Doğma yerlərə qayıtmalıyıq

 

Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, bir hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.

 

Heydər ƏLİYEV

 

Aylar, illər keçdikcə torpaq nisgili, yurd-yuva həsrəti bizi daha çox yandırır. Yaralar göynəyir, acı-ağrı ürəkləri sızladır. 17 il bundan əvvəl baharın xoş əyyamında bizim cənnət misallı dağlarımız qara geyindi. Dövrün səriştəsiz rəhbərlərinin nadanlığı üzündən əzəmətli dağlar diyarı Kəlbəcər erməni tapdağına çevrildi.

O vaxtdan çox sular axıb, çox şeylər dəyişib, çox hadisələr baş verib. Dədə-baba yurdundan didərgin düşən nisgilli insanlar 58 rayonun 700-dən çox yaşayış məskəninə səpələniblər. Kəlbəcərsiz kəlbəcərlilər nəsli yetişir. İndi ölkəmizin hər guşəsindən Kəlbəcərin məcburi köçkünlərinin səsi, sorağı gəlir. O qanlı-qadalı günlərdə erməni vəhşiliyini, başda oturanlarımızın başsızlığını xatırladıqca adam sarsılır. Hələ də inana bilmirsən ki, əzəmətli dağlar diyarı Kəlbəcər o dövrün səriştəsiz rəhbərliyinin nadanlığı üzündən erməni tapdağına çevrilib. Xəyanət, laqeydlik olmasaydı, qartallar yuvası Kəlbəcəri əsla əymək olmazdı. AXC-Müsavat cütlüyü, sapı özümüzdən olan baltalar yaman günə qoydu bizi.

Kəlbəcəri itirməklə, əslində, bütövlükdə Azərbaycanın, ilk növbədə Dağlıq Qarabağın sinəsinə sağalmaz yara vuruldu. Coğrafi mövqeyi elədir ki, Kəlbəcər Qarabağın qala qapısı sayılır. Bu dağlıq bölgənin yeganə yolu Ağdərədən keçir. Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın taleyi, bir növ, bu dağlar diyarından asılı idi. Kəlbəcər çox böyük əhəmiyyəti olan strateji məkandır. İki erməni yuvasının arasında yerləşir. Ermənistanla 136, Dağlıq Qarabağla 96 kilometr sərhədi var idi. Deməli, bu yerlərə xüsusi diqqətin verilməsi vacib idi.

Əgər o zaman Kəlbəcər və Laçın rayonları qədərincə müdafiə edilsəydi, Dağlıq Qarabağ problemi öz-özünə həll olunardı. Təəssüf, çox təəssüf ki, başda oturanların başı vəzifə, hakimiyyət davasına qarışmışdı. Hər kəs öz hayında idi. Yurdumuzun qala qapısı sahibsiz qaldı. Bu fürsətdən istifadə edən erməni yaraqlıları 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdabana hücum etdilər. Ölməz Aşıq Şəmşirin müqəddəs vətəni talan edilib yandırıldı. 32 nəfər mülki və hərbi şəxs qətlə yetirildi, yeddi nəfəri diri-diri ocağa atdılar, beş nəfər girov götürüldü, iki nəfər itkin düşdü, on iki nəfərə ağır bədən xəsarəti yetirildi.

Kəlbəcərlilər həyəcan təbili çaldılar ki, yatmış rəhbərlər oyansınlar. Oyanmadılar, əksinə, qeyrətli oğullar cəbhə bölgəsindən uzaqlaşdırıldı. Onların yerinə səriştəsiz, səviyyəsiz adamları gətirdilər. Əhalinin təşəbbüsü ilə yaranmış könüllü batalyonlar ləğv edildi, düşmənin yolu üstündə olan bir sıra sahələr minalardan təmizləndi. Elə bil kimsə qəsdən düşmənə yol açırdı. Nizam-intizam, qayda-qanun pozuldu, sərhəd zastavaları, müdafiə mövqeləri unuduldu, xaosa, dərəbəyliyə meydan açıldı, sözün əsl mənasında, hərc-mərclik başlandı.

Başıpozuqluqdan istifadə edən yaraqlı-yasaqlı ermənilər fevral ayının sonlarında iki istiqamətdə hücuma keçdilər. 1993-cü il mart ayının 27-də Ağdabanı ikinci dəfə oda qaladılar. Dinc əhali min bir zillətə düşdü.

Daha dözmək, tab gətirmək olmurdu. Silah yox, sahib yox, müdafiə edən, yol göstərən yox. Mühasirə halqası günü-gündən daralırdı. Kəlbəcər sözün tam mənasında sahibsiz qalmışdı. Bakı isə susurdu. Respublika hökumətinin köməyindən əli üzülən əhali martın 31-də payi-piyada rayonu tərk etməyə başladı. Aprel ayının 2-də Kəlbəcər rayonu erməni quldurları tərəfindən işğal edildi.

O müdhiş günlərdə yüzlərlə şəhid verildi, 231 nəfər itkin düşdü, 130 yaşayış məntəqəsi, dünya şöhrətli "İstisu" sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti darmadağın edildi, 100 min mal-qara, 500 min qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq talan olundu. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 milyon ABŞ dolları dəyərində maddi ziyan dəydi.

Kəlbəcərin işğalı təkcə bu dağlar diyarına yox, bütövlükdə Azərbaycana böyük fəlakətlər gətirdi. Strateji mövqelər, hərbi üstünlüklər ermənilərin tərəfinə keçdi. Bununla da Ağdamın, Zəngilanın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açıldı. Bu, artıq Qarabağın iflası demək idi.

AXC-Müsavat cütlüyü hakimiyyətinin xalqın taleyinə və sərhədlərimizin müdafiəsinə laqeyd münasibəti respublikamızı çox böyük faciələrlə üz-üzə qoydu. Ermənilər bizə qarşı açıq-aşkar amansız müharibə aparsalar da, Azərbaycanın o dövrkü rəhbərliyi hərbi və siyasi korafəhmlik göstərərək rayonların, sərhədlərin müdafiəsini təşkil etmək əvəzinə daxili çəkişmələrə rəvac verir, vəzifə davası aparır, ayrı-ayrı liderlər özlərinə tabe olan qüvvələrdən hakimiyyətə təzyiq vasitəsi kimi istifadə edirdilər.

Meydanlarda "Vətən", "Xalq", "Azadlıq" deyə-deyə çığır-bağır salan, əslində isə nə yolla olursa-olsun hakimiyyətə can atan yalançı millət fədailəri hara baxırdılar? Görünür, onlar tamam başqa cür düşünürdülər. Vəzifə hərisləri üçün torpaq, vətən anlayışları tamam yad idi. Hətta elə qüvvələr var idi ki, sanki Kəlbəcərin ermənilərin əlinə keçməsində maraqlı idilər. Belə olmasaydı, 1988-ci ildən 1992-ci ilə qədər ağır mühasirə şəraitinə dözərək öz oğul və qızlarının hünəri ilə düşmənə layiqli cavab verən Kəlbəcər son anda tamamilə tərksilah edilərək onun igid əhalisi əliyalın qoyulmazdı. Görün, vəziyyət nə yerə çatmışdı ki, hətta o gərgin günlərdə rəsmi silahlı hissələr də sərhəd zonalarından çıxarılmışdı.

1993-cü ilin fevralından erməni silahlı birləşmələri Ağdərə rayonunun azad edilmiş kəndlərini bir-bir yenidən tutmaqla Kəlbəcərin mühasirə halqasını getdikcə daraldırdı. Vəziyyəti belə görən Müdafiə Nazirliyi martın 15-də rayonumuzun ətrafında aparılan əməliyyatların qarşısını almaq və müdafiəni möhkəmlətmək barədə başdansovdu bir əmr verdi. Ən acınacaqlısı isə budur ki, o zamanki hakimiyyətin bütün qərar və göstərişləri kimi, bu əmr də icrasız qaldı.

Bir sözlə, Kəlbəcər dövrün siyasi cəhətcə korafəhm rəhbərlərinin naşılığı, laqeydliyi üzündən işğal edildi, vəzifə uğrunda siyasi mübarizələrin qurbanı oldu. Bu amansız işğalın əsl məğzini, mahiyyətini və ümumən Azərbaycan məkanında Kəlbəcərin yerini, rolunu ən böyük dəqiqliklə ümummilli lider Heydər Əliyev göstərmişdir. 1996-cı il aprelin 1-də Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə ulu öndər demişdi: "Kəlbəcər öz coğrafi mövqeyinə görə elə bir yerdir ki, oranı işğal etmək sadəcə olaraq mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri Azərbaycana 1988-ci ildən hücum edib, Kəlbəcər isə 1993-cü il mart ayının sonunda işğal olunubdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən bütünlükdə Dağlıq Qarabağ, Kəlbəcərlə qonşu olan Laçın rayonu işğal edilmişdi. Amma Kəlbəcər bir ada kimi qalmışdı. Bir tərəfdən coğrafi mövqeyinə görə, digər tərəfdən isə kəlbəcərlilərin özlərinin qəhrəmanlığına görə. Demək, onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın zəbt olunmuş torpaqlarından, o cümlədən Dağlıq Qarabağdan, Laçından, başqa yerlərdən çıxarmaq üçün, şübhəsiz ki, Kəlbəcəri strateji nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, bir nömrəli vəzifə idi. Ancaq təəssüf ki, o vaxt bunu etməyiblər".

Deməli, gözəlliklər diyarı Kəlbəcər müvəqqəti əldən getdi. Lakin ölkənin hər yerinə səpələnmiş məcburi köçkünlərə qayğı və diqqət göstərilməsi, onlara minimum həyat şəraitinin yaradılması vacib idi. Bu sahədə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə genişmiqyaslı işlər görülməyə başlandı. Məcburi köçkünlər hər sahədə dövlət qayğısı ilə əhatə olundular.

Ümummilli lider Heydər Əliyev tərəfindən qaynaqlanan məcburi köçkünlərə qayğı proqramı neçə ildir ki, onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar çox mühüm işlər görülüb. Bir sıra rayonlarda fin tipli evlərdə, məktəblərdə və digər uyğunlaşdırılmış yerlərdə məskunlaşmış yüzlərlə ailə üçün hər cür şəraiti olan qəsəbələr salınıb. Goranboy rayonundakı EKO məcburi köçkün qəsəbəsindəki dəmir vaqonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün ötən il Veyisli kəndi ərazisində 596 ailəlik yeni qəsəbə tikilmişdir. Həmin qəsəbədə müasir məktəb, mədəniyyət evi, rabitə qovşağı, uşaq bağçası və digər obyektlər tikilmiş, 8 yerdə subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Yeni qəsəbənin küçələri asfaltlaşdırılmış, ətrafda minlərlə həmişəyaşıl ağac əkilmiş, məcburi köçkünlərin evlərinə təbii qaz çəkilmişdir.

Qəbələ rayonunda məskunlaşmış 150 kəlbəcərli ailəsi də yeni mənzillərə köçürülmüşdür. Göygöl rayonu ərazisində yol kənarında, qazma daxmalarda yaşayan 26 məcburi köçkün ailəsi üçün Murovdağ qəsəbəsində yeni daş evlər tikilmişdir.

Kəlbəcərlilər həmişə, hər yerdə dövlətin qayğı və diqqətini görür, bütün hüquqlardan normal qaydada istifadə edir, işləyir, təhsil alır, öz adət-ənənələrini yaşadırlar. Son illər yüzlərlə yeni iş yeri açılıb, bir neçə sosial obyekt işə salınıb, 19 məktəb binası istifadəyə verilib, bir neçə məktəbdə əlavə sinif otaqları tikilib, əsaslı və cari təmir işləri aparılıb. Ən əsası budur ki, yetmiş çarpayılıq xəstəxanamızın binası xarici investorların və "Azəryolservis" ASC-nin köməyi ilə yenidən qurulub. Murovdağ qəsəbəsinə içməli su xətti çəkilib. Digər yerlərdə neçə-neçə artezian quyusu qazılıb.

Büdcə vəsaitinin, Heydər Əliyev Fondunun, "Azəryolservis" Səhmdar Cəmiyyətinin, Dövlətqaçqınkomun köməyi ilə neçə-neçə obyektdə tikinti-təmir işləri aparılıb, yol-riz sahmana salınıb, Gəncə şəhərində məcburi köçkünlərin yaşadıqları yataqxanaların, Göygöl rayonunun Mixaylovka kəndindəki bir neçə pansionatın dam örtükləri, Gəncədəki ali məktəblərin yataqxanalarında, habelə ətrafdakı evlərdə elektrik xətləri əsaslı təmir olunub. Müxtəlif yerlərdə məcburi köçkünlərin su təchizatı ilə bağlı narahatlıqlarının aradan qaldırılması üçün 4 yeni su nasosu işə salınıb, 4 transformator istifadəyə verilib, üç ictimai binanın elektrik sistemi əsaslı təmir edilib. Goranboyda, Mingəçevirdə, Yevlaxda, Göyçayda və başqa yerlərdə yaşayan məcburi köçkünlərin müəyyən qayğıları həll olunub. Tərtərdəki uşaq bağçasının dam örtüyü təzələnib. Gəncədə, Şəkidə, Salyanda, Xırdalanda, Buzovnada və başqa yerlərdə işıq problemi düzəlib. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün sistemli surətdə daha bir sıra işlər görülüb.

Kəlbəcərlilər dövlətin köməyini yüksək qiymətləndirirlər. Onların yalnız bir qayğısı, bir istəyi var - o da yurd həsrətidir. Qarabağın digər bölgələri kimi, Kəlbəcər də işğaldan azad olunsun, məcburi köçkünlər ata-baba yurdlarına qayıtsınlar.

Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin çoxcəhətli fəaliyyətinin də məğzi, məqsədi məhz elə budur. Ölkə başçısı xalqımızın arzu və istəyini, iradəsini ifadə edərək demişdir: "Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərindən köçürülmüşlər. Bir dəfə Azərbaycan, türk torpağında erməni dövləti yaradılıb, burada ikinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan vermərik. Hüquqi cəhətdən haqq-ədalət bizim tərəfimizdədir, çünki Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib və orada göstərilir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın zəbt olunmuş torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Ermənistan buna əməl etmir. Yəni, hüquqi əsaslar tam imkan verir ki, Azərbaycan öz dövlət suverenliyini, ərazi bütövlüyünü bərpa etsin".

Prezident hər vasitə ilə çalışır ki, işğal altında olan torpaqlarımız tezliklə azad edilsin. Əgər düşmən sülhə gəlməsə, hər bir kəlbəcərli döyüşə tam hazırdır və o, Ali Baş Komandanın əmrini gözləyir. Nə yolla olursa-olsun, haqq öz yerini tapmalıdır. Məcburi köçkünlər qəlbən inanırlar ki, yaxın vaxtlarda hökmən doğma ata-baba torpaqlarına qayıdacaqlar.

 

 

Vidadi MƏHƏRRƏMOV,

Kəlbəcər Rayon İcra

Hakimiyyətinin başçısı

 

Azərbaycan.- 2010.- 2  aprel.- S.  7.