Azərbaycanın investisiya
qüdrəti artır
Dinamik iqtisadi inkişaf tempini qlobal maliyyə böhranın tüğyan etdiyi ötən il ərzində də qoruyub saxlayan, ümumi daxili məhsulun 9,3 faizlik artımına nail olan Azərbaycanın qarşıdakı dövrdə də bu sahədə daha böyük tərəqqiyə imza atacağı proqnozlaşdırılır. Bunu şərtləndirən əsas amillərdən biri dünya iqtisadiyyatının tədricən ressesiyadan çıxması, beynəlxalq miqyasda ticarət dövriyyəsinin artmağa başlaması, dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin yüksəlməsi və bu qəbildən olan digər amillərdir. Digər tərəfdən ölkəmizdə qeyri-neft sahəsində istehsalın genişlənməsi, sahibkarlığın, kənd təsərrüfatının tərəqqisi, ümumiyyətlə, özəl sektorun məcmu istehsalda artan payı da Azərbaycana daha böyük iqtisadi perspektivlər vəd edir.
Bütün bunlar bir daha onu göstərir ki, iqtisadi sferada Azərbaycan qüdrətli ölkəyə çevrilməkdə davam edəcək, ölkəmizin bir çox əsas xarici ticarət tərəfdaşlarının qlobal böhranı tədricən geridə qoyması fonunda onlarla aparılan və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən əməliyyatların həcmi daha da artacaq. Bu isə qazanılan uğurların miqyasının əhəmiyyətli dərəcədə çoxalması deməkdir. Belə vəziyyət Azərbaycanın beynəlxalq miqyasda mövqelərinin daha da güclənməsinə xidmət etməklə yanaşı, onun iqtisadi artım tempinə görə yenə dünyada lider mövqedən çıxış edəcəyini deməyə əsas verir. Bu həm də iqtisadi potensialdan tam səmərəli şəkildə istifadə olunduğunu göstərir.
Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Biz iqtisadi cəhətdən potensialımızı tam şəkildə işə sala bilmişik. Heç kimdən asılı deyilik. Öz hesabımıza yaşayırıq və ildən-ilə daha da yaxşı yaşayırıq. Bunu görmək üçün sadəcə olaraq Azərbaycanın reallıqlarına qərəzsiz nəzər salmaq lazımdır. Azərbaycan o ölkədir ki, son altı ildə dünyada öz daxili imkanları hesabına lider dövlətdir".
Azərbaycanın qarşıdan gələn illərdə iqtisadi sahədə indiki ilə müqayisədə daha güclü bir ölkəyə çevriləcəyi nüfuzlu beynəlxalq təşkilatlar, araşdıma institutları, ekspertlər tərəfindən də etiraf edilir. Məsələn, Dünya Bankının proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək. Buna şərait yaradan əsas amillərdən biri ölkəmizin həm böyük valyuta ehtiyatlarına malik olması, həm də xarici investisiyaların yatırımına daha böyük diqqət yetirməsidir. Araşdırmalar göstərir ki, Azərbaycanın müxtəlif xarici ölkələrdə yatırdığı investisyaların həcmi artıq 3 milyard dollara yaxınlaşır. Ölkəmizin sərmayə qoyduğu əsas dövlətlər sırasında Gürcüstan, Türkiyə, Rusiya və digər ölkələr var.
Burada bir məqam da xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanın investisiya üçün seçdiyi xarici dövlət və burada sərmayə qoyulan sahələr kifayət qədər düşünülmüş bir strategiya əsasında həyata keçirilir. Azərbaycan qonşu dövlətlərdən olan Gürcüstan və Türkiyədə enerji infrastrukturuna kifayət qədər böyük sərmayələr yatırır. Xatırladaq ki, Azərbaycanın dünya enerji bazarına çıxışının təminatı baxımından əsas tranzit ölkələr sırasında məhz adıçəkilən iki dövlət çıxış edir. Bu səbəbdən enerji məhsullarının tranzitinin davamlılığını tam təmin etmək, eyni zamanda, bundan da gəlir götürmək üçün Gürcüstan və Türkiyənin xarici investisiya sahəsində əsas ölkələr olaraq seçilməsi Azərbaycanın uğurlu enerji strategiyasının tərkib hissəsidir. Bu ölkələrə investisiaya yatırımı əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) vasitəsilə həyata keçirilməkdədir və bu proses indi də davam etdirilir. Enerji ilə yanaşı, xarici sərmayələrin qoyuluşunda Azərbaycan digər sahələrə, məsələn, qiymətli kağızlar bazarına, aktivlərə, səhmlərə də maraq göstərir. Ölkənin valyuta ehtiyatlarının durmadan artması və maliyyə imkanlarının güclənməsi isə Azərbaycanın daha böyük miqdarda xaricdə investisiyalar yatırmasına şərait yaradır ki, bu da ölkəmizin sərmayə bazarında əsas dövlətlərdən birinə çevrilməsinə gətirib çıxarır.
Lakin xarici investisiya qoyuluşu həcmini gücləndirən Azərbaycan həmişəki kimi özü də əcnəbi sərmayədarlar üçün cəlbedici ölkə olaraq qalır. Bunu cari ilin ilk iki ayının yekunlarına nəzər yetirdikdə aydın görmək mümkündür. Araşdırmalar göstərir ki, 2010-cu ilin yanvar-fevral aylarında xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 75,2 faiz və ya 310 milyon 887,2 min manat artıb. Hesabat dövründə Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarına görə lider ölkə olub. İnvestisiyaların həcmi 163 milyon 433, 6 min manat və ya bütün investisiyaların 52,6 faizini təşkil edib ki, bu da təxminən iki dəfəyədək artım deməkdir. ABŞ şirkətləri tərəfindən investisiya qoyuluşları 49 milyon 398,8 min manat həcmində olub və bu zaman artım göstəricisi 30,3 faizə çatıb. Bundan başqa, yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına Yaponiya şirkətləri 25 milyon 806,4 min manat (artım 67,5 faiz), Norveç şirkətləri 16 milyon 31,7 min manat (artım 66,7 faiz), Türkiyə şirkətləri 12 milyon 707,6 min manat (artım 64,9 faiz), Cənubi Koreya şirkətləri 8 milyon 168 min manat, Rusiya şirkətləri 1 milyon 937,2 min manat, Səudiyyə Ərəbistanı şirkətləri 1 milyon 923 min manat, Birləşmiş Ərəb Əmirlikləri şirkətləri 390,6 min manat, Avstriya şirkətləri 260,1 min manat məbləğində investisiya qoyuluşları həyata keçirib. Cari ilin yanvar-fevral aylarında beynəlxalq təşkilatlar arasında Dünya Bankı 27 milyon 752,9 min manat (artım 3,6 dəfə), Asiya İnkişaf Bankı 2 milyon 6,5 min manat (artım 2,8 dəfə), İslam İnkişaf Bankı 675 min manat məbləğində investisiya qoyuluşları həyata keçirib. İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb. Cari ilin qarşıdakı dövrü ərzində isə xarici investisiya yatırımlarının miqdarının yenə də artan xətt üzrə inkişaf edəcəyi proqnozlaşdırılır.
İqtisadi sferada daha bir sevindirici fakt isə Azərbaycanın xarici ticarətində qeydə alınan göstəricilərdir. Yenə də ilin ilk iki ayının yekunları ölkəmizin ixrac potensialının xeyli gücləndiyini göstərir. Bunun nəticəsidir ki, 2010-cu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu 2 milyard 512 milyon 932,4 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,4 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi ümumiyyətlə, 3 milyard 920 milyon 308,8 min dollar təşkil edib ki, bu da 2009-cu ilin yanvar-fevral aylarındakı göstəricidən 1,6 dəfə çoxdur.
Cari ilin ilk iki ayında
ixracın həcmi 3 milyard 216 milyon 620,6 min dollar, idxal 703 milyon
688,2 min dollar təşkil edib. Beləliklə,
araşdırmalar göstərir ki, 2009-cu ilin yanvar-fevral
aylarının göstəricisi ilə müqayisədə
cari ilin analoji dövründə ixrac 15,5 faiz artıb, idxal isə
23,8 faiz azalıb. Məlumat üçün onu da bildirək
ki, ixracın strukturunu əsas etibarı ilə xam neft, neft məhsulları,
bitki və heyvan mənşəli yağlar, qara metal və
ondan hazırlanan məmulatlar, meyvə-tərəvəz,
kimya, alüminium və ondan hazırlanan məmulatlar, spirtli və
spirtsiz məhsullar, pambıq, tütün və tütün məhsulları
təşkil edib. İdxalın strukturunda isə maşın
və elektrik avadanlıqları, o cümlədən
onların ehtiyat hissələri, nəqliyyat vasitələri,
qara metal və onlardan hazırlanan məmulatlar, əczaçılıq
məhsulları, mebel, xalq istehlakı malları üstün
mövqeyə malik olub. İdxal və ixrac əməliyyatlarının
coğrafi zonası kifayət qədər geniş olub,
Avropadan tutmuş Asiyaya, Amerikaya qədər böyük bir ərazini
əhatə edib.
Bütün bunlar Azərbaycanın
hər keçən gün iqtisadi sahədə daha da qüdrətli
bir ölkəyə çevrildiyini göstərməklə
yanaşı, onun beynəlxalq miqyasda mövqelərini də
durmadan gücləndirir. Belə vəziyyət isə
dünyanın siyasi səhnəsində Azərbaycanın
nüfuz çəkisinin artmasında mühüm rol
oynayır.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 4 aprel.- S.
1.