Azərbaycan Prezidenti
Administrasiyasının nümayəndə heyəti Ankarada
görüşlər keçirmişdir
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə paytaxtında rəsmi səfərdədir.
Aprelin 1-də - səfərin ikinci günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ramiz Mehdiyevin və nümayəndə heyətinin şərəfinə ziyafət təşkil etmişdir. Türkiyə xarici siyasət idarəsinin başçısı Ankaranın xarici siyasət kursundan ətraflı bəhs etmiş, Türkiyənin hər zaman qardaş Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini vurğulamışdır.
Səmimi qəbula görə təşəkkürünü bildirən Ramiz Mehdiyev dünyanın güclü və aparıcı ölkələrindən biri olan qardaş Türkiyənin məruz qaldığı ikili standartlara qarşı mübarizədə Azərbaycanın hər zaman onun yanında olacağını söyləmişdir.
Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti daha sonra Ankaradakı Heydər Əliyev Parkına gəlmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsinin önünə tər çiçəklər qoyulmuşdur. Nümayəndə heyəti parkı gəzmiş, buradakı abadlıq işlərindən məmnun qalmışdır.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmüş, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Türkiyə hökumətinin başçısına çatdırmışdır. Rəcəb Tayyib Ərdoğan da onun səmimi salamlarını Azərbaycan dövlətinin başçısı İlham Əliyevə çatdırmağı xahiş etmişdir.
Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin bu münasibətlərin möhkəmlənməsinə töhfə verdiyi vurğulanmışdır. Tərəflər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Sonra Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin Sədri Məhmət Əli Şahinlə görüşmüşdür.
Məhmət Əli Şahin bildirmişdir ki, qardaş ölkələrimizin parlamentləri arasında təkcə sədrlər səviyyəsində deyil, müxtəlif səviyyələrdə faydalı əməkdaşlıq mövcuddur. Deputatlarımız beynəlxalq konfranslarda və tədbirlərdə ölkələrimizin maraqlarını birgə müdafiə edirlər. Türkiyə parlamentinin sədri Azərbaycanın sürətli inkişafına və beynəlxalq aləmdə getdikcə güclənməsinə diqqət çəkmişdir.
Ramiz Mehdiyev bildirmişdir ki, Türkiyə dünya və bölgə siyasətində mühüm rolu olan böyük dövlətdir. Son illər qardaş dövlətimizin beynəlxalq nüfuzu getdikcə artır. Bu fikirlər Rəcəb Tayyib Ərdoğanla görüşdə də səsləndi. Bizim dövlət və hökumət nümayəndələrimiz daha tez-tez görüşməlidirlər.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ölkəmizin işğal olunmuş torpaqları azad edilməyənə qədər Ermənistanla imzalanmış protokolların ratifikasiya olunmayacağına dair Türkiyənin parlament rəhbərliyinin bəyanatlarından məmnunluğunu ifadə etdi. Bu qəti mövqe üçün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə rəhbərliyinə təşəkkürünü çatdırdı.
Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov iştirak etmişdir.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Ankaradan İstanbula yola düşmüşdür.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2010.- 2
aprel.- S. 4.