Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Son illər ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı mühüm tədbirlər görülür, mədəniyyət və incəsənət xadimlərinə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqisinin qorunması ilə bağlı həyata keçirdiyi layihələr də xüsusi önəm kəsb edir. Bu istiqamətdə bölgələrdə də xeyli iş görülür. Milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir.

Dövlətimizin başçısı Mərkəzi Mədəniyyət Evinin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.

Mədəniyyət evində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısından bəhs edən fotolar vardır.

Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evi 1958-ci ildə istifadəyə verilmişdir. Uzun müddət istismar nəticəsində aşınan bina müasir tələblərə cavab vermirdi. Dövlətimizin başçısının Şirvana ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı sərəncama əsasən ayrılmış vəsait hesabına yenidən qurulan Mərkəzi Mədəniyyət Evinin binası müasir standartlar səviyyəsinə çatdırılmışdır.

Mərkəzi Mədəniyyət Evində 247 yerlik tamaşa salonu, səhnə, qrim otağı, dərnəklər üçün 9 otaq və kabinetlər yaradılmış, avadanlıqla təmin olunmuşdur. Mədəniyyət evinin ətrafında da abadlaşdırma işləri görülmüş, yaşıllıq zolaqları salınmışdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  2 aprel.- S.  3.