12. Nəqliyyat təhlükəsizliyinin etibarlı təminatına xidmət edən siyasət

 

"Biz nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırırıq. Coğrafi mövqeyimizi nəzərə alsaq, bu, tamamilə məntiqlidir. O cümlədən, Azərbaycanın maliyyələşdirdiyi, Avropa ilə Asiyanı birləşdirən dəmir yolu xəttinin çəkilməsi regional əməkdaşlıq məsələlərində və bölgəmizdə biznes mühitinin və imkanlarının yaxşılaşdırılmasında olduqca mühüm rol oynayacaqdır."

 

İlham ƏLİYEV

 

Qərb və Şərq dünyalarının qovuşduğu məkan kimi dəyərləndirilən Azərbaycan mövcud olduğu regionda enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində kifayət qədər vacib rol oynayır. Bu istiqamətdə görülən işlər, dünya dövlətləri və təşkilatları ilə qurulan əməkdaşlıq Azərbaycanın sürətli, davamlı inkişafını təmin edən əsas amillərdən biri olmaqla yanaşı, ölkənin və ümumilikdə regionun təhlükəsizliyinə də əvəzsiz töhfələr verməkdədir. Ancaq ölkəmizin Cənubi Qafqazda həm də mühüm nəqliyyat qovşağı və dəhlizlərinin keçdiyi məkan olaraq yenidən dünyaya tanıdılması prosesi elə də asan olmayıb və bir sıra çətin mərhələlər dəf edilib. Ümumiyyətlə, zəngin enerji ehtiyatlarına malik Azərbaycanın müstəqillik əldə etməsindən sonra qarşısında duran və həlli kifayət qədər zəruri olan məsələlərdən biri də müxtəlif növ nəqliyyat şəbəkələrinin yaradılmasından ibarət idi. Digər bir mühüm məsələ isə yaradılacaq nəqliyyat şəbəkələrinin, nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin etmək kimi vacib məqamları əhatə edirdi.

 

Azərbaycan yenə Tarixi İpək Yolunun keçdiyi əsas ölkələrdəndir

 

Mövcud dünya təcrübəsi göstərir ki, istənilən dövlətin iqtisadi inkişafının və ümumi təhlükəsizliyinin əsas fundamental şərtlərindən biri nəqliyyat dəhlizlərinin mövcudluğu, həmçinin əsas nəqliyyat növlərinin bir neçəsinin vacib istiqamətlər üzrə hərəkət edə bilməsinə nail olmaqdır. Əks təqdirdə, hər hansı ciddi iqtisadi inkişafdan, ümumi təhlükəsizliyin təmin olunmasından söhbət belə, gedə bilməz və buna regionda ən bariz nümunə kimi Ermənistanı göstərmək olar. Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən özünü regional təcrid vəziyyətinə salan Ermənistanın dünyaya əsas çıxışının yalnız hava nəqliyyatı hesabına olması bu dövlətin xarici asılılığını gücləndirməklə yanaşı, onun iqtisadi tənəzzülünü sürətləndirən əsas faktorlardan biridir.

Azərbaycan isə həm ölkə daxilində, həm də dünya dövlətlərinə, bazarlarına çıxışda əsas nəqliyyat növlərinin sərbəst hərəkətini təmin edə bilib və bununla bağlı əldə olunan nailiyyətlərin miqyası durmadan genişlənməkdədir. Real şəraitdə ölkəmiz quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışlara malikdir. Bu da mövcud olan enerji ixrac marşrutları ilə yanaşı, Azərbaycanın qeyd olunan nəqliyyat sahələri vasitəsilə beynəlxalq iqtisadi əlaqələrinin güclənməsində, idxal-ixrac əməliyyatlarını genişləndirməsində əvəzsiz rol oynayır. Eləcə də ölkə daxilində nəqliyyat infrastrukturunun müasir dünya standartlarına cavab verən formada qurulması, yenilərinin yaradılması xarici iş adamlarını, potensial investorları Azərbaycana cəlb etməklə bərabər, iqtisadi tərəqqinin sürətlənməsində müstəsna əhəmiyyət kəsb edir.

Konkret olaraq beynəlxalq xarakterli nəqliyyat yolları və burada Azərbaycanın iştirakına gəlincə, əlbəttə ki, ilk olaraq Şərq-Qərb, Şimal-Cənub dəhlizləri qeyd olunmalıdır. Şərq-Qərb və ya Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizi deyilərkən əsas etibarı ilə Tarixi İpək Yolu nəzərdə tutulur ki, onun da keçdiyi əsas coğrafi məkanlardan biri Azərbaycandır.

Tarixi İpək Yolunun bərpasının əsas məqsədləri aşağıdakılardan ibarətdir:

bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişaf etməsi; nəqliyyat əlaqələrinin inkişafı - yük və sərnişinlərin beynəlxalq daşınması; tranzit daşınmalar üçün əlverişli şəraitin yaradılması; yük daşınmalarının müddətinin qısaldılması; nəqliyyat siyasətinin uyğun olaraq aparılması; daşınma tarifləri və vergilərə xüsusi güzəştlər; müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi; yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət; çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması.

Ölkəmiz bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, Tarixi İpək Yolunun bərpa olunması sahəsində - TRASEKA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak edib. 1993-cü ildə Brüsseldə bununla bağlı keçirilən konfransda Avropa Komissiyasının TRASEKA Proqramının yaradılmasının təşəbbüskarı olan keçmiş SSRİ-nin 8 ölkəsindən biri məhz Azərbaycan olub. Ölkəmizin TRASEKA Proqramında iştirakı strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır.

TRASEKA layihəsinin həyata keçirilməsində ən mühüm mərhələ isə 1998-ci il sentyabrın 8-də Bakıda "Böyük İpək Yolunun bərpası" mövzusunda keçirilən beynəlxalq konfrans hesab edilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransda Avropa İttifaqının TRASEKA Proqramı əsasında "Avropa - Qafqaz - Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Konfrans nəticəsində həmçinin TRASEKA layihəsinin daimi katibliyinin Bakıda yerləşməsi haqqında qərar da qəbul olunduqdan sonra 2001-ci il fevral ayının 1-də Heydər Əliyev və Aİ-yə sədrlik edən İsveçin xarici işlər naziri Anna Lindin iştirakı ilə daimi katibliyin ofisinin açılışı olub.

Ötən dövr ərzində isə TRASEKA Proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. Belə ki, TRASEKA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçün son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində vacib addımlar atılıb, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üzrə xeyli işlər görülüb. Bundan başqa, Bakıda ildə 10 milyon ton neft məhsullarının boşaldılıb yüklənməsinə imkan verən neft boşaltma limanı istifadəyə verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalında yenidənqurma işləri yekunlaşdırılıb.

Bu çərçivədə Azərbaycan üçün ən mühüm məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlıdır. Sözügedən dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, sözügedən üç ölkənin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Ölkəmizin inşası 2012-ci ildə başa çatacağı gözlənən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulması isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfəri zamanı həmkarı Mixail Saakaşvili ilə birgə keçirdiyi mətbuat konfransı zamanı Prezident İlham Əliyev ölkəmizin Gürcüstandan Türkiyəyə uzanan dəmir yolu layihəsinin həyata keçirilməsinin vacibliyini və dəstəklədiyini qeyd edərək Azərbaycanın bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə bəyanatı imzalanıb. Bəyanatda aşağıdakılar öz əksini tapıb: yeni dəmir yolu bağlantısı layihəsinin tikintisi və istismarı üzrə hökumətlərarası sazişin imzalanmasının təmin edilməsi; layihənin həyata keçirilməsi üçün regional və beynəlxalq institut və qurumları, həmçinin layihənin maliyyələşdirilməsinə investorların cəlb edilməsi; layihənin həyata keçirilməsi üzrə beynəlxalq təşkilatlarla, xüsusilə, Avropa İttifaqı və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ilə sıx əməkdaşlığın təmin edilməsi məqsədilə əlaqələndirmə şurasının yaradılması.

Daha sonra "Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı haqqında" və "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" hökumətlərarası saziş Azərbaycan, Gürcüstan və Türkiyə rəhbərləri tərəfindən imzalanıb.

Hazırda inşası davam etdirilən dəmir yolunun layihəsi üzrə Axalkələk- Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir. Azərbaycan dəmir yolunun bu marşrut üzərində yerləşən infrastrukturunun yeniləşdirilməsi və dəmir yollarının inkişafı ilə bağlı olaraq isə 2010-2014-cü illəri əhatə edən dövlət proqramının layihəsi hazırlanıb. Dəmir yolu istifadəyə verildikdən sonra isə bu, Azərbaycanın dünya bazarlarına daha çox məhsul çıxarmasına imkan verəcək. Həmçinin dəmir yolu ilə daşınma xərcləri nisbətən az olduğundan Bakı-Tbilisi-Qarsla Azərbaycana idxal olunan məhsulların qiyməti də ucuz olacaq. Bakı-Tbilisi-Qars marşrutuna Çin, Qazaxıstan və bir sıra başqa xarici dövlətlər də xüsusi maraq göstərdiyindən onun tranzit əhəmiyyəti daha da artır və perspektivdə bu, Azərbaycanın təkcə tranzit haqlarından milyonlarla dollar vəsait qazanması deməkdir. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin bilavasitə dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə isə Dünya Bankı ilə 450 milyon dollar məbləğində kredit sazişi imzalanıb.

 

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi

 

Beynəlxalq iqtisadi və siyasi sferada əlaqələrini daim genişləndirən, dünya dövlətləri və təşkilatları ilə mövcud əməkdaşlığı dərinləşdirən Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri müxtəlif istiqamətlər üzrə nəqliyyat, idxal və ixrac marşrutlarının mövcudluğunu təmin etmək, yaxud belə marşrutlarda yaxından iştirak etməkdir. Qeyd olunan kontekstdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də ayrıca qeyd olunmalıdır. Qısaca olaraq xatırladaq ki, sözügedən nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb.

2001-ci il 21 dekabr tarixində Azərbaycan həmin razılaşmaya qoşulması üçün vermiş rəsmi notaya 2005-ci ildə müsbət cavab alıb, həmin ilin sentyabrın 20-də Prezident tərəfindən imzalanmış qanunla respublikamız "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə qoşulub.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətləri beynəlxalq bazarına girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir. Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil yolları, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir.

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkəmiz üçün əhəmiyyətli olduğundan, respublikamızın coğrafi və potensial tranzit ölkə kimi imkanları nəzərə alınaraq, mövcud nəqliyyat infrastrukturunun bərpası və inkişaf etdirilməsi işlərinə başlanılmışdır. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolunun iştirakı nəzərdə tutulur ki, burada əsas amil kimi yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda, daha uzaq məsafəyə daşınması götürülür. Dəhliz vasitəsilə yük daşımalarına Azərbaycan Respublikasının yol-nəqliyyat kompleksinin daha geniş cəlb edilməsi, xüsusən, avtomobil nəqliyyatının və Xəzər Dənizi Gəmiçiliyinin imkanlarından tam istifadə olunması üçün şərait yaradılması istiqamətində mühüm addımlar atılıb.

Dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 511 km-dir. Bakı-Yalama sahəsində dəmir yolu ikixətlidir, elektrikləşdirilmiş və avtomatik rabitə və işarəvermə sistemi ilə tam təchiz olunub. Sahənin buraxılış qabiliyyəti sutkada 60 cüt qatardır. Bakı-Astara dəmir yolu sahəsinin Osmanlı stansiyasına qədər olan 140 km-lik hissəsi ikixətlidir, elektrikləşdirilmiş, avtomatik işarəvermə sistemi ilə təchiz olunub. Aparılmış təhlillərə əsasən, dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi birinci üç il ərzində 2 milyon tona qədər, ikinci mərhələdə 5-6 milyon ton, üçüncü mərhələdə isə, yəni, birbaşa dəmir yolu əlaqəsi yaradıldıqdan sonra 15 milyon tona qədər artacaq. Bunun da tam həcmdə təmin olunması və təhlükəsizlik normalarının qorunması üçün bir sıra texniki tədbirlərin görülməsi zəruri şərt olduğundan, 2001-ci ildən başlayaraq, xeyli işlər görülüb və hazırda da davam etdirilir.

Azərbaycan dəmir yolunun İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün də müəyyən addımlar atılıb.

Bununla yanaşı, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən avtomobil yollarının reabilitasiyası üzrə xeyli sayda tədbirlər həyata keçirilib. Məsələn, Bakı-Quba-Rusiya sərhədinə kimi yolun müasir standartlara cavab verməsi üçün başlanan işlər nəticəsində həmin yolun bir hissəsi artıq tələb olunan normalara uyğundur. Bakı dairəvi avtomobil yolu, Bakı-Ələt yolunun bir hissəsi, Ələt-Astara - İran sərhədi yolunun da yüksək tələblərə cavab verməsi üçün indiyə qədər böyük işlər görülüb və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Azərbaycanla İranı birləşdirən avtomobil yollarının bir istiqaməti olan Biləsuvar - İran sərhədi avtomobil yolu isə istifadəyə tam yararlı vəziyyətə gətirilib. Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması və dəhlizlə yük və sərnişin daşımalarında fəal iştirakı respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq.

 

Su və hava nəqliyyatı ilə daşımalar çoxalır

 

Beynəlxalq əhəmiyyətli nəqliyyat marşrutları sırasında Xəzər Dəniz Gəmiçiliyinin xüsusi çəkisi artan xətt üzrə inkişaf etməkdədir. Onun idarəçiliyində olan gəmilər ayrı-ayrı coğrafi məkanlarda, o cümlədən Qara və Aralıq dənizlərində müqavilələr əsasında kommersiya reysləri icra etməklə yanaşı, əsas etibarı ilə Xəzər hövzəsində istismar olunur. Gəmiçilik Xəzərdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində bağlayıcı rolunu oynayır. Transxəzər istiqamətində yüklərin daşınması üçün hazırda dəmir yol vaqonları, avtomaşınlar və sərnişin daşıyan gəmi-bərələrindən və tankerlərdən istifadə olunur. Xəzər Dəniz Gəmiçiliyinin tanker donanması Xəzərdə ən güclüdür. O da qeyd olunmalıdır ki, Gəmiçiliyin Xəzərdə əsas yük bazası Avrasiya dəhlizidir. Bu dəhliz Çinin Lyanyunqan limanından başlayaraq Avstriyanın paytaxtı Vyana şəhərinədək uzanır və bu, təxminən 12 min kilometr məsafə deməkdir. Dəhliz vasitəsilə daşınmalar Xəzər Dəniz Gəmiçiliyinin tankerləri ilə Aktau-Abşeron, Alaca-Abşeron, Alaca-Bakı, Okarem-Abşeron, Okarem-Bakı, Aktau-Bakı və Türkmənbaşı-Bakı marşrutları üzrə icra edilir. Tankerlərin yüklənib-boşalmasını sürətləndirmək məqsədi ilə Səngəçalda neft terminalı istismara verilib.

Qarşıdakı dövr ərzində isə Xəzərdə Azərbaycan donanmasının daha da güclənəcəyi gözlənir və bu, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun şimal-şərqində gəmiqayırma zavodunun inşasının planlaşdırılması ilə bağlıdır. Qeyd olunan məqsədlə Sinqapurun "Keppel Offshore & Marine" şirkəti ilə Anlaşma Memorandumu imzalanıb. Aparılan hesablamalar göstərir ki, zavodun inşası üçün müvafiq layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcək və onun tikintisi 2,5-3 ilə başa çatdırılacaq. Müasir standartlara cavab verəcək zavod Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində (tankerlər, hərbi gəmilər, sahil təhlükəsizlik gəmiləri, bərələr və yaxtalar) xüsusi əhəmiyyətə malik olacaq. Azərbaycanın ən müasir standartlara cavab verən yük gəmiləri, tankerlər istehsal etməsi bir çox məqamlar baxımından olduqca vacib əhəmiyyət kəsb edir. Əvvəla, bu, ölkəmizdə yeni istehsal sahəsinin və iş yerlərinin açılmasına xidmət edir. İkincisi, Azərbaycan sözügedən zavodun inşasından sonra xaricdən yük gəmiləri, tankerlər almağa ehtiyac duymayacaq və onlara olan tələbatı yerli istehsal hesabına ödəyəcək. Bu isə milyonlarla dollar vəsaitin ölkədə qalması deməkdir. Digər tərəfdən, Xəzərdə yükdaşımaların artan xətt üzrə inkişaf etməsi gəmiqayırma zavoduna olan tələbatı daha da artırır ki, Azərbaycan həmin tələbatı qarşılamaq üçün indidən lazımi addımlar atır. Araşdırmalara görə, təkcə dünyada ən böyük neft donanmasına malik şirkətlərdən sayılan, hazırda 250 gəmisi olan ARDNŞ yaxın 20 ildə əlavə 110 gəmiyə ehtiyac duyacaq. Yeni zavodun inşası sayəsində bu gəmilər artıq Azərbaycanın özündə istehsal ediləcək. Zavodun rentabelliyini təmin edəcək digər bir məqam isə burada xarici sifarişlərin də qəbul olunacağıdır. Xarici sifariş əsasında hansı gəmilərin tikilməsi isə müştərilərin sırf istəyindən asılı olacaq.

Lakin burada ən vacib məqam sözügedən zavodun inşasından sonra Xəzərdə yükdaşımaların böyük hissəsinə Azərbaycanın nəzarət etməsi ilə bağlıdır və bu, kifayət qədər mühüm xarakter daşıyır. Belə ki, yaxın perspektivdə Xəzərin şərq sahilindən böyük həcmdə neft və neft məhsullarının daşınması gözlənilir. Buna hazırlıq getdiyi vaxtda yeni zavodun inşası ilə Azərbaycan qeyd edilən məsələ üzrə həlledici rol oynayacaq. Yəni, həmin məhsulların daşınmasında aparıcı rol məhz Azərbaycanın ixtiyarındakı tankerlərə məxsus olacaq. Bu, "Transxəzər" layihəsinin icrasında Azərbaycanın əhəmiyyətinin qat-qat artması deməkdir. Bütün bunlar Bakıda inşa edilməsi nəzərdə tutulan gəmiqayırma zavodunun nə dərəcədə vacib əhəmiyyətə malik olduğunu bir daha sübut edir.

Onu da qeyd edək ki, 2009-cu il ərzində su nəqliyyatı vasitəsilə 13,2 milyon ton yük, 10,7 min nəfər sərnişin daşınıb. Yük daşımaları 2008-ci ilə nisbətən 10,9 faiz artıb.

Hava nəqliyyatında əsas yük və sərnişin daşımalar isə "Azərbaycan Hava Yolları"na məxsusdur. Ölkəmizdə mövcud hava limanlarının bir çoxu beynəlxalq tələblərə, o cümlədən təhlükəsizlik standartlarına tam cavab verir. Azərbaycanın ən böyük hava limanı olan Heydər Əliyev adına Binə Beynəlxalq Aeroportu ölkəmizin əsas hava qapısıdır. Buradan dünyanın ən müxtəlif istiqamətləri üzrə sərnişin və yük daşımaları həyata keçirilir.

 

Nəqliyyat infrastrukturu daha da müasirləşdirilir

 

Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün ölkə daxilində görülən işlər təkcə beynəlxalq əhəmiyyətli xətləri əhatə etmir. Bütövlükdə bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması hökumətin diqqət yetirdiyi prioritet məsələlərdəndir. Bunu ölkənin nəqliyyat-yol kompleksinin inkişafına və yenidən qurulmasına yönəlmiş investisiyaların həcminin artması da əyani surətdə təsdiq edir və qeyd edilənlərə bariz nümunə kimi təkcə son iki ilin büdcə investisiya xərclərinin strukturuna nəzər yetirmək kifayətdir. Belə ki, 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2 milyard 822 milyon manat investisiya xərclərinin 542,1 milyon manatı (19,3 faiz) nəqliyyat-yol kompleksinə qoyulan investisiyaların payına düşüb. 2009-cu ildə bu göstərici 20,3 faiz olub və nəqliyyat-yol kompleksinə ümumi investisiya qoyuluşlarının həcmi ötən il 1 milyard 372,7 milyon manat təşkil edib. 2010-cu ilin dövlət büdcəsində nəqliyyat sektoruna ayrılan investisiyaların həcmi isə 55 obyekt üzrə 1 milyard 147,7 milyon manat nəzərdə tutulub.

"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"na əsasən paytaxtda sərnişin daşımalarının təşkili, idarə olunması və tənzimlənməsi istiqamətində mühüm tədbir görülüb. 2009-cu ilin əvvəlindən etibarən istifadəyə verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi hazırda tam istismar gücü ilə fəaliyyət göstərir və buradan respublikanın bütün regionlarına və bir sıra xarici ölkələrə sərnişin daşımaları həyata keçirilir. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"nda avtomobil yollarına dair nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi və respublikanın ümumi istifadədə olan avtomobil yollarının, körpülərin saxlanması, təmiri, bərpası və yenidən qurulması sahəsində müvafiq işlər görülüb və davam etdirilməkdədir. Bundan başqa, inşa olunmuş və olunacaq körpülər, eləcə də avtomobil yollarında aparılan tikinti və yenidənqurma işləri yolların müasir səviyyədə qurulması ilə yanaşı, eyni zamanda, yollarda hərəkəti asanlaşdırır, ilk növbədə, təhlükəsizliyin qorunmasına xidmət edir. Həmçinin Azərbaycan nəqliyyat-yol kompleksində mövcud olan inkişaf tempinin saxlanması, ölkəmizdə daha effektli nəqliyyat sisteminin yaradılması məqsədilə müasir texnologiyanın tətbiqi, həmçinin yeni infrastruktur obyektlərinin inşası daim diqqətdə saxlanılmaqdadır.

Qeyd olunanlar Azərbaycanın nəqliyyat təhlükəsizliyi sahəsində ciddi uğurlar qazandığını təsdiq etməklə yanaşı, bunun ölkəmizin iqtisadi inkişafının daha da yüksəlməsində kifayət qədər vacib əhəmiyyət kəsb etdiyini də sübut edir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  4 aprel.- S.  3.