Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Araz" zavodunun açılışında iştirak etmişdir

 

 Prezident İlham Əliyev aprelin 1-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin Aqreqat İstehsalat Birliyinin "Araz" zavodunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı zavodun həyətində ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.

Qeyd edək ki, 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə aparılan yenidənqurma və əsaslı təmir işləri, eləcə də quraşdırılan yeni texnoloji avadanlıq hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalı genişləndirilmişdir. 2010-cu ildə də kompleks yenidənqurma tədbirlərinin reallaşdırılması davam etdirilir. 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri 2008-ci illə müqayisədə ümumi məhsul istehsalını 1,5 dəfə artırmışdır. Müdafiə Sənayesi Nazirliyinə tabe olan müəssisələrdə Dövlət İnvestisiya Proqramı çərçivəsində əsaslı vəsait qoyuluşu hesabına 5 obyektin tikintisi və yenidən qurulması başa çatdırılmışdır. Bir sıra istehsal sahələrində isə işlər 2010-cu ildə tamamlanacaqdır.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, zavodla tanış oldu.

Prezident İlham Əliyev zavodun əvvəlki görünüşünü əks etdirən videofilmə və müəssisənin baş planına baxdı.

Sonra dövlətimizin başçısı müəssisədə yaradılan Heydər Əliyev muzeyi ilə tanış oldu. Muzeydə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə tikilən müəssisələrin açılışlarını əks etdirən fotolar yer almışdır. Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işləri əks etdirən fotolar da Heydər Əliyev muzeyində sərgilənmişdir.

Dövlətimizin başçısı müəssisədə istehsal olunan mülki və hərbi təyinatlı məhsullardan ibarət sərgiyə baxdı.

Müəssisə ilə tanışlıq zamanı müdafiə sənayesi naziri Yavər Camalov məlumat verdi ki, 1980-ci ildə fəaliyyətə başlayan zavodda müxtəlif növ rabitə avadanlığı və xalq istehlakı malları istehsalı olmuşdur. 1993-cü ildə zavod "Ulduz" Elm İstehsalat Birliyinin tərkibində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra zavodda əsaslı surətdə yenidənqurma işlərinə başlanılmışdır. Zavodun bütün istehsal sexləri və sahələri, eləcə də inzibati bina əsaslı surətdə yenidən qurulmuş, xüsusi təyinatlı məhsul istehsal etmək üçün 2 sex istifadəyə verilmişdir. Zavodda 2009-cu ildə 2 növ xüsusi təyinatlı yeni məhsul buraxılışına başlanmışdır. Buraxılan məhsullar sınaqdan uğurla çıxmışdır.

Zavodun ərazisində 5 mindən artıq həmişəyaşıl ağac əkilmişdir. Hazırda işçilərin sayı 70 nəfərdir.

Müəssisənin ərazisində xüsusi təyinatlı 7-ci sahənin tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Hazırda 6-cı sahənin tikinti-quraşdırma işləri başlanılmış və 2010-cu ilin sonunadək istifadəyə veriləcəkdir. Həmin istehsal sahələri istifadəyə verildikdən sonra yüzlərlə şəhər sakini daimi işlə təmin ediləcəkdir. Yaxın gələcəkdə istehsal sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  2 aprel.- S.  2.