Xanimanım Kəlbəcərdə qalıbdı

 

Kəlbəcər işğal edilmiş rayonlar arasında Azərbaycanın ən böyük ərazisi olan yaşayış məntəqəsidir. Kəlbəcərin ərazisində Azərbaycanı kifayət qədər dolandıra biləcək yeraltı, yerüstü sərvətlər yatır. Geoloqların tədqiqatlarına görə, Kəlbəcərdə 77 növ mineral var. Təkcə travertin ehtiyatı 309 milyon kubmetrdir.

Azərbaycanın Gürcüstandan aldığı pemza (süngərdaşı) Kəlbəcərdə kifayət qədərdir. Son illər mərmər və mişar daşlarından da istifadə olunurdu. İsti və soyuq havanı buraxmayan, atom radiasiyasının qarşısını alan obsidian qızdıqda həcmini 18 dəfə artırmaq qabiliyyətinə malikdir. Hörgü işlərində və arakəsmələrdə çox nadir tikinti materialı kimi istifadə edilir. Kəlbəcər Tarix-diyarşünaslıq muzeyinin, şahmat məktəbinin bütün ətraf divarları Kəlbəcərin qiymətli daşları ilə tikilmişdir. Tərtər çayının hövzəsində 412-yə qədər mineral su yataqları mövcuddur. İstisu mineral suyu rayon büdcəsinə ən çox gəlir gətirən təbii sərvətlərdən biri idi. Azərbaycan neftinin çıxarılmasına külli miqdarda vəsait xərclənir. Hətta xarici şirkətlərin köməyindən də istifadə olunur. Təbii müalicə mənbəyi olan İstisuyun illik axımı 600 milyon litrə bərabərdir. Ancaq bu suyun cəmi 10 faizindən istifadə olunurdu. Müalicəvi əhəmiyyətinə görə Çexiyanın Karlovı Varı suyundan üstün olan İstisuya şəfa tapmaq üçün müxtəlif ölkələrdən turistlər gəlirdi. Tərtərin hövzəsində İstisu ilə birlikdə Turşsu, Qotursu yataqları var idi.

Kəlbəcər həm də filiz ehtiyatları ilə zəngindir. Zod aşırımı və Söyüdlü yaylağı, Keytidağda qızıl, Göydərədə xromit, Ağyataq, Qaraqaya, Şorbulaqda civə (kinovar), Bağırsaq (yuxarı) dərəsində uran yataqları perspektivli əlvan metallurgiya xammallarıdır.

Meşələrdə palıd, fıstıq, vələs, ağcaqayın, göyrüş, qozqara, söyüd, yemişan, hündür yerlərdə isə tozağacı bitirdi. Subalp çəmənlikləri biçənək, alp çəmənlikləri isə yay otlaqları üçün istifadə olunurdu. Meşələrdə insanların sağlamlığının keşiyində duran çoxlu çır meyvə ağacları (alma, armud, əzgil, yemişan), giləmeyvə (qarağat, zirinc, böyürtkən, moruq, həmərsin) bitirdi. Bu bitkilər müharibənin ağır illərində insanların qış azuqəsi idi. Meşələrdə olan cır meyvələrdən dərman və mürəbbə hazırlanmasında istifadə olunurdu. Qiymətli, sərtqabıqlı meyvələr olan qoz və fındıqdan ərzaq məhsulları hazırlanırdı. Eyni zamanda, bu ağacların oduncağı gözəl mebel xammalı idi. Tut ağacından isə musiqi aləti - saz hazırlanmasında istifadə olunurdu. Kəlbəcər rayonunun tarix-diyarşünaslıq muzeyində qurudulmuş 4000-ə qədər herbarinin 200-ə qədəri dərman bitkisi idi.

Çaylarda şirin su balıqları olan qızıl balıqlar üstünlük təşkil edirdi. Əvvəlki dövrlərdə Kəlbəcər rayonu ərazisində iribuynuzlu maral yaşasa da, nəsli kəsilmişdi.

1983-cü ildə Tərtərin sağ sahilində tapılan maral buynuzları burada maralların yaşamasından xəbər verirdi. Nadir hallarda ən yırtıcı heyvan olan pələngə və qonur ayıya rast gəlinirdi. Canavar, tülkü, dovşan, dələ kimi xəzdərili heyvanlar çox idi. Quşlardan "Qırmızı kitab"a düşmüş turac, qırqovul, kəkliyə, heyvanlardan isə dağkeçisinə, əliyə rast gəlinirdi.

Bu gün Kəlbəcərin ermənilərin əlində olması haqqa, ədalətə sığan hal deyil. Təəssüf ki, bu cah-cəlallı məkanımızın düşmən əlində tar-mar olmasına dünya birliyi hələ də soyuqqanlıqla tamaşa edir.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.-  3 aprel.- S.  4.