Yazıya çevrilən xatirələr
Uzun illər dövlət təhlükəsizlik orqanlarında xidmət etmiş polkovnik-leytenant Bəxtiyar Süleymanlının yenicə çapdan çıxmış kitabı "Əbədiyaşarlar" adlanır. Kitabın redaktorunun yazdığı kimi, yeni nəşrdə müəllifin xatirələri, müxtəlif şəxslərə həsr etdiyi məqalə və oçerkləri toplanıb. Kitabda diqqətçəkən məqamlardan biri də budur ki, müəllifin qəhrəmanları müxtəlif sənət adamları olsalar da, onlar xidmət etdikləri sahələrin çox nüfuzlu və xalq tərəfindən tanınıb-sevilən şəxsiyyətlərindəndir.
Üç bölmədən ibarət olan yeni kitab dövlət, partiya, hərbçi, elm və mədəniyyət xadimlərindən, eləcə də qəlblərdə iz salan xeyirxahlıq və mərdlik mücəssəməsi olan unudulmaz insanlardan bəhs edir.
Müəllif uzun illər dövlət təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışdığı zaman ulu öndər Heydər Əliyevlə yaxın təmasda olub. Ümummilli liderin dövlətə, millətə xidməti ilə bağlı bir sıra hadisələri yaxından izləmək imkanı qazanıb. Müəllif ulu öndərin 1969-82-ci illərdə respublikamızın hərtərəfli inkişafı üçün əldə etdiyi nailiyyətlərin şahidi olub. Bəxtiyar Süleymanlı məhəbbət və yüksək ehtiramla qələmə aldığı "Dövlətçilik memarı və idarəetmə ustadı ulu öndər" adlı məqaləsində Heydər Əliyev kimi böyük bir şəxsiyyətin qeyri-adi idarəetmə məharətindən, müqayisəolunmaz natiqliyindən və digər ali dəyərlərindən söz açır.
Dövlətə sədaqət və əqidə ilə xidmət edən Əbdül Xalıqov, qəhrəmanlıq və cəsurluq nümunəsinə çevrilmiş İsmayıl Sayılov, Zəngilanın ilk generalı sayılan, erməni terrorunun qurbanı Məhəmməd Əsədov, torpaqlarımızın bütövlüyü uğrunda döyüşdə erməni gülləsinə tuş gəlmiş Riyad Əhmədov və başqaları haqqında müəllifin qələmə aldığı xatirələr də maraqla oxunur.
Bəxtiyar Süleymanlı o şəxsiyyətlər haqqında xatirələr qələmə alıb ki, həmin insanlar fəaliyyətləri ilə xalqımıza, millətimizə ürəkdən xidmət edərək qəlblərdə öz abidələrini ucaldıblar. Belə əbədiyaşarlıq qazanmış insanları bir daha oxuculara təqdim etmək bu hörmətin və məhəbbətin nəticəsi kimi oxucu tərəfindən də rəğbətlə qarşılanır. Çoxumuzun müəllimi olmuş Məmməd Xələfov, Qulu Xəlilov, Məmmədxan Rəsulov kimi unudulmazlar haqqında yenidən nəsə oxumaq hər kəsin ürəyincədir. Hər bir müəllifin öz yazı tərzi və təqdimetmə üsulu var. Bəzən də bu yazılarda çox yaxından tanıdığımız insanların bizə məlum olmayan məziyyətlərindən xəbər tuturuq. Bu mənada müəllifin qələmə aldığı xatirələr maraqla oxunur. Kitabda toplanmış xatirələr də dil, üslub cəhətdən səlis və rəvandır. Bu axıcılıq və bitkinlik oxucuya xoş təsir bağışlayır. Müəllifin görkəmli bəstəkar Tofiq Quliyev haqqında qələmə aldığı xatirə də bu mənada diqqət çəkir.
Oxuculara üz tutaraq yazdığı qeydlərdə Bəxtiyar Süleymanlı haqlı olaraq bildirir ki, dövri mətbuatda dərc olunmuş xatirələri seçib bu kitabda toplamağının səbəbi çox sadədir. Çünki qəhrəmanlarının əksəriyyəti daim xatırlanmağa, yad edilməyə və anılmağa layiqdir. Elə bu istəkdən də yazıların bir kitabda nəşr olunması zərurəti yaranıb.
Geniş
oxucu kütləsi üçün nəzərdə
tutulmuş "Əbədiyaşarlar" kitabı həqiqətən
də şərəfli insanların unudulmaz xatirəsinə
işıq tutur. Bu nurun selindəcə biz Azərbaycanın
neçə-neçə tanınmış
övladının işıqlı portretini
görürük.
Azərbaycan.- 2010.- 2
aprel.- S. 7.