Yaradıcılıq - psixoloji
fenomen, dövrün real çağırışı,
müasir Azərbaycanın inkişafının fundamental
resursudur
Tarixdə yaradıcılığın yalnız seçilmişlərə məxsus olan sakral, mistik fenomen kimi başa düşüldüyü dönəmlər olub. Yaradıcılığın sehri və müəmması yalnız ayrı-ayrı mütəfəkkirlərin maraq dünyasına hakim olub, onun sirrini açmaq dahilərin həyatının mənasına çevrilib. Geniş ictimaiyyəti, insanları bu o qədər də düşündürməyib.
Bu gün tamamilə başqa zamandır. Bugünkü sivilizasiya - innovasiyalı, insan - kreativ şəxsiyyət, cəmiyyət isə kreativ cəmiyyət kimi səciyyələndirilir. Daha dəqiq deyilsə, inkişaf etmək, yüksəlişi təmin etmək istəyən hər bir dövlət dövrün məhz bu çağırışlarına uyğunlaşmalıdır ki, daim irəliyə getsin. Yaradıcılıq yalnız seçilmişlərin deyil, günümüzdə hər kəsin qarşısında imperativ kimi duran ən fundamental inkişaf faktoruna çevrilmişdir. Çünki yaradıcılıq missiyası yaradılanların ən şərəflisi sayılan, dünya içində yeni dünya yarada bilən insana məxsusdur. Zamanın simvoluna çevrilmiş yaradıcılıq və yaradıcı insan probleminin tədqiqinə, onun mahiyyəti və əhəmiyyətinin dərk edilməsinə bu gün elmi ehtiyac və sosial sifariş mövcuddur.
Psixologiya elmləri doktoru, professor Səməd Seyidovun yeni işıq üzü görmüş "Yaradıcılığın fenomenologiyası (tarix, paradokslar, şəxsiyyətlər)" adlı kitabının aktuallığı və əhəmiyyəti bu sadalananlarla bitmir. Çünki bu gün yaradıcılığı - həyat və inkişafın daim qaynayan çeşməsi, müqəddəs "emalatxanası" qismində təcəssüm edən bu insani və bəşəri keyfiyyəti şübhə altına alan daha bir mübahisəli məqam, biz deyərdik ki, "postmodernizm kabusu" mövcuddur. Postmodern tezisə görə bu gün tamamilə başqa bir zamandır, hazırda bəşəriyyət sitatlar, frazalar, epizodlar dövründə yaşayır. Yeni heç nə yoxdur və mümkün də deyil. Çünki hər şey artıq çoxdan deyilmişdir. Deyilən və yazılanlar isə artıq çoxdan mövcud olan fikirlərin istinadıdır, təkrarıdır. Ən təəccüblüsü odur ki, postmodern "Müəllifin ölümü!" şüarını irəli sürüb. Bu isə yaradıcı kimi insanın öldüyünə işarədir. Bu düşüncələrimiz ilə ona görə bölüşürük ki, hal-hazırda yaradıcılıq və ona baxışlar müstəvisində paradoksal, ziddiyyətli mövqelərin, yanaşmaların olduğu bir məqamda müəllif bu mövzunu tədqiqat predmeti seçib. Ona görə vurğulayırıq ki, Səməd Seyidovun bu günümüzdə mübahisəli olan bir mövzuya diqqəti yönəltdiyini, yaradıcılıq fenomenini və yaradıcı insanı məhz layiq olduğu missiya baxımından araşdırmağa cəsarət etdiyini oxucu təsəvvürünə gətirsin.
Yaradıcılığın aspektləri son dərəcə çoxçalarlıdır: adi şüur onu bir cür qavrayır, bədii fikirdə bu, bir fitri ədəbi istedad, fəlsəfədə ideyalar aləminin sakral məkanına qovuşmaq və yeni ideyanın doğulması, ilahiyyatda vəhy və ilham kimi dəyərləndirilir. Müasir innovasiyalı cəmiyyət isə onu inkişafın ən zəruri və real, hərəkətverici qüvvəsi hesab edir. Bütün bu müxtəliflikləri birləşdirən bir ümumi cəhət də mövcuddur: yəni, gördüyümüz kimi, yaradıcılıq əvəzsiz sərvət və dəyər, insanın İlahi və dünyəvi təyinatından doğan bir hadisə kimi səciyyələndirilir.
Səməd Seyidovun əsərində yaradıcılıq fenomeninin bu vaxta qədər geniş işıqlandırılmayan məqamları diqqətə çəkilmişdir. Burada bu gün hər bir insanı, eyni zamanda, cəmiyyəti düşündürən suallara cavablar axtarılır: yaradıcılıq müasir innovasiyalı və kreativ cəmiyyət üçün fundamental amil, inkişafın resursu qismində necə çıxış edir? Yaxud yaradıcılığın resursları özü nədir? Onun evristik dəyəri bu baxımdan özünü nədə göstərir? Yaradıcılıq barədə əsrlər boyu müxtəlif elmlər tərəfindən deyilənləri sintez etmək, "elmlərin bu yöndə inteqrasiyasını təmin etmək mümkündürmü?" - aspektində diqqətə çəkilmişdir.
Psixologiyanı elmi maraq obyekti, alim fəaliyyəti kimi seçən S.Seyidov artıq neçə illərdir ki, Azərbaycanda bu mühüm elm sahəsinin həm də ən müasir istiqamətlərinin ilk tədqiqatçısı və tanınmış nümayəndələrindən biridir. Peşəkarlıq və yaradıcılığın vəhdəti müəllifin yeni kitabı üçün müəyyən etdiyi mövzuların seçimində, strukturunun məntiqi ardıcıllığında ilk baxışdan özünü göstərir.
Əsərinə giriş əvəzinə "Psixologiyanın lənəti" adlı müqəddimə ilə başlayan müəllif bizi yaradıcılıq dəryasının sirlərinə həm ciddi, həm də sonsuz maraq oyadaraq dəvət edir. Bu hissə ilə tanışlıqdan məlum olur ki, nə qədər qəribə olsa da, bir tərəfdən yaradıcılıq tarix boyu müqəddəs və mütərəqqi mahiyyətinə görə təqdir edilibsə də, digər tərəfdən onu gerçəkləşdirən yaradıcı insan o qədər lənət və məhrumiyyətlərlə üz-üzə qalıb. Buna baxmayaraq, əhatəsində olan həyatın ənənəvi axarına yeni istiqamət verən, dünyada fərqli - təzə bir dünya kəşf edən insan və ona xas olan yaradıcılıq təşnəsi "nə tonqal, nə də edam" qorxusu qarşısında ruhdan düşməmiş, tükənməmiş, heç bir məhrumiyyətdən çəkinməmişdir. Çünki yaradıcılıq insan həyatının mənasıdır, missiyasıdır.
Bununla belə, nə qədər cəhd edilsə də, insanla birgə yaranan əbədi problemlərdən biri olan yaradıcılıq fenomeni, onun mahiyyəti və mənası barədə məsələlər bu günə kimi qaranlıq qalır. Üstəlik, yaradıcılıq anlayışının məna tutumunu ifadə etməyə çalışan onlarla terminlərin, elm sahələrinin mövcudluğu bu reallığı daha da mürəkkəbləşdirir. Müəllif belə bir fikri xüsusilə vurğulayır ki, insan varlığı, onun psixikası, yaradıcılıq sirləri nə qədər mürəkkəb və ziddiyyətlidirsə, psixologiyanın da bir elm kimi tarixi və spesifikası o qədər çoxçalarlıdır.
Buna görə də bu elm sahəsini seçənlər istər yaradıcılığın, istərsə də digər problemlərin tədqiqinə yanaşmada ifrat qütblərdə durmaqdan - nəyisə mütləqləşdirməkdən, yaxud da həddən ziyadə nisbiləşdirməkdən çəkinməlidirlər. Xüsusilə də, psixologiya insan və cəmiyyətin sosial-siyasi prosesləri ilə də sıx bağlılıq nümayiş etdirdiyi üçün bu məsələ son dərəcə həssaslıq tələb edir. Burada "mütləq həqiqətdən" çıxış edənlər deyil, yalnız insan psixikasının bütün zənginliyi və rəngarəngliyində görənlər, müxtəlif baxışların sintezinə istinad edənlər hər hansı uğur qazana bilərlər. Müəllif insan varlığının ən böyük dəyəri və meyarı olmaqla yanaşı, həm də müəmmalarla dolu olan yaradıcılığı dərk etmək üçün bu cür mövqenin ən məqbul və real yanaşma olduğuna inandırmaq, psixologiyaya dair çoxəsrlik tədqiqatlara nəzər salmaq üçün geniş tarixi ekskurs təqdim edir.
S.Seyidov yaradıcılığın psixologiyası mövzusunun araşdırılması zamanı elmdə istənilən problemin təhlilində olduğu kimi, tarixilik metoduna riayət edilməsinin nə qədər vacib olduğunu geniş oxucu auditoriyası üçün anlaşıqlı olan dildə izah edir. Tarixilik metodunun tədqiqatçıya verdiyi imkanların başqa heç bir yanaşmanın əvəz edə bilmədiyinə əminlik hissini yaradır. Müəllifə görə hər bir problemin ilkin qoyuluşu və təkamülünü, müxtəlif mərhələlərdə yaranan təlimlərin onun həllini necə gördüyünü, başqa sözlə deyilsə, mövzuya dair keçmişdə və indi nə deyilibsə, onların müqayisəli və bütöv mənzərəsini göz önündə canlandırmaq və s. - bunlar tarixi yanaşmanın bizə verdiyi üstünlüklərin hələ hamısı deyil. Tarixilik metodu mövcud olan bütün baxış və nəzəriyyələrin müəllifləri ilə əsrlərin üzərindən "dialoq məkanını yaratmaq", deyilənləri təkrar etməmək, yalnız yeni və fərqli fikir söyləməklə onu daha da zənginləşdirmək üçün əvəzsiz vasitədir. Müəllifin uğurlu müqayisəsinə görə, tarixilik həqiqi alim və tədqiqatçı qarşısında "təkrara tabu" (qadağa) şərtini irəli sürür. Bir məqamı qeyd etmək maraqlıdır ki, müəllif bilərəkdən və ya peşəkar psixoloq kimi, xüsusi vurğulamadan sətirlər arası belə bir fikri aşılayır: problemin tarixinə bələd olmadan yaratmaq, yaradıcı alim olmaq qeyri-mümkündür.
"Yaradıcılığın psixologiyasının tarixi təhlilinin əsaslandırılması" adlanan bölmə bu baxımdan S.Seyidovun kitabında çox gərəkli bölmələrdən biri kimi diqqətimizi cəlb etdi. Çünki bəzən elmə gələn insanlar təhlil etdiyi problem, ona yanaşma metodu, üsul və vasitələri barədə əksər hallarda geniş biliklərə malik olmurlar. "Tarixilik və məntiqilik" sözlərinin izahı tələb olunanda bu barədə təsəvvürlərin çox zəif olduğu məlum olur. Bu baxımdan S.Seyidovun qeyd olunan məsələdən son dərəcə sadə və anlaşıqlı şəkildə bəhs etməsi təqdirəlayiq hadisədir. Müəllifin qənaətinə görə problemin tarixi ilə ünsiyyət - mümkünsüz olana əbəs səylər göstərmək, mütləq həqiqəti kəşf etmək iddiası naminə hədər yerə vaxt sərf etməmək kimi müdrikliyi dərk etməyin ilkin şərtlərindəndir. Bu ünsiyyət dünya duyumunun zənginləşməsinə, axtarışların uğurla nəticələnməsinə, tədqiq edilən sahənin dərin mütəxəssisi olmağa imkan yaradır. "Yaradıcılığın tarixi - tarixin yaradıcılığı" adlı bölmədə, tarixin müəyyən mənada "yaradıcılıq tarixi" kimi təsəvvür edilməsinin mümkünlüyünə, tarixin "yaradıcı potensiala" malik olmasına, bu səbəbdən də tarixə dərindən bələd olmaqla onun yaradıcı potensialından bəhrələnməyin zəruriliyinə dair müəllif qənaətləri, "tədqiqatçı, elm və metodologiya" aspektində çox maraqlıdır.
Ənənəvi olaraq yaradıcılıq humanitar elmlərin - fəlsəfə və psixologiyanın təhlil predmetini təşkil etmişdir. Psixoloji anlayışlar sisteminin ilk dəfə Aristotelin (e.ə. IV əsr) "Ruh haqqında" adlı məşhur traktatında şərh olunduğunu yada salsaq, fəlsəfi kreatologiyanı bu baxımdan yaradıcılığı elmi şəkildə öyrənən ilk təlimlərdən hesab etmək olar. Müəllifin "Psixologiyada yaradıcılığın tədqiqi tarixindən" adlanan birinci fəsildə problemin təhlilinə qədim hind, Çin və antik yunan fəlsəfəsindən başlaması bu baxımdan təbiidir. Bəhs edilən dövrün yalnız fəlsəfi düşüncənin yarandığı tarix kimi deyil, həm də ümumiyyətlə, bəşəri təfəkkürün inkişafında keyfiyyətcə tamamilə yeni bir mərhələ kimi səciyyələndirilməsi müəllifin özünəməxsus mövqeyini ifadə edir.
Qədim hind, Çin və yunan fəlsəfəsində yaradıcılıq probleminin qoyuluşu və həlli ilə oxucunu tanış edən müəllif fəlsəfi dühaların bu mövzuya münasibətdə ümumi və fərqli mövqelərini, tarixi xidmətlərini göz önünə gətirir. Ümumiyyətlə, istər bu fəsildə, istərsə də digər bölmələrdə müəllifin müqayisəli təhlil tərzini seçməsi kitabı fərqləndirən gərəkli məqamlardan sayılmalıdır. Bu, birincisi, bəhs edilən nəzəriyyə və təlimlərin günümüzlə səsləşən müddəalarına diqqəti cəlb etmək; ikincisi isə onların ilk baxışda çətin sezilən, bir-birindən fərqli olan cəhətlərini çox yığcam şəkildə yaddaşa həkk etmək baxımından önəmlidir.
Qədim dövr fəlsəfəsində yaradıcılıq probleminin təhlilini yekunlaşdıran müəllif yazır: "Hind, Çin və antik dövr fəlsəfəsində yaradıcı fəallığa dair əsər, nəzəriyyə və ideyalarla tanışlıqdan sonra biz bu gün nəinki aktuallığını itirən, əksinə, yaradıcılıq fenomeninin məhz bu gün adekvat dərk etməyə və öyrənməyə kömək edən bir çox dəyərli qanunauyğunluqları aşkar etdik. Hind fəlsəfəsində yaradıcılıq "öz-özünü" yaratma kimi təsəvvür edilmişdir. Konfutsi təlimində yaradıcılıq tədricən "bütün Kainatı keyfiyyətcə dəyişən" amil kimi izah olunur. Yaradıcılığın sosial aspekti özünü qabarıq göstərir. Qədim yunan fəlsəfəsinə gəldikdə isə burada tarixdə ilk dəfə yaradıcılığın müstəqil fenomen kimi öyrənildiyi məlum olur. Onun psixoloji proses kimi elmi təhlilinin cilalanması müşahidə olunur. Bu istiqamətlərin hər biri insan yaradıcılığının real və ayrılmaz komponentlərini müəyyən etmiş, yaradıcılığın - özünü təkmilləşdirmə olmadan, müəyyən sosial mühit olmadan, nəhayət, bu fenomenin psixoloji qanunauyğunluqlarına bələd olmadan qeyri-mümkünlüyü müddəalarını irəli sürmüşdür" (Səh. 45-46).
Orta əsrlərin ərəb dilli fəlsəfəsində yaradıcılıq probleminə həsr olunan fəsil təbii ki, daha çox diqqətimizi cəlb edir. Çünki söhbət Şərq islam bölgəsi və Azərbaycan fəlsəfi fikrinin tarixində zirvə təşkil edən, "qızıl dövr" kimi adlandırılan mərhələdən gedir. Maraqlıdır ki, orta əsrlərdə yaradıcılığı əhatə edən bu fəslin adı, mövzu seçimi elə ilk baxışdan problemə münasibət barədə sualları demək olar ki, artıq lakonik şəkildə cavablandırır: "Şəxsiyyətin yaradıcı fəallığı orta əsrlərin ərəbdilli fəlsəfəsinin əsas atributlarından biri kimi". Müəllif qeyd edir ki, bəşər idrakında mövcud olan zəngin mənəvi-mədəni irsi özündə ehtiva edən ərəb dilli fəlsəfə yaradıcılığa dair özünə qədər mövcud olan heç bir təlim və nəzəriyyələrdə rast gəlinməyən yeni, orijinal fəlsəfi konsepsiyaları təqdim etmişdir.
Şərq peripatetizminin, eləcə də islam fəlsəfəsində mistisizmin ən dərin cərəyanlarından olan sufizmin nümayəndələrinin yaradıcılıq fenomeninə dair təsəvvürlər məkanını nə qədər genişləndirməsindən bəhs edən müəllifin orta əsrlər ərəbdilli fəlsəfəsinin müxtəlif istiqamətləri və təlimləri ilə yaxından tanış olması aydın nəzərə çarpır. O qeyd edir ki, Əbu Əli İbn Sina öz əsərləri ilə psixofizioloji funksiyalar, emosiyaların psixologiyası sahəsində ilk təcrübələrin müəllifi kimi, psixologiyanın bir çox sahələrinin banisi olmuş, buraya tamamilə yeni biliklər, novator yanaşma gətirmişdir. Yaradıcı, "fəal əqllərə" dair təlimi ilə İbn Sina həqiqət və insanın ona dair təsəvvürlərinin tamamilə fərqli bir şey olduğunu, yalnız gerçək yaradıcılıq prosesində həqiqətin dərk edildiyini göstərmişdir. Bu cərəyanın digər təmsilçisi olan İbn Rüşd də, müəllifə görə "yaradıcılığı həqiqət axtarışı" kimi səciyyələndirmişdir və görkəmli Azərbaycan filosofu Bəhmənyarın baxışları da bu mövqelərlə həmahəng səsləşir. (səh. 50)
Sufizmin yaradıcılıq təliminə həsr olunan bölmə kitabın ən maraqlı səhifələrindəndir desək, yanılmarıq. Belə ki, "başqa heç bir fəlsəfi cərəyanda yaradıcılığın psixologiyası, onun proses və nəticələri sufizmin fəlsəfəsində olduğu kimi diqqət mərkəzində olmamışdır. Bu həmin fəlsəfi təlimin mahiyyətindən -insanın ilahi xislətə və buna görə də fundamental ilahi xüsusiyyəti olan yaratmaq qabiliyyətinə malik olmasına dair irəli sürülən prinsiplə şərtlənmişdir" (səh.51).
S.Seyidovun sufizmin və hind fəlsəfəsinin yaradıcılığa dair nəzəri təlimlərinin müqayisəli təhlilinə yer ayırması olduqca maraqlıdır. Çünki bəzən bu iki fəlsəfi məktəblərin mahiyyət fərqləri barədə biliklərin səthiliyi məlum olur. Onların arasında fərq olmadığı, eyniyyət təşkil etdiyi qeyd olunur. Səbəb odur ki, son dərəcə kövrək olan bu fərqlərin sezilməsi həqiqətən də, alim fəhmini, tədqiqatçı həssaslığını, istedadı tələb edir. Müəllifin ümumiyyətlə, kitabda təhlili həm də komparativist-müqayisəli metod üzərində qurması onun özünəməxsus dəst-xəttinin olduğunu göstərir, necə deyərlər, mətnin yaradıcı şəkildə mənimsənilməsində oxucuya yardımçı olur. O qeyd edir ki, sufizmin kamil insan konsepsiyasında insanın öz əzəli mahiyyətini kəşf etməsi, özünü yaratması və İlahiyə qovuşması bütün başqa cərəyanlardan fərqlənir. Son dərəcə dərin psixoloji təmrinlərlə, təcrübə ilə, mistik olduğu qədər də öz üzərində ardıcıl çətin və praktiki fəaliyyətlə möhkəmləndirilən fəal kamilləşmə prosesi, nəhayət, Yaradana qovuşmaq və yeni, kamil insanı yaratmaq - sufizmdə insanın bütün səyləri buna yönəldilmişdir. Hind fəlsəfəsindən fərqli olaraq sufizmin təlimində insanın yaradıcılığı, yalnız "Mütləqdə əriməklə" bitmir; o, Yaradana qovuşaraq özünü Yaradanla birlikdə hiss edir, yenidən yaranır. Nə qədim dövrdə, nə də orta əsrlərdə buna bənzər fikir olmamışdır".
Müasir psixologiyada mövcud olan yeni istiqamətlərin, yeni yanaşmaların inkişafı üçün sufizmin necə böyük potensiala malik olması, xüsusən də, ön yeni Qərb psixologiya məktəblərinin, praktiki mistisizmin bu tükənməz xəzinəsinə dönə-dönə müraciət etməsi müəllif tərəfindən xüsusilə vurğulanır. Bu baxımdan kitabın Qərb psixologiyasında yaradıcılığa həsr olunan növbəti bölməsinə "Sufizm və psixoanaliz" mövzusunun araşdırılması ilə başlanılması bunun məntiqi davamı kimi başa düşülür. Müəllif qeyd edir ki, orta əsrlərin sufizmindən, XIX əsrin sonu - XX əsrin əvvəllərində yaranan psixoanalizə birbaşa keçid alması təsadüfi deyildir. Bu onun sufizmin bir sıra fundamental müddəaları ilə psixoanaliz arasında oxşarlığı aşkar etməsi şərtlənmişdir. S.Seyidova görə sufizmin insanın ilahi keyfiyyətlərindən ən vacibinin məhəbbət olmasına dair prinsipi sonradan bütün Qərb psixologiya elminin və psixoloqlarının diqqətini ən çox cəlb edən məsələlərdən biri olmuşdur. Bu prinsipin bəzən çox uğurla, bəzən hətta günümüzədək mənası tam dərk edilmədən müxtəlif təlimlərin yaradılmasında tətbiq edilməsinə cəhd göstərilmişdir. Qərb psixoanaliz cərəyanının banisi Ziqmund Freyd və onun davamçılarının təlimlərində də belə olmuşdur.
Qərb elmində insanın yaradıcı fəallığına dair psixoloji ideyaların axtarılması və bu yöndə Şərq fəlsəfəsinə ardıcıl müraciət edilməsi bir ənənə şəklini almışdır. Sufizmdə istənilən problemə birtərəfli deyil, bütövlükdə yanaşılması, həm dini, həm dünyəvi, həm mistik, həm də real və praktiki vəhdətdə götürülməsi onun orijinal olmaqla yanaşı, ən doğru mövqelərdə durduğunu sübut etmişdir. Bu münasibət orta əsrlər Azərbaycan poeziyası və fəlsəfəsi, Xaqani, Nizami, Füzuli və başqaları üçün səciyyəvi olmuşdur. Buna görə də psixoanaliz cərəyanının təmsilçiləri dönə-dönə sufizm fəlsəfəsini diqqətlə öyrənməyə cəhd etmiş, intellekt və psixologiya, hissi və məntiqi, maddi və mənəvi, duyğu və dərrakə arasındakı kövrək tellərin əlaqəsini anlamağa çalışmışlar. Müəllifin fikrinə görə, "psixoloji enerji və mistisizm arasındakı bağlılığın dərk edilməsi ən çox Z.Freydin davamçısı Karl Yunqa nəsib olmuşdur. K.Yunq psixoanalizinə xas olan mistisizm, mahiyyətinə görə sufizmin, xüsusilə də, onun Azərbaycan məktəbi üçün səciyyəvi olan ideyalarının "avropalaşdırılması" yönündə ilk cəhdlərdən biridir" (səh.59).
Qərb psixologiyasının görkəmli nümayəndələrindən - K.Yunqun "analitik psixologiya", A.Adlerin "individual psixologiya", A.Maslounun "humanistik psixologiya", geştalt və digər təlimlərdə yaradıcılığın psixoloji əsaslarını təhlil edən S.Seyidov bu problemin tarixində məhz Şərqdə və Qərbdə yaranan konsepsiyaların bir-birinə təsiri aspektini önə çəkmişdir.
Rusiya və sovet dövrünün psixologiya tarixində yaradıcılığın tədqiqinə həsr edilən bölmələrdə XX əsr Azərbaycan tarixinin yetmiş illik zaman kəsiyinə təsadüf edən maraqlı təlim və nəzəriyyələrlə tanış oluruq. Müəllif qeyd edir ki, sovetlərin tarixə çevrildiyi hazırkı dördə sovet respublikalarında ictimai-humanitar elmin nə qədər ideoloji-siyasi diktə altında olduğu daha aşkar görünür. Qərb psixoanaliz cərəyanının, freydizmin məzmununun marksizmin prinsiplərinə uyğunlaşdırılaraq şərh edilməsi, bunun mümkün olmadığı halda, bütün konsepsiyaların "ziyanlı, irticaçı" bəyan edilməsi ənənəyə çevrilmişdi. Azərbaycan da bu sırada istisna olmamış, millilik, türkçülük və islami dəyərləri xatırladan nə varsa yasaq edilmişdi. "Paradoksal olsa da faktdır: Nizaminin əsərləri yeni ideoloji çalarlarla izah edilərək oxucuya təqdim edildiyi halda, mütəfəkkir şairin dahi əsərlərinin müqəddəm şərti olan sufizm fəlsəfəsi qadağan edilmişdi". (səh.85)
"Azərbaycanda yaradıcılığın psixologiyasının inkişaf mərhələləri" adlanan bölmə təqdim olunur. Bu mövzu yalnız kitabda deyil, həm də elmimizdə də problem aspektində ilk dəfə araşdırıldığı üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan suverenlik əldə etdikdən sonra ictimai və humanitar elmlər sahəsində tədqiqatlar da müstəqil milli məkanda ideoloji-siyasi yasaqlardan azad inkişaf etmək imkanına sahib oldu. S.Seyidov yaradıcılıq probleminin təhlilinə Azərbaycan baxışını, onun fərqli cəhətlərini təqdim etməklə bu sahənin ilk peşəkar alimlərindən biri kimi üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Zəngin Şərq fəlsəfi irsi kimi təməllər üzərində duran Azərbaycanda bu mövzuya yanaşmada orijinal fəlsəfi və psixoloji baxışlar formalaşdığını vurğulayan müəllif, yaradıcılıq probleminin qoyuluşu və həllini xronoloji ardıcıllıqla Azərbaycanda altı mərhələ üzrə qruplaşdırır. Hər bir dövr və onun təmsilçilərinin xidmətlərindən bəhs edir. Azərbaycanda yaradıcılığın eksperimental psixologiyasının banisi olan Fuad İbrahimbəyovun repressiya illərinə təsadüf edən alim həyatının şərəfli, həm də məşəqqətli məqamlarına işıq salır.
Müstəqillik dövrünü əhatə edən sonuncu, 6-cı mərhələnin xüsusiyyətlərini, həmçinin nümayəndələrini müəllif belə ifadə edir: "90-cı illərdən Azərbaycanda yaradıcılığın psixologiyasının inkişafında yeni mərhələ başlayır. Bu mərhələni iki əsas cəhət səciyyələndirir. Birincisi, qaynaqlara müraciət və zəngin fəlsəfi irsin yenidən azad təhlil edilməsi; ikincisi, müasir dünya psixologiyasının bütün təcrübəsindən daha çox bəhrələnmək; Bu dövrdə ideologiyadan azad olan yeni psixoloqlar nəsli yetişir. "Yaradıcılığa qeyri-yaradıcı yanaşmaq olmaz", - bu dövrün əsas devizi kimi çıxış edir".(səh.90) Təbii ki, S.Seyidöv bu dövrün görkəmli təmsilçiləri sırasında təvazökar insan kimi öz adını qeyd etməsə də, yeni mərhələnin layiqli nümayəndələrindəndir.
XXI əsrdə Azərbaycan vətəndaşının, gənc nəslin yaradıcı potensialının aşkara çıxarılması və gerçəkləşdirilməsi, bu məqsədin inkişafın yeni mərhələsində, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin prioritetlərinə çevrilməsi, bu yöndə yaradıcılığın psixologiyası elmi və onun təmsilçilərinin gördüyü konkret işlər barədə bəhs edən "Yeni paradiqma axtarışları" adlanan bölmə olduqca aktual məsələləri əhatə edir. Müəllif qeyd edir ki, yaradıcılıq azadlığının müstəqil ölkədə sözün əsil mənasında, reallığa çevrilməsi təbii olaraq şəxsiyyətin yaradıcılığının psixologiyasına obyektiv ictimai və elmi maraq oyatdı. 90-cı illərdə bununla bağlı olaraq müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları yaradılmışdı. Bir çoxları təşəbbüs olaraq qalsa da, gənc alimlər tərəfindən təsis olunan "İstedad" assosiasiyası fəaliyyəti ilə yadda qalmışdır. Onun ilk rəhbərinin repressiyaya məruz qalmış görkəmli alim F.İbrahimbəyovun qızı Rəna İbrahimbəyovanın olması da simvolik mənaya malik idi. S.Seyidovun da daxil olduğu bu assosiasiya qısa müddət ərzində respublikada istedadlı uşaq və gənclərin aşkara çıxarılması üçün zəruri olan elmi-metodiki əsasları müəyyən etmiş, bu sahədə ABŞ və Avropanın ən yeni təcrübəsinin tətbiqi üçün yeni tədris metodikalarının hazırlanmasını təşkil etmişdir. Ölkə başçısının bu məsələyə həssaslıq və qayğı ilə yanaşması, 2006-2010-cu illərdə xüsusi qabiliyyətli uşaqların və gənclərin yaradıcı potensialının inkişaf etdirilməsinə, 2007-2015-ci illərdə gənclərin xaricdə təhsil almasına dair dövlət proqramlarının qəbul edilməsində, Təhsil Nazirliyi tərəfindən bu yöndə xüsusi layihələrin həyata keçirilməsində öz bariz təcəssümünü tapmışdır. Bu bölməni yekunlaşdıraraq müəllif qeyd edir ki, Azərbaycanda yaradıcılığın nəzəri və praktiki təhlilinə dair tədqiqatların hələ ilkin mərhələsinin başlandığını vurğulayaraq, bu sahədə orijinal milli məktəb və təlimlərin yaranma ərəfəsində olduğuna əminliyini bildirir. Birinci fəslin sonunda fəlsəfi-psixoloji fikir tarixində yaradıcılığa dair mövcud olan təlimlər, istiqamətlər və konsepsiyalar, onların əsas prinsiplərini əks etdirən sxem verilmişdir ki, bu da oxucuda bəhs olunan sahə haqqında olduqca dolğun, yığcam və əyani təsəvvürlərin formalaşması baxımından çox uğurlu alınmışdır.
Kitabın ikinci fəsli "Şəxsiyyətin fenomenologiyası" adlanır. Burada qoyulan məsələlər məzmununa, mahiyyətinə və tarixi təzahürlərinə görə o qədər maraqlı və əhatəlidir ki, onları izah və şərh etmək qeyri-mümkündür. "İnsana dair biliklər sistemində psixologiya nə qədər mürəkkəb və ziddiyyətli sahədirsə, yaradıcılıq problemi də psixologiyada o qədər ziddiyyətli hesab olunur. Alimlər onun fərqli cəhəti olan paradoksallıqdan, yəni, formal məntiqlə izah edilməsi mümkün olmayan mahiyyətindən həmişə ehtiyat etmişlər. Yaradıcılığın paradoksal fonu ilə heç kim xüsusi olaraq məşğul olmamışdır". (səh.115-116) Müəllif bu çətin məsələnin təhlilinə cəhd edir, bəzi əsas hesab olunan paradoksların mahiyyəti ilə oxucunu tanış edir. Yaradıcılıq üçün evristik dəyəri ilk dəfə fəlsəfi düşüncədə qiymətləndirilən, onun sütunlarından hesab olunan sofizmlər və paradokslar sonralar dəqiq elmlərin, riyaziyyatda çoxluqlar nəzəriyyəsinin və s. yaranmasında həlledici rol oynamışdır.
S.Seyidov oxucunu psixoloji paradokslar aləminə cəlbedici səyahətə dəvət edir. Yaradıcılıq, təfəkkür və məntiq arasındakı sərhədlərin həssas və kövrək olduğunu məhz paradoksların timsalında izah edir. Yaradıcılıq fenomenin mürəkkəb olduğu üçün hər hansı formal məntiq çərçivəsində tədqiq olunmasının qeyri-məqbul olduğunu bildirir. Kitabda: məntiq, əxlaq, kəmiyyət, arzu, axtarış, model, təhtəlşüurun daralması, determinantlar, yaradıcı şəxsiyyət və s. kimi on paradoks qruplaşdırılaraq təqdim edilmişdir. Müəllifin başlıca qənaətlərindən biri də budur ki, yaradıcılıq prosesində istər-istəməz bir "möcüzə faktoru" çıxış edir, heç kimin gözləmədiyi halda, yeninin yaranması baş verir. Digər mühüm cəhət odur ki, yaradıcı insan və mühitin, ənənə və innovasiyaların bir-biri ilə tarix boyu mürəkkəb münasibətləri formalaşmışdır. Müasir dövrdə bu münasibətlərin əvvəlcədən dərk edilərək qurulması mühüm məsələdir.
Şəxsiyyətin fenomenologiyasını araşdıran müəllif insan varlığını səciyyələndirən azadlıq və yaradıcılıq, hiss və iradə, fəaliyyət və struktur elementlərinin özünəməxsus əlaqələrini, qarşılıqlı asılılığını, çoxçalarlı münasibətlərini izah edir. Şəxsiyyət və cəmiyyət, şəxsiyyət və mədəniyyət sistemlərinin spesifik təzahürlərini diqqətə çəkir. "Mədəniyyətin psixologiyası" bölməsi şəxsiyyətin tipologiyası aspektində orijinal şərhini tapmışdır.
Şəxsiyyət nəzəriyyələri və tipologiyası, şəxsiyyətin psixoloji tipləri, struktur tipologiya və L.Qumilyovun passionarlıq nəzəriyyəsi, demokratik cəmiyyətdə yaradıcı insan və s. araşdırılır, mövzuların adından göründüyü kimi, tədqiq olunan sahənin ən yeni nəzəri təlimləri baxımından şərh edilir. Təfəkkürün psixologiyası, kəşflər fəlsəfəsi kimi problemlərin dərkinə əhəmiyyətli kömək edir. Əksər bölmələr müəllifin təqdim etdiyi sadə və anlaşıqlı, əyani sxem və diaqramlarla müşayiət olunur.
Yeni, üstəlik də, yaradıcılıq fenomeni kimi sirlərlə dolu bir problem haqqında yazılan kitab barədə danışmaq nə qədər xoş olsa da, asan da deyil. Kitabın orijinaldan oxunması tamamilə başqa bir təəssürat yaradır. Biz kitabla tanışlıqdan duyduğumuz bu məmnunluq və təəssürat hissini hər bir oxucuya arzu edirik.
Psixologiya elmləri doktoru, professor Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası (tarix, paradokslar, şəxsiyyətlər)" adlı monoqrafiyası problemin təhlil tərzi, metodu və onun təqdim edilməsi baxımından bir çox novator xüsusiyyətlərə malikdir. Bunlardan ən vacibi - problemə elmlərarası kontekstdə, yaradıcılığı tədqiq edən fənlərin inteqrasiyası baxımından yanaşılmasıdır. Bu gün yaradıcılığı tədqiq edən elmlər, nəzəriyyə və konsepsiyalar o qədər çoxalmışdır ki, artıq daha uğurlu nəticələr əldə etmək üçün onların inteqrasiyası və sintezinə ehtiyac yaranmışdır.
Yaradıcılığı ən müxtəlif elm sahələrinin öyrənməsi də çox şeydən xəbər verir. Adətən, ənənəvi olaraq yaradıcılıq ictimai humanitar elmlər tərəfindən araşdırılmışdır. XX əsrdən etibarən ictimai elmlərlə yanaşı, kibernetika və süni intellekt kimi elmlər də yaradıcılığı tədqiqat predmetinə çevirir. Bu gün yüz il əvvəl təsəvvürə belə gəlməyən kompüter yaradıcılığı kimi qeyri-standart sahələr də formalaşmaqdadır. Neyrokompyutinqin digərlərindən fərqi odur ki, beyində gedən proseslərin riyazi modelləşdirilməsinə səy göstərilərək yaradıcılıq prosesini artıq yalnız nəzəri deyil, həm də praktiki müstəvidə öyrənilməsinə iddia edilir.
Bir məsələdə yəqin ki, oxucular mənimlə yekdil olarlar: yaradıcılıq fenomenini öyrənən bütün sahələr və bütün tədqiqatçılar, həqiqətən də, onun mürəkkəb təməl və qaynaqlarını anlamağa cəhd edirlərsə, ilk növbədə, mütləq insan psixikasına müraciət etməli, yaradıcılığın bu əsrarəngiz təməlinin qanunauyğunluqlarına bələd olmalıdırlar.
Əsərin yaradıcılığın fenomenologiyası adlandırılması da daha çox müəllifin problemə elmlərarası yanaşmasından irəli gəlir. Belə ki, geniş fəlsəfi mənada yaradıçılıq universal fenomen kimi təsvir olunursa, daha konkret mənada yaradıcılıq insana xas olan bu potensialın ardıcıl, fenomenoloji gerçəkləşməsi, özünü reallaşdırması prosesidir. Yaradılışı dərk edərək, yaradıcı olmaq iddiasıdır.
Hər bir insan, vətəndaş yaradıcı ola bilərmi, daha doğrusu, hər kəsi yaradıcı adlandırmaq olarmı? Biz kimə yaradıcı deyə bilərik? İnsanı ətrafına və həyatına yaradıcı şəkildə yanaşmaq, düşünmək qabiliyyətini öyrətmək, inkişaf etdirmək olarmı? Bu suallar bu gün Azərbaycan vətəndaşını, ziyalısını çox düşündürür.
Yaradıcılıqdan danışanda ilk olaraq gözümüz önünə suveren Azərbaycanın yaradıcısı, memarı ümummilli lider Heydər Əliyev gəlir. Qüdrətli Azərbaycanın qurulması kimi möhtəşəm vəzifənin gerçəkləşməsi işində hər şeydən əvvəl vətəndaşın malik olduğu yaradıcı potensialın səfərbər edilməsinə, insanların intellektual imkanlarına xüsusi dəyər verməsi Heydər Əliyev siyasətinin ana xəttini təşkil etmişdir. Son dərəcə simvolik və səciyyəvi haldır ki, "yaradıcılıq" sözünün kökü olan "creator" qədim Romada ümumişlək söz: "creator urbis" - "dövlətin (şəhər dövlətin) yaradıcısı" mənasını verir və "lider, ata" sözləri ilə eyni mənada işlənirdi.
Ümummilli liderin siyasətini davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycanda milli dövlətçilik maraqlarına yönlü peşəkar, yaradıcı intellektual nəslin, insan kapitalının formalaşmasını prioritet məsələ kimi irəli sürmüşdür. XXI əsrin çağırışlarına cavab verməyə hazır olan azərbaycanlının formalaşmasını təxirəsalınmaz vəzifə kimi qarşıya qoymuşdur. Son illərdə dövlət başçısının qəbul etdiyi bütün qərarlar bu və ya başqa şəkildə Azərbaycanın insan kapitalının aşkarlanması və möhkəmləndirilməsi ilə bilavasitə bağlıdır (kitabın "Yeni paradiqma axtarışları" adlanan bölməsində bu məsələlərə xüsusi yer verilmişdir.)
Bütün bunlar milli ziyalı elitadan dövlətimizin gələcəyə hesablanmış yeni tarixi layihəsinin reallaşması üçün səy və töhfəsini göstərməyi zəruri edir. Çünki yeni intellektual nəslin formalaşmasının subyekti də, obyekti də yeniliyə köklənmiş, dünyaya açıq, yaradıcılıq ruhunu daşıyan Azərbaycan ziyalısıdır, vətəndaşıdır, gəncidir. Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası" adlı kitabı Azərbaycanda intellektual, kreativ cəmiyyət quruculuğuna müəllifin töhfəsi kimi qiymətləndirilə bilər.
Elm tarixində mürəkkəb sayılan bir mövzunu həm sadə, həm elmi dildə vermək demək olar ki, qeyri-mümkün məsələdir. Bununla belə, mətnin son dərəcə sadə, anlaşıqlı dildə təqdim edilməsi kitabın böyük uğurudur. S.Seyidov buna nail ola bilmişdir. Bu da yəqin ki, peşəkar psixoloq olmaq kimi üstünlükdən irəli gəlir.
Yaradıcılığın kitabda qeyd olunduğu kimi, ən sadə ifadəsi yeninin - ideya, fikir və ya əsər olsun - yaranması deməkdir. Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası" adlı kitabı ictimai elmimizdə, psixoloji kreatologiya sahəsində ilk əsər, problemə elmlərarası yanaşma baxımından ilk cəhdlərdən biri kimi yaradıcılığın yeni nümunəsidir. Sonda iki diləyimizi bildirmək istərdik. Bu vacib mövzu ilə Azərbaycan oxucusunun tanış olması zərurətini nəzərə alaraq kitabın tərcümə edilməsini arzu edərdik. Bir də Azərbaycan oxucusunu yaradıcılığa dair yeni əsərlərlə sevindirmək üçün müəllifə yaradıcılıq uğurları arzulayırıq.
Rəbiyyət ASLANOVA,
Milli Məclisin İnsan
hüquqları
komitəsinin sədri, fəlsəfə
elmləri
doktoru, professor,
Bakı Dövlət Universitetinin
Fəlsəfə
tarixi və mədəniyyətşünaslıq
kafedrasının müdiri
Azərbaycan.- 2010.- 3
aprel.- S. 5, 7.