Azərbaycan etnoqrafiyasının
dünəni, bu günü və sabahı
Bildiklərimiz bilmədiklərimizin
yanında nədir ki...
Laplas
Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üçün humanitar elmlər, o cümlədən etnoqrafiya elmi qarşısında konkret vəzifələr durur. Digər elm sahələri kimi, Azərbaycan etnoqrafiyasının da problemləri, zəngin milli tarixi-mədəni dəyərlərimizin qorunması və yaşadılması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Milli mədəniyyətin gənc nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə bağlılıq və mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyətini nəzərə alaraq, xalqımızın zəngin etnoqrafiyasının layiqincə təbliğ edilməsi məqsədilə Prezident İlham Əliyevin 2008-ci il 11 iyul tarixli sərəncamı ilə Bakı şəhəri yaxınlığında açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması qərara alınmışdır.
Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində (8 dekabr 2009-cu il) dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsi də olduqca aktualdır. Müəllif yazır: "Ötən illər ərzində etnoqrafiya, antropologiya və etnopsixologiyaya dair fundamental tədqiqatlar aparılmamışdır. Başlıca səbəb isə, təbii ki, bu elm sahəsinə ölkədə ciddi marağın olmaması və eləcə də müvafiq ixtisaslı kadrların yoxluğudur.
Avropada tarixi etnologiya, mədəni antropologiya, etnocoğrafiya kimi elm sahələri xeyli əvvəllər yaranmış və daim yeni-yeni əsərlərlə zənginləşmişdir. Bizdə bu sahələrlə bağlı ciddi araşdırmalarla çoxları heç tanış da deyildir. Son vaxtlar əksər ölkələrdə adıçəkilən elm sahələrinə güclü maraq hiss edilməkdədir. Məsələn, Rusiyada milli ideyanın formalaşdırılması üçün konkret işlər aparılır və bu istiqamətdə sosial antropologiyaya, tarixi etnologiyaya dair sanballı əsərlər qələmə alınır. Azərbaycanda da belə əsərlərə ehtiyac vardır..."
Azərbaycan etnoqrafiyası çətin və mürəkkəb bir tarixi inkişaf yolu keçmişdir. Onun vəziyyətini və inkişafını iki yüz il tərkibində olduğumuz Rusiya imperiyasının və sovet dövlətinin yeritdikləri siyasətdən təcrid edilmiş şəkildə nəzərdən keçirmək olmaz. Bundan əlavə, ölkənin geosiyasi durumu, xüsusən İran və Türkiyə ilə qonşu olması kimi amillər də Azərbaycan etnoqrafiyasının inkişaf xüsusiyyətlərinə bilavasitə və ya dolayısı ilə təsir göstərmişdir. Son iki əsri Azərbaycanda yaşayan xalqların ənənəvi məişət və mədəniyyətinə dair material və bilgilərin intensiv toplanması, onların nəzəri ümumiləşdirilməsi, etnoqrafiya sahəsində bu və ya başqa məsələlər üzrə müxtəlif baxışların formalaşması dövrü kimi səciyyələndirmək olar.
XIX əsr qafqazşünaslıq etnoqrafiyası tarixində mühüm bir dövr sayılır. Azərbaycanın Rusiya imperiyası tərkibinə daxil edilməsindən sonra etnoqrafiya tarixində yeni mərhələ başlanır. Müstəmləkə siyasətini uğurla həyata keçirmək, o cümlədən ölkənin təbii-iqtisadi resurslarından istifadə etmək üçün yerli əhalinin ənənəvi məişət və mədəniyyəti haqqında müxtəlif məlumatlar toplamaq lazım gəlirdi. Məlum olduğu kimi, XIX əsrin 40-50-ci illərini Rusiya etnoqrafiyasının predmet sahəsinin, onun məqsəd və vəzifələrinin formalaşması dövrü hesab etmək olar, bununla da həmin dövrdə öyrənilən problemlərə sistemli və məqsədyönlü yanaşmanın əsası qoyulmuşdur. Azərbaycan haqqında etnoqrafik biliklərin inkişafına və zənginləşməsinə Rusiya müəlliflərinin də müəyyən töhfəsi olmuşdur. Lakin onların ölkədəki xalqlara münasibəti birmənalı deyildi. Bu isə bir sıra amillər (müəlliflərin silki, sinfi və sosial mənsubiyyətləri, məşğuliyyəti, yerli dilləri bilməsi, əhalinin mədəniyyət və məişətinə bələdolma dərəcəsi və s.) ilə bağlı idi. Bununla belə, Rusiyanın və Qərbi Avropanın mütərəqqi ziyalıları azərbaycanlılar haqqında çox səmimi fikirlər söyləmişlər. Belə müəlliflərdən biri - A.Bestujev-Marlinski hələ 1831-ci ildə yazırdı: "Məni tatarlar (azərbaycanlılar - E.K.) çox sevirlər, çünki mən onların adət-ənənələrinə hörmət edirəm, onların dilində danışıram". Bu gün də çox aktual səslənən aşağıdakı sözlər də ona məxsusdur: "Qafqazda sülh yaradın və cənnəti Fərat sahillərində axtarmayın: it is this, it is this - cənnət buradadır!".
Məşhur Fransa coğrafiyaşünas - səyyahı Elize Reklünün azərbaycanlılar haqqında dedikləri də böyük maraq doğurur: "Tatarlar (azərbaycanlılar - E.K.) Qafqazda sivilizasiya yayanlardır, onların dili - Azərbaycan dili Qafqazın müxtəlif xalqları arasında qarşılıqlı münasibətlərə xidmət edir... Zaqafqaziyanın türk əhalisinin ən gözəl xüsusiyyəti onun din azadlığını qəbul etməsidir".
Qərbi Avropanın bir çox orta əsr və yeni dövr müəllifləri Azərbaycan etnoqrafiyasının zənginləşməsinə böyük töhfə vermişlər. Onların məlumatları ona görə qiymətlidir ki, həmin müəlliflərin ətraflı təsvir etdikləri bir çox mədəniyyət elementləri artıq keçmişə qovuşmuşdur. Onların yalnız cüzi hissəsi relikt kimi məişətimizdə bugünədək yaşamaqdadır.
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan etnoqrafiyası tarixində yeni bir mərhələ başlanır. Yeni şəraitdə etnoqraflar qarşısında konkret vəzifə qoyulur - sovet quruluşuna xidmət etmək və yeni ictimai-siyasi sistemi doğrultmaq. Sovet dövlətində etnoqrafiyanın praktik əhəmiyyəti barədə həmin illərin təkcə alimləri deyil, həm də partiya və dövlət rəhbərləri dəfələrlə fikir söyləmişlər. Hələ 1926-cı ildə S.Ağamalıoğlu yazırdı: "... etnoqrafik, coğrafi və hətta tarixi tədqiqatların əməli nəticələri olmaya bilməz".
Qeyd etmək lazımdır ki, sovet hakimiyyətinin ilk onilliklərindən başlayaraq Azərbaycan etnoqrafiyası sovet elminin tərkib hissəsi kimi mürəkkəb və ziddiyyətli bir şəraitdə formalaşmış və inkişaf etmişdir. Həmin illərdə "yeni məişət uğrunda", "sovet həyat tərzi uğrunda", "məişətin sosialistləşdirilməsi uğrunda" kimi şüarlar irəli sürülürdü, xalqın ənənəvi mənəvi və maddi dəyərlərinə qarşı kütləvi kampaniyalar təşkil edilirdi. Azərbaycanın partiya rəhbərləri respublikanın müxtəlif regionlarına gedərək, milli geyimlərimizin və xalq musiqi alətlərinin əleyhinə çıxış edir, onları "fars mənşəli" atributlar və ya "keçmişin zərərli qalıqları" adlandırırdılar. Azərbaycan K(b)P MK katibi Ə.Qarayev MK-nın 1928-ci ildə keçirilən plenumunda çıxış edərək demişdir: "Biz Salyan, Qaryagin və Lənkəran qəzalarını gəzəndə gördük ki, orada adamlar fars libasları geyinir, papaq qoyurlar. Bu biabırçılıqdır... bu geyimlər köləlik və təhkimçilik rəmzidir. Pasxanı, Novruz bayramını, Orucluq bayramını bizim kommunistlər də tez-tez qeyd edirlər". Şəhər mühitində ənənəvi toylar "qırmızı toylarla", sonralar isə "komsomol toyları" ilə əvəz olunmuşdu.
Yeni şəraitdə bəzi qədim xalq bayramları "inqilabi" bayramlara çevrilmişdi. Bir may bayramı buna misal ola bilər. Onun yaranmasını süni olaraq Çikaqo fəhlələrinin 1886-cı il may çıxışları ilə bağlayırdılar. Halbuki həmin bayram əvvəllər bütün Avropada (Romada, Yunanıstanda) Mayya (latınca Mayis - may ayı) ilahəsinin şərəfinə qeyd olunmuşdur.
Azərbaycan etnoqrafları xalq mədəniyyətinə qarşı yeni siyasi sistemin bu cür hərəkətləri qarşısında öz gücsüzlüyünü dərk edərək xalqın məişətinə aid nə varsa, hamısını daha fəal və intensiv toplamağa, saxlamağa və öyrənməyə başladılar. Nəticədə artıq 1938-ci ildə Azərbaycan Tarixi Muzeyində belə eksponatların sayı 2725-ə çatdı. Elə həmin vaxt bədii tikmələrdən və xalq yaşayış evlərinin təsvirindən ibarət 5 fotoalbom da hazırlanıb bu muzeyə verildi. 1946-cı ildə muzeydəki etnoqrafik əşyaların sayı 4500-ə, xalq geyimi dəstlərinin sayı isə 90-a çatdı.
XX əsrin 20-30-cu illərində etnoqrafik tədqiqatlar, bir qayda olaraq, "marksizm-leninizm təlimi"nə söykənən milli siyasət, o cümlədən işlənən problemlərə sinfi münasibət əsasında aparılırdı. Sonrakı illəri, xüsusən keçən əsrin 60-80-ci illərini - "inkişaf etmiş sosializm cəmiyyəti və kommunizm quruculuğu" dövrünü yeni, qondarma etnosiyasi qurumun - "sovet xalqı"nın formalaşdırılması cəhdi kimi səciyyələndirmək olar; bu isə ənənəvi həyat tərzinə və xalqların etnosdaxili əlaqələrinə böyük ziyan vurdu. Təsadüfi deyil ki, sovet etnoqraflarının işlədikləri mövzular ölkədə aparılan siyasətə uyğun olmalı idi. "Yeni tarixi birliyin - "sovet xalqının" formalaşması prosesinin qanunauyğunluqları", "Fəhlə sinfinin və kolxozçu kəndlilərin müasir məişəti və mədəniyyəti", "Müasir etnik proseslər", "Xalqların inkişafı və yaxınlaşması proseslərinin etnik aspektləri" kimi problemlər həmin illərin prioritet istiqamətləri sayılırdı. Tarixi etnoqrafiya (o cümlədən etnogenez və etnik tarix, keçmişdə ailə və təsərrüfat məişəti) üzrə mövzular da zamanın ruhuna uyğun işlənirdi.
Digər humanitar elmlər sahəsində də belə meyillər müşahidə olunurdu. Məsələn, Azərbaycan folklor elmində Lenin haqqında, "Fəhlə folkloru", "Müasir folklor" və "Din əleyhinə folklor" mövzuları prioritet istiqamətlər sayılırdı. Bütün bunlara baxmayaraq, 60-80-ci illər Azərbaycan etnoqrafiyasında dönüş mərhələsi sayılır. Ənənəvi əkinçilik, maldarlıq, kustar sənətkarlıq, ənənəvi maddi mədəniyyət və ailə-məişət münasibətləri haqqında fundamental işlər məhz həmin dövrdə yaranmağa başladı. Bu illərdə istər respublikada, istərsə də onun hüdudlarından kənarda etnoqrafiya üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanmasına böyük fikir verilirdi.
Respublikamızın müstəqillik əldə etdiyi illərdə Azərbaycan etnoqrafiyası tarixində keyfiyyətcə yeni mərhələ başlanmışdır. Bu gün ölkə və dünya təcrübəsi nəzərə alınmaqla müstəqil Azərbaycan etnoqrafiya elmi təşəkkül tapır. Azərbaycanda yaşayan xalqlar müstəqillik şəraitində öz ənənəvi mədəniyyətinə, tarixi keçmişinə daha artıq maraq göstərirlər. Bununla bağlı son onilliklərin elmi nailiyyətləri sırasından ümumiləşdirilmiş kollektiv monoqrafiyalar olan "Azərbaycanlılar" (Bakı, 1998) və akademik T.Bünyadovun redaktorluğu ilə buraxılmış üçcildlik "Azərbaycan etnoqrafiyası" (Bakı, 2007, Azərbaycan dilində) əsərlərini göstərmək olar. Üçcildliyin xronoloji çərçivəsi məhdud (XIX-XX əsrlər) olsa da, burada azərbaycanlıların etnoqrafiyasının müxtəlif aspektləri ənənəvi tərzdə işıqlandırılmışdır. Əsəri Azərbaycan əhalisinin öyrənilməsi sahəsində elmi fəaliyyəti daha da genişləndirmək üçün çıxış nöqtəsi hesab etmək olar.
Etnogenez probleminin uğurlu həlli ona sistemli yanaşmaqdan və onu modelləşdirməkdən, bir-birilə bağlı ümumi nəzər nöqtələrini və ya əksinə, üst-üstə düşməyən faktları müəyyənləşdirməkdən asılıdır. Nəzərə almaq lazımdır ki, problemin həllinə ayrı-ayrı elm sahələrində münasibət heç də birmənalı deyildir. Belə halda etnoqrafiya elmi birinci dərəcəli rola malikdir, çünki etnogenez problemi bu elmin sahələrindən biridir.
Maddi, mənəvi mədəniyyət, təsərrüfat, ailə məişəti və ictimai məişət xüsusiyyətləri xalqın özünəməxsus mədəniyyətinin bilavasitə göstəriciləridir. Qədim mədəniyyət və məişət elementləri ənənəvi geyimlərdə, yeməklərdə və mənəvi mədəniyyətdə əksini tapır. Bununla əlaqədar bütün dünyada tanınmış etnoqraf S.Tokarev 1949-cu ildə yazmışdır: "...etnoqrafik material cəlb etmədən heç bir mənbə növü etnogenez problemini tam həll etməyə imkan vermir... Xalqın mənşəyini dərk etmək üçün hər bir xalqın genezisini və ən səciyyəvi mədəni simasının inkişafını aydınlaşdırmaq lazımdır." Məşhur etnoqrafın həmin fikri bu gün də aktual səslənir. Azərbaycanlıların etnogenezinin öyrənilməsi təcrid edilmiş şəkildə deyil, başqa türk xalqlarının (türklər, türkmənlər, özbəklər, qumuqlar və s.) etnogenezi kontekstində aparılmalıdır. Etnogenezi tədqiq edərkən çox zaman etnosun formalaşmasının əsas tarixi mərhələlərini - substrat və superstrat mərhələlərini unuduruq. Etnogenez fərqli elmi yanaşma tələb edən yeganə mövzu deyil. Etnoqrafiya elminin predmet sahəsini sadəcə olaraq bu sözlərlə ifadə etmək olar: etnoqrafiya xalqların yaşam tərzinin təsviri, başqa sözlə desək, bioqrafiyasıdır. Təsvir etnoqrafiya elminin, necə deyərlər, canıdır. Bu faktı inkar etmək olmaz. Lakin hər hansı təsvir nəzəri ümumiləşdirmələrlə müşayiət olunmalıdır. Əks halda o, adi informator səviyyəsində qarşılana bilər.
Ənənəvi qida, geyim, ornament, yaşayış evləri və sairə etnosun özünəməxsusluğunun əsas indikatorlarıdır. Azərbaycan etnoqrafiyasında xörəklərin sadəcə kulinar təsvirindən hələ də xilas ola bilməmişlər, "qida ekzoqamiyasının" və ya "cinsi seqreqasiyanın" (kişilərin və qadınların ayrılıqda qidalanması) tarixi kökləri, yemək kompleksinin strukturu və dinamikası, insanların qarşılıqlı münasibətlərində onun sosial əhəmiyyəti, ayrı-ayrı xörəklərin mənşəyi və semantikası, masaarxası etiket indiyədək geniş araşdırılmamışdır.
Yaşayış məskənlərinin və evlərin ümumi qəbul edilmiş tipologiyası işlənib hazırlanmamışdır.
Azərbaycanlıların milli geyimlərinin bölgələr üzrə kartoqrafiyasının hazırlanmasına başlamaq da zəruridir. Biz etnoqraflar azərbaycanlıların milli geyimlərinin sovet hakimiyyəti illərində kütləvi surətdə istifadədən çıxması səbəbləri barədə də indiyədək düşünməmişik. Axı keçən əsrin 20-30-cu illərində keçmiş Sovet İttifaqının digər regionlarında da ənənəvi mədəniyyətə, o cümlədən milli geyimlərə qarşı kampaniyalar keçirilmişdi. Bununla belə, keçmiş sovet məkanının bir çox xalqları öz milli geyimlərini kütləvi surətdə bizim günlərimizə qədər qoruyub saxlaya bilmişlər.
Şamanizmlə bağlı məsələlərdə də xüsusən Azərbaycanla əlaqədar aydın olmayan bir çox məqamlar vardır. Şamanizm hələ də mənəvi mədəniyyətin dolaşıq və mürəkkəb problemlərindən biri olaraq qalmaqdadır. Şamanizmin din olub-olmaması barədə mütəxəssislər arasında mübahisələr hələ də səngimir. Onların bir qismi şamanizmi qeyd-şərtlə olsa da, ayrıca din hesab edirlər, digərləri isə əksinə. Problemin çətinliklərindən biri ondan ibarətdir ki, məsələyə yanaşma olduqca fərqlidir (sosial-psixoloji, teoloji, psixoterapevtik və s.). Hər halda şamanizm bir çox qədim xalqların baxışları sistemini əks etdirir. Bu, planetar hadisədir.
Müxtəlif tarixi-etnoqrafik regionlarda həmin fenomen özünü eyni cür büruzə verməmiş, əsasən bəsit göstərmişdir, din xadimləri rolunda isə müxtəlif peşə sahibləri - sehrbazlar, cadugərlər, görücülər, ovsunçular, cindarlar, falçılar çıxış etmişlər.
Yuxarıda sadalanan terminlər qədim türk sözü olan, şaman mənasında işlənilən "qam" sözünün məna çalarlarıdır, lakin onların hər birini şaman hesab etmək olmaz, onları "şamanist" və ya "şamanabənzər" adlandırmaq daha düzgün olar.
Qafqazda, o cümlədən Azərbaycanda şamanizm çox zəif öyrənilmişdir. Məlumdur ki, bu regionda müxtəlif magik tədbirlər, ruhlarla ünsiyyət mərasimləri keçirilirdi. Müxtəlif xalqlarda şamanizm zahiri simasını dəyişməklə, lakin məzmununu saxlamaqla, müxtəlif adlarda və formalarda özünü göstərirdi.
Məlumdur ki, bizim sələflərimiz özlərindən sonra zəngin elmi irs qoyub getmişlər. Təsadüfi deyil ki, dünya alimləri arasında qeyri-rəsmi yayılmış "Etnoqrafa on öyüd"ün bəndlərindən birində deyilir: "Öz sələflərinə və müəllimlərinə ehtiram et ki, səni də xidmətlərinə görə yad etsinlər". Əlyazmaları hələ də çap olunmayan bir çox etnoqraflarımız təəssüf ki, unudulub. Bu əlyazmaların bir qismi Azərbaycan MEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya institutlarının arxivlərində saxlanılır. Mərhum etnoqraf H.Quliyevin əlyazması onun ailə arxivində saxlanılan iri həcmli "Azərbaycan etnoqrafiyası oçerkləri" əsərinin taleyi barədə də düşünmək lazımdır.
İlk baxışda hər bir insanın və ya bütövlükdə etnosun gündəlik həyatı adi görünür. Lakin illər və yüzillər keçdikdən sonra onların həyatı böyük maraq doğurur, başqa sözlə, qiymətli etnoqrafik mənbəyə çevrilir. Zənnimizcə, gələcəkdə etnoqraflarımız öz səylərini hələ öyrənilməyən aşağıdakı problemlərin araşdırılmasına yönəltməlidirlər: Azərbaycan etnoqrafiyasının konsepsiyası; adət hüququ; etnometeorologiya; azərbaycanlıların ənənəvi dünyagörüşü; müasir qlobal proseslər və ənənəvi mədəniyyətin qorunub saxlanma dərəcəsi; azərbaycanlıların gündəlik həyatı; gender münasibətlərinin etnoqrafik aspektləri; sosial antropologiyanın və mədəni antropologiyanın problemləri; ənənəvi maddi mədəniyyətin təşəkkülünə təbii-coğrafi şəraitin təsiri; Azərbaycanda şamanizm problemi; etnoqrafiya-azərbaycanlıların etnogenezinin öyrənilməsinin mühüm mənbəyi kimi; tətbiqi etnoqrafiya; təbii məskunlaşma mühitinin dağıdılması və bunun mədəni ənənələrə təsiri; Azərbaycan etnoqrafiyası tarixi (ən qədim zamanlardan bizim günlərə qədər), Cənubi Azərbaycan, İraq, Mərkəzi Asiya ölkələri azərbaycanlılarının etnoqrafiyası; Rusiyada, Avropa və Amerika ölkələrində yaşayan Azərbaycan diasporu; Azərbaycan məişətində İslamın xüsusiyyətləri; azərbaycanlılarda qohumluq sistemi; Azərbaycan etnoqrafiyası barədə orta əsr Avropa səyyahlarının və yeni dövr müəlliflərinin məlumatı; Şərq-Qərb qarşılıqlı mədəni münasibətlərində Azərbaycanın vasitəçilik rolu; azərbaycanlıların mədəniyyətində akkulturasiya (xalqların ünsiyyəti nəticəsində bir xalqın bu və ya başqa mədəniyyət formasının digər xalqa keçməsi prosesi) və konvergensiya (cəmiyyətlərin ümumi və ya oxşar əlamətlər əsasında bir-birinə yaxınlaşması və bu əlamətləri ehtiva edən yeni vahid cəmiyyətdə birləşməsi) prosesləri; Azərbaycan etnoqrafiyası tarixinin dövrləşdirilməsinin əsas prinsipləri.
Vizual etnoqrafiya (filmoteka, fototeka) sahəsində etnoqraflarımız az iş görmüşlər. Xalqın məişət və mədəniyyəti haqqında sənədli filmlər etnoqrafiya elminin mühüm aspektlərindən biridir. Məlumdur ki, Rusiyada, Baltikyanı və başqa ölkələrdə vaxtaşırı olaraq beynəlxalq etnoqrafik filmlər festivalı keçirilir. Bu gün Xəzəryanı ölkələrin xalqlarının etnomədəni əlaqələrinin, habelə region xalqlarının etnik əlaqələrində Xəzərin tarixi rolunun öyrənilməsi olduqca aktualdır. Göstərilən problemin öyrənilməsinin vacibliyini hələ XX əsrin 20-ci illərində V.Bartold, sonralar L.Lavrov qeyd etmişlər. L.Lavrov yazırdı ki, "Orta Asiya və Qazaxıstan materiallarını öyrənmədən Qafqazın türkdilli xalqlarının etnogenezini tədqiq etmək qeyri-mümkündür." Həmin istiqamətdə Azərbaycan alimləri tərəfindən artıq ilk addımlar atılmışdır.
Azərbaycan, Xəzəryanı ölkələr və türk xalqları etnoqrafları assosiasiyasının təsis edilməsi vaxtı da çatmışdır.
Zənnimizcə, Azərbaycan etnoqraflarının nailiyyətləri göz qabağındadır. Bu, xüsusilə son illərdə daha çox nəzərə çarpır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda arxeologiya və etnoqrafiya sahəsində elmi tədqiqat işləri geniş vüsət almışdır. Burada təşkil olunan çöl etnoqrafik ekspedisiyalarının miqyası ildən-ilə genişlənir. Fikrimizcə, daha səmərəli nəticələrə nail olmaqdan ötrü ölkədə etnoqrafiya elmini intensiv inkişaf yoluna salmaq lazımdır, çünki biz etnoqrafiya elmi predmetinin xarakterində, onun predmeti sahəsində, tədqiqatın vəzifə və metodlarında olan obyektiv çətinliklərlə qarşılaşırıq. Bu elm "çox geniş və qeyri-müəyyən hüdudları ilə səciyyələndirilir" (S.Tokarev).
Dünya xalqlarının etnoqrafik təsnifatı indiyədək işlənib hazırlanmamışdır. Linqvistikadan götürülmüş mövcud təsnifat açıq-aşkar köhnəlmişdir və bəzi qüsurları vardır.
Azərbaycan etnoqrafiyası diqqətəlayiq inkişaf yolu keçmişdir. Biz etnoqrafların vəzifəsi öz tədqiqatlarımızı gücləndirmək və etnoqrafiya elmini daha da zənginləşdirməkdir.
Emil KƏRİMOV,
AMEA-nın Arxeologiya və
Etnoqrafiya
İnstitutunun şöbə müdiri,
tarix elmləri namizədi
Azərbaycan.- 2010.- 4
aprel.- S. 4.