzi ilə
tanışlıq nəzərdə tutulur. Bu mərkəz də
əsaslı təmir edilib. Eyni zamanda, yeni Olimpiya İdman
Kompleksinin təməl daşını qoyacağıq.
Bütün bu işlər şəhərin sosial
infrastrukturunun yeniləşməsi və yaradılması
istiqamətində atılan addımlardır. Əgər biz təkcə
bugünkü proqramı götürsək, görərik ki,
həm mədəniyyət, həm sosial məna
daşıyan, sənaye potensialımızı möhkəmləndirən
tədbirlər nəticəsində Şirvan şəhəri
hərtərəfli inkişaf edir. Həm sənaye
potensialı, həm elektrik stansiyasının
yaradılması, sosial məsələlərin həlli, idman
qurğusu - yəni açılışında iştirak edəcəyim
tədbirlər çox gözəl bir mənzərə
yaradır.
Bu reallıqları biz
özümüz yaratmışıq, Azərbaycan xalqı
öz zəhməti hesabına yaradıb. Azərbaycan o
ölkələrdəndir ki, ancaq öz resurslarına
arxalanır, istinad edir və biz bütün bu nailiyyətləri
daxili imkanlar hesabına əldə edə bilmişik. Bu
gün Azərbaycan dünya miqyasında iqtisadi inkişaf
baxımından birinci ölkədir. Mən bu barədə
öz fikirlərimi bir neçə dəfə bildirmişəm.
Bir də demək istəyirəm ki, 2009-cu il bütün
dünya üçün, dünya ölkələri
üçün sınaq ili olub. İqtisadi və maliyyə
böhranı bütün ölkələrə təsir
göstərmişdir. Ancaq hansı ölkələr bu
sınaqdan necə çıxıb, əsas məsələ,
mahiyyət bundadır. Azərbaycan o ölkədir ki, 2009-cu
ildə dünya miqyasında ən sürətlə
inkişaf edib, iqtisadi nailiyyətlərə nail ola bilibdir.
İqtisadiyyatımız təxminən 10 faiz artıb. Təkcə
bu göstərici sadəcə bir göstərici deyildir. Bu
göstərici insanların həyat səviyyəsində,
abadlaşan şəhərlərdə, çəkilən
yollarda, tikilən müəssisələrdə
özünü göstərir. Bu gün Azərbaycanda işləmək
üçün xaricdən işçi qüvvəsi gəlir
və bu məqsədlə biz bu yaxınlarda miqrasiya xidmətini
yaratmışıq ki, bu prosesləri tənzimləyək.
Artıq vaxtilə ölkəmizdən başqa şəhərlərə,
ölkələrə getmiş vətəndaşlar da
qayıtmağa başlayırlar. Çünki əlbəttə,
onlar istəyirlər ki, Vətəndə yaşasınlar.
Amma vətəndə yaşamaq üçün gərək
şərait olsun. Şəraiti də biz yaradırıq. Azərbaycanda
sabitlik, ictimai-siyasi asayiş ən yüksək səviyyədədir.
İşsizliyin aradan
qaldırılması sahəsində görülən işlər
yeni müəssisələrin, fabriklərin yaranmasına gətirib
çıxarıbdır. Özəl sektor inkişaf edir.
Sahibkarlığa dəstək məqsədi ilə kreditlər
ayrılır, kənd təsərrüfatının
inkişafı üçün böyük subsidiyalar qoyulur.
İnfrastruktur layihələri, bütün ölkəmizdə
yol tikintisi, müasir müəssisələr, indi
qazlaşdırma prosesi sürətlə gedir. Elə etməliyik
ki, ölkəmizin bütün məntəqələrinə
kifayət qədər elektrik enerjisi verilsin, qaz problemləri
öz həllini tapsın. Növbəti mərhələdə
içməli su, kanalizasiya problemləri bizim
üçün prioritet təşkil edir. Ümid edirəm
ki, 2013-cü ilə qədər bütün şəhər
və rayonlarımızın su-kanalizasiya problemləri öz
həllini tapacaqdır.
Məktəb tikintisi
geniş vüsət alıbdır. Şirvan şəhərində
bir müddət bundan əvvəl Müalicə-Diaqnostika Mərkəzi
yaradılıbdır. Yəni görülən bütün
işləri sadalamaq çətindir. Mən bu məqsədi
də güdmürəm. Sadəcə demək istəyirəm
ki, görülən bütün işlər öz nəticəsini
verməlidir. Əgər nəticə yoxdursa, onda deməli, bu
işlərin görülməsi ya düzgün
aparılmayıb, ya da ki, mənasız olub. Nəticə
olmalıdır. Həm ölkəmizi gücləndirmək, həm
insanların rifah halını qaldırmaq üçün nəticə
olmalıdır. Nəticə də Şirvan şəhərinin,
digər şəhərlərin
abadlaşdırılmasında və ölkəmizin dinamik
inkişafında özünü göstərir.
Beynəlxalq maliyyə
qurumları və beynəlxalq təşkilatlar, yəni
mötəbər, tanınmış təşkilatlar da Azərbaycanın
uğurlarını qeyd edirlər. Biz rəqabətqabiliyyətliliyinə
görə MDB məkanında birinci ölkəyik. Bu
yaxınlarda Dünya İqtisadi Forumunun qlobal rəqabət
hesabatında bildirildi ki, Azərbaycan informasiya-kommunikasiya sahəsində
MDB məkanında birinci yerə çıxmışdır.
Yəni bu sahə də bizdə demək olar ki, cəmi
beş il bundan əvvəl yaranıb. Ondan əvvəl Azərbaycanda
çox adam bilmirdi ki, informasiya-kommunikasiya texnologiyaları nədir.
Beş il ərzində biz MDB məkanında birinci olduq.
Biz bu işləri ona görə
görmürük ki, haradasa birinci olaq, yaxud da kimsə bizə
yüksək qiymət versin. Halbuki, bu da vacibdir. Biz bu işləri
ona görə görürük ki, ölkəmizin inkişafını
belə görürük. İnkişaf elə
olmalıdır ki, ölkə müasirləşsin,
dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycana
gətirilsin. Bizə lazım olan, bizim şəraitimizə
uyğun olan ən qabaqcıl, ən mütərəqqi
texnologiyalar Azərbaycana gətirilməlidir.
Azərbaycan daha da sürətlə
inkişaf edəcək, müasirləşəcək və
beləliklə, ölkəmizin uzunmüddətli inkişaf
strategiyası təmin olunacaqdır. Bu strategiya elə
qurulmalıdır ki, təbii resurslardan asılılıq
minimum səviyyəyə endirilsin. Biz ölkə
iqtisadiyyatını elə qurmalıyıq və elə
qururuq ki, təkcə bir sahədən asılı olmayaq. Ona
görə şaxələndirmə prosesi, - buna dünyada
diversifikasiya deyirlər, - Azərbaycanda geniş vüsət
alıb. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti kəskin
şəkildə aşağı düşüb, Azərbaycan
iqtisadiyyatı yenə də artır. Sadə Azərbaycan vətəndaşları
o böhranın acı nəticələrini demək olar ki,
hiss etməyib. Çünki inflyasiya sabit olaraq qaldı, biz
qiymətlərin artımına imkan vermədik. Sadəcə
qiymətlər 1,5 faiz artdı, maaşlar, pensiyalar vaxtında
verildi və bu proses bu gün də davam edir. Bu il də
maaşların, pensiyaların artımı nəzərdə
tutulur. Bu da olacaq.
Ölkə demək olar ki,
özünü əsas kənd təsərrüfatı və
ərzaq məhsulları ilə təmin edir. Bu yaxınlarda
sahibkarlarla görüşdə bu barədə ətraflı
danışdıq, təkrar etmək istəmirəm. Şaxələndirmə
Azərbaycanın inkişafı üçün
başlıca şərtdir və artıq demək olar ki, biz
buna nail ola bilmişik. Gələcəkdə
imkanlarımız genişləndikcə, əlbəttə ki,
biz bütün ölkə qarşısında duran vəzifələri
icra edəcəyik.
Mən Şirvan şəhərində
dəfələrlə olmuşam. Hər dəfə burada
olanda yeniliklər görürəm, yeni müəssisələrin,
yeni obyektlərin açılışında iştirak edirəm.
Bu gün təməl daşını qoyacağımız
yeni obyektlərin də gələcəkdə
açılışında iştirak edəcəyəm.
"Cənub" Elektrik Stansiyası, olimpiya kompleksi, - bu da
çox vacibdir, - tikilir.
Keçən dəfə
burada mənə Şirvanda idmanla məşğul olmaq
üçün şərait yaradılması barədə
müraciət etmişdilər və dərhal göstəriş
verildi. Bu gün olimpiya kompleksinin təməl
daşını qoyacağıq. Mən istəyirəm ki,
burada insanlar rahat, yaxşı yaşasınlar. Yaşamaq
üçün bütün şərait - gözəl tibbi
xidmət, yaxşı məktəblər, işləmək
üçün müəssisələr, mədəni həyatın
zənginləşdirilməsi üçün imkanlar olsun. Bu
gün mən bütün bunları burada görürəm. Əminəm
ki, növbəti dəfə buraya gələndə də yenə
yeniliklər görəcəyəm.
Sizi bir daha salamlayıram və
sizə uğurlar, cansağlığı arzulayıram.
* * *
Şəhər sakini, əməkdar
müəllim Sevil XUDİYEVA Şirvanın inkişafına
göstərdiyi diqqət və qayğıya görə
dövlətimizin başçısına təşəkkür
edərək dedi:
- Möhtərəm cənab
Prezident, şəhərimizə xoş gəlmisiniz. Sizi
Şirvan şəhərinin sakinləri adından
salamlayıram. Bu gün biz hamımızın qürur
duyduğumuz, fəxr etdiyimiz ümummilli lider,
xalqımızın şöhrəti, fəxri, vüqarı
Heydər Əliyevin adını daşıyan Mərkəzin
açılışına toplaşmışıq. Bu
gün hər birimiz müstəqil Azərbaycan dövlətinin
vətəndaşı olmağımızla
qürurlanırıq. Məhz buna görə biz ulu öndərimizə,
Heydər Əliyevə ömrümüz boyu borcluyuq.
Bu gün biz xoşbəxt
xalqıq. Bu gün biz ona görə xoşbəxt xalqıq
ki, ulu öndər, ümummilli lider Heydər Əliyev müstəqil
Azərbaycan dövlətini yaratdı və bu müasir
müstəqil dövləti tarixin ən çətin məqamlarında
qoruyub saxlaya bildi. Ulu öndərimiz Azərbaycanı
bütün dünyaya tanıtdırdı.
Bu gün xalqımız
xoşbəxtdir ki, ulu öndərimizin ideyaları məhz
Sizin sayənizdə uğurla həyata keçirilir. Bu gün
xalqımızın xoşbəxtliyi ondadır ki, ulu öndərimizin
qarşıya qoyduğu bütün vəzifələr Sizin
sayənizdə uğurla icra edilir. Ulu öndər Heydər Əliyev
Şirvanın şəhər kimi formalaşmasına da
misilsiz diqqət və qayğı göstərmişdir, bu
gün Siz də bu diqqət və qayğını eynilə
davam etdirirsiniz. Bütün bunlara görə, Şirvan şəhərinin
sakinləri adından Sizə dönə-dönə dərin
təşəkkürümüzü bildiririk.
Möhtərəm
Prezidentimiz, biz bilirik ki, Siz hər bir azərbaycanlının,
hər bir Azərbaycan övladının bütün
qayğılarına diqqətlə yanaşırsınız.
Bütün bu diqqət və qayğıya görə də
Şirvan şəhərinin sakinləri adından Sizə dərin
minnədarlığımızı bildiririk. Sizin hər gəlişiniz
bizim üçün əlamətdardır. Bu gəlişiniz
də onunla əlamətdar olacaq və yadda qalacaqdır ki,
Şirvan üçün çox əhəmiyyətli obyektlərin
açılışında iştirak edəcəksiniz.
Bundan başqa, bu gəlişiniz bir də onunla əlamətdardır
ki, Siz Şirvanın qədim adını şəhər əhalisinin
arzusunu nəzərə alaraq özünə qaytardıqdan
sonra ilk dəfə olaraq bu torpağa qədəm
basırsınız. Bu töhfəyə görə də
bütün şirvanlılar adından Sizə dərin təşəkkürümüzü
bildiririk. Qoy Ulu Tanrı Sizi qorusun.
Biz xalqımızın
sevimlisi, hər birimizin arxamız, dayağımız olan millət
vəkili hörmətli Mehriban xanım Əliyevanı həmişə
Sizin yanınızda, sizinlə çiyin-çiyinə
görürük. Mehriban xanım Əliyevanın xidmətləri
danılmazdır. Xalqımızın həyat səviyyəsi
yüksəldikcə, güzəranı
yaxşılaşdıqca milli mənəvi dəyərlərimizə
də diqqət, qayğı artır. Xalqımızın mənəviyyatının
zənginləşməsində Mehriban xanımın xidmətləri
danılmazdır. Biz Şirvan şəhərinin sakinləri
adından Mehriban xanım Əliyevaya üzümüzü
tutub deyirik: Sağ ol, var ol, həmişə yaşa el
qızı!
Möhtərəm
Prezidentimiz, Sizin bu gəlişiniz Novruzun ilk günlərinə,
təbiətin oyanışı fəslinə təsadüf
edir. Qoy iliniz uğurlu olsun. Qoy xalqımızın və Sizin
çöhrənizdən Novruz əhvali-ruhiyyəsi heç
zaman əskik olmasın. Qoy Sizin və Mehriban xanımın
ömrü daim bulaq kimi çağlasın.
Sizin ailənizə səadət
dolu günlər və möhkəm cansağlığı,
Azərbaycan xalqına isə ruzi-bərəkət, əmin-amanlıq
arzulayırıq. Arzumuz budur ki, tezliklə haqq-ədalət bərpa
edilsin. Azərbaycanın ərazi bütövlüyü bərpa
olunsun. Tanrı Sizi qorusun.
* * *
Şəhər sakinləri
dövlətimizin başçısı ilə xatirə
şəkli çəkdirdilər.
Şəhər ictimaiyyətinin nümayəndələri onların arzu və istəklərini nəzərə alaraq şəhərə Şirvan adının verilməsi ilə bağlı sərəncam imzaladığına görə dövlətimizin başçısına minnətdarlıq etdilər.
Prezident İlham ƏLİYEV: Bu, necə deyərlər, bizim müştərək işimizdir. Çünki şəhərin adının dəyişdirilməsi barədə təşəbbüs əlbəttə ki, məndən gəldi. Hesab etdim ki, ad dəyişməlidir. Amma dedim ki, şəhər ictimaiyyəti bu məsələyə öz münasibətini bildirsin. Siz hansı ada daha çox üstünlük versəniz, o adı da biz qəbul edəcəyik. Verilən məlumata görə, Siz "Şirvan" adını təklif etdiniz. Mən də bunu dəstəklədim və bu, doğrudan da gözəl addır, şəhərə yaraşan addır. Elə etməliyik ki, şəhər gündən-günə daha da gözəlləşsin. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 2
aprel.- S. 1, 2.