Prezident İlham Əliyev "Cənub"
Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə
tanış olmuşdur
Azərbaycan Prezidenti
İlham Əliyev aprelin 1-də Şirvan şəhərinə
səfəri çərçivəsində "Cənub"
Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə
tanış olmuşdur.
"Cənub"
Elektrik Stansiyasının təməli 2007-ci il dekabrın 24-də
Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Avropada
ilk açıq tipli energetika qurğusu olan 1050 meqavatlıq
Şirvan İstilik Elektrik Stansiyası isə 1967-ci ildən
tam gücü ilə işləyir və istismar müddətindən
2 dəfə çox fəaliyyət göstərərək
tamamilə köhnəlmişdir. Bu səbəbdən Prezident
İlham Əliyevin 2005-ci il 14 fevral tarixli müvafiq sərəncamına
uyğun olaraq Şirvan şəhərində 780 meqavatlıq
yeni stansiyanın tikintisinə başlanmışdır.
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyanın texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Qeyd olundu ki, stansiyanın faydalı iş əmsalı ən yüksək standartlara cavab verəcəkdir. Bir kilovat-saat elektrik enerjisinin istehsalına cəmi 237 qram şərti yanacaq sərf olunacaqdır. Yeni stansiyanı analoji stansiyalardan fərqləndirən başlıca cəhət burada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinin mümkünlüyüdür. Bu stansiya ildə 780 milyon kubmetr təbii qaza və ya 650 min ton mazuta qənaət etməyə imkan yaradacaqdır. Stansiyada ildə 6 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir. Stansiyanın ərazisi 20 hektardır.
Dövlətimizin başçısına məlumat verildi ki, hazırda inşaat işlərinə 750 nəfər cəlb olunmuşdur. Layihə başa çatdıqdan sonra stansiyada 200 nəfər daimi işlə təmin ediləcəkdir.
Mürəkkəb metal konstruksiyalar, körpülü kranlar, mazut çənləri və digər zəruri avadanlıq isə respublikamızda ilk dəfə olaraq yerli "AZENKO" şirkəti tərəfindən hazırlanmışdır.
Prezident İlham Əliyevə layihənin komponentləri barədə məlumat verilərək bildirildi ki, ən müasir standartlara cavab verəcək bu energetika qurğusunun tikintisinin 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Tikintinin gedişi ilə tanış olan Prezident İlham Əliyev tapşırıqlarını verdi, energetiklərə və inşaatçılara uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2010.- 2
aprel.- S. 3.