Regionların sosial-iqtisadi imkanları genişdir

 

Azərbaycan iqtisadi inkişafına görə dünyanın lider dövlətlərindən birinə çevrilib. Bunu dünyanın aparıcı maliyyə qurumları da öz hesabatlarında təsdiq edirlər. 2008-ci ildə "Doinq Business" proqramında Azərbaycan dünyada bir nömrəli islahatçı ölkə kimi tanınıb. Bununla yanaşı, Dünya İqtisadi Forumunun hesabatlarında qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünya ölkələri arasında 51-ci yer tutur. Bütün bunlar müstəqilliyinin tarixi qısa olan, üstəlik, bazar iqtisadiyyatına yeni keçən bir ölkə üçün çox böyük nailiyyətdir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində ölkəmizin qazandığı uğurlara yüksək qiymət verdi. Bu da təsadüfi deyil. Ötən il ölkədə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,8, inflyasiya isə 1,5 faiz olmuşdur. Bütün bunların dünyanı bürüyən qlobal maliyyə böhranı şəraitində baş verməsi isə xüsusi önəm daşıyır. Rəqəmlərdən də aydın görünür ki, əksər ölkələrdə özünü qabarıq göstərən dünya maliyyə böhranına baxmayaraq, Azərbaycanda inkişaf sürəti azalmayıb.

Məlumdur ki, ötən il dünya iqtisadiyyatı üçün çox ağır keçmişdi. Dünyanın inkişaf etmiş, güclü maliyyə qaynaqları olan bir çox ölkələri özlərinin inkişaf tempini qoyurub saxlaya bilməmiş, iqtisadi artım xeyli aşağı düşmüşdü. Həmin ölkələrdə sənaye istehsalı məhsulları azalmış, minlərlə insan işsiz qalmışdır. Hətta sənaye nəhənglərini dövlətlərin ayırdığı maliyyə vəsaitləri belə, xilas edə bilməmişdir. Dünya böyük iqtisadi böhranın içində çapaladığı bir vaxtda ölkəmiz özünün inkişaf dövrünü yaşayır. Sözsüz ki, bu uğurların qazanılması bilavasitə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.

Prezident öz nitqində 2004-2008-ci illəri əhatə edən dövlət proqramının uğurla həyata keçirildiyini qeyd edərək 2009-2013-cü illərdə daha böyük nailiyyətlərin əldə ediləcəyinə əmin olduğunu bildirdi. Konfransda açıqlanan rəqəmlərdən məlum olur ki, 2004-2008-ci illər ərzində ümumi daxili məhsul istehsalı (ÜDM) 2,8, dövlət büdcəsinin gəlirləri 4,8, orta aylıq əməkhaqqı 3, minimum pensiyanın məbləği 3,8, minimum əməkhaqqı 6,3 dəfə artıb. Proqramın icrası zamanı 33 mindən çox yeni müəssisə, 840 mindən artıq təzə iş yeri açılıb, yoxsulluğun səviyyəsi 4,1 dəfə azalaraq 11 faizə enib. Sözsüz, bu uğurların qazanılmasında 2004-cü ildə qəbul edilən I Dövlət Proqramının müstəsna rolu var. Proqram çərçivəsində aparılan nəhəng işlər ölkəmizdə iqtisadiyyatın ümumi inkişafına təkan verməklə yanaşı, regionlarda istehsal və sosial infrastrukturun yaradılmasına, əhalinin rifah halının daha da yaxşılaşmasına səbəb olub.

II Dövlət Proqramının ilk ilini də ölkəmiz üçün uğurlu hesab etmək mümkündür. Təkcə onu demək kifayətdir ki, keçən il ÜDM-də 9,3, onun adambaşına düşən həcmində 7,9, qeyri-neft sektorunda 3,2 faiz artım müşahidə edilib. Bu dövr ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard, o cümlədən regionlar üzrə 2,9 milyard manat investisiya yönəldilib. Bu vəsaitlər hesabına infrastruktur təminatı daha da yaxşılaşır, dünya standartlarına uyğun layihələr də həyata keçirilir.

II Dövlət Proqramının icrası ilə əlaqədar hazırda bütün iqtisadi rayonlar üzrə müasir texnologiyalar tətbiq olunmaqla 200-ə yaxın müxtəlif təyinatlı istehsal və xidmət sahələrinin inşası davam etdirilir. Təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi ilə 2 süd emalı və 3 konserv zavodu, 2 mebel fabriki, 4 quşçuluq, 3 qablaşdırma, 1 tikiş, 1 yuyucu toz, 4 tikinti materialları istehsalı müəssisələri, həmçinin 3 müasir istixana kompleksi tikilir.

Ölkədə qeyri-neft sektorunda böyük potensiala malik olan və regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun inkişafına xüsusi önəm verilir. Dövlət "Aqrolizinq" Səhmdar Cəmiyyəti vasitəsilə fermerlərə güzəştli qiymətə texnika, toxum, gübrə və s. verməklə dəstək göstərir. Bunun nəticəsidir ki, ötən il aqrar sektorda 3,5 faiz artım qeydə alınıb. Bu gün Azərbaycan dənli bitkilərlə özünü 76 faiz təmin edir. Quş ətinin 74, ətin 94, kərə yağının 83, süd məhsulları və südün 85, unun 94 faizi ölkəmizdə istehsal edilir. Şəkərlə nəinki özümüzü tam təmin, hətta onu xarici bazara da ixrac edirik.

Ötən il bütün iqtisadi rayonları əhatə etməklə 2100 sahibkarlıq subyektinə 130 milyon manat məbləğində güzəştli kredit verilib. Bu kreditlərin 99 faizinin regionlardakı layihələrin maliyyələşdirilməsinə verilməsi faktı dövlətin bu sahəyə nə dərəcədə önəm verdiyini bariz şəkildə nümayiş etdirir.

Dövlət regionlarda daxili kreditlər hesabına görülən işlərlə kifayətlənmir. Regionlara xarici investisiyanın cəlb edilməsi istiqamətində də mühüm işlər görülür. Hazırda Azərbaycan İnvestisiya Şirkəti yerli və xarici investorlarla birgə Göyçayda süd emalı, Dəvəçidə quş əti, Masallıda isə duz istehsalı, Abşeron, Xaçmaz və bir sıra digər rayonlarda istixana komplekslərinin qurulması layihələrini həyata keçirir. Ağstafada süd kompleksinin, Şəmkirdə quşçuluq fabrikinin, Samuxda soyuducu anbarın, istixana kompleksinin inşası, eləcə də şüşə və toxum istehsalı ilə bağlı layihələr üzrə isə araşdırmalar aparılır.

Aqrar sektorda yığılan məhsulun itkisinə yol verməmək böyük əhəmiyyət daşıyır. Heç kəsə sirr deyil ki, fermerlər istehsal etdikləri məhsulu uzun müddət saxlaya bilmədikləri üçün dəyər-dəyməzə satmağa məcbur olurlar. Məhsulu çarəsiz qalıb maya dəyərindən ucuz satılması isə onların ziyanla işləməsinə gətirib çıxarır. Nəticədə fermerlərin kənd təsərrüfatı məhsullarının istehsalına olan marağı azalır. Mövcud olan bu problemi aradan qaldırmaq üçün dövlət Sahibkarlığa Kömək Milli Fondunun vasitəsi ilə 32 sahibkarlıq subyektinə 48 milyon manat güzəştli kredit verib. Tezliklə fermerlər istehsal etdikləri məhsulu həmin soyuducu anbarlarda saxlayaraq istədiyi vaxt bazara çıxarmaq imkanı qazanacaqlar. Belə vəziyyət həmçinin ölkəmizin il boyu meyvə-tərəvəzlə təmin edilməsinə geniş imkan yaradacaq.

Bölgələrdə yeni istehsal və xidmət sahələrinin yaradılması dövlətə işsizlik kimi mühüm bir sosial problemin həllində kömək edir. Ölkədə son 6 ildə açılmış 840 min yeni iş yerinin çox hissəsinin bölgələrdə olması regionlarda məşğulluq probleminin həllinə imkan verib.

II Dövlət Proqramında regionlarda istehsal və xidmət sahələrinin yaradılması ilə yanaşı, infrastrukturun inkişafına da xüsusi önəm verilir. Bölgələrdəki 63 kəndə qaz verilişi bərpa edilib, 74 telefon stansiyası quraşdırılıb, 80 poçt binası tikilib. 62 şəhər və rayonun su və kanalizasiya sistemi isə bu gün yenidən qurulur. Bunlardan əlavə, Kür-Araz çayları ətrafında yaşayan əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 12 rayonun 122 kəndində sutəmizləyici sistemlər quraşdırılıb. Təkcə ötən ildə regionlarda 63 səhiyyə və 62 məktəb binası tikilib və ya əsaslı təmir edilib. Bütün bunlar isə bölgələrdə yaşayan insanların həyat və məişət şəraitinin daha da yaxşılaşmasına xidmət edir.

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafını xüsusi diqqətdə saxlayır. Bunun nəticəsidir ki, dövlət başçısı II Dövlət Proqramının icrasına start veriləndən 27 dəfə regionlara səfər edib. Bu səfərlər zamanı Prezident müxtəlif sahələri ahətə edən 105 müəssisənin açılışında, 14 obyektin təməlqoyma mərasimində şəxsən iştirak edərək özünün tapşırıq və tövsiyələrini verib.

Prezident İlham Əliyev II Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində görülən işlərə qiymət verərək demişdir: "Çox işlər görülüb. Ancaq hələ çox işlər görülməlidir ki, bizim bütün imkanlarımız tam şəkildə səfərbər olsun. Bu gün imkanlarımızın böyük hissəsini artıq işə sala bilmişik, amma buna hələ 100 faiz çatmamışıq. Biz bu istiqamətdə əlavə tədbirlər görməliyik".

 

 

Rustəm KAMAL

 

Azərbaycan.- 2010.-  4 aprel.- S.  1.