BMT-nin Baş katibinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verilmişdir

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, BMT-nin Baş katibi Pan Gi Mun Orta Asiyaya səfər edərkən Bakıda nazir Elmar Məmmədyarovla görüşmüşdür.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində görülən işlər müzakirə olunmuşdur. Nazir E.Məmmədyarov Baş katibə münaqişənin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti Azərbaycanın tutduğu mövqe barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, münaqişə beynəlxalq hüququn norma prinsipləri yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

BMT-nin Baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiyini bildirmiş, münaqişənin həllinin bütün regiona müsbət təsir edəcəyinə əminliyini diqqətə çatdırmışdır. Nyu-Yorkda Haitidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr edilmiş donorlar konfransının yekunlarına toxunan Pan Gi Mun Azərbaycanın bu məsələdə dəstəyini xüsusi vurğulamışdır.

Görüşdə tərəflər regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  2 aprel.- S.  4.