Uzaq sahillərdə təntənə
Azərbaycan musiqiçilərinin, sənətçilərinin istedadı sayəsində okeanın o tayında - adalar kralı Kubada möhtəşəm bir təntənənin şahidi olduq. Azərbaycan mədəniyyəti bu uzaq ölkənin sənətsevərləri tərəfindən böyük məhəbbətlə qarşılandı və qiymətləndirildi. Biz kubalılardan köhnə dostlar kimi ayrıldıq. Sanki uzun illər idi bir-birimizi tanıyırdıq. Kubalılar coşqunluqla bizim rəqqaslarımıza qoşulur, mahnılarımızı ifa edir, məhəbbətlə "Azərbaycan" deyir, bayrağımızı hörmətlə sinələrinə sıxır, əziz yadigar kimi özlərilə aparırdlar.
Kubadan sonra növbəti ünvan Meksika Birləşmiş Ştatları oldu. Şimali Amerikanın cənub-qərb hissəsində yerləşən bu qeyri-adi yaşıl libaslı ölkə Birləşmiş Ştatlarla, Beliz və Karib dənizi, Meksika körfəzi, Sakit və Atlantik okeanları ilə əhatə olunub. Meksika Birləşmiş Ştatları 31 ştat və federal dairədən ibarət federasiyadır. Paytaxtı Mexiko şəhəri dünyanın ən sıx əhalisi olan şəhərlərdən biridir. Meksika ərazisinə görə Amerikanın 5-ci, dünyanın 14-cü ölkəsidir, 110 milyon əhalisi var. Paytaxt Mexikonun əhalisi isə 30 milyondan yuxarıdır.
Piramidalar ölkəsi
Piramida adı çəkiləndə ilkin yada Misir ehramları düşür. Halbuki Meksikada da hələ çox qədim zamanlardan xristianlığın ilk illərində inşa edilmiş piramidalar, şəkilli məbədlər, heykəllər var. Teotiyakandakı "Ay" və "Günəş" ehramları, onların ətəyindəki məbədlər ansamblı, müxtəlif evlərin nişanələri təqribən VI əsrə aid edilir. Bu iki nəhəng piramida çox uzaqdan da diqqəti cəlb edir. Hər gün buraya dünyanın müxtəlif yerlərindən minlərlə insan ziyarətə gəlir. Dinindən, dilindən və irqindən asılı olmayaraq, buraya gələn zəvvarlar belə hesab edirlər ki, mütləq "Günəş" piramidasının zirvəsinə qalxmaq lazımdır. Etiqada görə, bu piramidaya qalxan insanlar Günəşdən enerji alırlar. 23 kvadratmetr ərazini tutan bu sahədə, deyilənə görə, varlı və hakim təbəqəyə məxsus insanların yaşayış evləri inşa olunub. İndi onu böyük məharətlə, məhəbbətlə qoruyan meksikalılar bu qədim abidəni gələcək nəsillərə çatdırmaq üçün hər bir daşın, nişanənin üzərində yarpaq kimi əsirlər. Faktlar göstərir ki, hələ XVI əsrdən başlayaraq Meksikada memarlıq və şəhərsalma sürətlə inkişaf etmişdir. Bizi isə ən çox heyrətə gətirən dağlarla əhatə olunmuş Mexiko şəhərinin meşə içərisində yerləşməsidir. Müxtəlif hündür ağaclar, hətta bizim yaxşı tanıdığımız çinar, vələs, şam, küknar, palıd, söyüd, şaftalı ağacları bu yerlərin bəzəyidir. Təbii ki, Meksikada palmalar daha çoxdur. Həm də bu palmaların saysız-hesabsız növləri var. Xüsusilə də Meksikada gül kolları yox, gül ağacları gördük. Bəzilərinin adını bilməsək də, bizim tanıdığımız çin qızılgülləri bu ölkədə nəhəng ağaclardır. 7-8 il ərzində dibçəkdə bir əl boyda böyütdüyümüz kaktuslar burada nəhəng ağaclara bənzəyir. Bizim "mal dili" adlandırdığımız kaktusun Meksikada böyük plantasiyaları var. Öyrəndik ki, onun meyvəsinin şəfaverci xüsusiyyəti olduğundan meksikalılar bu bitkini geniş şəkildə əkib-becərirlər. Bu ölkədə ən ucuz satılan isə güllərdir. Bizim pulla 5 manata nəhəng bir buket bağlatmaq olar. Mexiko şəhəri başdan-ayağa müxtəlif abidələrlə doludur. Xüsusilə də müstəqilliklərinin 200 illiyi şərəfinə salınmış Azadlıq meydanındakı abidə kompleksi olduqca heyrətedicidir. Hansı tərəfdən baxsan, abidə görürsən. Həftənin şənbə və bazar günlərində bu meydanda maşınların hərəkəti dayandırılır, velosiped yarışı başlanır. Paytaxtda 750 muzey var. Beş gün pullu işləyir. Şənbə və bazar günləri isə pulsuzdur (kasıbların gəlməsi üçündür). Şəhərdə bir neçə yerdə nəhəng meydan var. İstirahət günlərində həmin meydanlarda Meksikanın tanınmış müğənniləri, musiqiçiləri konsert proqramı ilə çıxış edirlər ki, teatrlara getməyə maddi imkanı olmayanlar buraya gəlib dincələ bilsinlər. İşlərin bu cür qurulmasında bir tərəfdən sakinlərin maddi durumuna diqqət göstərilirsə, digər halda əhalinin mədəniyyətdən uzaq düşməsinin qarşısı alınır.
Mexikonun mərkəzində yerləşən Kafedral kilsə ən qədim və möhtəşəm məbəd sayılır. 240 ilə tikilən bu abidə həqiqətən də dünyanın ən böyük kilsələrindən biridir. Binanın zahiri də, içi də qeyri-adidir. Nəhəng sənət əsəridir. Baxmaqdan doymursan. Həftənin I-V günləri ancaq meksikalılar, qalan günlərində isə xarici ölkə vətəndaşları buraya ibadətə gəlir. Meksikalılar şən, yumoru sevən, xüsusilə də, musiqi ilə nəfəs alan mehriban və nikbin insanlardır.
Meksika və onun tarixi abidələri haqqında məlumat verən kilsə bələdçisi sonda bizdən zəhməthaqqı istəyəndə təəccüblənsək də, "mən də bununla dolanıram" deməsi yadımıza Kubadakı gülsatan qızları saldı. Al-əlvan paltarlı qızlar əllərində gül səbəti tutaraq şəhəri dolaşırlar. Libaslarının rənginə görə güllərdən seçilməyən bu qızların şəklini çəkmişdik. Onlar da fotoya görə bizdən pul aldılar. Bəli, təəccübə dəyməz! Bura Amerikadır.
Musiqimiz Latın Amerikasını
fəth etdi
Azərbaycan mədəniyyət günlərinin açılışı Mexiko şəhərinin məşhur Milli Antropologiya Muzeyinin konsert salonunda oldu. Latın Amerikası bölgəsində bu bizim ilk tədbirimiz idi. Azərbaycan incəsənət ustalarının, o cümlədən Dövlət Rəqs Ansamblının, gənc muğam ifaçılarının, eləcə də "Şərq çırağı" uşaq qrupunun ifalarından ibarət təntənəli proqram meksikalılar tərəfindən alqışlarla qarşılanırdı. Onlar bizim musiqimizə, mahnılarımıza maraqla qulaq asır, bəzən özləri də oxumağa, bizim kimi rəqs etməyə cəhd göstərirdilər. Kubalılardan geri qalmayan meksikalılar məhəbbətlə səs-səsə verərək "bravo" sədalarını sənətçilərimizin ünvanına göndərirdilər. Kubada olduğu kimi, Meksikada da zərb alətləri ifaçısı Camaləddin Dadaşova xüsusi diqqətlə yanaşırdılar.
Muzeyin mərkəzi
salonunda Azərbaycan fotoqraflarının əsərlərindən
ibarət sərgi təşkil edilmişdi. Antara Ticarət Mərkəzinin
konsert salonunda isə Azərbaycan caz ustalarının konserti
oldu. Gecədə mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, Azərbaycanın Meksikadakı fövqəladə və
səlahiyyətli səfiri İlqar Muxtarov
çıxış edərək mədəniyyət
günlərinin proqramından söz açdılar.
Meksikalı sənətsevərlər
gənc azərbaycanlı cazmenləri İftar Rzayev-Sarabski,
Emil Məmmədov, Ruslan Hüseynov, Tofiq Cabbarov və Aleksandr
Zingeri alqışlarla qarşıladılar. Rəqs
ustalarımızın coşqun musiqi sədaları altında
milli geyimlərimizi təqdim etməsi də
tamaşaçılarda məişətimiz haqqında dərin
təəssürat yaratdı. Tarzən Mircavad Cəfərovun,
kaman çalan İsmayıl Həmidovun, qarmon ustası Kamil Vəzirovun
ifaları da tamaşaçıların alqışına səbəb
oldu. Rəssam-modelyer Səadət Şərifovanın
böyük zövq və diqqətlə
hazırladığı 27 qadın paltarı əlvanlığı,
parlaqlığı, gözəlliyi ilə seçilirdi.
Tədbirdə bir sıra
ölkələrin Meksikada yerləşən səfirliklərinin
rəhbərləri, Azərbaycanın Amerika Birləşmiş
Ştatlarındakı fövqəladə və səlahiyyətli
səfiri Yaşar Əliyev, eləcə də Meksikada
yaşayan soydaşlarımız iştirak edirdilər.
Azərbaycan mədəniyyəti
günləri təkcə paytaxt şəhərlə məhdudlaşmadı.
Meksikanın Toluka şəhərində yerləşən məşhur
Avtonom Universitetində Azərbaycanın mahnı və rəqs
kollektivlərinin konserti uğurla keçdi. Konsertdən
öncə universitet tərəfindən hazırlanmış
məruzə dinlənildi. Məruzədə Azərbaycan
haqqında, onun tarixi, mədəniyyəti və bugünü
ilə bağlı tamaşaçılara məlumat verildi. Azərbaycanın
tanınmış musiqiçisi Əzizə Mustafazadənin
adı xüsusilə çəkildi. Tamaşaçılar
arasında Toluka şəhərinin meri Mariya Elena Barreta Tapiya
və universitetin rektoru, Meksikanın ictimai-siyasi xadimi Eduardo
Qaska Plieqo da bizim ifaçıları
alqışlayırdılar.
Mədəniyyət günləri
çərçivəsində Mexikonun mərkəzi
kinoteatrlarından sayılan "Cinepolis Diana"da Azərbaycan
kinematoqrafçılarının çəkdiyi filmlər
nümayiş etdirildi. Tamaşaçılar kinorejissorlardan
Ramiz Fətəliyevin və Mehriban Ələkbərzadənin
quruluş verdiyi filmlərə xüsusi maraq göstərirdilər.
Latın Amerikasının bu
bölgəsində keçirilən mədəniyyət
günləri çərçivəsində mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Meksikanın Gerrero
ştatındakı həmkarı Rodriges Eskalano ilə
görüş keçirərək Azərbaycanla Meksika
arasında turizm əlaqələrinin genişləndirilməsinə
dair fikir mübadiləsi də apardılar.
Meksikada mədəniyyət
günləri keçirilən zaman mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bu bölgənin yeganə
ingilisdilli qəzeti olan "The News" qəzetinə
müsahibə verdi. Deyək ki, bu qəzet ölkəmiz barədə
dörd səhifəlik xüsusi buraxılış nəşr
etmişdi. Burada Azərbaycan haqqında ümumi göstəricilər,
habelə xalqımızın tarixi, ədəbiyyatı,
musiqisi, folklor mədəniyyəti, milli mətbəximizə
dair ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasının
Meksikadakı səfiri İlqar Muxtarovun qəzetə verdiyi
müsahibədə isə Ermənistanın Azərbaycana
qarşı işğalçı siyasəti, təcavuz nəticəsində
1 milyon azərbaycanlının qaçqın və məcburi
köçkün vəziyyətində
yaşadığı qeyd edilmişdir. Nəticə olaraq
bildirilirdi ki, Meksika ilə Azərbaycan arasında siyasi əlaqələr
gündən-günə inkişaf edir, Meksika beynəlxalq
toplantılar zamanı Azərbaycanın haqlı mövqeyini
daim dəstəkləyir.
Azərbaycan mədəniyyəti
günləri, sözün əsl mənasında,
böyük təntənə ilə keçdi,
alqışlarla qarşılandı. Qətiyyətlə demək
mümkündür ki. Azərbaycan musiqisi Latın
Amerikasını fəth etdi. Amma bu möhtəşəm və
təntənəli günlərin də öz zirvələri
var idi. Camaləddin Dadaşov, xalq artisti Təranə Muradova və
caz ifaçısı İsfar Rzayev-Sarabski. Bu sənətkarların
ifaları həqiqətən mədəniyyət günlərinə
bir gözəllik, şirinlik və cazibə qatdı.
Onları ayaqüstə alqışlayan
tamaşaçıların şən ovqatı hər birimizə
fəxrli duyğular bəxş edirdi.
Meksikada keçirilən mədəniyyət
günlərində bizi riqqətə gətirən məqamlardan
biri də vaxtilə hansı rüzgarınsa bu bölgəyə
atdığı soydaşlarımızla
görüşümüz oldu. Xalq artisti Təranə
Muradovanın dayısı Tacəddin Vəliayi ilə ilk dəfə
Mexikoda görüşməsi kövrək an idi. Əslən
Cənubi Azərbaycandan olan Tacəddin bəy uzun illər
Fransada, 20 ilə yaxındır ki, Meksikada yaşayır. Qələm
əhlidir, 30-a yaxın kitabı var. Son kitablarından birini isə
ölkəmizin birinci xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
gördüyü xeyirxah işlərə həsr edib. Eləcə
də skripkaçı Spartak Babayev 20 ilə yaxındır
ki, Meksikada yaşayır. Mexiko ştatının simfonik
orkestrində çalışır. Qızı Nanə
Babayeva də bu orkestrdə konsertmeyster köməkçisidir.
Mədəniyyət günlərinin xoş büsatından
onların da sevincinə pay düşmüşdü. Sanki bu
uğurdan fərəhlənərək meksikalı həmkarlarına
bildirmək istəyirdilər ki, görürsünüzmü
bizim necə zəngin mədəniyyətimiz, musiqimiz, tariximiz
və istedadlı insanlarımız var.
Hər iki ölkədə
on gündən artıq çəkən Azərbaycan mədəniyyəti
günlərinin xoş təntənəsi, yəqin ki, uzun
müddət əcnəbi tamaşaçıların
yaddaşından silinməyəcək. Bu gün Azərbaycan
mədəniyyəti böyük inamla qanadlarını
bütün dünyaya açaraq varlığını bir
daha əzmlə, mətanətlə, istedadla nümayiş
etdirir. Bu gün Azərbaycan mədəniyyətinin
sorağı dünyanın möhtəşəm konsert salonlarından,
teatr ocaqlarından, məşhur mədəniyyət mərkəzlərindən
gəlir.
Azərbaycan mədəniyyəti
ölkələri fəth etməkdədir.
Flora XƏLİLZADƏ,
Paris-Havana-Mexiko-Bakı
Azərbaycan.- 2010.- 3
aprel.- S. 7.