Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli üçün
ilk növbədə işğalın nəticələri
aradan qaldırılmalıdır
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, aprelin 1-də nazir Elmar Məmmədyarov Fransa Milli Assambleyasının deputatları Kristan Batay və Rolan Blum ilə görüşmüşdür.
Görüşdə əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və beynəlxalq hüquq normalarını və prinsiplərini kobud şəkildə pozduğunu deyən E.Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulamışdır.
Bunun üçün münaqişənin mərhələli həllinin məqsədəuyğunluğunu vurğulayan nazir E.Məmmədyarov Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasının, bu ərazilərdə normal həyat şəraitinin yaradılmasının, kommunikasiyaların açılmasının, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının və nəhayət, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinin zəruriliyini qeyd etmişdir.
Nazir E.Məmmədyarov yalnız bu nizamlanma şərtləri ilə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü bildirmişdir.
Fransalı deputatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiklərini və bu istiqamətdə beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulamışlar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 2
aprel.- S. 4.