Türk-müsəlman əhalisinə qarşı həyata
keçirilən soyqırımları
Hadisələrin bu şəkildə
cərəyan etməsi ilə barışmaq istəməyən
ermənilər məsələnin həlli yolunu Osmanlı
dövlətinə qarşı qiyam və terrora başlamaqda
görürdülər. Erməni məsələsini
silahlı vasitələrlə həll etməyə
çağıran komitə, təşkilat və cəmiyyətlər
şəbəkəsi Avropanı, Kiçik Asiyanı,
Qafqazı və Rusiyanın iri şəhərlərini
bürüdü. "Hnçaq" və
"Daşnaksütyun" partiyaları terrorçu fəaliyyətə
başladılar. 1878-1884-cü illərdə Zeytunda ermənilər
tərəfindən iki dəfə silahlı qiyama cəhd
göstərildi. 1884-cü ildə Sasunda, 1895-ci ildə
Zeytunda və 1896-cı ildə Vanda Osmanlı dövləti əleyhinə
silahlı qiyamlar təşkil edildi. Osmanlı dövləti Qərb
dövlətlərinin və Rusiyanın təzyiqlərinə
baxmayaraq, çətinliklə də olsa bu qiyamları
yatıra bildi.
Öz arzularını
Anadoluda reallaşdıra bilməyən erməni dəstələri,
Cənubi Qafqazı öz maraq dairələrinə daxil etdilər.
Belə ki, yüz minlərlə erməni Osmanlı ərazisindən
Azərbaycan torpaqlarına köçərək erməni məsələsini
Rusiyanın himayəsi altında daha tez həll etməyə qərar
verdilər.
Daşnakların dənizdən-dənizə
erməni dövləti yaratmaq arzusu I Dünya müharibəsi
ərəfəsində daha geniş miqyas aldı. Birinci
Dünya müharibəsi ərəfəsində Osmanlı
dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər
paşa Ərzurumda erməni liderləri ilə
görüşündə yəqin etdi ki, ermənilər
müharibə başlanacaq təqdirdə Osmanlı dövlətinə
xəyanət edəcəklər. Çünki, çar
Rusiyası gələcəkdə müharibənin nəticəsindən
asılı olaraq Osmanlı ərazisində erməni muxtar
dövlətinin yaradılmasına təminat verməklə,
bu ərazidə yaşayan erməniləri Türkiyəyə
qarşı müharibəyə cəlb edə bilmişdi.
Birinci Dünya müharibəsi ərəfəsində
çar II Nikolayın Qafqaza gəlişi və ermənilərə
osmanlılara qarşı əməkdaşlıq təklif etməsi
məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki
nitqini: "Qoy, rus bayrağı altında üzən gəmilər
Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət
etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə
Osmanlı ərazisində öz müstəqil dövlətini
qura bilsin. Çar hökumətinin himayəsi altında qan
qardaşlarınızla birləşərək, nəhayət,
hürriyyət və ədalət nemətlərinə
qovuşacaqsınız. Ermənilərin sədaqətinə
inanıram, erməni xalqını xoş gələcək
gözləyir. Sizi əmin edirəm, arzunuz yerinə yetiriləcək"
kəlmələri ilə bitirdi. Beləliklə, çar II
Nikolayın bu qərəzli və təhrikedici
çıxışı ermənilərin Rusiya tərəfindən
Türkiyəyə qarşı müharibədə iştirak
etməsini təmin etdi. Türk torpaqlarının
işğalına və əhalisinin məhv edilməsinə
hazırlaşan erməni silahlı birləşmələri
erməni kilsəsindən xeyir-dua aldılar.
Çarın bu bəyanatından
sonra, ermənilərin bir qismi Osmanlı torpaqlarına soxulan
rus ordusuna qoşuldu, bir hissəsi isə mallarını və
mülklərini sataraq könüllü erməni dəstələrinə
yazıldılar. Dinc türk əhalisinə qarşı həyata
keçirilən qırğınlarda fəal iştirak edən
ermənilər bölgəni yaxşı
tanıdıqları üçün həm ruslara bələdçilik
edir, həm də təxribatlar törətməklə məşğul
olurdular.
1914-cü il noyabrın 1-də
rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini
keçdi. Qars, Ərdəhan və Batum uğrunda
döyüşlərdə hər iki tərəf
böyük itki verdi. Lakin Sarıqamış
yaxınlığındakı döyüşdə bir tərəfdən
sərt qış, o biri tərəfdən rus ordusunun daha
güclü hazırlığı türklərdən 90 min əsgər
və zabitin əsir alınması ilə nəticələndi.
Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin
türklərə qarşı kütləvi qırğın
törətməsi üçün şərait yaratdı.
Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə
birləşərək heç bir günahı olmayan yüz
minlərlə dinc əhalini qətlə yetirir və
onları öz dədə-baba yurdlarından didərgin
salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış,
1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə
Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə
Muş rus ordusu və erməni silahlı birləşmələri
tərəfindən işğal edildi. Ermənilər müsəlman
kəndlərini qarət edir, yandırır, əhalini fərqinə
varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla
evlərə, məscidlərə dolduraraq diri-diri
yandırırdılar. Qocaları və uşaqları
torpağa basdırır, hamilə qadınların
qarnını yırtıb körpələri
çıxarıb boğurdular və anaları öz
balalarının ətini yeməyə məcbur edirdilər.
Kazım Qarabəkir paşa ABŞ generalı Harborda göndərdiyi
məktubda yazırdı: "Azad etdiyimiz şəhərdə
dəhşətli bir mənzərə ilə
rastlaşdım. Şəhərdə sağ qalmış
heç kimə rast gəlmədim. Bütün
uşaqların bədənləri süngülərlə dəlik-deşik
edilib. Qocaları və qadınları zirzəmilərə
doldurub diri-diri yandırıblar, gəncləri balta ilə
şaqqalayıb asıblar. Həmvətənlərimin bu faciəsi
insanın qəlbinə dağ çəkir..."
Ermənilərin yerli əhaliyə
qarşı həyata keçirdiyi bu qırğınlar
Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri
görməyə məcbur etdi. Belə ki, 1915-ci ilin mayın
ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi
döyüş meydanından uzaqlaşdırıldı.
Bununla da türklərin rus və ingilislərə
qarşı döyüşlərində ermənilərin
neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı
dövlətinin hərbi rəhbərliyi türklərə və
digər müsəlmanlara ermənilərə qarşı hər
hansı zorakılıq törətməyi qadağan edən
göstəriş verdi. 1919-cu il yanvarın 30-da Londonda
çıxan "Tayms" qəzeti yazırdı:
"Köçürülən erməni əhalisinin gələcəkdə
öz evlərinə qayıtması və əmlakına sahib
durması üçün Osmanlı hökuməti tərəfindən
xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni
əhalisinin siyahıya alınmasından ibarət idi.
Komissiyanın sənədlərində dönə-dönə
qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi
öz evlərinə qaytarılacaqdır".
Antantanın təbliğat
maşını və erməni millətçiləri
sübut etmək istəyirlər ki, Birinci Dünya müharibəsi
illərində Osmanlı ərazisində bir milyondan artıq
erməni öldürülmüşdür. Bunun
üçün fakt kimi müharibəyə qədər Osmanlı
ərazisində ermənilərin 2,5 milyon nəfər
olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin
rəsmi məlumatına görə, müharibəyə qədər
bu ərazidə 1.300 min erməni yaşayırdı. Göstərilən
əhalinin yalnız yarısı döyüş əməliyyatları
gedən ərazidə yaşayırdı. Müharibə
dövründə yarım milyon erməni Türkiyədən
Qafqaza və başqa yerlərə köçmüş,
150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət
etmiş və ehtimal etmək olar ki, ölən əhalinin
sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin
içində təkcə köçürmə nəticəsində
ölənlər yox, aclıqdan, soyuqdan ölənlər və
itkin düşənlər də vardır. "Tayms" qəzeti
yazır: "Bu bir danılmaz həqiqətdir ki, müharibə
illərində osmanlı ərazisində iki milyon
türkün həyatına son qoyulmuşdur".
Erməni ideoloqları
dünyanı inandırmaq istəyirlər ki, guya 1915-ci il
aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni
əhalisinin dövlət səviyyəsində
qırılmasına dair yazılı göstəriş
vermişdir. Bu günə qədər erməni ideoloqları
həmin sənədin əslini fakt kimi heç kimə
göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd
ümumiyyətlə yoxdur.
Erməni təbliğatı
ilə bağlı ingilis jurnalisti Skotland Liddelin söylədiyi
fikirlər necə də yerinə düşür. 1918-1920-ci
illərdə Cənubi Qafqazda baş verən hadisələri
yaxından izləyən jurnalist yazır: "Ermənilər
həmişə özlərinə savaş axtarırlar, təbliğatlarında
bunu sıxışdırmaq kimi qələmə verirlər. Əslində
bu, onların özlərinin qazandıqları cəzadır.
Daşnaklar üçün öldürülmüş erməni
çox qiymətlidir. Bu ölüm hadisəsi təbliğat
üçün çoxlu xeyir gətirə bilər".
Skotland Liddel Nuru paşanın aşağıdakı sözlərini
misal gətirir: "Erməninin nə vaxt və necə
ölməsindən asılı olmayaraq başını məzardan
qaldırır və qışqırır: mən kütləvi
qırğın zamanı öldürülmüşəm".
1920-ci ildə Qərb
dövlətlərinin Osmanlı dövlətini parçalamaq
planı təbliğ olunan dövrdə Aram Andonyanın
"Ermənilərin kütləvi şəkildə
öldürülməsi haqqında rəsmi sənədlər"
adlı saxta əsəri də bir neçə dildə
işıq üzü gördü. Aram Andonyan hamını
inandırmaq istəyirdi ki, ingilis qoşunlarının Aleppoya
hücumu dövründə o, osmanlı çinovniki Naim bəylə
görüşmüş və daxili işlər naziri Tələt
paşanın ermənilərin kütləvi şəkildə
öldürülməsi haqqında şifrəli əmrini
ondan almışdır. İngilis dilində nəşr
olunmuş kitabda 48 "rəsmi osmanlı sənədi"
verilmişdir. Halbuki, fransız nəşrində bu rəsmi sənədlərin
məzmununda, həm də çapında fərq vardır.
Andonyanın "rəsmi sənədləri" içərisində
14 şəkil verilmişdir. Müəllifdən şəkillərin
əsli tələb olunduqda, o bunları itirdiyini
bildirmişdi. Andonyanın sənədlərinin saxta olduğu
heç kimə sirr deyil. Çünki müəllif bu saxta sənədləri
tərtib edərkən müsəlman dövlətləri
üçün məcburi etiket qaydasını belə yaddan
çıxarmış, "allahın adı ilə
başlanan ifadələri" unutmuşdur. İkincisi,
Andonyan saxta sənədlərə tarix qoyarkən müsəlman
təqvimi əvəzinə rum təqvimindən istifadə
etmişdir. Bir sözlə, Andonyanın bu
saxtakarlığı hamıya məlum olsa da, lakin bir
çox dövlətlərin maraqlarına cavab verdiyindən
bu sənədlər bu gün də siyasilərin diqqət mərkəzindədir.
1919-cu il
Amerika tarixçisi Stenford
Corc Şou yazırdı: "Osmanlı ərazisində
müsəlman əhalisinə qarşı ilk
qırğınlar 1915-ci il mayın 14-də Van şəhərində
rus ordusunun iştirakı ilə erməni dəstələri
tərəfindən törədildi. İki gün ərzində
şəhərin müsəlman əhalisi qılıncdan
keçirilərək onlara olmazın işgəncələr
verildi. Osmanlı ərazisində rus ordusunun himayəsi
altında "Erməni Van dövləti" yaradıldı.
Van soyqırımından sonra erməni və rus birləşmələrinin
Bitlis vilayətinə hücumları başladı. Mosula qədər
böyük bir ərazi erməni daşnak qüvvələrinin
işğalı altına düşdü. 1915-ci il iyulun
ortalarına qədər Van ərazisinə 250 min erməni
köçürüldü. Halbuki, bu ərazidə 50 mindən
artıq erməni yaşamamışdı".
1915-ci il iyulun ortalarından
etibarən ermənilərin bu ərazilərdə törətdikləri
cinayətlərin sayı-hesabı yox idi. İyulun
ortalarından sonra Osmanlı ordusunun əks hücumu nəticəsində
geri çəkilən rus-erməni ordusu ilə birlikdə erməni
əhalisi də bu əraziləri tərk etməyə
başladı. 200 minlik erməni əhalisi rus ordusunun
müşayiəti ilə Cənubi Qafqaz istiqamətinə
üz tutdu.
Birinci Dünya müharibəsi
illərində erməni-osmanlı münasibətlərinə
dair həm obyektivlik baxımdan, həm də sənədlərin
əksəriyyəti qeyri-müsəlman müəlliflərinə
məxsus olduğuna görə ABŞ Konqresi kitabxanasında
saxlanılan "Bristolun sənədləri" diqqəti cəlb
edir. Bu külliyyatda qeyd olunur ki, "dəqiq statistik mənbələrdən
məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə
yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon erməninin
ölümü ilə bağlı fikirlər fərziyyədən
başqa bir şey deyildir. Müharibə gedən ərazidə
insanların ölümü və itkin düşməsi adi
bir haldır". Bristolun sənədlərində göstərilir
ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına
son qoyulmuşdur. Türklərin ölümü və
öldürülməsi ermənilərdən daha faciəli
olmuşdur.
Faktlardan belə nəticəyə
gəlmək olar ki, I Dünya müharibəsi illərində
Osmanlı ərazisində soyqırıma məruz qalan ermənilər
yox, türk-müsəlman əhalisi olmuşdur. Osmanlı ərazisində
öz mənfur planlarını reallaşdıra bilməyən
erməni silahlı dəstələri geri çəkilərək
Azərbaycanın cənubunda, qərbində və
şimalında türk-müsəlman əhalisinə
qarşı kütləvi qırğınlara
başladılar.
1918-ci ildə türk-müsəlman
əhalisinə qarşı törədilən cinayətləri
üzə çıxarmaq Azərbaycan Xalq Cümhuriyyətinin
fəaliyyəti dövründə mümkün olmuşdur.
Milli hökumətin ən mühüm qərarlarından biri
daşnak canilərinin törətdikləri cinayətlərin
təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə
Təhqiqat Komissiyasının yaradılması oldu. Gəncədə
hökumətin iclasında xarici işlər naziri M.H.Hacinski
bu məsələ barəsində
çıxışında qeyd etdi ki, dörd aydır erməni
cəlladları dinc müsəlman əhalisinin həyatı və
əmlakı üzərində görünməmiş vəhşiliklər
törədirlər. Bununla yanaşı, zorakılıq
törədənlərin yalan xəbərləri nəticəsində
Avropa ictimaiyyətində tamam əks əhvali-ruhiyyə
yaradılır. Buna görə də belə bir təşkilatın
yaradılmasına böyük ehtiyac vardır. Həmin təşkilat
Fövqəladə Komissiya xarakteri daşımalıdır, həm
də bu komissiyanın topladığı sənədlər
Azərbaycan, rus, ingilis, fransız, alman dillərində nəşr
edilib yayılmalıdır. Vəkil Ələkbərbəy
Xasməmmədov (sonralar Azərbaycan Məhkəmə
Palatasının sədri olmuşdur) Təhqiqat
Komissiyasının sədri, Gəncə dairə məhkəməsinin
üzvləri-İsmayıl bəy Şahmalıyev, Andrey
Novatski, Gəncə dairə məhkəməsi prokurorun
müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə
köçürmə idarəsindən Nikolay Mixaylov, həqiqi
mülki müşavir V.Qubvillo və müəllim Mirzə
Cavad Axundzadə isə üzvləri təyin olundular.
1919-cu il avqustun 27-də
komissiyanın üzvü Ç.Klassovski tərəfindən
tərtib olunmuş arayışda göstərilirdi ki, ermənilərin
türk-müsəlman əhalisinə qarşı törətdiyi
cinayətlərlə bağlı 36 cild və 3500 vərəqdən
ibarət sənədlər toplanmışdır. Bakı
şəhəri və onun yaxın ətrafında müsəlman
əhalisinə qarşı törədilmiş
zorakılıq hadisələrini sübut edən sənədlər
6 cild 740 vərəqdən ibarətdir. Göyçay qəzasının
Kürdəmir və başqa kəndləri üzrə 4 cild
340 vərəq, Şamaxı şəhəri və
Şamaxı qəzası üzrə 7 cild 925 vərəq, Zəngəzur
qəzasının dağıdılmış kəndləri
üzrə 2 cild 80 vərəq, Quba şəhəri və
Quba qəzası üzrə 3 cild 45 vərəq sənəd
toplanmışdır.
1917-ci ilin fevralında
Rusiyada burjua-demokratik inqilabı nəticəsində Romanovlar
sülaləsi devrildi və iri burjuaziya Müvəqqəti
hökumət təşkil etməyə nail oldu. Müvəqqəti
hökumət Rusiya xalqlarına müraciətində elan etdi
ki, Birinci Dünya müharibəsi başa çatandan sonra
xalqların öz müqəddəratını təyin etməsi
məsələsinə baxılacaqdır. Lakin 1917-ci ilin
oktyabrında Rusiyada bolşeviklərin hakimiyyəti zorakı
yolla ələ keçirməsi Rusiya xalqlarının bu
arzularını boşa çıxartdı. Bolşeviklər
fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki
imperiyanı bərpa etməyə başladılar.
1917-ci ilin sonu - 1918-ci ilin əvvəllərində
Bakıda daşnak-bolşevik birləşmələrinin milli
qüvvələrə qarşı açıq mübarizəsi
yetişməkdə idi. 1917-ci ilin dekabrında Rusiya Xalq
Komissarları Sovetinin sədri V. Lenin tərəfindən
Qafqazın fövqəladə komissarı təyin olunmuş
S.Şaumyanın və Korqanovun başçılıq etdiyi
Hərbi İnqilab Komitəsinin Tiflisdən Bakıya gəlişi
buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi.
Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənlərinə
qayıtmaq əvəzinə Bakıda toplaşdı. Bu əsgərlərin
Bakıda saxlanmasında Şaumyan böyük fəallıq
göstərirdi.
Azərbaycanda milli qüvvələrə
başçılıq edən "Müsavat"ın
getdikcə artan nüfuzundan qorxuya düşən bolşevik-daşnak
qüvvələri Bakını inqilabla əksinqilab
arasında mübarizə meydanı elan etmişdilər.
Bolşevik-daşnak qüvvələrinin birləşdiyi
Bakı Sovetinin ixtiyarında qırmızı ordu adı
altında əksəriyyəti ermənilərdən ibarət
olan 20 minlik silahlı qüvvə cəmlənmişdi.
(ardı var)
Anar İsgəndərov,
tarix elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 3
aprel.- S. 3.