Türk-müsəlman əhalisinə
qarşı həyata keçirilən soyqırımları
Erməni ideoloqları iddia edirlər ki, guya dünyanın yaranışı onların adı ilə bağlıdır. Bu iddianın tərəfdarları tarixi həqiqətlərdən daha çox rəvayətlərə üstünlük verirlər. Ermənilərlə bağlı yazılan həqiqətlər isə başqa şey deyir. "Tarixin atası" Herodot: "Fərat çayının yuxarı axarlarındakı ərazilərdə köçəri erməni tayfaları yaşayırdı", tarixçi Tatsit: "Xəzərsahili xalqlar-hunlar, albanlar, kadusilər və başqalarının aralarında erməni adına rast gəlmədim", rus tarixçisi Dyakonov: "Erməni etnosu Qafqazın hüdudlarından kənarda formalaşıb", erməni tarixçisi Pastermasyan: "Ermənilər eramızdan əvvəl VII-VI əsrlərdə Qərbdən Şərqə gəlmişlər" yazmışlar. Ermənilərin qədim tarixi ilə bağlı dəqiq mənbələr mövcud deyil. Məlum olan odur ki, uzun əsrlər boyu ermənilər Roma, İran-Sasani və Bizans imperiyalarının vassallığında olmuşlar. Bir sözlə, erməni tarixçilərinin ermənilərin yaranışı və formalaşması ilə bağlı yazdıqları uydurmalar o qədər çoxdur ki, onların təhlilinə heç bir lüzum görülmür.
Ermənilərin tarixən Cənubi Qafqaz torpaqlarında yaşaması ilə bağlı iddiaların da elmi əsası yoxdur. Fakt və hüquqi sənəd kimi 1805-ci il mayın 14-də Rusiya dövləti ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə nəzər yetirmək kifayətdir. 11 maddədən ibarət olan müqavilənin heç bir bəndində ermənilərlə bağlı bir cümlə belə yazılmayıb. Əgər bu torpaqlar ermənilərə məxsus idisə, ermənilərin himayəçisi olan Rusiya dövləti nə üçün onların adını bir dəfə də olsun bu müqavilədə xatırlamır. Əksinə, müqavilənin birinci bəndində birmənalı olaraq qeyd olunur: "Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xan və bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi knyaz Pavel Sisianov olduqca mərhəmətli böyük imperator Əlahəzrət Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla, Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük Aleksandr Pavloviç və onun yüksək varislərinin əbədi təəbəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq". Müqavilədən göründüyü kimi, bu sənəd Azərbaycanın Qarabağ xanı İbrahimxəlil xanla bağlanmış və müqavilənin bütün maddələrində bu torpaqların Azərbaycana məxsus olması təsdiq olunur.
Çar Rusiyası Kürəkçay müqaviləsinə görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. 1806-cı ilin yayında İran qoşunlarının Şuşaya yaxınlaşdığını eşidən İbrahimxəlil xan bütün ailə üzvləri ilə birlikdə (oğlu Mehdiqulu xandan başqa - A.İ.) Xankəndiyə köçdü. Ermənilər guya xanın İrana qaçmaq istədiyini mayor Lisaneviçə inandıra bildilər. Ermənilərin məlumatına inanan mayor Lisaneviç İbrahimxəlil xan başda olmaqla onun bütün ailə üzvlərini qətlə yetirdi. 1806-cı il sentyabrın 10-da imperator I Aleksandrın fərmanı ilə İbrahimxəlil xanın oğlu Mehdiqulu ağa Qarabağ xanı təyin olundu. Fərmanda deyilirdi: "İbrahimxəlil xana məxsus onun bütün hüquqları Mehdiqulu xana keçir. Bütün əhali ona tabe olmalı, onun göstərişlərini yerinə yetirməli, xanın hakimiyyətini uca tutmalıdır". Fərmanda ermənilərlə bağlı heç bir fikir yoxdur. İmperator I Aleksandrın 10 sentyabr 1806-cı il fərmanı Qarabağın kimə məxsus olmasını sübut etmək üçün çox vacib sənəddir.
II rus-İran müharibəsi 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatdı. İşğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya birləşdirilməsi rəsmiləşdirildi. Martın 21-də Rusiyaya ilhaq edilmiş iki Azərbaycan xanlığı -İrəvan və Naxçıvan xanlıqlarının "erməni vilayəti" adlandırılması haqqında çar fərmanı verildi. Gürcü knyazı, general-mayor Çavçavadze bu vilayətə rəis təyin olundu. Çavçavadzenin qızı Rusiyanın İrandakı səfiri və ermənilərin Cənubi Qafqaza köçürülməsi planının əsas müəlliflərindən biri olan A. Qriboyedovun həyat yoldaşı idi.
Qafqaz Arxeoqrafiya Komissiyasının sənədlərində birmənalı olaraq qeyd olunur ki, Türkmənçay sülh müqaviləsinə qədər Qarabağ xanlığında 12 min ailənin 2,5 min nəfəri erməni, Şamaxı xanlığında 24 min ailənin 1,5 min nəfəri erməni, Şəki xanlığında isə 15 min ailənin üçdə biri erməni idi. Katolikos Nerses Aştaraketsi, polkovnik Lazarev və knyaz Arqutinski ermənilərin Cənubi Qafqaza, o cümlədən İrəvan, Naxçıvan və Qarabağa köçürülməsi üçün dəridən-qabıqdan çıxırdılar. Onu da qeyd etmək lazımdır ki, 1828-ci ildə "erməni vilayəti" adlandırılan bu qurum 1840-cı ildə ləğv olundu və 1849-cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil edildi.
Türkmənçay müqaviləsinin XV maddəsi İranda yaşayan ermənilərin köçürülməsinə həsr olunmuşdu. Düzdür, müqavilədə ermənilərin adı çəkilmir, lakin rus və İran nümayəndə heyəti arasında aparılan danışıqlarda bu məsələ tam razılaşdırılmışdı.
Türkmənçay müqaviləsindən ən çox qazanan ermənilər oldu. Türkmənçay sülhünə qədər vətənsiz olan və müxtəlif ölkələrə səpələnmiş ermənilər bu müqavilədən sonra rus çarizminin köməyi ilə özlərinə "vətən" tapdılar. I Pyotrun 1724-cü il noyabrın 10-da verdiyi fərman ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinin əsasını qoydu, 1828-ci il Türkmənçay müqaviləsi isə bu tarixi faciəni rəsmiləşdirdi.
XVII əsrin sonunda Avropadan dəstək ala bilməyən ermənilər Rusiyaya pənah gətirdilər. 1701-ci ildə İsrael Ori və arximandrit Minas Avropanın dövlət başçılarına təqdim edə bilmədikləri 36 maddəlik proqramı I Pyotra çatdıra bildilər. İsrael Orinin təqdim etdiyi bu xəritədə İrəvan və Zəngəzur torpaqlarının strateji əhəmiyyəti qabarıq şəkildə təsvir edilmişdi. İsrael Ori I Pyotra yazırdı: "20-30 minlik imperator qoşunu tezliklə Şamaxıya çatmasa biz batıb-qırılarıq, türklər İrəvanı tutarlar. İrəvan müsəlman torpaqlarının açarıdır. Məqsədimiz İrəvana sahib olmaqdır. İrəvanı ələ keçirə bilsək, türklər və iranlılar bizə heç nə edə bilməzlər".
1655-ci ildə İrəvana gəlmiş fransız Jan Batist Tavernyenin əsərində qeyd olunur ki, İrəvan şəhər qalasında yalnız müsəlmanlar yaşayırdı. 18 il sonra burada olmuş fransız səyyahı Jan Şardenin oncildliyinin birinci cildində göstərilir ki, İrəvan qalasını kiçik bir şəhər hesab etmək olar. Qalada 800 ev var. Burada yaşayanlar yalnız türklərdir.
Türkmənçay müqaviləsinə qədər erməni ideoloqları I Pyotrun fərmanını əsas götürərək Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq üçün müxtəlif planlar cızırdılar. Bir layihəyə görə, gürcü çarı II İraklinin başçılığı ilə erməni-gürcü dövləti yaradılmalı və Rusiyanın tam himayəsinə verilməli idi. Digər bir layihəyə görə, Azərbaycan torpaqlarında knyaz Potyomkinin başçılığı ilə erməni dövlətinin yaradılması nəzərdə tutulurdu. Rus çariçası II Yekaterina Azərbaycan torpaqları hesabına xristian Alban dövlətinin yaradılmasına böyük önəm verirdi. O, Azərbaycan torpaqlarının işğalını həyata keçirən general Zubova yazırdı: "Muğanı ələ keçir və orada bir qala tikdir. Adını Yekaterinasert (Yekaterinanın ürəyi - A.İ.) qoy. Orada 2 min rus əsgərini məskunlaşdır. Onları geniş torpaq sahəsi, silahla təmin et, erməni və gürcü qızları ilə evləndir". Lakin 1796-cı ildə II Yekaterinanın qəfil ölümü bu planın gerçəkləşməsinə imkan vermədi.
Erməni tarixçisi V.Parsamyan yazır: "Bu bir inkaredilməz faktdır ki, Cənubi Qafqazın Rusiya imperiyasına birləşdirildiyi dövrə kimi ermənilər bu ərazidə cəm halında yaşamamışlar. Rusiyaya birləşəndən sonra Ermənistan adlandırılan ərazidə əhalinin 33,8 faizini ermənilər, 49,7 faizini isə müsəlmanlar (azərbaycanlılar - A.İ.) təşkil edirdi".
Beləliklə, ermənilər köçürüldükləri Şimali Azərbaycan torpaqlarında bir millət kimi formalaşaraq, imkanları və havadarları artdıqca Azərbaycana və Osmanlı dövlətinə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar.
Türkmənçay müqaviləsinədək İrəvan xanlığında 22500 erməni, Naxçıvan xanlığında 2150, Ordubad mahalında isə 1880 nəfər erməni yaşadığı halda, 1916-cı ildə bu ərazidə ermənilərin sayı 669871 nəfərə çatdırıldı. Azərbaycanlıların sayı isə 1897-ci ildə 313176 nəfər, 1916-cı ildə isə 373582 nəfər olmuşdur. Halbuki 1828-ci il məlumatına görə, İrəvan xanlığı ərazisində torpaqların 96,63 faizi azərbaycanlılara, cəmi 3,37 faizi ermənilərə məxsus idi. 1826-1828-ci illər Rusiya-İran müharibəsində təkcə İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlıların 420 kəndi yerlə-yeksan edilmişdir. 1828-1871-ci illər arasında ermənilər azərbaycanlı əhali yaşayan 146 kəndi zəbt edərək özününküləşdirmişlər. Rus tarixçisi Şavrov yazır: "1828-1830-cu illərdə İran ərazisindən 40 min, Osmanlı ərazisindən isə 84 min erməni ailəsini Yelizavetpol (indiki Gəncə şəhəri - A.İ.) və İrəvan quberniyasının ən münbit torpaqlarına köçürtdük". N.Şavrova görə rəsmi köçən əhali ilə yanaşı, 10 minlərlə erməni ailəsi qeyri-rəsmi Yelizavetpol quberniyasının dağlıq hissəsinə və Göyçə gölünün sahillərinə köçürüldü. N.Şavrovun məlumatına görə, XX əsrin əvvəllərində Cənubi Qafqazda 1 milyon 300 min erməni yaşayırdı, onun 1 milyonu bu əraziyə gəlmə idi. Ermənilərin Cənubi Qafqaz ərazisində məskunlaşmasına toxunan erməni tarixçisi B.İşxanyan yazır: "Ermənilər Qafqazın müxtəlif ərazilərində yalnız son əsrlərdə yaşamışlar".
1939-cu ildə fransız dilindən rus dilinə tərcümə olunmuş "XIX əsrin tarixi" əsərində professorlar Laviss və Rambo yazır: "XIX əsrin ortalarında ermənilər Qafqaza gəlmələr hesab olunurdu."
1886-cı ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasında 326 kəndin 149-da azərbaycanlılar, 91 kəndində kürdlər, cəmi 81 kəndində isə ermənilər yaşayırdılar. 1891-ci ildə İrəvan quberniyasında 661,6 min nəfər əhali yaşayırdı. Bu əhalinin 270,4 mini (41%) azərbaycanlı idi. 1893-cü ildə bu ərazidə azərbaycanlı əhalinin sayı 276 min, 1897-ci ildə isə 313 min nəfər idi.
Rus tarixçisi S.Qlinka ermənilərin Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsində Qafqazdakı rus qoşunlarının baş komandanı qraf Paskeviç İrəvanskinin sevimlisi erməni polkovniki Lazarevin xidmətlərini xüsusi qeyd edir. Qlinka yazır: "1827-ci ilin avqustunda Paskeviç qalib ordunun komandanı kimi Təbrizə daxil oldu. Təbriz və onun ətrafındakı əyalətlərdə erməni əhalisinin Rusiya tərəfə cəlb olunmasında polkovnik Lazarevin yaxından köməyini nəzərə alan Paskeviç onu Təbriz şəhərinə komendant təyin etdi. Lazarevin yanına gələn ermənilər ondan xahiş edib bildirirdilər ki, əlahəzrət imperatora çatdırın ki, onun səltənətində yaşamağa və ölməyə şad olardıq. Xoy şəhərindən olan ermənilər daha qabağa gedərək bildirirdilər: "Biz İranın çörəyini yeməkdənsə, Rusiyanın ot-ələfini yeməyə hazırıq".
Polkovnik Lazarev İranda yaşayan erməni əhalisinə müraciətində deyirdi: "Özünüzə seçəcəyiniz yerlərdə -İrəvanda, Naxçıvanda və Qarabağda dövlət hesabına əkilib becəriləcək bol məhsullu torpaq alacaqsınız. Siz hər cür vergilərdən 6 il müddətinə azad olunursunuz. Türkmənçay müqaviləsinə görə, 5 il müddətində İrandakı əmlakınızın satılması üçün burada vəkil qoya bilərsiniz. Orada (Azərbaycan torpaqlarında-A.İ.) xristianlarla məskunlaşmış yeni vətən tapacaqsınız". Ermənilərin köçürülməsinə rəhbərlik edən Lazarev özü də etiraf edir ki, bu torpaqlar çar Rusiyası tərəfindən ermənilərə verilən yeni vətəndir. Polkovnik Lazarev qraf Paskeviçə göndərdiyi hesabatda yazırdı: "1828-ci il fevralın 26-da fəaliyyətə başladığım gündən əlahəzrətdən 14 min manat qızıl pul və 400 min manat gümüş pul almışam. Təkcə Naxçıvan şöbəsinə verdiyim 2 min manatdan çox qızıl pula 8249 xristian ailəsi köçürmüşəm".
İrəvan xanlığı Rusiyaya qatılandan sonra buradan 2137 ailə, Qazaxdan 1817-1831-ci illərdə 2306 ailə, Qubadan 1796-1810-cu illərdə 10334 ailə, Şəmşəddildən 1804-1817-ci illərdə 11478 ailə, Borçalıdan 1804-1807-ci illərdə 15354 ailə, Naxçıvandan 1400 ailə didərgin salınmışdı. 1805-1813-cü illərdə təkcə Qarabağı məcburi tərk etmiş azərbaycanlı ailələrin sayı 4845-dən çox idi.
1878-ci ilin martında erməni patriarxı Nerses Varjapetyan İngiltərənin İstanbuldakı elçisi Loyarda müraciətində deyirdi: "Bir il bundan əvvəl bizim Osmanlı üsuli-idarəsindən heç bir şikayətimiz yox idi. Lakin Rusiyanın bu son zəfərləri vəziyyəti dəyişdirdi. İndi biz də Qərbdə müstəqil bir Ermənistana sahib olmaq istəyirik. Əgər siz yardım etməsəniz, biz bu istəyimizi gerçəkləşdirmək üçün Rusiyaya müraciət etməli olacağıq". Loyardın "Bəs harada, hansı torpaqları ələ keçirib Ermənistan yaradacaqsınız" sualına patriarx Van, Sivas, Diyarbəkir, Kilikiya vilayətlərinin adını çəkdi. İngilis elçisi bu yerlərin heç birində ermənilərin çoxluq təşkil etmədiyini xatırlatsa da, patriarxı fikrindən döndərə bilmədi.
1878-ci ilin aprelində Nerses Varjapetyan İngiltərənin xarici işlər naziri Solisberiyə göndərdiyi məktubunda öz məqsədini daha açıq şəkildə bildirirdi: "Ermənilərin türklərlə bir yerdə yaşaması artıq imkansızdır. Bərabərlik, ədalət, vicdan azadlığı ancaq xristian dövlətlərində bərqərar ola bilər. Burada müsəlman üsuli-idarəsini xristian üsuli-idarəsi əvəz etməlidir. Qərbi Anadolu və Kilikiya xristian dövlətinin ərazisi olmalıdır. Türkiyə erməniləri bunu istəyirlər".
1877-1878-ci illərdə yeni rus-türk müharibəsi başladı. Rusiya tərəfi müharibədən qalib çıxaraq atəşkəs şərtlərinin müzakirəsinə başladı. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilər çar II Aleksandrdan özlərinin Qərbi Ermənistan adlandırdıqları ərazinin Osmanlıdan alıb Rusiyaya birləşdirilməsini xahiş edirdilər. Çox maraqlıdır ki, belə məzmunda olan məktubların əksəriyyəti Rusiya imperiyasının tərkibində olan Tiflisdən, Gəncədən və Bakıdan təşkil edilərək Rusiya hökumətinə göndərilirdi. Osmanlı ərazisindəki ermənilər yazırdılar: "Şərq xristianları olan biz ermənilər Qərb xristianları kimi Rusiyanın köməyi sayəsində müstəqillik əldə etmək istəyirik".
Osmanlı dövlətinin məğlubiyyətindən fürsət kimi istifadə edən ermənilər Osmanlı ərazisində erməni dövlətinin yaradılması ilə bağlı hazırladıqları layihəni gizlincə imperator II Aleksandra, xarici işlər naziri Qorçakova və Osmanlı dövləti ilə danışıqlar aparan qraf İqnatevə çatdırdılar. Təkliflər aşağıdakılardan ibarət idi. 1. "Qərbi Ermənistan" Şərqi Ermənistanla birləşdirilsin, 2.Müstəqil Ermənistan Rusiyanın himayəsində qalsın, 3. "Qərbi Ermənistan" Osmanlı dövlətinin tərkibində qaldığı təqdirdə rus qoşunları islahatlar keçiriləndən sonra buradan getsinlər.
San-Stefanoda sülh danışıqları aparan tərəflər arasında mübahisə doğuran maddələrdən bir neçəsi Osmanlı ərazisində yaşayan ermənilərlə bağlı idi. Müqavilənin 16-cı maddəsinə görə, Osmanlı dövləti ermənilər yaşayan ərazilərdə vaxt itirmədən, dərhal islahatlar keçirməli, ermənilərin təhlükəsizliyini təmin etməli idilər. 25-ci maddəyə görə, rus qoşunlarının 6 ay ərzində Osmanlı ərazisindən çıxmasına qədər erməni vilayətlərində islahatlar başa çatdırılmalı idi. Müqavilənin 27-ci maddəsinə görə, müharibə zamanı ruslara kömək göstərmiş ermənilərin cinayət məsuliyyətinə cəlb olunmayacağına təminat verilirdi. Beləliklə, XIX əsrin ikinci yarısında erməni məsələsi çar Rusiyası ilə Qərb dövlətləri arasında Osmanlı dövlətinə təzyiq göstərmək üçün böyük bir siyasi karta çevrildi. San-Stefano sülhünə görə, Osmanlı imperiyası onun üzərinə qoyulmuş təzminatı ödəyə bilmədiyi üçün təzminat əvəzi kimi Qars, Ərdəhan, Batum, Alaşkerd vadisi və Bəyazid qəzasını Rusiyaya verməyə məcbur oldu. Çar Rusiyası ermənilərə quberniya müstəqilliyi vermək qərarına gəlmişdi. Rusiyanın köməyi ilə Osmanlı ərazisində ermənilərin müstəqil dövlət yaratmaq xülyaları reallaşmaq üzrə idi. Xoşbəxtlikdən Qərb dövlətlərinin San-Stefano müqaviləsinin şərtlərinə siyasi qısqanclığı ermənilərin bu planlarını alt-üst etdi. Əslində, Qərb dövlətləri Osmanlının uğursuzluğu ilə yox, Rusiyanın Balkanlarda qazandığı siyasi nüfuzu ilə barışmaq istəmirdilər. Buna görə də 1878-ci ilin yayında Avstriya-Macarıstan, Almaniya, İngiltərə, Fransa, İtaliya və Osmanlı nümayəndələrinin iştirak etdiyi Berlin konqresi çağırıldı. Uzun müzakirələrdən sonra San-Stefanoda ermənilərlə bağlı qəbul olunmuş 16-cı maddə 61-ci maddə ilə əvəz edildi. 61-ci maddəyə görə, rus ordusu Qərbi Ermənistan adlandırılan Osmanlı ərazisini dərhal tərk etməli idi.
Ümumiyyətlə bu fakta xüsusi diqqət yetirmək lazımdır ki, ermənilərin yaşadıqları ərazidə çoxluq təşkil etməsi heç bir zaman mövcud olmamışdır. Nə Osmanlı, nə İran, nə də Rusiya ərazisində elə bir vilayət olmamışdır ki, ermənilər əhalinin üçdə birindən çox olsunlar. Faktiki olaraq ermənilər yaşayan vilayətlərdə böyük üstünlüyü türklər, kürdlər və başqa etnik qruplar təşkil etmişlər.
Berlin konqresinə qədər erməni nümayəndə heyətinin Avropada döymədiyi qapı qalmadı. Erməni nümayəndə heyəti İtaliya, Fransa, İngiltərədə öz planlarını gerçəkləşdirə bilmədiklərini yəqin edib Almaniyaya pənah gətirdilər. Konqresin sədri Bismarka erməni nümayəndələrinin onunla görüşmək istədyini bildirdi. Bismarkın cavabı çox sərt oldu: "Bütün erməniləri pomeranlı bir əsgərin sümüyünə dəyişmərəm". Ermənilərin alman imperatoru I Vilhelmlə görüşmək arzuları da boşa çıxdı. Avropa ölkələrinə danışıqlara gedən erməni nümayəndə heyətinin başçısına: siz konqres iştirakçıları ilə hansı dildə danışacaqsınız sualına cavabında - hamının çox asan başa düşdüyü bir dildə - ağlayıb, göz yaşı tökəcəyəm demişdi. Ermənilərin Avropa ölkələrində apardığı danışıqlar heç bir nəticə vermədi. Berlin konqresini çağıran Avropa dövlətləri öz maraqlarını təmin edən qərarlar qəbul etməklə kifayətləndilər.
(ardı var)
Anar İsgəndƏrov,
tarix elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 2
aprel.- S. 6.