Ombudsman parlamentə hesabat verdi
Milli Məclisin iclasında
Aprelin 2-də Milli Məclisin
növbəti iclası keçirildi. Deputatlar əvvəlcə
Kəlbəcərin ermənilər tərəfindən
işğalı zamanı həlak olan
soydaşlarımızın xatirəsini yad etdilər. Spiker
Oqtay Əsədov bildirdi ki, Kəlbəcərin
işğalından sonra BMT-nin Təhlükəsizlik
Şurası Azərbaycan ərazilərinin işğaldan azad
edilməsi ilə bağlı 822 saylı qətnamə qəbul
etmişdir. Amma Ermənistan indiyə qədər bu qətnaməyə
məhəl qoymamışdır. İnanırıq ki,
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin,
Azərbaycanın qüdrətlənməsinin nəticəsi
olaraq Kəlbəcər tezliklə işğaldan azad ediləcəkdir.
Sonra gündəliklə
bağlı çıxışlar oldu. Deputat Zahid Orucun təklifi
Silahlı Qüvvələrə Yardım Fondu ilə
bağlı idi. Onun sözlərinə görə, hazırda
bu fondda toplanmış vəsait Azərbaycanın real
inkişaf göstəricilərini əks etdirmir. Hər bir vətəndaşı
fonda yardım etməyə çağıran Zahid Orucun
fikrincə, 1 milyon insan hər ay 10 manat versə, ayda 10 milyon,
ildə 120 milyon manat vəsait toplanar. Bu isə kifayət qədər
böyük məbləğdir.
Deputatlardan Fazil Mustafa və
Qüdrət Həsənquliyev çıxışlarında
Mərkəzi Seçki Komissiyasının tam şəkildə
formalaşdırılmasını, boş qalan yerlərin
parlamentdə azlıqda olan partiyalara verilməsini təklif
etdilər. 2010-cu ilin seçki ili olduğunu qeyd edən
deputatlar bu məsələyə xüsusi diqqət yetirilməsini
vacib saydılar. Deputat Fazil Mustafa Bakı şəhərində
Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsinə
dövlət səviyyəsində xüsusi diqqət yetirilməsini
vacib hesab etdi.
MSK-nın tam tərkibdə
formalaşdırılması ilə bağlı təklifi
Milli Məclisin Sədri Oqtay Əsədov da dəstəklədi.
Deputat Siyavuş Novruzov isə
müxalifətin mitinq keçirmək istəyinə toxundu.
Müxalifətin təklif etdiyi yerlərdə mitinq
keçirilməsinin mümkün olmadığını deyən
Siyavuş Novruzovun fikrincə, müxalifət ağacəkmə
kampaniyasına qoşulsa, daha yaxşı olar.
Sonra gündəlikdəki məsələlərin
müzakirəsi başladı. İlk olaraq Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) ölkəmizdə insan
hüquqlarının və azadlıqlarının təmin
edilməsi və müdafiəsinə dair 2009-cu il üzrə
illik məruzəsi dinlənildi. Məruzəçi ombudsman
Elmira Süleymanova idi.
Məruzədə qeyd olunur
ki, müvəkkil Bakı şəhərində,
respublikanın müxtəlif şəhər və
rayonlarında, yaşayış məntəqələrində
əhali ilə müntəzəm görüşlər və
qəbullar keçirmiş, öz izahat və məsləhətləri,
məsələlərin həllinə bilavasitə müdaxiləsi
yolu ilə müvafiq dövlət qurumlarını, habelə
yerli icra strukturlarını pozulmuş insan
hüquqlarının bərpası işinə cəlb
etmişdir.
Vətəndaşlar öz
müraciətlərini müvəkkilə müxtəlif vasitələrlə,
o cümlədən poçt və elektron poçtu, aparatda fəaliyyət
göstərən qəbul otağı, müvəkkilin
regional mərkəzləri, işgəncə və
zorakılığa qarşı "Çevik
Araşdırma Qrupu", habelə uşaq
hüquqlarının pozulması ilə bağlı məlumatların
qəbul edilməsi üçün 916 saylı "qaynar xətt"
vasitəsilə çatdırılmışdır. Eyni
zamanda, müvəkkilin və aparatın əməkdaşlarının
cəzaçəkmə müəssisələrinə,
istintaq təcridxanalarına, müvəqqəti saxlanılma
yerlərinə, hərbi hissələrə, uşaq evlərinə,
internatlara, qaçqın və məcburi köçkünlərin
məskunlaşdıqları qəsəbələrə, eləcə
də səhiyyə, əhalinin sosial müdafiəsi obyektlərinə
baxışları zamanı müraciətlər də daxil
olmuşdur.
Müvəkkil Konstitusiya
Qanununa əsasən vətəndaşların
hüquqlarının pozulmasına dair şikayətlərə
baxmış, fərdi və kollektiv şikayətlərin
araşdırılması istiqamətində iş
aparmışdır.
Müvəkkilin fəaliyyəti
dövründə onun ünvanına ümumilikdə 51060, o
cümlədən 2009-cu ildə 8800 müraciət daxil
olmuşdur. Qeyd edilən müraciətlərin 83,7 faizi şikayətlərdən,
16,2 faizi ərizələrdən, 0,1 faizi isə təkliflərdən
ibarət olmuşdur.
Konstitusiya Qanununun tələblərinə
müvafiq olaraq müvəkkil şikayətlərin onun səlahiyyətlərinə
aid olmaması, yəni ərizəçinin
hüquqlarının pozulduğu gündən bir ildən
çox keçməsi, anonim olması, şikayətlə
bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim
edilmiş şikayətdə yeni məlumatlar, faktlar və
sübutlar olmaması səbəbindən 48,9 faizinin
baxılmasından imtina etmişdir. Şikayətlərin 51,1
faizi baxılmaq üçün icraata qəbul edilmiş, bunların
44,7 faizi təmin olunmuşdur ki, bu da təxminən Avropa və
postsovet məkanında mövcud olan göstəricilər səviyyəsindədir.
İl ərzində şikayətlərlə
bağlı istər qəbulda, istərsə də məktub
vasitəsilə müxtəlif vaxtlarda vətəndaşlara
çoxsaylı hüquqi məsləhətlər, habelə
bir çox hallarda insan hüquq və azadlıqlarının
müdafiəsi formaları, üsulları və vasitələri,
o cümlədən mahiyyətinə görə bu və ya
digər məsələlərlə əlaqədar müvafiq
səlahiyyətli orqanlara müraciət edilməsi ilə
bağlı məsləhət və izahatlar verilmişdir.
Məruzəçi
bildirmişdir ki, ötən dövrdə həyata
keçirilmiş fəaliyyət bir daha göstərdi ki,
insan hüquq və azadlıqlarının təmin edilməsi,
vətəndaşların müraciətlərinə təxirə
salınmadan baxılması, şikayətlərin çevik
qaydada araşdırılması məqsədilə dövlət
orqanları, bələdiyyələr, insan
hüquqlarının müdafiəsi sahəsində
ixtisaslaşmış qeyri-hökumət təşkilatları
və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın
inkişaf etdirilməsi zəruridir və faydalı nəticələr
verir.
Müvəkkil istər
ölkəmizdə mövcud olan həlli vacib məsələlərin,
istərsə də illik məruzədə öz əksini
tapmış insan hüquq və azadlıqlarının səmərəli
təmin edilməsinə, habelə əhalinin müvafiq
qruplarının, o cümilədən uşaqların,
qadınların, ahılların, əlillərin,
qaçqın və məcburi köçkünlərin, məhkumların,
hərbi qulluqçuların bir sıra sosial-iqtisadi problemlərinin
həllinə yönəldilmiş təklif və tövsiyələrlə
səlahiyyətli dövlət qurumlarına müraciətlər
etmiş və bunların bir çoxu həllini
tapmışdır.
Müzakirə zamanı
deputat Zahid Oruc bildirdi ki, ombudsmanın hesabatı ilk növbədə,
beynəlxalq təşkilatlara göndərilməlidir. Məruzə
ilə bağlı fikirlərinin ümumən müsbət
olduğunu deyən Zahid Orucun sözlərinə görə,
ombudsman dini sferada islahatların keçirilməsi ilə
bağlı səlahiyyətlərindən istifadə etməlidir.
Deputat Mübariz Qurbanlı
dedi ki, ombudsman Konstitusiya çərçivəsində
üzərinə düşən vəzifələri yerinə
yetirib. Bununla belə Mübariz Qurbanlı məruzədə
yer almış bəzi məsələlərlə
bağlı fikirlərini də açıqladı. Diqqəti
ombudsmana müraciət edən bəzi şəxslərin
adlarının hesabatda çəkilməsinə yönəldən
Mübariz Qurbanlının qənaətincə, hər bir
müraciət edən şəxsə eyni şəkildə
yanaşmaq lazımdır. Bəzi adamların adlarının
xüsusiləşdirilməsi və məruzəyə
salınması məntiqə uyğun deyil. Deputat gələcəkdə
bu kimi halların nəzərə alınmasını təklif
etdi.
Deputat Aydın Mirzəzadə
hesabatın Azərbaycanda insan hüquqları sahəsində
olan vəziyyəti əks etdirdiyini dedi. Hesabatın tərtibatından
razılığını ifadə edən Aydın Mirzəzadə
ümumilikdə məruzəni müsbət dəyərləndirdi.
Deputat Elton Məmmədov da
hesabatın dolğun hazırlandığını, insan
hüquqları sahəsində məlumatların bütün
sahələri əhatə etdiyini dedi.
Yekunda illik məruzə nəzərə
alındı.
Fasilədən sonra Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədr müavini Rövşən Rzayev Ə.M.Hüseynovun Azərbaycan
Respublikası Məhkəmə-Hüquq Şurasının
üzvü təyin edilməsi haqqında qərar layihəsini
müzakirəyə təqdim etdi. Bildirdi ki, "Məhkəmə-Huquq
Şurası haqqında" Azərbaycan Respublikası
Qanununun 6.2.4-cü maddəsinə uyğun olaraq 6 üzvdən
ibarət Məhkəmə-Hüquq Şurasına qanunverici
orqan tərəfindən bir nəfər üzv təyin edilir.
Parlamentin komitə sədri Ə.Hüseynovun növbəti
beş il müddətinə Məhkəmə Hüquq
Şurasına üzv təyin edilməsi təklif edilir.
Deputatlar məsələyə müsbət münasibət
bildirdilər.
Bundan sonra Milli Məclis Sədrinin
müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin
sədri Valeh Ələsgərov "Elektroenergetika
haqqında", "Qaz təchizatı haqqında" və
"Su təchizatı və tullantı suları
haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavələr
edilməsi barədə qanun layihələrini müzakirəyə
təqdim etdi. Komitə sədri bildirdi ki, qanunlara edilən əlavəyə
əsasən yaşayış binaları, o cümlədən
mənzillər elektrik, qaz və su təchizatı sisteminə
tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz
edildikdən sonra yalnız istismara qəbul üçün
Dövlət Qəbul Komissiyasına təqdim edilə bilərlər.
Yaşayış binalarının elektrik, qaz xətlərinə
və su təchizatı sisteminə qoşulma qaydası və
haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Deputatlardan Qüdrət Həsənquliyev,
Fazil Mustafa qanunlara edilən əlavələrin bu sahədə
meydana çıxan problemlərin aradan
qaldırılmasına kömək göstərəcəyini
bildirdilər. Deputatlar qanun layihəsinə səs verib qəbul
etdilər.
"Azərbaycan
Respublikası və Səudiyyə İnkişaf Fondu
arasında Bakı ərazisi üzrə su təchizatı və
kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi
layihəsi üzrə" Kredit Sazişinin təsdiq edilməsi
haqqında sənədi də komitə sədri Valeh Ələsgərov
təqdim etdi. Onun sözlərinə görə, Azərbaycan
Respublikası və Səudiyyə İnkişaf Fondu
arasında imzalanan kredit sazişi çərçivəsində
bu layihənin maliyyələşdirilməsi üçün
25 milyon dollar vəsaitin ayrılması nəzərdə
tutulur. Sazişin şərtlərinə əsasən Bakı
ərazisində su təchizatı sistemlərinin yenidən
qurulmasına xərclənəcək kredit vəsaiti 5 ili
güzəşt dövrü daxil olmaqla 20 il müddətinə
illik 2 faiz dərəcəsi ilə ödəniləcəkdir.
Layihənin ümumi dəyəri təxminən 63 milyon dollar
təşkil edir.
Valeh Ələsgərov
bildirdi ki, ümumilikdə layihə çərçivəsində
Bakı şəhərinin Bibiheybət zonasında yerləşən
"20-ci sahə" adlanan yaşayış massivini də və
ona bitişik ərazilərdəki yaşayış sahələrində
su təchizatı və kanalizasiya xidmətlərinin beynəlxalq
standartlara uyğun şəkildə təmin edilməsi nəzərdə
tutulur. Qanun layihəsi yekdilliklə qəbul edildi.
Azərbaycan
Respublikasının Dəvəçi rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilməsi
haqqında qanun layihəsini deputat Əhəd Abıyev təqdim
etdi. Deputatın sözlərinə görə, Dəvəçi
rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik
edilərək kənd inzibati ərazi dairələrinin
yaradılması nəzərdə tutulub.
Deputat Tahir Süleymanov
bildirdi ki, kənd inzibati ərazi dairələrinin
yaradılması vətəndaşların işini
asanlaşdıracaq və onlar əvvəlki kimi 25-30 kilometr məsafə
qət etməli olmayacaqlar. Deputatlar bu sənədi də qəbul
etdilər.
Milli Məclisin Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə Dəvəçi
rayonunun Şabran rayonu adlandırılması haqqında layihə
barədə məlumat verdi. Komitə sədri bildirdi ki, qanun
layihəsi ölkə başçısının
qanunvericilik təşəbbüsü hüququnda Milli Məclisin
müzakirəsinə təqdim edilib. Layihəyə əsasən
Dəvəçi rayonu Şabran rayonu adlandırılır,
Dəvəçi rayon inzibati ərazi vahidi isə Şabran
rayon inzibati ərazi vahidi hesab edilir.
Deputatlardan Tahir Süleymanov, Yaqub Mahmudov Dəvəçi rayonunun Şabran rayonu adlandırılmasını tarixi keçmişimizə hörmət əlaməti kimi səciyyələndirdilər. Deputat Yaqub Mahmudov 1800 illik tarixi olan Şabran şəhərinin adının özünə qaytarılmasını yüksək qiymətləndirdi və Dəvəçi rayonuna bitişik kəndin - Dəvəçi kəndinin adının saxlanılmasını təklif etdi. Qanun layihəsinə deputatlar səs verib qəbul etdilər.
Sonra
parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa
Quliyev "Qaçqınların və məcburi
köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu
haqqında" Azərbaycan Respublkası Qanununda dəyişiklik
edilməsi barədə, parlamentin Hüquq syasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov "Prokurorluq işçilərinin xidməti vəsiqəsi
haqqında" və "Vəkillər və vəkillik fəaliyyəti
haqqında" qanunlara əlavə və dəyişikliklər
edilməsi barədə qanun layihələrini təqdim etdilər.
Deputatlar qanun layihələrini ayrı-ayrılıqda səsə
qoydular və qəbul etdilər.
Azərbaycan.- 2010.- 3 aprel.- S.
1, 2.